Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - məlumatda qeyd edilib.

Yaponiya imperatoru İlham Əliyevi təbrik etdi

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə xoşbəxtlik, xalqınıza firavanlıq arzu edirəm".

Hindistan Prezidenti İlham Əliyevi təbrik etdi

Hindistan Prezidenti Draupadi Murmudan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və dost xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan ortaq tarixi və mədəni əlaqələrə malikdir. Bizim həmrəyliyimiz bütün sahələrdə çoxtərəfli qarşılıqlı əməkdaşlığımıza yol açmışdır. Əminəm ki, həssas məqamlara və ortaq maraqlara qarşılıqlı hörmət nümayiş etdirərək bizim münasibətlərimiz əməkdaşlığın yeni sahələrini əhatə etməklə genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının dost xalqına isə davamlı sülh, tərəqqi və inkişaf arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Üçüncü dünya müharibəsinin qorxunc modeli: ABŞ, Rusiya və Çin kosmosdan

Vaxtilə fantastik mülahizələr kimi görünən "ulduz müharibələri" artıq müasir dünyanın reallığına çevrilib, Qərb hərbi ekspertləri kosmik savaşa yalnız ABŞ deyil, Rusiya və Çinin də hazır olduğunu iddia edirlər... Bu üç ölkə dinc elmi araşdırmalar adı altında kosmosu çoxdan hərbiləşdirib, indi ABŞ, Rusiya və Çin ilə düşmən ölkələr sarsıdıcı zərbəni həm də kosmosdan gözləməlidir, "yaşıl planet" əsl fəlakət qarşısındadır...
Dünya qlobal qarşıdurma məkanına çevrilib. Hazırda dünyanın bir çox regionlarında dünya nəhəngləri arasında kəskin geopolitik toqquşmalar baş verməkdə davam edir. Üstəlik, qlobal qarşıdurmanın coğrafiyası intensiv şəkildə genişlənir. Və bütün planeti əhatə edəcək səviyyədə təhlükəli inkişaf istiqamətlərinə malikdir.

Məsələ ondadır ki, dünyanın bir-birinə düşmən kəsilən iki hərbi-siyasi qütbü Afrika uğrunda mübarizə aparır. "Qara qitə"də situasiya sürətlə dəyişməyə başlayıb. Əvvəllər daha çox ABŞ və Fransanın hegemonluğu altında olan Afrika qitəsində indi Qərbə yönəlik müqavimət dalğası baş qaldırıb. Əsrlər boyu Afrikanın zəngin təbii resurslarını talayan ABŞ, Fransa və digər Qərb ölkələri bu müftə sərvət qaynağını itirmək təhlükəsi ilə üzləşib. Və buna alternativ təbii sərvət qaynaqları isə müasir dünyada demək olar ki, qalmayıb.

Təbii ki, bu səbəbdən də, indi Afrika qitəsində taleyüklü geopolitik savaş mövcuddur. "Qara qitə"də indi Rusiya və Çinin "ayaq səsləri" daha aydın eşidilir. Afrika ölkələri və xalqları Qərb dövlətlərinin müstəmləkəçilik siyasətindən xilas olmaqda israrlı mövqe tuturlar. Hazırda Fransa Afrika ölkələrindən qovulmağa başlayıb. Eyni situasiya ABŞ üçün də aktualdır. Və tezliklə Qərbin "qara qitə"yə nəzarət etmək şanslarının tamamilə tükənə biləcəyi artıq qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Afrika xalqları Qərb müstəmləkəçiliyindən xilas olmaq üçün Rusiya və Çinə əsas müttəfiq kimi yanaşırlar. Yəni, Rusiya və Çin Qərb dövlətlərinin Afrikadan sıxışdırılıb çıxarılması prosesində geopolitik iştirakçı rolunu artıq məmnuniyyətlə qəbul edib. Bu baxımdan, yaxın gələcəkdə Afrikada Qərb-Şərq toqquşmasının daha da intensivləşəcəyi artıq qətiyyən şübhə doğurmur. Və "qara qitə" üçün əsas taleyüklü mərhələnin hələ İrəlidə olduğunu elə indidən təxmin etmək mümkündür.

Eyni zamanda, Afrika qitəsinə paralel olaraq, Qərb-Şərq qarşıdurması Ukrayna savaşı ətrafında da ən yüksək həddə çatmış kimi görünür. Hər halda, ABŞ və Qərb əsas maliyyə-iqtisadi və hərbi resurslarını məhz bu istiqamətə yönəldib. Halbuki, son vaxtlar kollektiv Qərbin resurslarının ciddi şəkildə tükənməyə başladığı da qətiyyən diqqətdən yayınmır. Bunun əksinə, Rusiya savaş meydanında Ukrayna ordusunu geri çəkilməyə məcbur etməyi bacarıb. Və bu üstünlüyün qazanılmasında Kremlin sanksiyalara məruz qalmış Rusiya iqtisadiyyatını müharibə şəraitinə uyğunlaşdırması xüsusi rol oynayır.

Belə anlaşılır ki, Ukrayna savaşında ABŞ və Qərb Rusiya üzərində strateji üstünlüyü təmin etmək şansından sürətlə uzaqlaşmağa başlayıb. Üstəlik Çinin Afrikada olduğu kimi, Ukrayna savaşında da Rusiyanın yanına yaxınlaşması ABŞ və Qərb üçün real məğlubiyyət faktoruna çevrilə bilər. Çünki Şimali Koreya və İranın da dəstəklədiyi Rusiya-Çun ortaqlığı ABŞ və Qərbi geopolitik labirintə sala biləcək qədər təhlükəli ssenaridir. Və hələlik kollektiv Qərb arasında artıq müşahidə olunan parçalanma meylləri şəraitində buna qarşı tab gətirmək o qədər də asan olmayacaq.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərb Çin ilə açıq "ticarət müharibəsi"nə başlamış kimi də görünür. Hər halda, Ağ Evdə Çinin iqtisadi-ticari inkişaf perspektivləri ciddi əndişə ilə qarşılanır. Rəsmi Pekin hazırda yalnız Avropa məkanına deyil, həm də ABŞ bazarına da birbaşa nüfuz etməyə başlayıb. Ağ Ev buna qarşı müəyyən priventiv iqtisadi bloklama addımları atmağa çalışsa da Çinin ABŞ və Avropaya "iqtisadi-ticari hücum"unu durdurmaq mümkün olmur. Və indiki mərhələdə Çunlə iqtisadi-ticari əməkdaşlıqdan imtina Qərb qütbünə sarsıdıcı zərbələr vuran bilər.

Bütün bunlar onu göstərir ki, Qərb qütbü Şərq qütbünə uduzmaq təhlükəsi ilə üzləşib. Məhz bu səbəbdən də, yaxın gələcəkdə dünyanın siyasi mərkəzinun Qərbdən Şərqə doğru sürüşdürülə biləcəyi qətiyyən istisna deyil. Belə bir iqtisadi-siyasi transplantasiya isə Qərbin NATO-nun yaranmasından üzü bəri onilliklər boyu davam edən dünya üzərində hegemonluğunu sona çatdıra bilər. Və bu, müəyyən mənada, Qərb sivilizasiyanın çöküşü anlamı daşıya biləcək prosesdən xəbər verir.

Ancaq bəzi məlumatlara görə, ABŞ və Qərb dünya hegemonluğunu Şərq nəhənglərinə - Rusiya və Çinə vermək niyyətində deyil. Son bir neçə onillik ərzində Qərb strateqləri qlobal situasiyanın belə keyfiyyət qazanma ehtimalına hazırlaşmağa çalışıblar. Hər halda, ABŞ-ın qlobal hərbi-siyasi hegemonluğun ağırlıq mərkəzini kosmosa köçürmək planları üzərində işlədiyi artıq etiraf edilməyə başlayıb.

Qərbdə bəzi siyasi dairələr Rusiya-Çin ortaqlığının mövcud dünya düzəninin əsas iştirakçılarını dəyişməyəcəyinə üstüörtülü eyham vururlar. Dolayısı ilə anlatmağa çalışırlar ki, dünya hegemonluğunun taleyi indi yalnız planetin səthində deyil, həm də kosmosda həll edilir. Yəni, dünyada hegemonluq etmək istəyənlər ilk növbədə kosmosda hərbi üstünlüyə malik olmalıdırlar. Və bu, o deməkdir ki, kosmos artıq sürətlə hərbiləşdirilməyə başlayıb.

Qərb hərbi ekspertləri isə açıq şəkildə vurğulayırlar ki, ABŞ Rusiya və Çinlə kosmik qarşıdurmaya, hətta münaqişəyə 40-50 il əvvəldən başlayıb. Ona görə də, müasir dünya texnologiyasının əsas təmsilçiləri, o cümlədən də, İlon Maskın insanların üçüncü cahan savaşı barədə təsəvvürlərinin reallıqdan uzaq olduğunu iddia etməsi qətiyyən təəccüblü deyil. Yəni, üçüncü dünya müharibəsində müasir kosmik silahlardan istifadə oluna bilər. Və bu sahədə ABŞ-ın Pentaqonun reallaşdırdığı önəmli hərbi layihələr sayəsində irəlidə olduğu ehtimal edilir.

Maraqlıdır ki, Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkənin kosmosun hərbiləşdirilməsi səbəbindən qorxunc təhlükələr ilə üzbəüz qaldığını etiraf edib. Bəzi iddialara görə, kosmosa hərbi peyklər yerləşdirən ölkələr "yaşıl planet"in səthində zəlzələlər, sunamilər törətməyə, düşmən ölkəyə ballistik raket zərbələri endirməyə, lazer silahı ilə həyati kommunikasiya obyektlərinə dağıdıcı təsir göstərməyə artıq qadirdir. Və indi dinc məqsədlərlə istifadə edilməli olan kosmosa nüvə silahının yerləşdirilməsi üzərində iş aparıldığı bildirilir.

Belə anlaşılır ki, vaxtilə fantastik mülahizələr kimi görünən "ulduz müharibələri" artıq müasir dünyanın reallığına çevrilməyə başlayıb. Qərb hərbi ekspertləri hesab edirlər ki, belə savaşa hazırda yalnız ABŞ deyil, Rusiya və Çin də hazırdır. Bu üç ölkə dinc elmi araşdırmalar adı altında kosmosu çoxdan hərbiləşdirib. Ona görə də, indi ABŞ, Rusiya və Çin ilə düşmən olan ölkələr sarsıdıcı zərbəni həm də kosmosdan gözləməlidir. Əgər, bu kosmik nəhəng bir-birinə qarşı savaşmaq qərarı verərsə, bu, yalnız onların özləri üçün deyil, ümumiyyətlə, "yaşıl planet" üçün əsl fəlakətə çevrilə bilər.(Yeni Müsavat)

Qazaxın azad kəndlərinin bir addımlığında... - VİDEO

Xəbər verdiyimiz kimi, mayın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması təmin edilib.

AZTV həmin ərazilərin bir addımlığından reportaj hazırlayıb.

Belə ki, 32 ildən sonra işğaldan azad edilmiş sözügedən 4 kəndin sakinləri ilə söhbət aparılıb, sevinclərinə şərik olunub.

Həmin görüntüləri təqdim edirik:

İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev mayın 25-də İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da etimadnaməsini qəbul edib.

 

 

 

 
Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizi və can Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan indiyə qədər keçdiyi yol bizi qürurlandırır.

Türkiyə olaraq kədərdə də, sevincdə də bir olduğumuz qardaş Azərbaycanın 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü uğurla bərpa etməsindən sonrakı ilk Müstəqillik Günündə duyduğu haqlı qürur və sevincini ürəkdən bölüşürük. Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edir və yüksək səviyyəli strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da gücləndirmək istiqamətindəki birgə iradədən böyük məmnunluq hissi keçiririk.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı bir daha ifadə edirəm".

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edirNiderland, Belçika və İspaniya kralları Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.
 
Təbriklərdə deyilir:
 
İspaniyanın Kralı VI Felipe:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Cənab Prezident.
 
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
 
Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".
 
Belçikalıların Kralı Filip:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Zati-aliləri.
 
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram".
 
Niderlandın Kralı Villem-Aleksandr:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Möhtərəm cənab Prezident.
 
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm".
 
Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Möhtərəm cənab Prezident.
 
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.
 
Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.
 
Hörmətlə,
 
Marselo Rebelo de Souza
 
Portuqaliya Respublikasının Prezidenti”.
 
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Hörmətli İlham Heydər oğlu.
 
Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
 
Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.
 
Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.
 
Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.
 
Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
 
Çex Respublikasının Prezidenti Petr Pavel:
 
"Zati-aliləri.
 
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.
 
Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.
 
Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".
http://qanuninfo.az/uploads/posts/2024-05/1716625903_1716621189_698a8a27-bb76-4268-85ee-b0ddb87bd5ad_640.jpg
Ermənistan "Qərbsiz" mövqe tutmağı bacarsa... - yaxın müddətdə sülh sazişi də imzalana bilər!"Bu gün Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər". Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. Mayın 15-i Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib və sözügedən Texniki Protokol razılaşdırılıb.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında 4 kəndin verilməsilə bağlı razılıq əldə olundu və artıq 4 kənd Azərbaycana verildi. Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçdi, protokol imzalandı.

“Tavuş istiqamətində demək olar ki, 12 kilometrdən artıq sərhədlərin delimitasiyası, demarkasiyası da həyata keçirildi. Bu da onu göstərir ki, Azərbaycanla Ermənistan arasında siyasi iradə olarsa, tərəflər müsbət irəliləyişlər əldə edə bilər. Xüsusilə, Ermənistan tərəfi bu istiqamətdə öz mövqeyini ortaya qoymalıdır”-deyən politoloq hesab edir ki, Qərbin də müəyyən təzyiqləri nəticəsində Ermənistan ikitərəfli danışıqlara getdi və real nəticələr yarandı.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, bundan sonra da danışıqlar gedəcək və tərəflər çərçivə sazişinin imzalanması istiqamətində də hazırda danışıqlar aparır.

“Payıza qədər müəyyən bir sazişin imzalanmasını istisna etmək olmaz. Düşünürəm ki, növbəti görüşlər keçiriləcək və digər ərazilər xüsusilə 1976 və 1982-ci illəri nəzərdə tutan xəritələr əsasında da delimitasiya-demarkasiya prosesi gedəcək. Müsbət dinamika var və hesab edirəm ki, Cənubi Qafqazda baş verən geosiyasi proseslər, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi nəticəsi üçün də müsbət istiqamətdə davam edəcək”-deyən politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında bu ilin axırına kimi də çərçivə sazişinin imzalanması mümkündür.
Əliyev bəyan etmişdi: Azərbaycana qaytarıldı... - ŞƏRHAli Baş Komandan İlham Əliyev yanvarın 10-da ilk dəfə bəyan etmişdi ki, Qazaxın işğal altında olan və qeyri-anklav dörd kəndi Azərbaycana qaytarılmalıdır. Ermənistan tərəfi ilə davam edən uzunmüddətli danışıqlardan sonra bu kəndlərin qaytarılması üçün fəaliyyətlərə başlanıldı.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, delimitasiya prosesindən sonra ərazidə demarkasiya prosesləri həyata keçirilməyə başlayıb: "Aprelin 19-da başlayan demarkasiya prosesi 12,7 km sərhəd xəttini əhatə etdi. Proses mayın 15-də yekunlaşmalı idi. Təxminən bundan 10 gün sonra hər iki tərəfin sərhəd qoşunlarının əraziyə yeridilməsi nəzərdə tutuldu. Verilən son müddət, yəni mayın 25-də başa çatırdı. Görünür, artıq Ermənistanda baş verən etirazlar, erməni kilsəsinin havadarlarının prosesə mane olmaq cəhdləri heç bir nəticə vermədi. Azərbaycan ərazilərini azad etməkdə davam edir. Sevindirici bir haldır ki, Ermənistan tərəfi artıq münaqişə ilə yox, Azərbaycan tərəfinin diplomatik, siyasi tələblərinə adekvat reaksiya verərək işğal altında saxladığı əraziləri bir mərmi atılmadan, bir nəfərin belə burnu qanamadan Azərbaycana qaytarır. Hesab edirəm ki, bu prosesləri müsbət dəyərləndirməliyik. Bu, gələcəkdə iki ölkə arasında etimad mühitinin daha da möhkəmlənməsinə istiqamətlənmiş addım kimi qəbul edilə bilər”.

Ekspert bildirib ki, ən problemli məsələlərdən biri məhz Qazax istiqamətində idi:

“Kommunikasiyaların açılması məsələsində Ermənistan müsbət rəy versə də, hələki ərazidə real addımları görmürük. Sülh sazişi istiqamətində isə kifayət qədər yol etmişik. Amma yenə də müəyyən müddəalarda ortaq məxrəcə gəlinməyib. Amma hər bir halda ümid edirik ki, Ermənistan öz gücünə, imkanlarına baxaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən kənara çəkilməyəcək. Çünki bu, yenidən münasibətlərin pozulmasına gətirib çıxara bilər. Paşinyan bunu dəfələrlə son aylarda vurğulayıb. Azərbaycan sülh tərəfdarıdır”.

Xəbər lenti