Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır.

Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.

Məcəllələrə dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.

"Azad edilmiş ərazilərə köçənlər 30-dan çox seçki məntəqəsində səs verəcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli azad edilmiş ərazilərdə səsvermə məntəqələrinin necə formalaşacağı barədə suala cavabında deyib.

Hüquqşünas vurğulayıb ki, artıq əhalinin məskunlaşdığı ərazilərimizdə seçki məntəqələrinin yaradılması nəzərdə tutulub:

"Əraziyə geri qayıdanlar da məhz həmin məntəqələrdə səs verəcəklər. Amma vaxtilə həmin ərazilərdə yaşayıb, indi müvəqqəti olaraq başqa yerlərdə məskunlaşın əhali üçün hazırda olduqları rayonlarda ayrıca məntəqələr yaradılacaq. Yəni, onlar faktiki olaraq hazırda olduqları yerlərdə səs verəcəklər. Azad edilmiş ərazilərə köçənlər isə orada yaradılması nəzərdə tutulan 30-dan çox seçki məntəqəsində səs verəcək.

Prezident seçkiləri olduğu üçün həmin əhalinin harada səs verməsindən asılı olmayaraq, hesablama ümumi olaraq dairələr üzrə aparılmaqla yekun nəticə çıxarılacaq. Yəni, əvvəl məsələn, "N" saylı dairənin 30 məntəqəsi var idisə, indi onun sayı 32-ə çatdırılacaq. Bu hal prosesdə heç bir problem yaratmayıb və yaratmayacaq. Proses nizamlanıb. Qarabağda yaşayıb, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər üçün də məntəqə yaradılmalıdır. Amma onlar vətəndaşlığı qəbul etməyiblərsə, başqa dövlətin vətəndaşı qanunla ölkəmizdə keçirilən seçkilərdə iştirak edə bilməz".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu fonda azad eilmiş və əhalinin bir hissəsinin köçdüyü ərazilərdə də onların səsverməsi üçün seçki məntəqələri yaradılmalıdır.

Milli Məclis prokurorluq orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə razılıq verib.

Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə prokurorluq işçiləri ilə yanaşı prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsi gücləndirilir. Belə ki, Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən və “Prokurorluq haqqında” qanunun 39-cu maddəsində nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldiləcək.

Qanunun 39-cu maddəsində qeyd edilib ki, prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:

- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il müddətinə təxirə salınıb.

Prezident İlham Əliyev bununla bağlı "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə qanunun qeyd olunan müvafiq maddəsinin tətbiqinin 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınb.

Prezident İlham Əliyev Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bu gün Moskvada KTMT Parlament Assambleyasının plenar iclası keçiriləcək.

Ermənistan nümayəndə heyəti tədbirdə iştirak etməyəcək.

Vardanyanla bağlı yeni faktlar üzə çıxdı - VİDEO
Hazırda Bakı həbsxanasında olan “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Vardanyanla bağlı yeni faktlar məlum olub.

Bununla bağlı reportaj Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.

Bildirilib ki, onun Ermənistan və Qarabağ üçün xərclədiyi vəsait açıqlanıb.
Daha ətraflı videomaterialda:

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Karleni Vardanyan sentyabrın 27-si Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.

“Ermənistan bizi yeni müharibəyə sövq edir” - NƏ BAŞ VERİR?"Erməni siyasətçilərin bu sayaq sərsəm bəyanatları absurddur. Sülhün əleyhinə gedənlər müharibə istəyir. Azərbaycanla müharibəyə girişmək isə siyasi dəlilikdir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanda bəzi revanşist qüvvələrin Qarabağı guya geri qaytara biləcəkləri barədə xəstə təxəyüllərini şərh edərkən deyib.

Deputat qeyd edib ki, Ermənistanda revanşizmin mövcudluğu və onun güclənməsində maraqlı olan beynəlxalq güclərin olduğu heç kimə sirr deyil:

"Revanşizm dalğası fonunda da Ermənistanda özlərini siyasətçi hesab edən bəziləri sərsəm bəyanatlar verir. İndi də məlum olur ki, Respublika Partiyasının təmsilçilərindən biri absurd mövqe ortaya qoyaraq, "bəlkə də qaytardılar” sevdası ilə yaşayır. Qarabağıı itirdiklərinin, Azərbaycanın öz suverenliyini tam təmin etdiyinin, Ermənistan hakimiyyətinin Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığının fərqindədirlər. Bu reallıq fonunda xülyalar, ilyuziya və utopiya ilə yaşayır və hesab edirələr ki, qəlblərində ideoloji düşüncə kimi Qarabağı yaşatmaq lazımdır. Ardınca, bu istiqamətdə təşkilatlanma aparılması, ideoloji düşüncəni maddiləşdirməyi düşünürlər. Nəhayət, beynəlxalq situasiyanın uyğun gələcəyi təqdirdə, hərəkətə keçməyi zənn edirlər. Bu, tamamilə xülyadır. Düşünmürlər ki, Azərbaycan torpaqlarını işğaldan azad edən Ordu yerində sayırmır. Azərbaycan Ordusu bundan sonra daha da güclənəcək. Azərbaycan 2024-cü ildə hərbi xərclərə 6,4 milyard manat vəsait ayırıb. 2023-cü illə müqayisədə bu rəqəm 366,2 milyon manat çoxdur. Gələcəkdə də hərbi büdcəmiz ümumi büdcədə əsas yer tutacaq. Hazırda büdcənin 17,7 faizi hərbi xərclərə ayrılır. Ermənistanda "Bəlkə də qaytardılar" xülyası ilə yaşayanlar unutmasın ki, hazırda Azərbaycan Ordusu tarixi zəfərə imza atan ordumuzdan daha güclüdür. Sabah isə daha da güclü olacaq. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ona görə də erməni siyasilərinin bu sayaq xəyal və düşüncənin özü sərsəm, bəyanatın özü absurddur. Onu da bilsinlər ki, Ermənistan hakimiyyəti də qondarma rejimin tör-töküntülərinin təşkilatlanması, ofis alması kimi niyyətlərinə qarşı çıxır, buna imkan vermir. Kim sülhün əleyhinə gedirsə, o müharibə istəyir. Azərbaycanla müharibəyə girişmək siyasi dəlilikdir".

Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr hələ də özlərinin sarsaq niyyətlərindən əl çəkmirlər. Bu günlərdə Ermənistanın Respublikaçılar Partiyasının vitse-prezidenti Armen Aşotyan guya yenidən Qarabağı qaytara biləcəkləri iddiasında bulunub. Ardınca o bildirib ki, amma ağlımızda, qəlbimizdə, yaddaşımızda ondan imtina etsək, itkisi qaçılmaz olacaq. O, guya "Artsax” probleminin qlobal siyasi əhəmiyyət kəsb etdiyindəm dəm vurub:

"Mənim üç maddəlik şərtim var. Birinci şərt "Artsax”ın qaytarılmasını arzu, məqsəd, ümumxalq ideyası kimi qəbul etməkdir. İkinci şərt bu məqsədə çatmaq üçün kompleks səylər göstərmək, erməni potensialını tam üzə çıxarmaq və istiqamətləndirmək, dövləti gücləndirməkdir. Üçüncü şərt əlverişli beynəlxalq vəziyyət, geosiyasi iqlimin yaranmasıdır. Tarix sübut edir ki, bu da mümkündür”.

Prezident İlham Əliyev Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə-Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az xəbər verib.

Sərəncama əsasən, iyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə-Quxuroba avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az xəbər verib.

Sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər lenti