|
Ötən gün Bakı-Salyan yolunun Bibiheybət məscidinin yaxınlığındakı yolda baş verən sürüşmə ilə əlaqədar olaraq araşdırmalar davam etdirilir. Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"un çəkiliş qrupu həmin ərazidə olub və reportaj hazırlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi “Report”a açıqlama verib.
Qeyd edək ki, noyabrın 24-ü axşam saatlarında paytaxtın Bibiheybət ərazisində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Hadisə nəticəsində yolun asfalt qatı dağılıb. Uçqunun 80-100 metr ərazini əhatə etdiyi bildirilib. Sürüşmə baş verən ərazinin yaxınlığında küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil uçqunun altında qalıb.
Sürüşmədən sonra hadisə yerinə gələn Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, Fövqəladə Hallar nazirinin birinci müavini Rafael Mirzəyev və digər şəxslər əraziyə baxış keçiriblər.
Bu gün saat 14:10-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır. Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır. Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır.
Səyyar xidmət kampaniyası ilə Kənd Təsərrüfatı Nazirliyinin bütün qurumları zəhmətkeş insanlara yerində xidmət göstərir, problem və şikayətlərini operativ həll edir. Avtosfer.az xəbər verir ki, bu dəfə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “Səyyar Xidmət” Qrupu Füzuli rayonu, 5 nömrəli Zobucuq qəsəbəsində etibarlılıq müddəti bitmiş, yararsız hala düşmüş traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması, itirilmiş və ya xarab olmuş dövlət qeydiyyat şəhadətnasinin yenisi ilə əvəz edilməsi, nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi xidmətlərini həyata keçirərək, vətəndaşlara yerindəcə xidmət göstərib.
Qeyd edək ki, xidmət bütün respublika üzrə davam etdiriləcək,
Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vasitələri ilə əvəz olunub. Belə ki, hər iki marşrut xətti üzrə istismarda olan avtobusların texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi, eləcə də, digər çatışmazlıqlar daim sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a bildirilib ki, ötən dövrdə bununla əlaqədar, vətəndaşlar tərəfindən 141 Çağrı Mərkəzinə də çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi, eyni zamanda, buna mane olan halların qısa vaxtda aradan qaldırılması ilə bağlı hər iki xətt üzrə daşıyıcıya ciddi xəbərdarlıq edilib. Bildirilib ki, yenilənmə işləri mütləq qaydada davam etdirilməli, sərnişindaşıma fəaliyyətləri Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərə tam uyğunlaşdırılmalıdır.
Dövlət başçısının direktiv göstərişinə əsasən, Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni trassasının müəyyənləşdirilməsi məqsədi ilə ilkin layihə planının hazırlanması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir sıra işlər görülür. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yol-xeber.az-a bildirilib ki, bu işlər çərçivəsində yerli layihəçilərlə birlikdə ilkin layihə variantlarının hazırlanması, mükəmməl layihə planlaşdırılmasının həyata keçirilməsi üçün analoji ərazilərdə yol, körpü, tunel, mühəndisi qurğuların layihələndirilməsi təcrübəsinə malik olan Avstriyadan dəvət olunmuş “Ste.p ZT GmbH” mühəndislik bürosunun nümayəndələri ilə Agentlikdə işgüzar görüş keçirilmiş, müzakirələr aparılıb.
Mövcud Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni trassasının müəyyənləşdirilməsi məqsədi ilə ilkin layihə planının variantlarının işlənməsi məqsədi ilə geoloji və geotexniki tədqiqatların (yolun keçəcəyi güzərgahın müəyyənləşdirilməsi, ərazinin geoloji şəraitinin və dinamikasının öyrənilməsi üçün sondaj quyularının qazılması və s.) aparılmasına qərar verilib.
Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli gillicə qruntlarının üstünlük təşkil etdiyi dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, bu avtomobil yolu demək olar ki, hər il öz fəaliyyətini qısa və ya uzun müddətli fasilələrlə dayandırmalı olur.
Qeyd edək ki, “Ste.p ZT GmbH” mühəndislik bürosu Avstriyanın ən məşhur və ən böyük tikinti-mühəndislik şirkətlərindən biridir. Mülki mühəndislik və bina tikintisi, tunel, nəqliyyat infrastrukturu və planlanması, yol mühəndisliyi, geologiya və geotexnika mühəndisliyi, istismar və təhlükəsizlik texnologiyası və s. kimi mühəndisliyin bütün sahələri üzrə ən yüksək səviyyədə xidmətlər təklif edir.
70 illik təcrübəyə əsaslanmaqla hər hansı bir layihənin reallaşdırılması üçün tələb olunan bütün layihə-planlaşdırma xidmətlərinin həyata keçirilməsi üçün geniş imkanlara malikdir. Şirkətin əməkdaşları tərəfindən müştəri ilə birlikdə spesifikasiyalara və dizayn ideyalarına əsasən texnologiya, xərc və vaxt baxımından optimallaşdırılmış tikinti layihəsi fərdi olaraq hazırlanır, həmçinin ilkin layihələrin hazırlanması və ya planlaşdırması, tender üçün layihə cizgilərinin və layihə sənədlərinin tərtib olunması, işçi cizgilərin hazırlanması, optimal variantın seçilməsi və s. mühəndislik xidmətləri göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. İdarənin Mətbuat Xidmətindən Yol-xeber.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir. Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər: "Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar.
Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.
Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər. Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edərdik".
Bakı-Sumqayıt yolunda yaranan tıxacın səbəblərindən biri həmin yolda hərəkət edən sürücülərin intizamsızlığıdır. Apardığımız araşdırmalardan məlum olur ki, qeyd etdiyimiz yolda sıxlıq yaranan zaman sürücülər zolaqlar üzrə düzgün yerləşmirlər. Misal olaraq bildirək ki, yolun 6 zolaq olan hissəsində sürücülər süni olaraq 8 zolaq yaradıb hərəkət edirlər və qarşıda yol daralan hissədə isə (zolaqların sayı azalan hissədə) sürücülər 8 zolaqdan 3 zolağa yerləşmək istəyirlər. Belə olan halda isə mütləq şəkildə tıxac yaranır və yolun axını dayanır.
Ekologiya postundan üzü şəhər istiqamətinə gedən yolda (avtovağzala çatmamış) 1.11 xətti ilə hərəkət təşkil olunub. Sürücülər şəhər istiqamətinə gedən 3 zolaqda sıxlığın olduğunu görərək sağa- avtovağzal və dairəvi yola gedən zolaqlarla hərəkət edirlər və 1.11 xəttinin qadağan olunmuş hissəsindən sola manevr edərək şəhər istiqamətinə hərəkət etmək istəyirlər. Belə olan halda da tıxac yaranır və axının hərəkəti dayanır. Avtosfer.az-ın təqdim etdiyi görüntüdən də aydın şəkildə görünür ki, 1.11 xəttinin sonundan başlayan ayırıcı zolaqdan sonra sərbəst hərəkət yaranır. Deməli tıxac, sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsi və sağ zolaqlardan sol zolağa manevr edərək özlərini avtomobillərin arasına salan sürücülərin intizamsızlığı səbəbindən baş verir.
Maraqlısı isə odur ki, bu cür sürücülərə qarşı yol patrul xidməti inspektorları inzibati məsuliyyət tədbirləri görmür.
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Yol-xeber.az-a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.
Bakı dairəvi dəmir yolu ilin sonuna kimi istifadəyə verilə bilər.
Xezerxeber.az-ın məlumatına görə, bu ilin mart ayında Bakı dairəvi dəmir yolunun Sabunçuya qədər olan hissəsinin açılışı olub. Ötən gün isə Sabunçu-Pirşağı xətti yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda dairə üzərində tikinti və yenidənqurma işləri davam etdirilir.
Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib. Bütün yol boyu çirkab və tullantı suları yığışdırılıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin rəis müavini Elçin Məmmədovun sözlərinə görə, Bakı dairəvi dəmir yolu bu ilin sonuna kimi istifadəyə verilə bilər.
Hazırda Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Dairə tamamlandıqdan sonra isə təqribən 25-30 min sərnişinin daşınması gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
“Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş bütün parklanma yerləri hansı ki, parklanma üçün müvafiq nişanlar da qoyulub, həmin yerlərdə avtomobilləri park etmək olar və bu da ödənişsizdir”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin parklanma yerləri üçün tələb edilən ödənişlərə etirazına cavab verərkən bildirib. M.Ağayev qeyd edib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilsə də, hələlik tariflər müəyyənləşməyib: “Küçə parklanma yerlərinin idarə olunması ilə bağlı zəruri komponentlər var. Ən vacib olanı isə tariflər məsələsidir. Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Bu yaxınlarda bizə rəsmi cavab veriləcəyi bildirilib”.
M.Ağayev qeyd edib ki, tariflər müəyyənləşənədək küçə parklanmasına görə vətəndaşlardan pul yığan şəxslərin, yaxud təşkilatın fəaliyyəti tam qanunsuzdur: “Çünki Bakı da daxil olmaqla ölkə üzrə avtomobil parklanmasına görə tariflər təsdiqlənməyib. Hətta qanunsuz ödənişlərlə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquq mühafizə orqanlarına, prokuroluğa da müraciət edilib”.