|
Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.
Hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Azərbaycanda yol polisi hər zaman gündəmdə olan bir sahə olub. Cəmiyyətin ən çox danışdığı, medianın daha çox yazdığı sahələrdən biri də məhz yol polisidir. Uzun illərdir cəmiyyət olaraq yol polisində islahatların aparılmasına çağırışlar edirdik. Və general-polkovnik Vilayət Eyvazov daxili işlər naziri təyin edildikdən sonra bu sahədə xeyli dəyişikliklərə imza atdı. İlk növbədə Baş Dövlət Yol Polisi İdarəsində dəyişikliklər edildi. Ardınca yol polisinin geyimi, istirahət və iş rejimi dəyişdi. Sürücü-polis münasibətlərinə xələl gətirən hərəkətlərə qarşı çox sərt mübarizə başladı. Buna görə onlarla yol polisi əməkdaşı işdən və ya daxili işlər orqanlarından kənarlaşdırıldı.
Respublikanın bir neçə rayonunda DYP rəisi dəyişdirildi, gənc kadlar irəli çəkildi. Yol polisində şəxsi heyətin iş və istirahət rejimində yenilik edildi. Eyni zamanda, Bakı şəhər DYP İdarəsində məşhur otaqların bir çoxu ləğv edildi, otaqlardakı əməkdaşların bir qismi yol nəqliyyat hadisəsi inspektoru kimi, bir hissəsi isə yollarda xidmət edən əməkdaşlar kimi işə cəlb edildi. Bu günlərdə isə Bakı şəhər DYP İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov daxili işlər nazirinin əmri ilə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərildi.
Nüşrəvan Səfərov uzun illərdir bu sahədə çalışan peşəkar kadrlardan biri idi. Cəmiyyətdə gedən prosesləri yaxından izləyən rəis idi. İlk dəfə məhz onun dövründə yol polisi cəmiyyətə daha yaxın olmaq üçün sosial şəbəkədə səhifə yaratdı, əlamətdar günlərdə sürücülər, piyadalar və yol polisi əməkdaşları üçün mədəni-kütləvi tədbirlər keçirildi. Şəxsən mənim təkliflərim əsasında sabiq rəis Nüşrəvan Səfərovun və onun müavini, YPX Alayının sabiq komandiri, polkovnik Rəşadət Babayevin, Alayın hazırkı komandiri, polkovnik-leytenant Malik İbrahimovun dəstəyi ilə sürücü və piyadaların maarifləndirilməsi istiqamətində bir neçə tədbir həyata keçirildi. Onlar Avtosfer.az saytında və digər mətbuat orqanlarında yol polisinin və Bakıda hərəkətin təşkilinə aid olan hər bir yazıya ciddi reaksiya verir, dərhal həllinə göstəriş verirdilər. Düzdür, aramızda bəzən fikir ayrılığı, narazılıqlar da olurdu. Lakin görülən işlər ümumən hərəkətin təhlükəsizliyi üçün idi. Ümid edirəm ki, DYP-nin yeni rəhbərliyi də bu cür işlərin davam edirilməsində maraqlı olacaq.
Toxunmaq istədiyim əsas məsələ yol polisində aparılan islahatları başqa məcraya yönləndirib cəmiyyətdə çaşqınlıq yaratmaq istəyi ilə bağlıdır. Birincisi, Nüşrəvan Səfərov hansısa nöqsana görə yox, yaş həddinə görə təqaüdə göndərilib. Onun 60 yaşı tatmam olmuşdu və nazir də buna görə onu təqaüdə göndərdi. Kimsə onun otağına kamera və ya radar qoyulması barədə gülünc xəbərlər yaymaqla məsələnin mahiyyətini dəyişməyə cəhd göstərir. Birincisi, bütün radarlar və kameralar Baş DYP İdarəsinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunub. Həmin xüsusi texniki vasitələrə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycanda kiminsə otağına kamera qoyub sürücülərə cərimə yazması sadəcə gülməli fikirdir. Nüşrəvan Səfərovun və Rəşadət Babayevin otağında kamera var idi. Onu da mən dəfələrlə gördüyüm üçün izahını verirəm ki, bəziləri bilsin. Rəisin otağındakı monitordan iki yerə baxmaq olurdu. Biri özünün qəbul otağına, digəri isə vətəndaşların qəbulu üçün nəzərdə tutulan 108-ci otağa baxırdı. Məncə, bu kameraların olması qəbahət deyil. Rəşadət Babayevin otağındakı monitordan da yalnız qəbula gələnləri görmək mümkün idi.
Rəşadət Babayev Bakıda avtoxuliqanlığın kökünü kəsənlərdən biri olub. Onun və Malik İbrahimovun xidmətləridir ki, bu gün “Beşmərtəbə” dairəsində və ya başqa yerlərdə şou göstərən avtoxuliqanlar yığışıb şou göstərə bilmir, əhalinin dincliyi təmin edilir. Məhz onların sayəsində Bakıda at oynatmağa çalışan sürücülərin əl-ayağı bağlandı. Çünki onlar bu cür hoqqabaz sürücülərə qarşı sərt mübarizə aparıblar. Bu gün Rəşadət Babayevdən, Malik İbrahimovdan narazı qalan sürücülər yalnız həmin sürücülər ola bilər.
Rəşadət Babayevdən narazı olan bir qrup da vardı ki, onlar da xorultulu səs çıxaran motosikletlərlə Bakını yarış meydanına çevirmək istəyən baykerlər idi. Bəzilərinə xoş gəlsə də, şəhərin mərkəzi küçələrində yaşayan insanlar gecələr xorultulu səs çıxaran avtomobillərin, motosikletlərin səsindən evlərində rahat yata bilmədiklərini dilə gətirib şikayət edirdilər. Adını çəkdiyim DYP zabitləri məhz bu cür intizamsız sürücülərin qarşısında dayanıblar.
Nüşrəvan Səfərovla Rəşadət Babayevin vəzifədən azad edilməsi daxili işlər naziri Vilayət Eyvazovun apardığı islahatdır. Bu islahatı cəmiyyət də istəyirdi. O zaman bu adamların işdən çıxarılmasından şou yaratmaq nəyə lazımdır? Həm deyirlər, DYP-də niyə islahat aparılmır, həm də aparılan islahatlarda “qara nöqtə” axtarmağa çalışırlar. Bir neçə ay öncə yazırdılar ki, Nüşrəvan Səfərovun 60 yaşı tamam olub, qanunla vəzifədə qala bilməz. Nazir də buna əsaslanıb onu təqaüdə göndərdi. İndi də başlayıblar ki, otağında kamera var idi, ona görə işdən çıxarılıb. Əslində, o buna 6 ay əvvəl hazırlaşırdı...
Rəşadət Babayevin işdən çıxarılması da aparılan islahatların tərkib hissəsidir. Birincisi, Rəşadət Babayev DİN-in sərəncamına götürülüb. Yəni, başqa vəzifəyə də təyin edilə bilər. Yəni bəziləri tam əmin olsun ki, nazir onu hansısa nöqsana görə işdən azad etməyib. Yeri gəlmişkən, onun haqqında yayılan əsassız xəbərlər Bakı şəhər Baş Polis İdarəsi tərəfindən təkzib edildi.
Bakı şəhər DYP İdarəsinə təyin edilən yeni rəis, polkovnik-leytenant Rəşid Piriyev uzun illərdir daxili işlər orqanlarında çalışır. Məşhur Bərdə taborunun yardılmasında yaxından iştirak edib. Qarabağ müharibəsində bir qardaşı şəhid olub. Özü peşəkar kəşfiyyatçı kimi bir çox uğurlu əməliyyatlar keçirib. Polis əməkdaşı olaraq nizam-intizam məsələlərinə çox həssas yanaşır. Görünür, daxili işlər naziri Vilayət Eyvazov məhv bu keyfiyyətlərinə görə onu Bakı şəhər DYP İdarəsinə rəis təyin edib. Diqqət etsəniz görərsiniz ki, Rəşid Piriyevin idarə rəisi, Malik İbrahimovun isə Alay komandiri təyin edilməsindən sonra paytaxtda nəqliyyatın hərəkətində intensivlik artıb. Konkret olaraq 20 Yanvar dairəsi, "Koroğlu" metrosunun ətrafı, daha çox sıxlıq müşahidə olunan küçələr, yollar, yolayrıcları, təhlükəli piyada keçidləri nəzarətə götürülüb və hərəkətin təhlükəsizliyi təmin edilib. Yəni, aparılan islahatlar artıq müsbət nəticələrini göstərməkdədir.
Bəziləri onu da anlasın ki, islahatlar ölkənin bütün strukturlarında gedir. Prezident Adminstrasiyasından tutmuş, Milli Məclisə, icra hakimiyyətlərinə qədər hər yerdə islahat aparılır və bu işlərin başında cənab Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Təbii ki, DYP də islahatdan kənarda qala bilməzdi. İslahat deyərkən isə sadəcə DYP-də bağban işləyən Fətiş dayı işdən çıxarılmalı deyildi. Yəni, islahat dəyişiklik deməkdir.
Əminəm ki, bu islahatlar DYP-də xeyli dəyişikliklərə gətirib çıxaracaq. İslahatlar bununla bitməyəcək, yaxın vaxtlarda yol polisi əməkdaşlarının nizam-intizamında, sürücülərlə münasibətində də bunu görəcəyik.
Onu da deyim ki, yollarımızda təhlükəsizliyin təmin edilməsi üçün artıq DYP tərəfindən ciddi layihələr hazırlanır və mən bu işləri yaxından izlədiyim üçün yaxın vaxtlarda bir çox yeniliklərin baş verəcəyinə əminəm. Bütün bunlar isə vətəndaş məmnunluğunun artırılmasına, yol qəzalarının sayının azalmasına, xidmətin daha da yüksəldilməsinə, cəmiyyətdə polisin nüfuzunun artırılmasına yönəlib.
Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb.
Bununla da bir müddət bundan öncə yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa olunan 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.
Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.
Ümumilikfə ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub. Digər hərəkət zolaqlarının bərpası da məhz ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.
Bu gündən etibarən Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə verilib. Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə DANX rəsmisi Nuridə Allahyarova və Bakı Beynəlxaq Avtovağzal Kompleksinin rəsmisi Pərvin Məmmədova məlumat verib. Avtovağzaldan çıxan avtobusun ilk sərnişinləri artıq Qarabağa çatıblar.
Qeyd edək ki, 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq. Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Avtosfer.az-a bildirib ki, Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlət başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Bu sərəncama dair tədbirlərin görülməsi çərçivəsində Cocuq Mərcanlı sakinlərinin respublikanın bütün istiqamətlərinə və xüsusilə paytaxt Bakıya rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni marşrut xətlərinin istifadəyə verilməsi davam edəcək.
Ümumi uzunluğu 9 kilometr, eni 12 metr olan iki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin 2017-ci ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib.
Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 istiqamətdə – Sumqayıt, Mingəçevir və Gəncə istiqamətində xətlər istifadəyə verilib.
Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Çünki keyfiyyətli yollar bölgədə təkcə turizm üçün deyil eyni zamanda kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də təkan verir. Yenidən qurulması davam etdirilən yollardan biri də respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yoludur.
Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla davam etdirilir.
Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur.
Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işlərinə də start verilib. Belə ki, yola ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə işlər aparılır. Körpülər yolun 1.8-ci km-də Qızıl arx kanalı, 3.1-ci km-də Əzizbəyov kanalı və 38.8-ci km-də inşa edilir. Müvafiq olaraq körpülərin uzunluqları 29 və 37 metr təşkil edəcək. Yol üzərində yerləşən 1 avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur.
Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Bu üzdən müxtəlif diametrlərə malik 256 borunun inşası aparılır ki, bunlardan 14-ü düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid də inşa edilir. Bundan başqa layihə üzrə zəruri yerlərdə 28 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir avtomobil yolu olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Sərnişindaşımaya olan təlabatın artdığını nəzərə alaraq, dekabrın 27-dən bu günə qədər ölkədaxili və Bakı-Tbilisi-Bakı sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə, bayram günlərində ölkədaxili sərnişin qatarları 29 203 sərnişin daşıyıb. Onlardan 9 074-ü Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə hərəkət edib. Sərnişinlərin mənzil başına rahat, təhlükəsiz çatması üçün müvafiq tədbirlər görülüb, süni qiymət artımına imkan vermədən maneəsiz gediş-gəliş təmin olunub.
İstirahət günlərində beynəlxalq marşrut üzrə daha çox tələbat Bakı-Tbilisi-Bakı qatarına olub. Həmin müddətdə beynəlxalq sürət qatarına sxemdən əlavə 71 vaqon qoşulub və 7 608 sərnişin daşınıb. Əgər adi günlərdə Bakıdan və Tbilisidən orta hesabla 200 sərnişin daşınırdısa, bayram günlərində bu rəqəm 957 nəfərtəşkil edib. Yanvarın 5-də isə qatar vasitəsilə Tbilisidən ölkə ərazisinə 728 nəfər gəlib.
"Korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi günün istənilən vaxtında təhlükəlidir və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər"
Dövlət nömrə nişanı yox, heç bir standartlara uyğun deyil, amma magistral yollarda hərəkət edərək təhlükə yaradırlar. Söhbət köhnə avtomobillər, o cümlədən metal daşıyan maşınlardan gedir. Çox vaxt şüşələri, hətta bəzən qapısı belə olmadan bu avtomobillər idarə olunur. Özü ilə bərabər üzərində metal daşıyır. Təbii ki, bu digər yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir.
Kimsə çörək pulu qazanacaq deyə başqaları ölməlidir?
Bu cür avtomobilləri nəinki mərkəzi, heç mərkəzdən kənar küçələrə də buraxmaq olmaz. Təsəvvür edin ki, heç bir texniki göstəriciləri olmayan bu maşınlar nə dərəcədə təhlükəlidir. Dəfələrlə yol qəzalarında məhz belə maşınlar səbəb olub. Yüksək sürətlə getdiyin yerdə qarşında sanki metaldan bir təpə qəfil dayanır. Nəticədə ölümlə sonlanan qəzalar baş verir.
Bəziləri deyir ki, kasıb adamlardır, çörək pulu qazanır. Amma düşünürəm ki, bu işlə məşğul olan şəbəkə var ki, məhz elə belə maşınlardan istifadə edirlər. İndi kimsə çörək pulu qazanacaq deyə, başqaları ölməlidir?
Çox vaxt işıq cihazları ümumiyyətlə olmayan bu maşınlar gecə saatlarında xüsusilə təhlükəlidir. Yolların işıqlandırma problemi onsuz da var. Bir tərəfdən də bu cür maşınlar gecələr də yola çıxır. Düşünürlər ki, həmin vaxt yol polisi onları görməyəcək və saxlamayacaq. Amma elə bil "kamikadze" kimi sürücüləri öldürmək üçün qəsdən yola çıxırlar. Buna qarşı ciddi tədbirlər görülməlidir.
DYP: Şəhərin mərkəzində bu cür avtomobillərin sayı azalıb
Avtosfer.az-ın məlumatına görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "MediaPost"-a bildirib ki, istismara yararsız, texniki cəhətdən nasaz avtomobillər yol hərəkətində istifadə edilə bilməz. "Bu tipli avtomobillər texniki baxışdan keçirilmir. Amma bu cür nəqliyyat vasitələri ilə bəzi
sürücülər "çörək pulu qazanmaq" adı ilə yüklər daşıyır. Bununla da həm də yükdaşıma qaydalarını pozmuş olurlar. Korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi günün istənilən vaxtında təhlükəlidir və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Dövlət Yol Polisi dəfələrlə avtomobil sürücülərinə müraciət edərək müdaxilə olunmadan özləri həmin nəqliyyat vasitələrini utilizasiya etsinlər. Çünki turizmin inkişafı üçün bu qədər vəsait qoyulub. Ölkəmizə gələn turistlərin sayı hər gün artır. Brend avtomobillər ilə yanaşı bu cür maşınların görünməsi xoş təəssürat yaratmır."
Vaqif Əsədov bildirib ki, ötən illərlə müqayisədə bu cür avtomobillərin paytaxtın mərkəzi küçələrində görünməsi halları azalıb. "Yol polisinin müraciətləri, görülmüş tədbirlər nəticəsində artıq şəhərin mərkəzində bu cür avtomobillərin sayı azalıb. Amma təəssüf olsun ki, şəhərdən kənar ərazilərdə, şəhərkənarı magistral yollarda onlara rast gəlinir. Qanunvericiliklə bu cür maşınlar istifadə edilməməlidir."
Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq.
Yol-xeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub. Hazırda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması və məlumatların elektron qaydada hazırlanması barədə layihə hazırlanır.
Bu, irihəcmli işdir və mütəxəssislər cəlb edilməlidir. Bizim də fikrimiz var ki, baş verən yol-nəqliyyat hadisələri zamanı məlumat toplananda, hətta görüntülü şəkildə dərhal o proqram əsasında qoyulan suallara konkret cavab verilsin.
Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ilindən başlayaraq, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq ki, bunun da nəticəsində hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq.
Eyni zamanda, həmin bazadakı məlumatlar əsasında həm də hadisələrin elektron xəritəsini yaratmaq mümkün olacaq və elektron xəritənin köməyi ilə ölüm, xəsarət və maddi zərərlə nəticələnmiş qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq, analizlərin aparılması işi daha da təkmilləşəcək”.
K.Əliyev bildirib ki, bəzən yol-nəqliyyat hadisəsi baş verəndə dəqiq səbəbini üç-beş dəqiqəyə demək çətindir:
“Ümumi deyilir ki, sürət həddinin aşılması. Amma sürət həddinin aşılmasına görə qəza olmur. Dünyada elə dövlətlər var ki, sürət məhdudiyyəti yoxdur. Qəza o zaman olur ki, sürücü sürətlə gedən zaman hərəkət iştirakçısı manevr etmə, ötmə qaydalarını pozur və qəza baş verir.
K.Əliyevin sözlərinə görə, Dövlət Proqramının icrası ilə bağlı yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatmasını və daha operativ əlaqələndirməni təmin etmək üçün Daxili İşlər, Səhiyyə və Fövqalədə Hallar Nazirliklərinin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb, artıq belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən hər hansı stansiyanın adının dəyişdirilməsi üçün Nazirlər Kabineti yanında Adqoyma komissiyasına müraciət olunmayıb”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC sədrinin istismar üzrə vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Əlixan Osmanov bildirib.
Ə.Osmanov qeyd edib ki, hər hansı stansiyanın adının dəyişdirilməsilə bağlı müraciət haqda heç bir kütləvi informasiya vasitəsinə məlumat verilməyib:
“Metrostansiyalara adların verilməsi və yaxud adların dəyişdirilməsi metropoliten rəhbərliyinin səlahiyyətində deyil”.
Qeyd edək ki, bir müddət əvvəl “Bakı Metropoliteni” QSC-nin “Ulduz" və “Xalqlar Dostluğu” stansiyalarının adlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edildiyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, Bakı metrosu ilk dəfə 1967-ci il 6 noyabrda fəaliyyətə başlayıb. İlk illərdə metronun 5 stansiyası – “Bakı Soveti”, “26 Bakı Komissarı”, “28 Aprel”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları sərnişinlərin istifadəsinə verilib.
Zamanla yeni stansiyalar açılıb və daha başqa dəyişikliklər də olub ki, bu gün də onların şahidi oluruq. Bakı metrosunda zamanla dəyişikliyə məruz qalan həm də stasiyaların adları olub. İlk vaxtlar başqa adlarla fəaliyyətə başlayan stansiyalar sonradan adlarını dəyişib.
Adları dəyişdirilən stansiyalardan biri də indiki “20 Yanvar” stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı “XI Qızıl Ordu Meydanı” olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya “XI Qızıl Ordu Meydanı” kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı “20 Yanvar”la əvəzlənib.
İndiki “28 May” stansiyası ilk illərdə “28 Aprel” adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib.
1972-ci ildən fəaliyyətə başlayan “Avrora” stansiyası 27 aprel 1992-ci ildən “Qara Qarayev” adlandırılıb.
“26 Bakı Komissarı” stansiyasının adı isə 9 aprel 1992-ci ildə “Sahil” olub.
“Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı “Elektrozavod” olub. 1 yanvar 1993-cü iltarixindəhəmin ad “Bakmil” adı ilə əvəzlənib.
“Bakı Soveti”nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci iltarixində “İçәrişәhәr” adı ilə əvəzlənib.
Adı dəyişdirilən hələlik sonuncu stansiya “Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər “Məşədi Əzizbəyov” olub. Lakin 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və “Koroğlu” adlandırılıb.
Prezident İlham Əliyevin imzaladığı Yol Hərəkəti Təhlükəsizliyə dair 2019-2023-cü illəri əhatə edən Dövlət proqramı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.
Baş Dövlət Yol Polis İdarəsi, Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, Dövlət Proqramı çərçivəsində üç dövlət qurumu birgə yol-nəqliyyat hadisələri ilə bağlı tədbirlər planı hazırlayıb: “Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqalədə Hallar Nazirliyi yol qəzası zamanı hadisə yerinə vaxtında çatma ilə bağlı birgə tədbirlər planı hazırlayıb. Sözügedən nazirliklərin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında qəza zamanı hansı işlərin görülməsi barədə regionlarda təlimlərə başlanılıb. Artıq belə təlimlərdəm biri Gəncədə keçirilib. Gələcəkdə də bu istiqamətdə digər bölgələrdə də tədbirlərin davam etdirilməsi nəzərdə tutulub”.
Avtosfer.az təlimlər zamanı çəkilmiş videogörüntüləri təqdim edir:
=