Daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov vəzifədən azad edilib.

O, digər əmrlə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, 4-cü Polis Şöbəsinin rəisi polis mayoru Natiq Teymurov da 2-ci Polis Şöbəsinə rəis göndərilib.

İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.


"Namizədin sənədləri bu gün MSK-ya təqdim olunacaq", - Orduxanlı deyib.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 5-ə çatıb.

Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. O sənədlərini dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

Onlardan ikisi - İlham Əliyev və Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

 

 

 

“Fransa hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyib”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Bildirilib ki, utanc hissini itirmiş bir qrup fransız ictimai-siyasi xadim, mer 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış ediblər. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir.

“Azərbaycana qarşı böhtan atan, daim beynəlxalq hüquqa uyğun hərəkət edən ölkəmizi Fransa ilə səhv salan müraciət müəlliflərinə elə gəlir ki, mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Hiss olunur ki, onlar hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyiblər.

İrqçi müraciəti imzalayanlar arasında Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo kimi “tanış” simalar var. Valeri Pekres düz iki il əvvəl Fransa prezidentliyinə namizəd olarkən özü ağılda olan Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa soxularaq indi Bakıda həbsxanada çay içərək Azərbaycan məhkəməsinin qərarını gözləyən Arayik Arutyunyan və David Babayanla görüşmüşdü. Artıq belə irqçilərin ayaqları bir daha Azərbaycan torpaqlarına dəyməyəcək. Ann İdalqo isə bu il “humanitar” yük karvanı ilə Laçın yolu tərəfə gəlib timsah göz yaşı axıdaraq ucuz şou düzəldirdi.

Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda fransız merlərinin belə bir müraciətə imza atması siyasi klounluqdur. Ann İdalqo bu cür sarsaq işlərlə məşğul olmaq əvəzinə qoy gedib Parisin bərbad vəziyyətdə olan olimpiya oyunlarına hazırlığı ilə məşğul olsun.

Fransa və Ann İdalqo kimilərin Azərbaycana qarşı bütün addımları əbəsdir. Zaman göstərdi ki, bu təfəkkürdə olanların Ermənistana köməyi maksimum bir neçə Qarabağ ermənisinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər”, - deyə bəyanatda qeyd olunub.

1983-cü ilin fevralın 27-də Xocavənd rayonunun (keçmiş Martuni) Çartaz kəndində baş verən qətl mövcud dövrün ən səsli-küylü cinayət hadisələrindən biri sayılıb. Hətta bu cinayət hadisəsi Moskvada, Mərkəzi Komitədə də ciddi müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, mərkəzdən çox uzaqlarda olan Çartaz kəndindəki hadisəyə Kremlin “marağı” hansı səbəbdən doğub?

Bu sualın cavabına iki aspektdən yanaşmaq olar. Birincisi, qətlə yetirilənin statusu, ikincisi milli münaqişə zəmini.

Həmin gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ən tanınmış şəxslərindən biri, dəfələrlə SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı, dörd dəfə “Lenin” ordeni mükafatçısı, çoxsaylı orden və medallarla təltif olunan, Xocavənd rayonunun Çartaz kəndindəki “Kommunizm” kolxozunun sədri Suren Adamyan və onun həyat yoldaşı öz evlərində qətlə yetirilib. Məhz bu statuslarına görə Moskva cinayətin üstünün açılmasına böyük maraq göstərib. Hadisənin Azərbaycan ərazisində törədilməsinə baxmayaraq, Ermənistan da məsələyə müdaxilə etməyə cəhd göstərib.

suren-adamyan.jpg (46 KB)

Bu cəhdin arxasında isə başqa məqsədlər dayanıb. Belə ki, Suren Adamyanın güllələnməsi, həyat yoldaşının balta ilə qətlə yetirilməsini ermənilər azərbaycanlıların üstünə atmaqla vilayətdə gərginlik yaratmağa, milli münaqişəni qızışdırmağa çalışıblar. Məqam gözləyən erməni millətçiləri cinayət hadisəsinin azərbaycanlılar tərəfindən törədildiyini xarici mətbuata da çıxarmağa cəhd ediblər. İstintaq yekunlaşmadan Ermənistandan və Dağlıq Qarabağda yaşayan ermənilər tərəfindən Moskvaya yüzlərlə məktub və teleqramlar göndərilib.

Cinayət işinin istintaqı Azərbaycan SSR prokurorluğunun mühüm işlər üzrə müstəntiqinin rəhbərlik etdiyi qrupa həvalə edilib. Ermənilərin ciddi təkidlərindən sonra SSRİ prokurorluğunun göstərişi ilə həmin qrupa DTK-nın 3 müstəntiqi və Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorluğunun milliyyətcə erməni olan 2 müstəntiqi də cəlb olunub.

İstintaq qrupunun bu tərkibi də erməniləri qane etməyib. Onlar cinayət işinin SSRİ prokurorluğuna verilməsini tələb ediblər. Məqsəd istintaq qrupunda azərbaycanlıların olmaması, müxtəlif təsir vasitələri ilə cinayətin izini itirmək, qətlin azərbaycanlılar tərəfindən törədilməsini sübuta yetirmək olub. Bu tələb növbəti dəfə Mərkəzi Komitədə müzakirəyə çıxarılıb. Ermənilərin tələb və təklifi bu müzakirələrdə rədd edilib. Belə ki, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev qətiyyət nümayiş etdirərək bəyan edib ki, cinayət Azərbaycanda törədildiyindən, məhz Azərbaycan SSR prokurorluğu tərəfindən araşdırılmalıdır. Bu qətiyyət bu dəfə də ermənilərin çirkin niyyətlərini alt-üst edib.

XANKENDİ EN YENİ.jpg (129 KB)

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdən Suren Adamyanı yaxşı tanıyıb, onun keçmişinə də, ikibaşlı oyunlarına da yaxşı bələd olub. Hələ 1960-cı illərdə ermənilər Adamyanla bağlı Moskvaya çoxsaylı şikayətlər ünvanlayıblar. Bu şikayətlərdə hədə-qorxular da yer alıb. Hətta anonim teleqramların birində “Suren Adamyanın özbaşınalığına son qoyulmasa, evdən onun meyiti çıxacaq” kimi ifadələr də əks olunub.

Bəli, Suren Adamyan sovet-alman müharibəsindən sonrakı dövrdə özünü “toxunulmaz” şəxs sayıb.

Qeyd edək ki, 1913-cü ildə Çartaz kəndində anadan olan Adamyan İrəvanda ali zootexnik təhsili alıb. İlk əmək fəaliyyətinə Çartazda zootexnik kimi başlayıb. İxtisası zootexnik olsa da, Adamyan 1937-1944-cü illərdə orta məktəbdə müəllim və direktor vəzifələrində işləyib, bununla da hərbi xidmətdən, o cümlədən müharibədən möhlət hüququ qazanıb. 1945-ci ildə, müharibədən sonra isə o, Çartaz kəndindəki “Kommunizm” kolxozunun sədri vəzifəsində qərarlaşıb və ömrünün sonuna kimi bu fəzifədə işləyib. Onu da vurğulayaq ki, 1945-ci ildən 1983-cü ilə qədər kolxoz sədri işləyən Suren Adamyan Azərbaycanın büdcəsi hesabına təkcə başçılıq etdiyi kolxozu və yaşadığı kəndi deyil, həm də öz şəxsi büdcəsini də yetərincə zənginləşdirib və Çartaz kəndindəki bütün fəaliyyəti dövründə azərbaycanlılara bu kənddə bir ev tikməyə belə şərait yaratmayıb, əngəllər törədib.

Heydər Əliyev ermənilərin istintaq qrupu ilə bağlı tələblərini Moskvada rədd etdirdikdən sonra Azərbaycan prokurorluğunun rəhbərlik etdiyi istintaq qrupu bir neçə gündən sonra cinayətin izinə düşüblər.

İstintaq zamanı məlum olub ki, qətl ermənilər tərəfindən törədilib və soyğunçuluq məqsədi daşıyıb. Qətlin əsas icraçıları kimi Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif rayonlarda və ünvanlarda qeydiyyatda olan Baqdasaryan və Asryanın axtarışına başlanılıb. İstintaq zamanı o da məlum olub ki, hər iki şəxsin istifadə etdiyi silahlar Ermənistandan və Soçi şəhərindən əldə olunub.

Cinayətkar qrup əvvəlcədən Suren Adamyanın evindəki seyfində saxlanılan böyük pul məbləğinin, istiqraz və zinət əşyalarının olması haqqında məlumatlar əldə edirlər. Kolxoz sədrinin evində saxlanılan pul və qiymətli əşyaların ümumi məbləğinin yarım milyondan artıq olduğu da cinayətkarlara məlum olur.

Həmin dövrdə bu cinayət hadisəsi soyğunçuluq faktı ilə yanaşı, həm də vilayətdə milli münaqişələrin qızışdırılması məqsədi daşıyıb. Əsas məqsədlərdən biri də Dağlıq Qarabağ Muxtar Vilayətində həmin dövrdə ermənilərə qarşı amansız mövqedə dayanan, hər an ermənilərin murdar niyyətlərini ifşa etməyə hazır olan çox azsaylı azərbaycanlı məmurların işdən azad olunması, vilayətdən uzaqlaşdırılması olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfərdən ibarət cinayətkar qrup saxlanılıb. Baqdasaryan və Asryan isə Krasnodarda xüsusi əməliyyat zamanı təslim olublar. Bu iki cinayətkar məhkəmənin hökmü ilə ən ağır cəzaya - ölüm hökmünə, güllələnməyə məhkum olunublar.

Qərbdə əmindirlər ki, NATO tezliklə prezident Vladimir Putinin tələbləri qarşısında aciz qalaraq, Ukraynanı Rusiya ilə təkbətək buraxa bilər... Kremlin qəddar qərarlar verəcəyi təqdirdə, gələcək taleyi birbaşa Rusiyadan asılı vəziyyətə düşən Ukraynadan geriyə heç bir dövlət əlamətinin qalmayacağı ehtimal olunur...
ABŞ və Qərb Ukrayna savaşında taktikanı dəyişməyə başlayıb. Belə ki, hazırda Ukrayna savaşı Qərbin hərbi-siyasi hədəflərində prioritet deyil. Ukraynaya maliyyə və hərbi yardımlar artıq azaldılıb. Və birmənalı şəkildə demək olar ki, Ukrayna savaşı indi ikinci, daha dəqiq desək, arxa plana keçirilib.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb təmsilçiləri son vaxtlar hətta Ukraynanın Rusiya qarşısında ehtimal olunan məğlubiyyəti barədə belə, açıq mətnlə danışmağa başlayıblar. Belə ehtimalların ABŞ prezidenti Co Baydenin dilindən gündəmə gətirilməsi isə rəsmi Kiyev üçün faciəvi hərbi sonluğun ilkin əlaməti də sayıla bilər. Çünki prezident Co Bayden vurğulayıb ki, Rusiya Ukrayna üzərində qələbədən sonra NATO ölkələrinə hücum edəcək. Və bu, Ağ Ev sahibinin Ukraynanın hərbi məğlubiyyətini elə indidən qəbul etməsi anlamına gəlir.

Prezident Vladimir Putin isə Ağ Ev sahibi Co Baydenin dediklərini cavabsız buraxmayıb. O, Rusiyanın Ukrayna üzərində qələbəsi ilə bağlı deyilənlərlərdən məmnun olduğunu qətiyyən gizlətməyib. Ancaq Kreml sahibi NATO ölkələrinə qarşı hər hansı ərazi iddiaları olmayan Rusiyanın onlara hücum etmək niyyəti barədə deyilənlərin yalan olduğunu da bildirib. Və bu, Kreml sahibinin Qərb siyasi dairələri qarşısında psixoloji qələbəsi anlamı daşıyır.

Hazırda əsas müzakirə mövzusu ondan ibarətdir ki, ABŞ və Qərb faktiki olaraq, Ukraynanı tərk etmək üzrədir. Ukrayna ordusu son vaxtlar Qərbdən yetərincə hərbi yardım ala bilmir. ABŞ-ın 2024-cü il üçün hərbi büdcəsində Ukraynaya yardım məqsədilə cəmisi 900 milyon dollar nəzərdə tutulub. Halbuki, Ağ Ev gələn il Ukraynaya 70 milyard dollarlıq hərbi yardım paketi vəd etmişdi. Və ABŞ bu vədin yerinə yetirilməsinin çox çətin olacağını artıq açıq şəkildə vurğulayır.

Nə qədər qəribə də olsa, eyni proseslər Avropa Birliyi ölkələri arasında da müşahidə olunur. Belə ki, Avropa Birliyinin vəd etdiyi 60 milyard dollarlıq dəstək paketi hazırda bloklanmış vəziyyətə düşüb. Bəzi Avropa Birliyi ölkələri, xüsusilə də, Macarıstan bu məbləğin Ukraynaya verilməsi barədə qərarı veto edib. Macarıstan vetonu dayandırmağın qarşılığında Avropa Birliyindən 30 milyard avroluq maliyyə dəstəyi tələb edir. Və bu məsələnin 10 milyard avro ilə həll edilə biləcəyi də qətiyyən istisna olunmur.

Göründüyü kimi, Ukrayna həm ABŞ-dan, həm də Avropa Birliyindən əvvəlki kimi rahat dəstək ala bilmir. Ağ Ev strateqləri isə Ukrayna savaşının maliyyələşdirilməsini tamamilə Avropa Birliyinin üzərinə yükləməyə çalışırlar. ABŞ-ın israrlı tələbləri və təzyiqləri nəticəsində Avropa Birliyi Ukraynanı öz sıralarına qəbul etmək üzrə rəsmi Kiyevlə birbaşa danışıqlara başlamaq qərarı verib. Halbuki, Ukraynanın indiki vəziyyəti Avropa Birliyi üzvlüyü üçün müəyyən edilmiş kriteriyaların heç birisinə uyğun deyil. Ancaq bu qərarın alınmasında əsas məqsəd Avropa Birliyinə üzv ölkələrin Ukraynaya maliyyə dəstəyi göstərməsinə əngəl törətməsinin qarşısını almaqdan ibarətdir.

Digər tərəfdən, Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar barədə də qərar verib. Düzdür, hələlik bu qərar da bəzi qurum üzvləri tərəfindən müqavimətlə qarşılanır. Ancaq bununla belə, Rusiya yeni sanksiyalara məruz qalması artıq qaçılmaz xarakter daşıyır. Halbuki, Kremldən xəbərdarlıq edilir ki, yeni sanksiya paketi özündən əvvəlkilər kimi, məhz Avropa Birliyinə böyük zərbə vuracaq. Rusiya siyasi dairələri hesab edirlər ki, Qərbin Rusiya ilə qarşıdurması çərçivəsində Ukraynanın Avropa Birliyinə üzv qəbul edilməsi barədə qərar verilərsə, bunun nəticələrini ilk növbədə Avropa ölkələrinin əhalisi ödəməli olacaq.

Təbii ki, burada yalnız Ukrayna savaşının maliyyələşdirilməsi nəzərdə tutulmur. Kreml həm də müharibədən sonra dağıdılmış Ukraynanın yenidən bərpa edilməsinə çəkiləcək fantastik xərclərə də dolayısı ilə eyham vurur. Rusiya siyasi dairələri əmindirlər ki, Qərb ölkələri Rusiyanın dondurulmuş 300 milyard dollarlıq maliyyə vəsaitinin Ukraynaya verilməsinə qətiyyən cəsarət edə bilməzlər. Çünki Ukrayna savaşı ətrafında situasiya tədricən Rusiyanın xeyrinə dəyişməyə başlayıb.

Məsələ ondadır ki, Kremldə Rusiyanın hərbi qələbəsinə artıq daha çox inanırlar. Rusiya dövlət liderlərinin ritorikası da hazırda yenidən sərtləşməyə və prinsipial məzmun daşımağa yönəlib. Belə ki, Kreml təmsilçiləri sülh danışıqlarına başlamaq üçün Ukrayna savaşının əvvəlində irəli sürdükləri şərtləri təkrarən gündəmə gətirməkdədirlər. Əsas tələblərdən biri isə məhz Ukraynanın tamamilə tərksilah edilməsi ilə birbaşa bağlıdır.

Eyni zamanda, Kreml Ukraynanın NATO-ya üzvlük niyyətini də qəbul etmir. Halbuki, bir müddət öncə NATO Ukraynaya üzvlük qapısını açmağa hazılaşdığını bəyan etmişdi. Ancaq Rusiya növbəti dəfə vurğulayıb ki, Ukrayna dövlət kimi mövcud olmaq istəyirsə, NATO üzvlüyünü birdəfəlik unutmalıdır. Üstəlik, Ukrayna ərazisində heç bir NATO hərbi bazası yerləşdirilməməlidir. Və bu, Qərbin Ukrayna savaşında əlverişsiz situasiyaya düşməkdə olduğunu nəzərə aldıqda, Kremlin sərt demarş qərarı verdiyini də təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ xüsusi xidmət servislərinə yaxın Qərb mənbələri Rusiyanın qalib gələcəyi təqdirdə, NATO prezident Vladimir Putinin Ukrayna ilə bağlı sərt xəbərdarlığını nəzərə almaq məcburiyyətində qala bilər. Yəni, bu halda, NATO Ukraynanın üzvlük məsələsini gündəmə gətirməkdən imtina etməli olacaq. Bu isə o deməkdir ki, NATO prezident Vladimir Putinin tələbləri qarşısında aciz qalacaq və Ukraynanı Rusiya ilə təkbətək buraxacaq.

Məsələ ondadır ki, Kreml sahibi açıq şəkildə Ukraynaya NATO üzvlüyü şansı tanımayacağını bəyan edib. Ona görə də, indiki halda, Ukraynanın hələ uzun müddət Qərb və Rusiya arasında bufer zona rolunu oynaya biləcəyi qətiyyən istisna deyil. Qərbdə bəzi praqmatiklər artıq indidən hesab edirlər ki, Rusiya Ukrayna savaşının qalibidir. Ona görə də, Ukraynanın bir dövlət kimi gələcək taleyi məhz Kremldən asılı vəziyyətə düşmüş kimi görünür. Əgər, Kreml qərar verərsə, Ukraynadan geriyə heç bir dövlət əlaməti qalmaya da bilər. Və bu, prezident Co Baydenin Rusiyanın hərbi qələbəsi barədə danışmasından sonra Qərb siyasi dairələrində ən çox müzakirə olunan mövzular sırasına daxildir.(Yeni Müsavat)

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizəd olacaq.

Z.Oruc bu barədə Bakupost.az-a açıqlamasında bildirib.

Zahid Oruc qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir.

O bildirib ki, tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır: “Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk”.

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Bəhreyn dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbər verdiyimiz kimi, fevralın 7-si Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Seçkilərdə kimlərin namizədliyini irəli sürə biləcəyi ilə bağlı videomaterial hazırlanıb.

Yol-xeber.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Dövlət Televiziyasının (AzTV) suallarını cavablandırıb. 

Sözügedən müsahibəni təqdim edirik:

Xatırladaq ki, bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Rəsmi İrəvan Rusiyadan tamamilə uzaqlaşmaq istiqamətində hansısa konkret addımın atılmasına cəsarət edərsə, Kreml dərhal radikal reaksiya vermək niyyətindədir... Prezident Vladimir Putinin və digər rus siyasətçilərin son təhdidləri onu göstərir ki, Kremlin sərt reaksiyası Ermənistanın ümumiyyətlə , öz mövcudluğunu Rusiyaya tam təslim etməsi ilə də nəticələnə bilər...
Cənubi Qafqaza nəzarət mexanizmləri hazırda geopolitik savaşda önəmli regional təsir faktoruna çevrilib. ABŞ və Qərb bütün mümkün vasitələrlə Rusiyanın analoji faktorlardan məhrum buraxılmasına cəhd göstərir. Rəsmi İrəvanın Qərbdən verilən bütün sifarişləri tam dəqiqliyi ilə icra etməsi isə bu istiqamətdə Rusiyaya qarşı ciddi problemlər yaradır. Və son vaxtlar Paşinyan hakimiyyəti bu istiqamətdə daha da fəallaşmış kimi görünür.

Xüsusilə də, Ermənistanın Rusiyanın regional sülh prosesində vasitəçilik missiyasını təmin edən üçtərəfli anlaşmalardan imtina etmək niyyəti Kremldə ciddi narahatlıq doğurub. Hər halda, belə bir addımın rəsmən atılmasının Rusiyaya hansı xoşagəlməz situasiyanı vəd etdiyini Kremldə anlamamış deyillər. Və bu baxımdan, Rusiyanı hər imkanda Ermənistanın bütün uğursuzluqlarında suçlayan Paşinyan hakimiyyətinin "üçtərəfli anlaşma" manevrinə Kremlin reaksiyası qətiyyən gözlənilməz deyil.

Məsələ ondadır ki, əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova üçtərəfli anlaşmaların hamısının öz hüquqi qüvvəsini qoruyub, saxladığını bəyan edib. O, Paşinyan hakimiyyətinə üçtərəfli anlaşmaları təsdiqləmiş tərəflərdən heç birisinin öz imzalarını geri çəkildiyini xatırladıb. Yəni, rəsmi İrəvan Mariya Zaxarovanın dediyi addımı hələ atmadığından, Kreml Ermənistanın Rusiyanı şantaj etməyə çalışdığı qənaətinə daha yaxındır. Və ona görə də, rəsmi İrəvanın Kremlin son xəbərdarlıq mesajına necə reaksiya verəcəyi indi daha çox maraq doğurur.

Digər tərəfdən, Paşinyan hakimiyyətinin Rusiya əleyhinə demarş cəhdlərinə prezident Vladimir Putin də səssiz qala bilməyib. Hər halda, rəsmi İrəvan nə qədər inkar etməyə çalışsa da, əslində, Ermənistan öz üzərinə məhz prezident Vladimir Putinin həbsi ilə bağlı beynəlxalq öhdəlik götürüb. Və bu önəmli məqam Rusiya-Ermənistan münasibətlərinin mövcud vəziyyətini böyük ölçüdə təsvir edir.

Maraqlıdır ki, Kreml sahibi Paşinyan hakimiyyətinin Rusiyanı Ermənistanın II Qarabağ savaşındakı tam hərbi-siyasi məğlubiyyətinə görə günahlandırmasını absurd hesab edir. Onun fikrincə, Paşinyan hakimiyyəti bu məğlubiyyətlərin əsas səbəbini məhz Ermənistanın qəbul etdiyi səhv qərarlarda axtarmalıdır: "Qarabağdan Rusiya imtina etməmişdi. Əksinə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Üstəlik, belə bir qəbul etdiyi barədə də bizə hər hansı məlumat da verməyib. Bu, artıq faktdır".

Əlbəttə ki, prezident Vladimir Putinin bu açıqlamasında Azərbaycanı narazı sala biləcək önəmli məqamlar da olmamış deyil. Ancaq hazırda bu, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə birbaşa təsir göstərmir. Çünki Kreml istəsə də, istəməsə də, Azərbaycan öz ərazi bütövlüyünü və Qarabağ üzərində suveren hüquqlarını bərpa edib. Və indi əsas məsələ ondan ibarətdir ki, Azərbaycana qarşı olan iki hərbi müttəfiq - Rusiya ilə Ermənistan bir-birinə qarşı ittihamlar irəli sürmək, hətta ciddi şəkildə çəkişmək məcburiyyətində qalıb.

Üstəlik, Rusiya-Ermənistan qarşıdurmasında mübahisə predmeti hətta "Qarabağ mövzusu"nu belə, aşıb. İndi Ermənistan Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə sığınmağa can atır. Kreml isə Ermənistanı Rusiyanın orbitində saxlamaq üçün əlindən gələn hər şeyi edir. Bu proses isə tədricən Rusiya və Ermənistan arasında hərbi müttəfiqliyin rəsmən pozulmasına doğru irəliləyir. Və rəsmi İrəvanın davamlı olaraq, Rusiyanın patronajlığı altında olan qurumların zirvə toplantılarını baykot etməsi "qopma nöqtəsi"nin o qədər də uzaqda olmadığını göstərir.

Prezident Vladimir Putin məhz bu məsələyə münasibət bildirərkən, Ermənistanın dövlət maraqlarına eyham vurması da böyük maraq doğurur. Çünki Kreml sahibi vurğulayıb ki, rəsmi İrəvanın MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT-da üzvlükdən imtina etməsi Ermənistanın maraqlarına uyğun ola bilməz. Eyni zamanda Rusiya prezidenti erməni baş nazirin ümumi zirvə toplantılarında iştirakdan yayınmasının əsas səbəblərini Ermənistanda olan daxili vəziyyətlə izah etməyə çalışıb. Və Kreml sahibi əslində, bununla Ermənistan siyasi dairələrini dolayısı ilə təhdid edib.

Belə anlaşılır ki, prezident Vladimir Putin Ermənistanın dövlət maraqlarını müəyyən etmək hüququna sahib olduğuna əmindir. Bu hüququ qabartmaqla, Kreml sahibi həm də Ermənistanı hədələmiş olur. Çünki eyham vurur ki, əgər, rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumları tərk etmək barədə qərar versə, Kreml buna adekvat sərt addımlar atacaq. Bu isə Ermənistanın dövlət maraqlarına qarşı yönəlmiş olacaq.

Üstəlik, Kreml erməni baş nazirin toplantılardan yayınmasını Ermənistandakı daxili proseslərlə izah etməsi də hədələyici yanaşmadır. Bununla Ermənistanda Rusiyanın "beşinci kalonu"nun hərəkətə keçə biləcəyini Paşinyan hakimiyyətinə xatırladır. Halbuki, Kreml sahibi Ermənistan cəmiyyətində Rusiya əleyhinə əhval-ruhiyyənin məhz Paşinyan hakimiyyəti tərəfindən aparılan propoqandadan qaynaqlandığını da bilməmiş deyil. Ona görə də, kənardan ediləcək müdaxilə ilə parçalanmış erməni toplumunun Paşinyan hakimiyyəti üçün ən real təhlükəyə çevrilə biləcəyini qabardır.

Maraqlıdır ki, Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy da öz açıqlamasında Ermənistana "barmaq silkələyib". Onun fikrincə, rəsmi İrəvanın Rusiyadan məsafə saxlaması Ermənistan üçün məhvedici nəticələr doğura bilər: "Bu proses Ermənistanda ABŞ səfirliyinə bağlı 2,5 min QHT-nin fəaliyyət göstərməsinin, Qərbdən alınan qrantların hesabına cəmiyyət qarşısında Rusiya əleyhinə ittihamların səsləndirilməsinin nəticəsidir. Ancaq rəsmi İrəvan vaxtilə eyni vaxtda həm Rusiyadan, həm də Qərbdən dəstək qoparmaq istəyən postsovet ölkələrinin səhvlərini təkrarlamasa, Ermənistan üçün daha yaxşı olardı. Onu da unutmasınlar ki, sonuncu Qarabağ savaşı dövründə erməni deputatlar müharibənin dayandırılması üçün mənim kabinetimdə, prezident Vladimir Putinin müdaxilə etməsini xahiş edərək, yalvarırdılar".

Göründüyü kimi, Rusiyanın siyasi elitası Ermənistana qarşı açıq-aşkar qəzəblidir. Həm prezident Vladimir Putin, həm də Rusiya rəhbərliyinə daxil olan digər şəxslər Ermənistanı hədələməyə başlayıblar. Bu təhdidlər onu göstərir ki, rəsmi İrəvan Rusiyadan tamamilə uzaqlaşmaq istiqamətində hansısa konkret addım atmağa cəsarət edərsə, Kreml dərhal radikal reaksiya vermək niyyətindədir. Və bu reaksiya Ermənistanın ümumiyyətlə, öz mövcudluğunu Rusiyaya tam təslim etməsi ilə də nəticələnə bilər.(Yeni Müsavat)

Xəbər lenti