|
Amerikalı ekspertin fikrincə, Rusiya Ukrayna savaşında qalib gəlsə, Ermənistanı dərhal diz çökdürəcək... Onun digər ehtimalına görə, əgər, rəsmi İrəvan Zəngəzur dəhlizini könüllü açmasa, bunu Azərbaycan ordusu edəcək...
Cənubi Qafqazda regional sülh prosesi uzun müddətdən bəridir ki, böhranlı situasiya ilə üzləşib. Hər halda, "sülh masası"nda durğunluq yaşanır. Halbuki, Cənubi Qafqazda geopolitik maraqları olan beynəlxalq siyasi iradə mərkəzlərinin kobud müdaxiləsi olmasaydı, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi artıq çoxdan imzalanmış da ola bilərdi. Və Fransanın patronajlığı altında olan bəzi Avropa Birliyinin törəmə qurumları buna açıq-aşkar əngəl törətməkdə davam edirlər.
Ona görə də, son dövrlərdə sülh sazişinin imzalanmasından nə qədər çox danışılırsa, danışıqlar prosesi də bir o qədər pozitiv sonluqdan uzaqlaşmış olur. Çünki Fransa və onun beynəlxalq "siyasi peyk"ləri Ermənistanı silahlandıraraq, revanş niyyətinə cəsarətləndirir. Bu səbəbdən də, həm rəsmi İrəvanın, həm də Ermənistanın beynəlxalq himayədarlarının sülhə yönəlik mövqeləri siyasi manipulyasiyalardan uzağa getmir. Və bu baxımdan, uzun müddətdən bəri yüksək səviyyədə görüşlərin baş tutmaması da qətiyyən gözlənilməz xarakter daşımır.
Təbii ki, Münhen Təhlükəsizlik Konfransında baş verənlər müəyyən mənada, istisna təşkil edir. Çünki məhz Münhendə Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti dəfə yüksək səviyyədə görüş baş tutub. Almaniya kansleri bu görüşü anlaşmaya uyğun olaraq, qısa müddət ərzində tərk etdiyi üçün müzakirələr rəsmi Bakının istədiyi formatda - ikitərəfli modeldə aparılıb. Və bu, sülh prosesini kənar müdaxilələrdən yayındırmağa üstünlük verən Azərbaycanın olduqca önəmli siyasi-diplomatik uğurudur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Münhen görüşünə dünyanın önəmli dövlət və beynəlxalq qurumlarının liderlərinin müraciətləri ilə baş tutmuş ikitərəfli əməkdaşlıq müzakirələrindən sonra qatılmışdı. Fransa və onun "siyasi peyklər"indən başqa heç kimə lazım olmayan Ermənistanın baş naziri Nikol Paşinyan isə yalnız israrlı xahişlər sayəsində çox məhdud çərçivədə görüşlər keçirə bilmişdi. Və həmin azsaylı görüşlərdə də erməni baş nazir Ermənistanın xarici əməkdaşlıq imkanlarını genişləndirməyə cəhd göstərmək əvəzinə yalnız Azərbaycandan şikayət etməklə, kifayətlənməli olmuşdu.
Düzdür, Azərbaycan və Ermənistan liderlərinin Münhen görüşündə sülh sazişinin mətninin hazırlanması məqsədilə ikitərəfli təmasların davam etdirilməsi barədə anlaşma əldə olunub. Ancaq rəsmi İrəvanın sülh prosesi ətrafında siyasi manipulyasiyaları davam etdirəcəyi də qətiyyən şübhə doğurmur. Çünki Ermənistan baş naziri Nikol Paşinyan mövqeyini tez-tez dəyişən sürüşkən siyasətçi olduğunu artıq birmənalı şəkildə təsdiqləyib. Onun açıqlamaları və davranışları arasında kəskin ziddiyyətlər artıq adi hala çevrilib.
Məsələ ondadır ki, erməni baş nazir bir müddət öncə Ermənistan konstitusiyasında yer alan bəzi müddəaların sülh sazişinin imzalanmasına əngəl törətdiyini bəyanlanışdı. Ancaq indi baş nazir Nikol Paşinyan iddia edir ki, bu məsələ ilə bağlı rəsmi Bakının tələbləri Ermənistanın daxili işlərinə qarışmaqdır. Halbuki, hər hansı dövlətin qanunvericiliyində qonşu dövlətə qarşı ərazi iddiaları mövcuddursa, bu həmin ölkənin daxili işi hesab edilə bilməz. Və bu, erməni baş nazirin sülh prosesini dalana salmaq cəhdindən başqa bir şey deyil.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan qoşunların bugünkü mövqelərindən geri çəkilmələri üçün Ermənistan və Azərbaycan sərhədini xəritədə və yerdə əks etdirmək lazım olduğunu vurğulayır. Onun fikrincə, bunun üçün ilk addım məhz qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsi ola bilər. Yəni, erməni baş nazir mübahisəli gündəm yaratmaqla, əslində, sülh prosesini əngəlləmək niyyəti güdür.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan sərhədlərini delimitasiya etmək üçün istifadə olunacaq xəritələr belə, razılaşdırılmayıb. Belə olduğu təqdirdə, Azərbaycan və Ermənistan arasında sərhədlər hələlik şərti xarakter daşıyır. Bu baxımdan, erməni baş nazirin qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsi ilə bağlı təklifi məntiqsiz və absurddur. Ümumiyyətlə, rəsmi İrəvanın yekun sülh sazişi və sərhədlərin delimitasiya prosesini paralelləşdirmək cəhdi məkrli mövqe olmaqla yanaşı, həm də sülh prosesindən uzaqlaşmaq məqsədi güdür.
Bütün bunları nəzərə aldıqda, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin Cənubi Qafqazda sülh prosesini dəstəklədiklərini bəyan etmələri indiki situasiyada effektiv yanaşmadan uzaqdır. Çünki həmin beynəlxalq siyasi iradə mərkəzləri əgər, doğrudan da bu regionda sülhü dəstəkləyirlərsə, onda deməli, ilk növbədə konstruktiv mövqe tutmağa məcbur qalması üçün Ermənistana təzyiq göstərməlidirlər. Əks halda, NATO baş katibinin xüsusi nümayəndəsi Havyer Kolominanın "Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin tezliklə imzalanmasına hər cür dəstək verməyə hazırıq" kimi açıqlamalar ən yaxşı halda, "növbətçi bəyanat" xarakteri daşıyacaq və müsbət nəticələrdən uzaq qalacaq.
Əsl həqiqət isə tamamilə fərqli məzmun daşıyır. Belə ki, Ermənistan açıq-aşkar sülh prosesindən uzaqlaşmağa və revanş almaq üçün yeni müharibəyə hazırlaşmağa çalışır. Rəsmi İrəvan bu məsələdə Fransadan tam dəstək almağa nail olub. Daha doğrusu, rəsmi Paris Ermənistanı Azərbaycana qarşı yeni savaşa sürükləməyə çalışır. Paşinyan hakimiyyəti yeni savaş planlarını məhz Fransanın dəstəyi və təlimatları ilə qurmaqdadır. Halbuki, bu, sülh sazişinə Azərbaycandan daha çox ehtiyacı olan Ermənistan üçün ən təhlükəli və uğursuz variantın seçilməsi anlamına gəlir.
Maraqlıdır ki, bu reallığı hətta erməni mənşəli ABŞ eksperti Artur Martirosyan belə, Ermənistan mətbuatına açıqlamasında birmənalı şəkildə etiraf edib. Onun fikrincə, rəsmi İrəvan Zəngəzur dəhlizini açmaqla, Ermənistanın dövlətçiliyini xilas etmək şansını hələlik saxlayır: "Ancaq bu məsələnin uzadılması və qarşı tərəflə hərbi gərginliyin artırılması böyük təhlükə vəd edir. Çünki rəsmi İrəvan Zəngəzur dəhlizini könüllü açmasa, bunu Azərbaycan ordusu edəcək. Halbuki, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizini könüllü açsa, üçtərəfli anlaşmaya görə, ona Rusiya nəzarət edəcək. Ancaq bunu Azərbaycan ordusu etsə, onda situasiya dəyişəcək və böyük ehtimalla dəhliz yalnız rəsmi Bakının nəzarətində qalacaq".
Amerikalı erməni ekspert Paşinyan hakimiyyətinə Rusiya ilə münasibətləri korlamaq taktikasından imtina etməyi də məsləhət görüb. Onun fikrincə, Ukrayna savaşından kimin qalib çıxacağını heç kim deyə bilməz: "Ona görə də bütün riskləri nəzərə almaq lazımdır. Əgər, Rusiya Ukrayna savaşından qalib çıxarsa, Kreml rəsmi İrəvanı diz çökdürəcək. Eyni zamanda, Azərbaycana qarşı revanş niyyətindən də dərhal imtina edilməlidir. Çünki yeni savaş başlayarsa, Paşinyan hakimiyyətinə cəsarət verənlər Azərbaycan ordusunun qarşısını alıb, onu dayandıra bilməyəcək. Baş nazir Nikol Paşinyan hətta Jozep Borrelə və yaxud Emmanuel Makrona zəng etməyə belə, imkan tapmayacaq. Hətta belə bir imkan olsa belə, heç kim Ermənistana kömək etməyəcək".
Göründüyü kimi, okeanın o tayından, birbaşa ABŞ-dan, hətta böyük ehtimalla Ağ Evin səhnəarxası təlimatları üzərindən Paşinyan hakimiyyətinə mövcud reallıqları, yanlış siyasətin doğurduğu təhlükələri anlatmağa çalışırlar. Ancaq rəsmi İrəvan hazırda Fransa prezidenti Emmanuel Makrondan başqa heç kimi eşitmək istəmir. Halbuki, Emmanuel Makronun səsi Ermənistanı çıxa bilməyəcəyi "qaranlıq tunelə" çağırır.(Yeni Müsavat)
Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir.
Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir.
Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur.
Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gəlib.
Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşıladılar.
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəd zonasında yerləşdirdiyi müşahidə missiyası erməniləri məyus edib.
erməni mediası xəbər verir ki, Ermənistan parlamentindəki “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan Aİ missiyasının yerləşdirilməsi nəticəsində vəziyyətin daha gərgin və qeyri-müəyyən olduğunu bəyan edib.
Erməni siyasətçi qeyd edib ki, təkcə Azərbaycan deyil, qonşu Rusiya və İran da Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə qarşı çıxıblar. Onun sözlərinə görə, Rusiya rəsmi İrəvanın bu addımını özünün Cənubi Qafqazda mövqeyinə və nüfuzuna təhlükə hesab edir. İran da bu ərazilərdə regiondan kənar qüvvələrin olmasına qarşıdır və Tehran hansısa mərhələdə onların özünə qarşı istifadə ediləcəyini düşünür.
Fraksiyanın katibi vurğulayıb ki, bütün bu proseslərin fonunda Ermənistan rəhbərliyinin xarici siyasət kursu da anlaşılmazdır. “Aİ-nin sərhəddə müşahidə missiyasının Ermənistana faydası məsələnin yalnız bir tərəfidir, amma onun yerləşdirilməsi və say tərkibinin artırılmasının gərginliyi artırdığı və qeyri-müəyyənlik yaratdığı artıq məlumdur”, -deyə erməni siyasətçi vurğulayıb.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün hökümətin yeni tərkibini təsdiqlədi. Uzun illər Azərbaycan hakimiyyətində təmsil olunan 2 məmur - Ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifələrini itirdilər.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, hakim komandada dəyişiklik bununla yekunlaşmayacaq. Qarşıdakı aylarda, ən gec 2024-ün sonuna kimi daha bir neçə nazir və yüksək rütbəli məmur vəzifəsi ilə vidalaşacaq. Məlumatlı şəxslər bu siyahıda ilk sırada Müdafiə naziri Zakir Həsənovun, Elm və Təhsil naziri Emin Əmrullayevin, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin və Sumqayıtın icra başçısı Zakir Fərəcovun adını çəkirlər.
Mənbə deyib ki, hakimiyyət daxilində yeniləşmə və dəyişiklik müntəzəm aparılacaq, vəzifə səlahiyyətlərini aşan, göstərilən etimadı doğrultmayan məmurlar mütəmadi qaydada cəzalandırılacaq.
Prezident İlham Əliyev bütün dünyaya Azərbaycanın Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunun açıq mesajını verdi... Rəsmi Bakı Ermənistanla münasibətlərə əhəmiyyət vermədiyinə eyham vurmaqla, kənar müdaxilə “pəncərə”sini qapatdı, sülh və savaş arasında seçimi qarşı tərəfin öhdəsinə buraxdı...
Azərbaycan müstəqil dövlət olaraq, 30 illik ağır bir dövrü arxada buraxdı. İndi Azərbaycanın önü açıqdır, gələcəyə daha fərqli və perspektivli hədəflərlə hərəkət etmək şansı qazanıb. Rəsmi Bakı Azərbaycanın gələcək inkişaf perspektivlərini, daxili və xarici siyasət prioritetlərini artıq yeni dövrün şərtlərinə uyğunlaşdırmağa başlayıb. Və bundan sonra Azərbaycanın dünyada beynəlxalq siyasi iradə sahibləri sırasında yer almaq iddiası gözlənilməz xarakter daşımayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev son 30 illik ağır dövrün təhlili üzərindən önəmli mesajlar verməklə, əslində, gələcəyə yönəlik yeni dövrün “yol xəritəsi”ni də böyük ölçüdə təsvir edib. Dövlət başçısı vurğulayıb ki, əsas milli hədəf Ermənistanla hərbi münaqişənin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarət idi. Və Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi.
Ancaq Ermənistan Azərbaycana qarşı ərazi iddialarından hələ də tam imtina etməyib. Rəsmi İrəvan öz imzasıyla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən israrla yayınmağa cəhd göstərir. Üstəlik, Ermənistanın biabırçı hərbi məğlubiyyətindən zaman keçdikcə, rəsmi İrəvan Azərbaycana qarşı dolayısı ilə ərazi iddiaları irəli sürməyə çalışırlar. Və bu, onu göstərir ki, Azərbaycan ordusu daim güclü, yüksək döyüş qabiliyyətli olmalıdır.
Ona görə də, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan ordusunun lokal antiterror əməliyyatları qaçılmaz xarakter daşıyırdı. Ötən ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu döyüş meydanında məğlub edildi və bununla da Azərbaycan ərazisində erməni separatizminin kökü birdəfəlik kəsildi. Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam şəkildə bərpa etmiş oldu.
Təbii ki, indi artıq Azərbaycanın yeni inkişaf dövrünün konkret istiqamətlərini müəyyən etmək üçün geniş imkanlar açılıb. Azərbaycan ərazisində bundan sonra Cənubi Qafqaza heç bir aidiyyatı olmayan kənar güclərin “erməni layihəsi” daha mövcud olmayacaq. Rəsmi Bakı “erməni layihəsi”ni tamamilə və birdəfəlik sıradan çıxartdı. Və Cənubi Qafqazda geopolitik maraqları olan bəzi beynəlxalq güclər hazırda əsas regional alətini itirmiş durumdadırlar.
Böyük ehtimalla Azərbaycanın yeni inkişaf dövrünün mühafizəsi ordunun üzərində düşəcək. Ermənistanın törətdiyi son hərbi təxribatlar da bu ehtimalı gücləndirir. Rəsmi İrəvanı Azərbaycanla yeni hərbi münaqişəyə cəsarətləndirən xarici güclərin hələ də öz məkrli niyyətlərində israrlı olduğunu nəzərə aldıqda, ordumuzun yeni inkişaf dövründə önəmli rol oynayacağı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Ermənistanın hərbi təxribatlarına Azərbaycan ordusunun verdiyi sərt reaksiya həm də beynəlxalq ermənipərəst mərkəzlərə də xəbərdarlıq mesajıdır.
Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanla yanaşı, onu dəstəkləyən xarici güclərin də Azərbaycana qarşı məkrli hərbi planların baş tutmayacağını, “Dəmir yumruğun” sarsıdıcı zərbəsi ilə dərhal pozulacağını artıq anlamalıdırlar. Ermənistanın öz mövcudluğunu qorumaq üçün Azərbaycanla yekun sülh sazişinin imzalanmasından başqa çıxış yolu yoxdur. Və rəsmi İrəvan hazırda Azərbaycana qarşı hərbi təxribatlar törətməklə, əslində, ilk növbədə Ermənistanın gələcək taleyini böyük risk altına atmış olur.
Ancaq Azərbaycanla yekun sülh sazişinin imzalanması da Ermənistana ümid etdikləri qədər asan başa gəlməyəcək. Belə ki, rəsmi İrəvan ilk növbədə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində təklif etdiyi beş şərt-tələbi qeyd-şərtsiz qəbul etməlidir. Eyni zamanda, yekun sülh sazişinin imzalanmasından əvvəl rəsmi Bakının prinsipial əhəmiyyət verdiyi bəzi hüquqi prosedurları da mütləq yerinə yetirməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə vurğulayıb ki, əgər, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarına son qoymazsa və Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Yəni, rəsmi Bakı Ermənistandan öz konstitusiyasını dəyişməsini tələb edir. Çünki Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Və həmin iddialar ləğv edilmədən sülh sazişinin imzalanması heç bir əhəmiyyət daşımır.
Maraqlıdır ki, baş naziri Nikol Paşinyan rəsmi Bakının bu tələbini Ermənistanın daxili işlərinə qarşımaq kimi dəyərlənidirb. Onun fikrincə, Ermənistan qanunvericiliyinin məzmunu daxili məsələdir və dünyanın heç bir ölkəsinə, o cümlədən də, qonşu dövlətlərə aidiyyatı yoxdur. Halbuki, erməni baş nazirin bu “yanaşma”sı tamamilə məntiqsizdir. Çünki əgər, Ermənistanın konstitisiyasında qonşu ölkəyə - Azərbaycana qarşı ərazi iddiası varsa, bu, artıq daxili məsələ olmaqdan çıxmış olur. Və rəsmi İrəvan əgər, sülh istəyirsə, bu problemi ən qısa zamanda mütləq həll etməlidir.
Məsələ ondadır ki, Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılmasını Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələ hesab etmir. Dövlət başçısının fikrincə, Azərbaycan-Ermənistan münasibətlərinin əhəmiyyəti süni şəkildə şişirdilib. Çünki məhz Ermənistanın xarici havadarları daim bu məsələni müzakirə etmək və vasitəçi olmaq istəyirlər. Halbuki, bitərəf mövqe tutmayan ermənipərəst dairələrin vasitəçiliyi artıq heç vaxt mümkün olmayacaq.
Ona görə də, Prezident İlham Əliyev tərəfli vasitəçilərə mesaj göndərib ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Onların qərəzli vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Əgər, Ermənistan əsassız iddialarından imtina etməzsə, sülh sazişi imzalanmayacaq və Azərbaycan üçün heç nə dəyişməyəcək. Yəni, bundan Azərbaycan deyil, məhz Ermənistan ziyan çəkəcək. Və sülh prosesi ilə bağlı bütün məsələlərin kənar müdaxilə olmadan iki ölkə arasında birbaşa müzakirələrlə həll edilməsinin də alternativi yoxdur.
Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın himayədarı olan beynəlxalq vasitəçiləri sülh prosesinə yaxın buraxmaq niyyətində deyil. Rəsmi Bakı hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi artıq beynəlxalq gündəlikdən düşməlidir. Cənubi Qafqazdakı sülh prosesində vasitəşilik etməyə can atanların çoxluğu absurd və qəbuledilməzdir. Azərbaycan öz hədəflərinə artıq çatdığı üçün beynəlxalq vasitəçilərə də qətiyyən ehtiyac duymur. Və indi sülh sazişinin imzalanıb-imzalanmayacağı barədə Ermənistan düşünməlidir.
Göründüyü kimi, Prezident İlham Əliyev öz prinsipial mövqeyi ilə əslində, Cənubi Qafqazda Azərbaycanın şəriksiz geopolitik iradə sahibi olduğunun mesajını verir. Azərbaycan lideri həm ölkəmizin, həm də ümumiyyətlə, regionun yeni dövrə qədəm qoyduğunu xüsusi olaraq, qabartmağa üstünlük verir. Çünki yeni dövrdə Azərbaycan da, Cənubi Qafqaz da rəsmi Bakının müəyyən etdiyi “yol xəritəsi” üzrə inkişaf edəcək. Və hər hansı kənar müdaxiləyə imkan verilməyəcək.
“Yeni Müsavat”
Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.
Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Yenidən baş nazir seçilən Əli Əsədov Milli Məclisdə ilk çıxışı zamanı Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
O, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün Respublika ərazisində keçirilən prezident seçkiləri nəticəsində İlham Əliyevin yenidən Prezident seçilməsi münasibəti ilə dövlət başçısını təbrik edib.
Bildirib ki, Prezidentin yürütdüyü uğurlu siyasət bundan sonra da davam edəcək.
“İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan işğala son verib ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi postmüharibə dövrünün tələbinə uyğun olaraq yürütdüyü siyasət uğurla davam edəcək”, - Əsədov qeyd edib.
Bu gün Azərbaycan postmüharibə dövrünün çağırışlarına uyğun olaraq yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növbəti şərəfli mərhələsini yaşayır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov deyib.
“Fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində cənab Prezident son 20 ildə Azərbaycanın daxili və xarici siyasətində əldə edilən nailiyyətlər və uğurlar barədə ətraflı danışıb.
Eyni zamanda, andiçmə mərasimində dövlət başçısı ölkəmizin və cəmiyyətimizin hərtərəfli inkişafının əsas istiqamət və hədəflərini müəyyən edən proqram xarakterli geniş çıxış edib. Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaq. Cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaq. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq hökumət qarşısında duracaq.
Təbii ki, cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, sosial rifahla bərabər əhalimizin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşdırılması, müasir çağırışlara və texnologiyalara yiyələnməsi Dördüncü Sənaye İnqilabı dövründə gələcək inkişafımızın təminatçısı olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtdir. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyinin daha da gücləndirilməsi təmin edilməlidir. Növbəti dövrdə Azərbaycan Hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcək. Bu baxımdan 2030-cu ilədək Milli Prioritetləri özündə ehtiva edən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı və digər irimiqyaslı proqramlar bu istiqamətdə fəaliyyətimizin səmərəli şəkildə davam etdirilməsi üçün yaxşı zəmin yaradır. Bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Təsadüfi deyil ki, COP29 kimi mötəbər beynəlxalq tədbirin məhz ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilir”, - deyə Əli Əsədov qeyd edib.