Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı məşqləri keçirildi - VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı üzrə məşqlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda səfərdə olan Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti döyüş hazırlığı məşqlərini izləyib.

Əvvəlcə hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tədris dövrü ərzində, xüsusilə azad edilmiş ərazilərdə, hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkilinə dair tələb və göstərişləri çatdırılıb.

Döyüş hazırlığı məşqlərinə cəlb edilən hərbi polis bölmələri nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, hərbi obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi barədə təlimatlandırılıb.

Sonra həyəcan siqnalı ilə qaldırılan şəxsi heyət kolonla təyin edilmiş məntəqələrə doğru hərəkət edib.

Təlimin planına əsasən, terrorçuların zərərsizləşdirilməsi və əsir götürülmüş mülki vətəndaşların azad edilməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib. Təlim zamanı əsas diqqət döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, əsir və girovların azad edilməsi, həmçinin hərbi əsirlərlə davranış zamanı fəaliyyətlərin Cenevrə Konvensiyalarının tələblərinə uyğun təkmilləşdirilməsinə yönəldilib.

Sonda döyüş hazırlığı məşqlərində fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Azərbaycan sərhədçiləri azad edilmiş kəndləri nəzarətə götürdülər

Azərbaycan sərhədçiləri Qazaxın 4 azad edilmiş kəndini nəzarətə götürüblər.

Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanmışdır.

Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilmişdir.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanmışdır.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilmişdir.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüşdür.

İrəvan Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirir

İrəvan Sərhəd Qoşunlarını Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı hissəsinə yerləşdirir.

“Report”un məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında deyilir.

Məlumata görə, qurumun Sərhəd Qoşunları Tavuş vilayətinin Kirants kəndi ərazisində dövlət sərhədinin mühafizəsi üzrə təlimlər keçirir.

Qeyd olunub ki, təhlükəsizlik və əməliyyat məqsədi ilə qeydiyyatı olmayan vətəndaşların Kirants kəndinə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Xarici diplomatlar və hərbi attaşelər Laçındadır

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki,onlar artıq Laçına çatıblar.

Səfər çərçivəsində orada COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər.

Həmçinin diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro- Sənaye Parkını və Hoçazfilm kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.

Ermənistan gələcəkdə türk platosundan çıxa bilməyəcək - FAKT BUDUR!"Ermənistanda baş verən hadisələrə kənar qüvvələrin təsiri Nikol Paşinyanı flüger (küləyin istiqamətini təyin edən alət -red) rolunu oynamağa məcbur edir". Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi qeyd edib ki, Qərbdən və Rusiyadan yetərli dəstək ala bilməyən Paşinyan sonunda Azərbaycanın təkliflərinə razılaşmaq məcburiyyətində qalacaq: "Paşinyan dövlət başçısı İlham Əliyevin “Ermənistan demarkasiyaya razı olmazsa, o zaman biz sərhədləri istədiyimiz yerdən müəyyən edəcəyik" sözünün ciddiliyini anlamamış deyil.

Bu səbəbdən Paşinyan müxalifətin sözdə revanşist qüvvələrini ciddiyə almır. Kilsə hərəkatının da boşa çıxması göstərir ki, erməni cəmiyyəti vəziyyəti düzgün başa düşür. Revanşist qüvvələr kimi tanınan müxalifət isə əslində, hakimiyyətə yiyələnmək üçün Paşinyana təzyiq edirlər. Əminəm ki, hazırda hakimiyyətdə hansı qüvvə olsaydı daha çıxılmaz vəziyyətə düşərdi. İndiki şəraitdə Paşinyanın söz haqqı digərlərindən daha çoxdur".
Həmsöhbətimiz vurğulayıb ki, Zəngəzur dəhlizini əllərində bayraq edən erməni müxalifəti anlamır ki, Azərbaycan bu layihədən imtina edərək İrandan Naxçıvana yol açarsa, Ermənistan daha uzun müddət təcrid şəraitində yaşamağa məcbur olacaq: "Əslində, İrandan yol istəməyimiz və bu layihənin reallaşması böyük hədəfdir. Ən azından alternativ olaraq bu layihəyə önəm verilməlidir. Ermənistanın perspektivdə birmənalı olaraq türk platosunda qalacağı qaçılmazdır. Ermənistan əhalisi azalan, ətrafındakı türk respublikaları isə artan şkala üzrə inkişaf edir. Yaxın 30 ildə Ermənistan respublikasında türk əhalinin çoxalması müşahidə ediləcək. Zəifləmiş İrandan keçən koridor isə gələcəkdə bizim soydaşlarımızı müdafiə etməyə bir şans verəcək. Bu, tarixi şansdır".
 Zelenskinin Bakı zəngi - RƏYUkrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.
Zelenskinin Bakıya zəngini şərh edən politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Ukrayna Prezidenti V.Zelenski xüsusən keçmiş sovet respublikaları arasında özünə dəstək ola biləcək dövlət başçıları axtarır. Ekspert vurğulayıb ki, Baltikyanı ölkələr onsuz da birmənalı Ukraynanı dəstəkləyir:

"Baltikyanı ölkələr 1990-cı illərdən Rusiyanın orbitindən çıxıblar. Amma Azərbaycan, Gürcüstan, Ermənistan və Orta Asiya ölkələri Zelenski üçün çox vacibdir. Digər tərəfdən, Zelenskinin başlıca məqsədi Rusiyadan gələrək Ukraynadan keçən tranzit xətlərinin digər dövlətlər tərəfindən istifadə olunması üçün indidən özünə zəmin yaratmaqdır. Azərbaycan Orta Asiya qazının Türkiyə üzərindən Avropaya çatdırılması üçün layihələr reallaşdırmaqdadır. Ukrayna bu məsələdən kənarda qalmaq istəmir. Zelenski çalışır ki, daha doğrusu, təklif edir ki, Türkiyə ilə yanaşı, Ukrayna ərazisi də tranzit kimi istifadə oluna bilər. Necə ki, Rusiyadan Türkiyəyə təbii qaz xətti çəkildi, eləcə də Türkiyədən Ukraynaya Qara dənizin altı ilə boru xətti çəkilə bilər. Yəni Rusiya ilə müharibə davam etsə də, Orta Asiya bölgəsindən gələn qaz xəttinin Ukraynadan keçməsi Kiyevi maraqlandıran məsələdir".
F.Abbasov əlavə edib ki, Zelenski dövlət başçımızla yaxınlıq qurmağa, dostluq əlaqələrini inkişaf etdirməyə çalışır və bu da təbiidir: "Digər tərəfdən, Azərbaycanın Rusiya ilə yüksək münasibətləri Ukrayna Prezidentinin münasibəti ilə əvəzləyə biləcəyi ilə bağlı ortaya sual çıxır. Ancaq bu, inandırıcı və mümkün görünmür. Çünki Rusiya ilə normal əlaqələr var və şimal qonşumuzda çox sayda azərbaycanlı yaşayır, pul qazanırlar. Həm də müharibənin davam etdiyini nəzərə almalıyıq. Belə məsələdə xarici siyasət üzrə çoxsaylı qələbə qazanmış Azərbaycan rəhbərliyinin Zelenskinin gözləntilərinə birmənalı "hə" deyəcəyi də istisna edilir. Dövlət başçısı Azərbaycanın milli maraqlarına uyğun olaraq qərarlar verir ki, bu da hansısa məqamda hansısa dövlətin xoşuna gəlməyə bilər".
Moskva-Paris arasında “soyuq müharibə”: Sülhə əngəl olacaq? - İNCƏLƏMƏRusiya-Fransa münasibətlərinin gərginləşməsində regional rəqabət amili mühüm rol oynayır.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artyom Studennikov yerli mətbuata açıqlamasında bəyan edib ki, Rusiya-Fransa münasibətləri ciddi böhran içərisindədir.

"Diqqəti cəlb etmək istərdim ki, Rusiya-Fransa münasibətləri artıq dərin böhran içindədir və bunu, hətta “soyuq müharibə” dövrü ilə müqayisə etmək çətindir", - deyə Studennikov müsahibəsində deyib. Diplomat xatırladıb ki, iki dövlət arasında təkcə siyasi və iqtisadi sahədə deyil, mədəniyyət, təhsil və idman sahələrində də bütün əsas qarşılıqlı fəaliyyət mexanizmləri Fransanın təşəbbüsü ilə bloklanıb. A.Studennikovun qeyd etdiyi kimi, bu cür Rusiya-Fransa münasibətləri Moskvanın seçimi deyil, Qərb nümayəndələrinin uzun illər ərzində həyata keçirdikləri və sonda Rusiya Federasiyasına qarşı tam miqyaslı hibrid müharibəyə çevrilən məqsədli mühafizə və Rusiyaya təzyiq siyasətinin nəticəsidir.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri Sultan Zahidov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Rusiya-Fransa münasibətlərində hazırki vəziyyətin yaranmasında məhz Emmanuel Makronun rolu danılmazdır:

“Emmanuel Makron Fransanın Prezidenti seçiləndən bəri Rusiya ilə bağlı fərqli vaxtlarda fərqli mövqe nümayiş etdirib. Rusiya-Ukrayna müharibəsinin ilk dönəmlərində Makron Rusiyaya qarşı sərt siyasət yürüdülməsinin əleyhinə idi. Makron Prezident Vladimir Putin ilə telefon söhbətlərində onu hərbi əməliyyatlardan vaz geçməyə çağırırdı. Lakin Makronun telefon diplomatiyası heç bir nəticə vermədi.

Fransanın dövlət başçısı 2022-ci ilin sentyabrına qədər Rusiya ilə bütün bağlantıların kəsilməsinə qarşı çıxırdı. Hətta 2020-ci ildə Makron öz çıxışlarının birində bəyan edib ki, Qərb Rusiyaya təhlükəsizlik zəmanətləri verməlidir. Amma 2022-ci ilin sonlarına doğru Fransanın Rusiya ilə bağlı mövqeyi 180 dərəcə dəyişdi. Həmin ilin dekabrında Makron öz çıxışında bəyan edib ki, Rusiyanın Ukraynaya hücumu və bu ölkədə işğalçılıq siyasəti Avropanın təhlükəsizliyini ciddi təhdid altında qoyacaq.

O, Avropa ölkələrini Rusiyaya qarşı birləşməyə və Ukraynaya dəstək verməyə çağırıb. Bu, onu göstərir ki, Makron anti-Rusiya mövqeyindən çıxış edir və Rusiyanı təhdid kimi görür. Fransa Ukraynaya silah-surat və hərbi ləvazimat da göndərir. Bununla yanaşı, Makron Avropa ölkələrini Ukraynaya qoşun göndərməyə də çağırır. ABŞ rəsmiləri belə bir ifadə işlətməyiblər”.

Politoloqun sözlərinə görə, Rusiya ilə Fransa arasında geosiyasi rəqabət təkcə Cənubi Qafqaz və Ukraynada deyil, həmçinin Mərkəzi Asiya, Afrika və Yaxın Şərqdə də müşahidə olunur:

“Emmanuel Makronun Qazaxıstan və Özbəkistana rəsmi səfərini xatırlatmaq kifayətdir. Fransa bu iki ölkədən uran idxal etmək niyyətindədir. Rusiya ilə Fransa arasında rəqabət Afrikada da var. Fransanın mərkəzi-qərbi Afrikada əsas rəqibi Rusiyadır. Rusiyanın “Vaqner” silahlı qruplaşması həmin regionun bəzi ölkələrində fəaliyyət göstərir. Rusiya və Fransa Yaxın Şərqdə də bir-birilə rəqabət aparır. Bütün bu amillər onu deməyə dəlalət verir ki, Fransa “soyuq müharibə” dövründə olduğu kimi, indiki dövrdə də üçüncü beynəlxalq güc mərkəzi olmaq istəyir. Bu baxımdan Fransanın həm Rusiya, həm də ABŞ ilə maraqları toqquşur”.

Rusiya ilə Ukrayna arasında gərginliyin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsirinə gəlincə, S.Zahidov bildirib ki, bu, Cənubi Qafqazda hazırki proseslərə ciddi təsir göstərməyəcək:

“Hazırki dövrdə Fransa Ermənistanı dəstəkləyir, Rusiya isə müəyyən mənada Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Əsas məsələ burasındadır ki, nə Moskva, nə də Paris Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında maraqlıdır. Əslində hər iki ölkənin Azərbaycan-Ermənistan sülh prosesinə müdaxiləsi, prosesi daha da yubadacaq. İstər Rusiya, istərsə Fransa, istərsə də ABŞ olsun, hər birinin Cənubi Qafqazda öz geosiyasi maraqları var. Rusiya Qərbi, Qərb də Rusiyanı bu regiondan sıxışdırıb çıxartmağa çalışır. Buna nail olmaq üçün onlar Cənubi Qafqazda məkrli planları həyata keçirməyə davam edəcəklər”.
Təlxəyə çevrilən keşişin uğursuzluğu və ya puç olan ümidlər - NƏ BAŞ VERİR“Ermənistanda 20 gündən çox davam edən "etiraz hərəkatı" adlı sirk şousu, deyəsən, nəhayət ki, sona çatdı. Bütün bunların arxasında duran “Qarabağ klanı”nın rəhbərlərinin və Ermənistandan kənarda olan qüvvələrin narazıdırlar. Arxiyepiskop Baqrat Qalstanyan onların ümidlərini doğrultmadı, sərf olunan zəhməti, pulu hədər etdi”. Bu sözləri erməni analitik Tevos Arşakyan Ermənistanda Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı başlatdığı etiraz hərəkatının öləziməsi barədə yazdığı məqalədə qeyd edib.

Arşakyanın fikrincə, Qalstanyan heç vaxt “erməni Xomeynisi” ola bilməzdi: “Baxmayaraq ki, “Vətən üçün Tavuş” hərəkatının ilkin mərhələsində cəmiyyətin müəyyən hissəsində belə bir təəssürat yaranmışdı ki, arxiyepiskop İrəvana çatsa, hakimiyyət onun əlinə keçəcək. Amma alınmadı, Baş nazir Nikol Paşinyanın simasında hakimiyyət nəinki ayaqda qaldı, hətta etirazlardan sonra daha da gücləndi.

“Ölkə əhalisinin əksəriyyətinin Qalstanyan haqqında heç bir illüziyası yox idi. Bəli, əvvəlcə belə bir hiss var idi ki, daxili siyasi meydanda Paşinyanı devirə biləcək bir qüvvə meydana çıxıb. Xalqın gözündə özünü tamamilə ləkələyən sabiq birincilər – Robert Köçəryan, Serj Sarkisyan qüvvə deyil. Amma burada bizim cəmiyyətə təsiri böyük olan Erməni Apostol Kilsəsi işə düşdü. 2018-ci il inqilabından sonra indiki katolikosun başçılıq etdiyi kilsə xadimlərinin çirkin işləri üzə çıxdı. Bu amil insanların əksəriyyətinin Kanadada baş vermiş korrupsiya qalmaqallarında izi olan arxiyepiskopu izləməməsində də rol oynadı. Bundan əlavə, Qalstanyanın Köçəryan və onun adamları ilə əlaqələri ciddi şəkildə yoxlanılmamışdı. Onların arxasında isə məlumdur ki, Rusiya dayanır. Burada iqtidaryönlü media hətta heç nə icad etməli deyildi - arxiyepiskop özü həm daxili, həm də xarici qüvvələrdən müstəqilliyinə şübhə etməyə əsas verdi. Xalqın hələ də Moskvanın xəyanətindən özünə gəlmədiyi indiki Ermənistanda Rusiyapərəst qüvvələrin hakimiyyəti ələ keçirmək şansına yalnız dəli arxalana bilər”, - analitik vurğulayıb.

Arşakyan iddia edir ki, etiraz hərəkatına ruhu və vücudu Ermənistana köklənmiş vicdanlı bir insan rəhbərlik etsə belə, onun Moskva ilə əlaqəsinə dair ən kiçik bir şübhə siyasi gələcəyinə son qoyar: “Ermənistanda hakimiyyəti ələ keçirmək istəyən hər kəs bunu yadda saxlamalıdır - bizim əhali arasında Rusiyanın imici o qədər mənfidir ki, rusiyapərəst namizədin arxasınca ancaq çılğın olan xırda qurup gedə bilər. Bundan başqa, Qalstanyan və onun arxasında duran qüvvələrin etiraz aksiyalarının iştirakçılarının sayını daha da artırmaq üçün heç bir resursu yox idi. Bəli, İrəvanda keçirilən ilk mitinqdə 20 mindən çox insan iştirak edib. Lakin insanlar tez bir zamanda əmin oldular ki, arxiyepiskop xalqın ardınca gedəcəyi şəxs deyil. O, çox və tutarsız danışır, gələcək fəaliyyət proqramının konturlarını təqdim etmir, nəinki aydın, yaxşı tərtib olunmuş iş planını. Bununla yanaşı, Qalstanyanın başçısı olduğu hərəkat güclənməyə vaxt tapmamış, hökumətdə gələcək postlar üçün daxildə mübarizə başladı. Yəni öldürülməmiş ayının dərisini əvvəldən bölməyə başladılar. Təbii ki, bununla ictimaiyyət həm Qalstanyanın özündən, həm də hərəkatdan tez məyus oldu”.

“Yeri gəlmişkən, etiraz hərəkatının “lideri” Paşinyana ultimatum irəli sürərkən onu ələ salmışdı, istefa vermək üçün bir saat vaxt vermişdi. Ancaq artıq 10 gün keçir və Qalstanyan hələ də həmin “saatın” bitməsini gözləyir. Arxiyepiskop etiraz kütlələrini hökumət binasını mühasirəyə almağa heç vaxt cəsarət etmədi. Bəxt cəsurlara üstünlük verir. Qorxaqlar adətən uduzurlar. Xüsusilə də siyasətdə. Xüsusən də Qafqazda yalnız cəsurlar öz məqsədlərinə çatırlar”, - Arşakyan əlavə edib.

Analitik qeyd edir ki, Qalstanyan etirazında nə qədər israrlı olsa, bir o qədər kənd toyunda tamada kimi görünür: “Bunu xüsusilə onun mayın 18-də mədəniyyət xadimləri ilə keçirdiyi görüşü göstərir. Bəli, ora 300-ə yaxın adam gəlmişdi, lakin onların əksəriyyəti ümumiyyətlə ictimaiyyətə məlum deyil. Tanınanlar isə Şuşan Petrosyan kimi Köçəryanın və Sarkisyanın artistləri olan şübhəli reputasiyaya malik şəxslər idilər, hansı ki, yaxşı pul qazanıblar, indi onu qorumaq istəyirlər. Bəs Qalstanyanın belə “mədəniyyət xadimləri” ilə görüşünün siyasi məqsədi nə idi?”.

“Arxiyepiskop özü bu döyüşü Paşinyana tamamilə uduzduğunu etiraf etmir. Onunla görüşə getdikcə daha az adam gəlməsinə baxmayaraq, o, Baş nazir postuna keçə biləcəyinə ümid bəsləməkdədir. Belə ki, o, artıq mayın 26-da növbəti mitinqin planlaşdırıldığını açıqlayıb. Ancaq bir şey aydındır ki, sonda Qalstanyan “etirazın” yeganə iştirakçısı olacaq - həm natiq, həm də dinləyici olacaq. Çünki keçmişin və Moskvanın təhriki ilə Ermənistanın sabitliyinə, firavanlığına, müstəqilliyinə qarşı çıxmaq qərarına gələnlərin məntiqi sonu budur”, - deyə siyasi icmalçı yazısını tamamlayıb.

Ayna.az
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon mayın 23-də mətbuata bəyanatlarla çıxış ediblər.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış edirlər.

"Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Daha bir kənd Azərbaycana qaytarılır

Ermənistanda hakimiyyət Kərki kəndini də Azərbaycana qaytarmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Fakt” saytı yazıb.

Sayt qeyd edir ki, Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komtəsi bu kənddə yaşayan erməniləri “müvəqqəti qeydiyyata” götürüb.

“Bu günlərdə Ədliyyə Nazirliyinin Kadastr Komtəsi Kirants (Tavuşun kəndi) sakinlərinə hüquqi qeydiyyat şəhadətnmaəsi verdiyi haqda açıqlama yaydı. Açıqlamada deyilir: “Bildirilməlidir ki, müvafiq hüquqların dövlət qeydiyyatı qeyri-dəqiq məlumatlar əsasında aparılıb. Bu qeydiyyatlar qeyri-dəqiqliyə əsaslandığına görə sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini iddia etmək üçün hüquqi əsas ola bilməz”.

Bu, faktiki olaraq həmin ərazilərin Azərbaycana təhvil verilməsinin əsaslandırılmasıdır. Ekspertlər hesab edir ki, hakimiyyət gələcəkdə digər ərazilərin Azərbaycana verilməsini də bu yolla əsaslandıra bilər. Nəzərə alsaq ki, Nikol Paşinyan “Tiqranaşen (Kərki) və Tavuşun kəndləri”nin (Qazaxın kəndləri: 4-ü qaytarılıb, 3 anklav qalır-red) Ermənistanın 29800 kvadratkilometr (daha sonra 29,743 olduğu qeyd edildi) ərazisinə daxil olmadığını bəyan edib, o zaman, eyni sertifikatlar Kadastr Komitəsi tərəfindən Tiqranaşen (Kərki) sakinlərinə də “dəqiq olmayan məlumatlar əsasında” verilib.

Demarkasiyanın növbəti mərhələsində buradakı sakinlərə deyiləcək ki, sənədləriniz etibarlı deyil, evlərinizi tərk edin”, - sayt yazır.

Xəbər lenti