Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.
Nazir hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması barədə müvafiq göstərişlər verib. Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi çatdırılıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

 “Ermənilər kəndə xəbər göndərirlər ki, əgər çıxmasanız, gəlib sizi yandıracağıq” adlı veriliş Zəngəzur mahalının Gorus rayonunun Şurnuxu kənd sakini Elza Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən söz açıb, Kəpəz dağının ətəyində, Şurnuxu çayının sahilində yerləşən kəndin dörd tərəfdən meşələrlə əhatə olunduğunu, çox gözəl təbiəti olduğunu deyib: “Uşaqlığım çox gözəl keçib. Xoş xatirələrim çoxdur. Düzənliyə, yaylaqlara, dağlara çox gedərdik”.

Onun sözlərinə görə, ermənilər 1988-ci ildə daha da fəallaşmışdılar:

“1988-ci ilin noyabrın ortaları idi. Ermənilər Qubadlının Eyvazlı kəndini yandırdılar və orda bir neçə nəfər yaralanmışdı. Bizim kəndə də xəbər göndərdilər ki, əgər çıxmasanız biz gəlib sizi də o kənd kimi yandıracağıq. Noyabrın 22-də silahlı ermənilər kəndə yaxınlaşırdılar. Məcburən insanlar kənddən çıxmalı oldular. Qubadlının Seytaz kəndinə getdilər, ordan Qubadlının özünə gəldilər. Ordan da hərə bir tərəfə pərən-pərən oldu. Demək olar ki, hər şeylərini qoyub çıxdılar”.

E.Həsənova o dövrdə ermənilərin törətdiyi bir çox vəhşilikləri, hadisələri xatırladıb, insanların qətlə yetirildiyini, döyüldüyünü, əzab-əziyyətə düçar edildiyini söyləyib: “Ana babama “qırmızı partizan” deyərdilər. Onun bir anası var idi. Qolunun dirsək hissəsində deşik var idi. Biz uşaq idik, bilmirdik nədir. Həmişə gedib əlimizi vururduq ki, Xeyri qoca bu nədir? O qocamızın hardasa 110-dan çox yaşı var idi. O kövrələrdi və deyərdi ki, məndən uzaq gedin və bir bayatı deyərdi. Babam söyləyərdi ki, ermənilər 1905-ci ildə Başaracür kəndinə hücum edəndə çox insanları qətlə yetiriblər. Qalanları qaçmaq istəyəndə babamızın bacısını öldürüblər. Güllə atanda güllə Xeyri qocanın qolunu deşir. Bax, o, ermənilərdən qalan bir nişanə idi”.

O, kövrələrək Vətən həsrətinin heç vaxt yaddan çıxmadığını deyib:
“Çox istərdik yenidən qayıdaq. Kəndimizi, uşaqlığımı, evimizi, gəzdiyimiz yerləri, oxuduğum məktəbi, sinif yoldaşlarımı görmək istəyərdim. İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə 32 il işğal altında olan torpaqlar mərd, igid, cəsur oğullar azad etdiyi kimi, bir gün də Zəngəzuru azad edəcəklər və ora qayıdacağıq. Ən çox istədiyim doğma evimizi görməkdir, xarabalığa çevrilən babalarımızın uyuduğu qəbiristanlığı ziyarət etməkdir. Ermənilərin qurutduğu o şəlalənin həzin şırıltısını eşitməkdir. Ən böyük arzum evimizin həyətindən bir ovuc torpağı gətirib atamın-anamın məzarına tökməkdir. Əminəm ki, biz doğma yurdumuza qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.

Xorvatiya, Macarıstan, Moldova, Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələri təmsil edən iştirakçılar yekun mərasim zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışını dinləyiblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağın işğaldan azad edilməsi fonunda Azərbaycanın yürütdüyü xarici siyasət kursundan və geosiyasi kimliyindən, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat yollarının kəsişməsində yerləşən ölkəmizin iqtisadi münasibətlərindən bəhs edib.

Çıxış zamanı COP29-a toxunan Hikmət Hacıyev Azərbaycanın bu nüfuzlu tədbirə ev sahibliyi etməsini diplomatik və siyasi cəsarətimizin təcəssümü və yaşıl enerjiyə transformsiya kimi qiymətləndirib, sonda iştirakçıların müxtəlif mövzulardakı suallarını cavablandırıb.

Mərasimdə çıxış edən ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev “Xəzər Hövzəsi Araşdırmaları” proqramının yalnız ADA Universitetini deyil, eyni zamanda Azərbaycanı dünyaya tanıdan bir platforma olduğunu bildirib.

İştirakçıları ölkəmiz barədə öyrəndiyi bilikləri öz həmkarları ilə də bölüşməyə səsləyən Rektor Paşayev proqramda təmsil edilən ölkələrlə ADA Universitetinin əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib. Sonda çıxışçılar 18 ölkəni təmsil edən iştirakçılara sertifikatlarını təqdim ediblər, onlarla xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, iştirakçılar proqram çərçivəsində aprelin 18-i Ağdama səfər edərək Cümə Məscidini, Konqres Mərkəzini, Şəhidlər Xiyabanını və digər yerləri zayarət ediblər, buradakı bərpa və quruculuq işləri ilə tanış olublar.

Əlavə edək ki, ADA Universitetinin professor-müəllim heyətinin, müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin yüksəksəlahiyyətli nümayəndələri birhəftəlik proqram çərçivəsində iştirakçılar qarşısında mühazirələrlə çıxış ediblər. Həmin mühazirələr regionun geosiyasi, mədəni və iqtisadi quruluşu, həmçinin bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çox aktual mövzuları əhatə edib.

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Ermənistan Qazaxın anklav olmayan 4 kəndini qatarmaqla bir məsələni də aktuallaşdırmağı planlaşdırır: sərhədlərin delimitasiyasında 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanmaq;

İrəvan bununla bir neçə hədəfə çatmağı hesablayır:

- Delimitasiya prosesində sovet dövründəki xəritələri gündəmdən çıxarmaq;
- Delimitasiyanı SSRİ dağılanda mövcud olan xətlərə uyğun aparmaq;
- “Güzgü prinsipi”ni qəbul etdirmək və Azərbaycan qoşunlarının 44 günlük müharibədən sonra çıxdığı strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmaq;

Delimitasiya komissiyalarının razılaşmasına bu məsələ daxil edilib: “Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər”. Beləliklə, Ermənistan delimitasiya planında bu razılaşmanı istinad nöqtəsi kimi istifadə etmək istəyir.

Rəsmi Bakı bunu bildiyi üçün razılaşmaya mühüm bir əlavə daxil edib. Razılaşmanın “delimitasiya prosesində Alma-Ata bəyyanəməsinə əsaslanacaq” hissəsində qeyd olunur ki, “əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”.

Bu o deməkdir ki:

1. Delimitasiya prosesində Alma-Ata bəyannaməsi Qazaxın kəndlərinin qaytarılması məsələsində keçərlidir, sərhədin digər hissələrinin müəyyənləşməsində qüvvədən düşə bilər;
2. “Güzgü prinsipi” – qoşunların geri çəkilməsi məsələsi qəbul edilmir;
3. Azərbaycan keçmiş xəritələri - sovetləşmə dövründə Ermənistana bağışlanmış ərazilərimizlə bağlı məsələni aktual olaraq saxlayır;
4. Sülh sazişi mətninə delimitasiyanın keçmiş xəritələrə əsaslanması məsələsi daxil edilə və bu razılaşmanın “Alma-Ata bəyannaməsinə əsaslanması” bəndi dəyişdirilə bilər;

Razılaşmaya bu qeydin daxil edilməsi Ermənistanın delimitasiya planında “istinad nöqtəsi”ni əlindən alır.

İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, erməni həmkarları ona Tavuş bölgəsində sərhədin delimitasiyası məsələsi ilə bağlı Azərbaycan nümayəndələri ilə görüş keçirdikləri barədə məlumat veriblər.

"Jurnalistlər Sobhanidən soruşublar ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Ermənistandan Gürcüstana gedən dövlətlərarası avtomobil yoluna da (Voskepar kəndi yaxınlığındakı hissə, İran yükləri də bu yolla daşınır - red.) təsir edə bilərmi?
“Ermənistanın hakimiyyət orqanları görüşün məzmunu barədə bizə məlumat verdilər ki, razılaşma Alma-Ata bəyannaməsinə uyğun olaraq həyata keçirilir. Mənə verilən məlumata görə, həmin bölmə, magistralın keçdiyi ərazi müqaviləyə daxil deyil”, - diplomat brifinqdə bildirib.(publika.az)

“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda səliqə-sahman yaratması ilə bağlıdır”.

"Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov verilən qərarı şərh edərkən bildirib.

O əlavə edib ki, sülhməramlıların bölgədən çıxarılması qərarı Rusiya və Azərbaycan hakimiyyətləri arasında mövcud olan etimadın göstəricisidir:

“Sülhməramlılar öz öhdəliklərini yetərincə icra ediblər. Bu müddət ərzində sülhməramlı kontingentimiz təhlükəsizliyi təmin edib, ərazilərin minalardan təmizlənməsində köməklik göstərməklə özünü doğruldub. Bundan sonra bizim orada qalmağımızın heç bir mənası yoxdur. Ona görə də belə bir qərar qəbul edilib. Ermənistan tərəfinin sülhməramlılar haqqında dedikləri isə həqiqəti əks etdirmir. Bütün uğursuzluqlarında kimlərisə günahlandıran İrəvanın ümid bəslədiyi Fransadan yardım alacağı da şübhə altındadır. Ona görə ki, son baş verənlər heç də Emmanuel Makronun ürəyincə olmadı. Rusiya hərbçilərinin Qarabağdan çıxması Ermənistan, Fransa və onlara yaxın olan digər ölkələrin bütün planlarını alt-üst etdi. Çünki son zamanlar ermənilərin və fransızların ritorikası ondan ibarət idi ki, Rusiya sülhməramlılarını Fransa və ya NATO hərbçiləri ilə əvəz etmək lazımdır. İndi isə Rusiya tamamilə Qarabağdan çıxır, Azərbaycan öz ərazilərində tam nəzarəti üzərinə götürür. Ermənistan hakimiyyəti və onun havadarları isə bundan razı deyil. Hər bir halda rəsmi Bakı sülhməramlıların fəaliyyətindən razı idi”.
Yevgeni Mixaylov onu da vurğulayıb ki, Rusiya hər bir halda regiondakı mövcudluğunu qoruyur. Gümrüdə Moskvanın hərbi bazası var və əgər hər hansı qarşıdurma yaşanarsa, təhlükəsizliyin təmin edilməsi üçün konkret addımlar atmaq mümkün olacaq.

Ətraflı Baku TV-nin süjetində:

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

"Report"un xəbərinə görə, bu barədə aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?Səfir Mehdi Sübhaninin son açıqlaması İran-İsrail qarşıdurması fonunda erməni xalqını antiisrail əhval-ruhiyyəsinə kökləmək məqsədi daşıyır. Digər tərəfdən Sübhani İsrail üzərindən Qərbə mesaj verib.

Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

“Mehdi Sübhani doğru deyir, İkinci Qarabağ müharibəsində İsrail silahları Ermənistan ordusunun ciddi tələfatına səbəb olub. Amma ortada bir fərq var. Azərbaycan bu silah-sursatı və hərbi texnikanı İsraildən öz pulu ilə torpaqlarını işğaldan azad etmək üçün satın alıb. İran isə 44 günlük Vətən müharibəsi dövründə ərazilərimizi işğal altında saxlaması üçün Ermənistana külli miqdarda silah-sursat və hərbi texnika göndərib. Digər tərəfdən İran tərəfindən verilən bütün rəsmi açıqlamalarda sülhə tərəfdar olduqları bildirilir. Ancaq Tehran hansı formada əldə ediləcək sülhü dəstəklədiklərindən bəhs etmir. Əgər diqqət yetirsək, İran dövlətinin açıqlamalarında sülh müqaviləsindən qətiyyən danışılmadığını görərik. Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması İranın maraqlarına cavab vermir. Mehdi Sübhani də sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı hadisələrin aktivləşdiyi bir vaxtda belə qıcıqlandırıcı açıqlamalar verməklə təmsil etdiyi dövlətin bu məqsədinə xidmət edir”, - siyasi şərhçi bildirib.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Subhani aprelin 16-da keçirdiyi mətbuat konfransında İkinci Qarabağ müharibəsində erməni əsgərlərinin İsrail silahları ilə öldürüldüyünü deyib.
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏKremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması sentyabrda başa çatacaq. Dünən xeyli sayda zirehli texnika, hərbçi avtomobillər və dəmiryolu vasitəsi ilə ölkəmizi tərk etdi. Qalan hissənin də qrafik üzrə yola düşəcəyi, Qarabağda yaradılan infrastrukturun söküləcəyi yaxın həftələrin, bir neçə ayın işidir.

Əsas məsələ budur: Bakı və Moskva sülhməramlı missiyanın başa çatdığını elan ediblər, bu barədə liderlər səviyyəsində ortaq qərar qəbul edilib.

Bu gün Türkiyə Milli Müdafiə Nazirliyi də Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılacağını açıqlayıb.

Hamını maraqlandıran suala isə rəsmi cavab hələ verilməyib: Rusiya niyə Qarabağdan vaxtından əvvəl getməyə qərar verdi? Axı, Azərbaycan üçtərəfli razılaşmaya uyğun olaraq 2025-ci ilə qədər onların Qarabağda qalmasına razılıq vermişdi. Bu, təcrübədə dəfələrlə təsdiqlənmiş “Rusiya ordusu daxil olduğu yerdən çıxmır” fikrinə də uyğun gəlmir. Hazırda Moskva Ermənistanda, Gürcüstanda, Ukraynada, Moldovada hərbi-siyasi mövcudluğu uğurunda mübarizə aparırsa, bəs Azərbaycan ərazisindən niyə könüllü gedir?
Suallara cavab axtarmaq üçün real siyasi şəraiti dəyərləndirməyə ehtiyac var.

Birincisi, Rusiya rəsmilərinin də etiraf etdiyi kimi, sülhməramlıların Qarabağda qalmasına ehtiyac qalmayıb. Çünki erməni əhali kütləvi şəkildə gedib, onların hazırkı şərtlər daxilində geri dönüşü mümkün deyil.

İkincisi, Qərb ölkələri də ermənilərin qayıtmasını ağlabatan saymır. Ona görə də, köçənlərin Ermənistan cəmiyyətinə inteqrasiyasını təşviq edir. Bu barədə aprelin 5-də Brüsseldə keçirilən görüşdə ABŞ və Avropa İttifaqının rəsmiləri bəyanat verdilər və vəsait ayırdılar. Nəticədə, Rusiya Qarabağdakı sülhməramlı missiyasının davamlılığına ümidini itirdi. Ümumiyyətlə, erməni məsələsində Qərb-Rusiya müttəfiqliyi Moskvanın gözlədiyi şəkildə alınmadı.

Üçüncüsü, Azərbaycan Rusiyanın hərbi missiyanın ölkə ərazisində qalması ilə bağlı təkliflərini qəbul etmədi. Son aylarda Kremlin bu istiqamətdə çoxsaylı cəhdləri səmərəsiz qaldı, Bakı müzakirə açmaqdan yayındı və razılaşmanın müddətinin 2025-ci ildə bitəcəyini bildirdi. Rusiya rəhbərliyi bu mərhələdə Azərbaycanla qarşıdurmaya getmək, iradəsini zorla qəbul etdirməyə çalışmadı. Buna həm tam həcmdə imkanları yoxdur, əksinə, Ukrayna müharibəsindən dolayı Azərbaycana ehtiyacları artıb. Həm də Bakı ilə münasibətləri korlayıb həssas olan Cənub sərhədlərində əlavə gərginlik yaratmaqdan çəkindi. Burada Türkiyənin mövqeyinin Moskva tərəfindən nəzərə alınmasını da qeyd etmək yerinə düşər. Ötən il Prezident Ərdoğan Naxçıvanda (çox güman Bakının istəyi ilə) bəyan etmişdi ki, Rusiya sülhməramlıları vaxtı çatanda Azərbaycanı tərk etməlidirlər.

Nəhayət, iki ölkənin rəhbərliyi arasında qarşılıqlı etimad mühitinin yüksək olması da təsiredici faktorlardan biridir. Azərbaycan proqnozlaşdırılan siyasət yürüdür, Rusiyanı narahat edəcək addımlar atmır, ikitərəfli əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əməl edir. Moskvanın bunu nəzərə almayaraq, mənasız səbəblərlə Qarabağda bir neçə yüz hərbçini saxlamaqla Cənubi Qafqazdan keçən beynəlxalq tranzit marşrutlarına nəzarət edən ölkə ilə münasibətləri korlaması ağılsızlıq olardı. Əksinə, Rusiya jest edir və bununla həm də müstəqilliyin ilk illərindən Azərbaycan cəmiyyətində formalaşmış anti-Rusiya əhval-ruhiyyəsini yumşaltmağa çalışır. Kreml müttəfiq Ermənistanda cəmiyyətin Qərbyönlü qüvvələri müdafiə etməsinin onlara nəyə başa gəldiyini hamıdan yaxşı bilir. Bu baxımdan, daha əhəmiyyətli, daha böyük imkanlara malik, NATÖ üzvü Türkiyə ilə strateji müttəfiqliyi olan sərhəd qonşusu ilə yaxşı münasibətlərin qədrini bilmək, onları inkişaf etdirmək daha vacibdir.

Rusiyanın Azərbaycanda hərbi mövcudluğuna son qoyması gözlənildiyinin əksinə, Qərbin müsbət reaksiyasına səbəb olmadı. İki gün əvvəl Fransa Azərbaycandakı səfirini geri çağırdı və bununla diplomatik, siyasi münasibətləri daha aşağı səviyyəyə keçirdi. Çox güman, fransızlar Azərbaycanla-Rusiya arasında hərbçilərin çıxarılması ilə bağlı razılaşmadan xəbərdar olublar. Parisin demarşının əsas səbəbinin münasibətlərdə erməni məsələsinə görə artan gərginliklə bərabər, məhz bu hadisənin olması şübhə doğurmur.

Birləşmiş Ştatlar da Rusiyanın Qarabağdan gedişini alqışlamır. ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel bu gün bildirib: "Açığı, biz Rusiya ordusunun daha dinc və stabil Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görməmişik. Ötən ilin payızında Dağlıq Qarabağda baş verənlər bu baxımdan Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir bariz nümunəsidir".

Yəni ABŞ məsələni Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi istiqamətdə addım kimi qəbul etmir. Ona Qarabağdakı erməni əhalinin problemi kontekstindən yanaşır və bu da Vaşinqtonun regionla bağlı siyasətində ayrıcı xətlərin olduğunu göstərir.

5-6 rus hərbçisinin İrəvan hava limanından çıxarılması üçün Ermənistana nəhəng siyasi, maddi, hərbi dəstək verən Qərbin Azərbaycanın “pulsuz-parasız, dəstəksiz” əldə etdiyi uğura biganə mövqeyi düşündürücüdür. Bu yanaşma Azərbaycanın öz ərazilərində işğala (faktiki rus işğalına- müəllif.) son qoyan, ərazi bütövlüyünü, suverenliyini təmin edən, nəhayət ərazisindən Rusiya ordusunu çıxarmağa nail olan yeganə postsovet ölkəsi olması reallığını dəyişmir. Qərb uzun illərdir buna nail olmaq üçün Ukraynada, Gürcüstanda, Moldovada və Ermənistanda milyardlarla dollar xərcləyir. Bu da yeni nümunədir: Qərbə arxalanıb Rusiya ilə düşmən olmadan da öz strateji hədəflərinə çatmaq mümkündür. Digər ölkələrə də Azərbaycan təcrübəsini öyrənmək lazım gələcək...
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏRusiya sülhməramlıları Qarabağdan çıxır. 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizmin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi. Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Həmin razılaşmaya görə, sülhməramlılar 2025-ci ilin sonlarında Qarabağdan çıxmalı idilər. Ancaq prosesin vaxtından əvvəl başlamasının səbəbləri çoxdur. Moskva anlayır ki, sülhməramlıların Qarabağda işi bitib və bir il daha bölgədə işsiz-gücsüz qalmaq özləri üçün əlavə yükdür. Həmçinin Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı ola bilər. Nəticə etibarilə, rus qoşunları Azərbaycan ərazisini tərk edir və bunu 44 günlük müharibədən, birgünlük antiterror əməliyyatından sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması bir daha sübut etdi ki, rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu məsələdə mühüm əhəmiyyət kəsb edən amil isə Prezident İlham Əliyevin çevik diplomatik məharəti Azərbaycanın milli maraqlarını tam şəkildə qoruması ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Prezidentin söylədiyi bu fikirlərdə olduğu kimi, Azərbaycan xalqı daha bir əhəmiyyətli hadisəyə şahidlik etdi. Bu qərar həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng “proqnozlar” və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi dövründə, ondan sonrakı 4 ildə və son aylarda daim Azərbaycan əlehyinə çıxışlar edən, açıqlamalar yayan ünsür və qüvvələr Rusiya sülhməramlılarının Azərbaycandan çıxmayacağı haqqında dəfələrlə iddialar səsləndirirdilər. Onlardan biri də Sevinc Osmanqızı idi. Son 10 ildə Azərbaycan dövlətinin maraqlarının, xalqın mənafeyinin əleyhinə gedən S.Osmanqızı, həmçinin AXCP sədri Əli Kərimli Xankəndinin Azərbaycanın nəzarətində olmaması səbəbindən bu qələbəni "yarımçıq qələbə" adlandırırdılar. Son dövrlərdə isə dəfələrlə deyirdilər ki, "Rusiya sülhməramlıları Qarabağdan çıxmayınca belə bir qələbədən söhbət gedə bilməz". Hətta Rusiya qoşunlarının Moldova, Gürcüstan və Ermənistandan çıxacağını, ancaq heç vaxt Azərbaycanı tərk etməyəcəklərini iddia edirdilər. Sevinc Osmanqızı efirdə deyirdi ki, əgər sülhməramlılar Azərbaycandan çıxsa, o, Prezident İlham Əliyevə müraciət edərək “Bravo!, Müzəffər, Birinci” ifadələrini işlədəcək.
Halbuki Azərbaycanın yaxın tarixində Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi. Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı. Ermənilərin geri qayıdacağını deyir, minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdilər. Lakin Moskva özü də əmin oldu ki, artıq rusların Qarabağda qalması mənasızdır. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov da deyib ki, Qarabağda döyüşən tərəflər olmadığından, rus sülhməramlılarına ehtiyac yoxdur: "Qarabağın Azərbaycana məxsus olması ilə bağlı isə artıq heç kim mübahisə etmir". Rusiyalı politoloq Aleksey Naumov bildirib ki, Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür: "Ermənistan Fransa və ABŞ ilə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb".

Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və bu sayədə artmaqda olan nüfuzu ilə hesablaşmaq məcburiyyətindədir. Ekspertin sözlərinə görə, tarixi təcrübə göstərir ki, rus ordusu daxil olduqları ölkələrdən, bölgələrdən çıxmağa tələsmirlər:
"Təcrübə göstərir ki, ruslar müxtəlif təxribatlar törətməklə girdikləri yerlərdə daha uzun müddət qalmağa çalışıblar. Moldova və qonşu Gürcüstanı, o cümlədən Ermənistanı buna misal göstərmək olar. 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın apardığı siyasət, atdığı addımlar ona gətirib çıxardı ki, Moskva Bakı ilə hesablaşmaq məcburiyyətində qaldı. Görünən odur ki, Rusiya bölgəni Azərbaycan və Türkiyənin ixtiyarına buraxıb getmək niyyətindədir. Düzdür, Rusiya hər zaman "ayı siyasəti" həyata keçirib. Bölgədə qalmaq üçün Kremlin başqa variantları gözdən keçirəcəyi ehtimalı da qalmaqdadır. Lakin indiki məqamda, yəni hərbi kontingentin fəaliyyət müddətinin başa çatmasına bir ildən çox vaxt qalmışkən Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Azərbaycan diplomatiyasının böyük uğuru sayılmalıdır. Mühüm məqam odur ki, rus qoşunları heç bir insident baş vermədən, qarşıdurma yaşanmadan ikitərəfli razılıq əsasında torpaqlarımızı tərk edirlər. Bu tarixi proses rus qoşunlarının 1993-cü ilin may ayında Qəbələ RLS istisna olmaqla Azərbaycan ərazisindən çıxarılmasından daha önəmli hadisədir. Artıq Azərbaycan ərazisində bir nəfər də olsun rus hərbçisi, kənar ölkənin hərbi qüvvələri olmayacaq. Bu həm də, Rusiyanın Azərbaycana hərbi güclə təzyiq göstərmək təşəbbüslərindən məhrum olması deməkdir. Eyni zamanda ölkəmizin bölgədə artan nüfuzunun göstəricisidir".

Analitik rus qoşunlarının Zəngəzur dəhlizində mühafizəçi statusunda qalıb-qalmayacağı məsələsinə də münasibət bildirib:
"Rusiya ümumiyyətlə, ilk dövrlərdə Cənubi Qafqazdakı bütün kommunikasiyalara nəzarət funksiyasını ələ almaq istəyirdi. Bölgəyə təsir imkanlarını artırmaq üçün kommunikasiyalara nəzarəti ələ keçirmək Moskvanın əsas siyasəti idi. Ancaq Azərbaycan rəhbərliyinin düşünülmüş siyasəti Rusiyanın regiondakı kommunikasiya xətlərini tam nəzarətə almasına imkan vermədi. Hələlik üçtərəfli bəyanat qüvvədə qalmaqdadır. Ermənistan rəhbərliyi öhdəliyi üzərindən atsa da, Zəngəzur dəhlizinin reallaşması mühümdür. Qərb ölkələri çalışırlar ki, Zəngəzur dəhlizi onların nəzarətində fəaliyyət göstərsin. Çin və Mərkəzi Asiya ölkələrinin də bu məsələdə fəallaşması Rusiyanın dəhlizə nəzarəti ələ keçirmək arzusuna problemlər yarada bilər. Nəzərə alaq ki, rus hərbi kontingenti Azərbaycandan çıxır. Ermənistanda da rus qoşunlarının çıxarılması məsələsi müzakirə olunur. Belə məqamda Rusiyanın Zəngəzur dəhlizində mühafizə missiyasını yerinə yetirməsi də mümkünsüz hal alır. Böyük ehtimal Zəngəzur dəhlizinə nəzarət funksiyası Azərbaycan və Türkiyədə olacaq".

Xəbər lenti