"Bibiheybət yolu"nun tam açılacağı tarix bilindi - FOTO
Yolda tikinti-bərpa işləri sürətlə davam etdirilir

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir. Yol-xeber.az xəbər verir ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır. Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınləqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir.

Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq.

Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək.

 

Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

 

 
Prezident: “Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır”

Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır

“Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı bu məsələdə xüsusilə özəl sektoru qeyd edib:

 

“Xüsusilə mən özəl sektoru qeyd etmək istəyirəm. Çünki onlar da görürlər ki, dövlət xətti ilə gətirilən avtobuslar bütün standartlara cavab verir. Onların isə istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər”.

"Dəmir Yolları sərnişinlərin böyük hissəsini özünə cəlb edəcək"
Sərnişindaşımanın bu növünə böyük tələbat var

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə bu gündən Bakı-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların və müvafiq olaraq reyslərin sayını artırır.

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev qatarların və reyslərin sayının artırılmasını əhəmiyyətli hal hesab edib.

Onun sözlərinə görə, bu, pik saatlarda hərəkət intervalını azaldmağa imkan verəcək: “Məsələ ondan ibarət idi ki, Bakı-Pirşağı-Bakı reysi açılandan sonra qatarların sayı ilə əlaqədar formalaşan qrafik Pirşağı, Zabrat və ya Məhəmmədidən səhər saatlarında əsasən iş və təhsillə əlaqədar Bakıya gələn sərnişin üçün çox az alternativlər yaradırdı. İndi yeni qatarların alınması ilə reyslərin sayı artırılacaq. Bu da ən azından pik saatlarda qatarlararası hərəkət intervalını azaltmaqla sərnişinlərə əlverişli qrafik seçimində yeni imkanlar açır".

 

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev:


"Səyahətin təhlükəsizliyi baxımından isə dəmir yolunun demək olar ki alternativi yoxdur"

 

Ekspert bildirib ki, həqiqətən də insanlar elektrik qatarlardan istifadə etməkdən maraqlıdırlar: "Sərnişindaşımanın bu növünə böyük tələbat var. Bu, bir tərəfdən onunla əlaqədardır ki, sərnişin qatarla mənzil başına tez çatır, burada olan rahatçılıq səviyyəsi avtobusla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Xərc baxımından da avtobusla təxminən eynidir. Digər tərəfdən əvəllcədən bəlli qrafiklə işlədiyi üçün etibarlı nəqliyyat vasitəsitidir. Səyahətin təhlükəsizliyi baxımından isə dəmir yolunun demək olar, alternativi yoxdur". 

"Sərnişin daşınmasında bu nəqliyyat vasitəsinin Azərbaycanda potensial imkanları əslində daha böyükdür və müvafiq amillər təmin olunacağı təqdirdə dəmir yoluna daha çox sərnişinin cəlb etmək mümkün olacaq. Bunun üçün əvvəlcə insanların digər nəqliyyat növlərindən dəmir yoluna transferi maksimal dərəcədə tez və rahat başa gəlməlidir. Nəqliyyatın digər növləri dəmir yoluna bu işdə dəstək olmalıdır. Bununla rəqabət mühitində olmamalıdır. Əksinə, biri-birini tamamlayaraq qarşılıqlı fəaliyyət göstərməlidir. Belə olan halda dəmir yolu nəqliyatına daha böyük tələb yaranacaq”, - H.Abdullayev diqqətə çatdırıb.

Avtomobil Yolları Dövlət Agentliyinin balansına yeni yollar verilib
“Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Yeni qərara görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun balansında olmuş 2,2 kilometrlik magistral yol və Qəbələ rayonu, Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan 3,8 kilometrlik avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilir.



“Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işlərinin görülməsi ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, tenderin qalibi “TAİS İKF” MMC-dir. 

Qalib şirkətə 1 999 994 manat ödəniləcək. 



Oxuculardan biri yol hərəkəti qaydasını pozaraq təhlükə yaradan sürücünün görüntüsünü redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, yanvarın 18-i paytaxtın Xudu Məmmədov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsindən yola daxil olan 99-KE-056 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sağdan gələn avtomobilə qəza vəziyyəti yaradıb. Görüntünü qeydə alan sürücü təhlükəni görən an səs siqnalından istifadə edərək sağa manevr edib. Beləliklə sürücü qəzadan son anda yayınıb.

Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməlidir.

 

 

Təbriz

 
Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Məlumata əsasən, fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək:

 

“Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə  hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi səkkiz qatar hərəkətdədir”.

Qanunda cərimənin ləğv edilməsi ilə bağlı hər şey yazılıb, sadəcə oxumaq lazımdır

Sürücülər əksər hallarda təbii ki, yazılan cərimədən narazı qalırlar. Hətta qayda pozduqlarını bildikləri halda belə yazılan cərimənin ağrı-acısı 2-3 gün çəkir. Bu günlər ərzində də sürücü cəriməni yazan polisi cəzalandırmağın yollarını axtarır, sonra cəriməni sildirmək və ya ləğv etdirmək üçün yollar axtarır. Nəhayət, bəzi sürücülər anlayır ki, artıq gecdir, qayda pozub və cərimə ödənməlidir. Amma bir qisim sürücü də var ki, cərimənin ləğvinə çox ciddi cəhd edir. Bəs, sürücülərin dili ilə desək, cərimə hansı hallarda ləğv edilə bilər? Yəni, qanunda inzibati protokola və ya elektron qərara hansı hallarda xitam verilməsi nəzərdə tutulur? Əvvəlcə ondan başlayaq ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipindən bəhs olunur və qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
Digər tərəfdən, Məcəllədə deyilir ki, əgər şəxs onun barəsində tərtib olunmuş elektron qərardan və ya inzibati protokoldan şikayət edirsə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Yəni, bu məqamda konkret olaraq Dövlət Yol Polisi və ya Bakı Nəqliyyat Agentliyi protokolun, yaxud, qərarın düzgün tərtib edildiyini sürücüyə sübut etməlidir. Əgər ortada şübhə doğuran məqamlar varsa məsələ bu şübhələr onun xeyrinə həll edilir.
Ona görə də, Məcəllədə deyilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır. Yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.
O ki qaldı cəriməni necə ləğv etdirmək məsələsinə, bu barədə İXM-nin 53-cü maddəsində bəzi məqamlara diqqət yetirmək lazımdır. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar var və bu hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
Məsələn, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə və xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda.
Gəlin, bu sadaladıqlarımla ayrı-ayrılıqda qısaca tanış olaq. Birincisi, inzibati xəta hadisəsi baş verməyibsə buna görə kimisə cərimələmək olmaz. Bunun üçün səhvən cərimələnən şəxsin aidiyyatı quruma müraciət etməsi lazımdır. Əgər bir şəxs xətanı məcburən, daha dəqiq desək, son zərurət həddində törədirsə buna görə onu cərimə etmək qanunsuzdur. İXM-nin 19-cu maddəsi “Son zərurət” adlanır və orada qeyd olunur ki, təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
Üçüncü məsələ ləğv edilmiş qanunlardan ibarətdir və təbii ki, hansısa qayda və ya cərimə qanundan çıxarılıbsa buna görə kimisə cərimələmək hüquqa ziddir. Bundan əlavə, barəsində inzibati tənbeh tədbiri seçilmiş şəxs öldükdə həmin tədbirlər ləğv edilir. Əgər ölmüş şəxsin adına avtomobil varsa onun hüquqi varisi ölüm haqqında sənədi DYP-yə təqdim etməlidir. Bundan sonra cərimələrə xitam verilir və avtomobil hüquqi varisin adına təkrar qeydiyyata alınır. Bu zaman ləğv edilmiş cərimələrə görə ödəniş tələb edilə bilməz.
Nəzərdə tutulmuş müddətin başa çatması da önəmli məsələdir. Qanuna görə, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Amma bu müddət davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.
Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda (asanpay.az saytında) yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Bütün bu sadaladıqlarım sürücülərin hüquqlarıdır. Amma əvvəldə də qeyd etdiyim kimi, onların əməl etməli olduğu vəzifələr də var ki, bu da qaydalara uyğun hərəkət etməkdir. Qaydalar demişkən, İnzibati Xətalar Məcəlləsinin 10-ci maddəsində qeyd olunur ki, dövlət orqanları və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayıb həyata keçirməlidirlər. Yəni, dövlət qurumları xətaların baş verməməsi üçün ciddi işlər görməlidirlər. Bunun üçün kifayət qədər hüququ baza var. Sadəcə, bu sahəyə ciddi yanaşmaq lazımdır.

Vaqif Əsədov: “Qəzaların baş verməsi sürücü diqqətsizliyindən olur”
Hər bir yol-qəza hadisəsi faktlar üzrə ayrı-ayrılıqda nəzərdən keçirilib

Paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərin genişləndirilməsi diqqət mərkəzindədir. Yol-xeber.az-ın məlumatına görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir, bunu nəzərə alaraq, ötən il qeydə alının hər bir yol-qəza hadisəsi faktlar üzrə ayrı-ayrılıqda nəzərdən keçirilib. “Qabaqlayıcı profilaktik tədbirlərin səmərəli təşkil edilməsi, yeni məzmunda təbliğat və təşviqatın yaxşılaşdırılması üçün cəmiyyətin hər bir üzvünün fəallığı tələb olunur. Bu tələb, hər bir hərəkət iştirakçısının məsuliyyətdən, qanunlara ehtiramından, başqalarının hüquq və vəzifələrinə rəğbətindən asılıdır.
Şərh etmədən bir sıra yol-qəza hadisələri ilə bağlı “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktları diqqətə çatdırırıq. Görünən odur ki, tərəflərin yol hərəkəti qaydalarına ehtiyatsız münasibəti, piyada səhlənkarlığı, sürücü diqqətsizliyi hadisələrin baş verməsinə real zəmin yaradır.
Məqsədimiz real, montaj olunmadan qeydə alınan hadisələrin – sürət həddinin aşılması, hərəkət istiqamətində diqqətsizlik, qarşı hərəkət zolağına çıxma, təyin olunmayan yerlərdən hərəkət, yol ayrıclarında, yol kəsişmələrində tələblərin pozulması və digər xətalar insan təlafatına, xəsarət və əmlakın zədələnməsi ilə nəticələnir”.
Azərbaycanda dəmir yolu ilə yükdaşımalarda onlayn nəzarət imkanı yaradıla bilər
Hazırda qurumun mütəxəssisləri bu yeniliyin üzərində işləyirlər

“Azərbaycan Dəmir Yolları” QSC-nin yükdaşıma xidmətindən istifadə edən müştərilərə yükün lazımi ünvana çatdırılması prosesini onlayn izləmək imkanı yaradıla bilər. Bu barədə “Report”a  səhmdar cəmiyyətinin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib. Onun sözlərinə görə, hazırda qurumun mütəxəssisləri bu yeniliyin üzərində işləyirlər. 

"2020-ci il üçün əsas prioritetlərdən biri 2017-ci ildən yaradılmasına başlanılmış ADY SMART Avtomatlaşdırılmış İdarəetmə Sisteminin daha da inkişaf etdirilməsi, onun departamentin bütün xidmət və şöbələrini tam əhatə etməsiə nail olmaqdır, Bu baş tutduqdan sonra həm görülən işlərin keyfiyyəti artacaq, həm vaxta qənaət olunacaq, həm də daha effektiv nəzarət mexanizmi qurulacaq. Bununla da "Azərbaycan Dəmir Yolları" müştəri məmnuniyyətini artırmağı hədəfləyir”.

E.Əhmədov vurğulayıb ki, ADY SMART əməliyyat sistemində xüsusi olaraq “Müştəri xidmətləri” modulunun işlənib hazırlanması nəzərdə tutulub: “Müştəri özünün “şəxsi kabinet"i vasitəsilə ona məxsus yüklərin ölkə ərazisində hərəkətinə nəzarət etməklə yanaşı, yükdaşımalar üçün onlayn sifariş vermək, yükün vaxtında vaqonlarla təmin olunmasını izləmək, eyni zamanda vaqon parkının texniki vəziyyətinə, təmir normativlərinə nəzarət etmək imkanına malik olacaq”.

Xəbər lenti