|
Noyabrın 8-9-da Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçiriləcək.
"Bu barədə Özbəkistan prezidentinin saytı məlumat yayıb.
Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
Gündəliyə uyğun olaraq, İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, bu çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
ABŞ və NATO Ukraynanın qələbəsini, Rusiyanın isə məğlubiyyətini istəmir, ona görə də, vəd olunan müasir silahlar göndərilmir, savaş meydanında "pat vəziyyəti" yaradılıb... Əgər, Ağ Ev Kremllə anlaşarsa, Ukrayna parçalanacaq, Krım və Donbas Rusiyaya veriləcək, Zelenski hakimiyyəti dəyişdiriləcək və bütün məsuliyyət onun üzərinə yüklənəcək...
ABŞ və Qərbin dünya üzərində nəzarət mexanizmləri tədricən zəifləməkdə davam edir. Artıq ABŞ-dan və onun müttəfiqlərindən narazı olan əksər dünya dövlətləri mövcud beynəlxalq siyasi sistemin diqtə etdiyi şərtlərlə hesablaşmaq istəmirlər. Yəni, bir tərəfdən ABŞ və müttəfiqləri dünyanı əvvəlki qaydalarla idarə etməkdə çətinlik çəkir. Digər tərəfdənsə, dünya dövlətləri ABŞ-ın və müttəfiqlərinin diqtə etdiyi sistemlə idarə olunmaq istəmirlər. Və bu, yaxın vaxtlarda Ağ Evin beynəlxalq mövqelərini daha çox sarsıda bilər.
Əslində, ABŞ siyasi dairələri mövcud situasiyanın təhlükəli istiqamətlər almağa başladığını artıq anlayırlar. Hətta Ağ Ev sahibi Co Bayden açıq şəkildə etiraf edib ki, ABŞ-a qarşı qlobal neqativ münasibət təhlükəli səviyyəyə çatıb. Bu, o deməkdir ki, ABŞ-ın xarici siyasət kursu bütün dünya üçün arzuolunmaz məzmun daşıyır və ciddi qıcıq doğurur. Və Ağ Ev bu vəziyyəti normal məcraya qaytarmaq istəyirsə, onda, ABŞ-ın xarici siyasət prioritetlərinə mütləq müəyyən düzəlişlər etmək məcburiyyətində qala bilər.
Maraqlıdır ki, ABŞ-a qarşı narazılıq onun müttəfiqləri arasında da müşahidə olunur. Belə ki, Ağ Ev ABŞ-ın beynəlxalq hədəflərinə yönəlik planların "sponsor"luğunu məhz öz müttəfiqlərinin üzərinə yükləyir. Ukrayna savaşı ətrafında yaranmış vəziyyətə diqqət yetirəndə bu reallığı açıq-aşkar müəyyən etmək mümkündür. Belə ki, Ukrayna ilə Rusiya arasında savaşın başladılmasının əsas təşəbbüskarı rolunda məhz ABŞ çıxış edirdi. Ancaq indi bu savaşın, daha doğrusu, Ukrayna ordusunun hərbi ehtiyacları Avropa Birliyi ölkələri tərəfindən ödənilir.
Digər tərəfdən, Rusiyaya qarşı sanksiyaların maliyyə-iqtisadi yükü də Avropa dövlətlərinin öhdəsinə buraxılıb. Çünki məhz Avropa Birliyi Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaların tətbiq olunmasına məcbur edilib. Bunun sosial-iqtisadi zərbələri isə Rusiya ilə paralel olaraq, Avropa Birliyi ölkələrinə dəyir. Rusiya ilə iqtisadi-ticari əlaqələri zəif olan ABŞ isə demək olar ki, elə bir ziyan çəkmir, əks effekt ilə üzləşmir.
Təbii ki, Avropa Birliyi ölkələri bu reallığı anlayırlar və son vaxtlar mövcud situasiyanı daha praqmatik şəkildə dəyərləndirirlər. Bəzi Avropa ölkələri Ukraynaya böyük maliyyə vəsaiti hesabına başa gələn hərbi dəstəyin uzun müddət davam etməsinin mümkün olmayacağına da eyham vurmağa başlayıblar. Hətta onlardan bəziləri dəstək üçün daxili resurslarının tükəndiyini əsas gətirərək, Ukraynanın hərbi xərclərini qarşılamaqdan imtina etmək niyyətində olduqlarını da gizlətmirlər.
Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi ölkələri Ukraynaya dəstək yükünü öz öhdələrinə götürərkən, Rusiyanın ən qısa zamanda məğlub ediləcəyinə ümid bəsləyirdilər. Ancaq zaman uzandıqca xərclər artır, Avropa ölkələrinin daxili resursları isə tükənir. Belə vəziyyətdə "qoca qitə"nin dövlətləri daxili büdcələrinin bir hissəsini Ukraynaya xərcləmək məcburiyyəti ilə üzləşirlər. Bu isə ölkədaxili sosial-iqtisadi vəziyyəti gərginləşdirdiyindən təhlükəli siyasi-ictimai proseslərə də yol aça bilər.
İndi əksər Qərb ölkələri Ukrayna savaşının bu qədər uzanmasının əsas səbəbləri ilə daha ciddi maraqlanmağa başlayıblar. Onların bəziləri Rusiya qarşı effektiv savaşa bilmədiyini düşündükləri Ukrayna ordusunu suçlayır. Hesab edirlər ki, Ukrayna ordusu Qərbin intensiv hərbi dəstəyini boşa çıxarır, əks hücum əməliyyatlarını effektiv şəkildə yerinə yetirə bilmir. Nəticədə savaş uzanır və Avropa Birliyi ölkələrinin xərcləri çoxalır.
Ancaq rəsmi Kiyev qətiyyən bu fikirdə deyil. Ukraynanın rəsmi dairələri Rusiya ilə savaşın uzanmasına görə məhz ABŞ və NATO-nu günahkar hesab edirlər. Ukraynanın hərbi-siyasi dairələrində yüksək mövqe tutan, adının açıqlanmasını istəməyən bir məmur Qərb mətbuatına bildirib ki, ABŞ və NATO-nun verdiyi silah növləri Rusiya üzərində sürətli qələbə üçün qətiyyən yerli deyil. Və bu, savaşın qeyri-müəyyən müddətə uzanmasına səbəb olur.
Əsas iddia ondan ibarətdir ki, ABŞ və NATO-nun verdiyi silahlarla yalnız müharibəni davam etdirmək mümkündür. Yəni, ABŞ və NATO Ukraynaya elə həcmdə və keyfiyyətdə silahlar verir ki, bu ölkə Rusiyaya məğlub olmasın. Eyni zamanda, Rusiyaya qalib gəlinməsinə də ehtiyac duyulmur. Belə anlaşılır ki, ABŞ və NATO əslində, Ukraynanın qalıb gəlməsini, Rusiya isə məğlub olmasını istəmir. Və bu, müəyyən mənada, Ukrayna savaş poliqonunda "pat vəziyyəti"nin yaradılması deməkdir.
Böyük ehtimalla bu "pat vəziyyəti" Rusiyanı uzun müddət "savaş bataqlığı"nda tuta bilmək üçün düşünülmüşdü. Ancaq Ukrayna ordusunun canlı qüvvə potensialı uzun müddət bu plana tab gətirə bilməz. Çünki rəsmi Kiyev hesab edir ki, yaxın vaxtlarda Ukrayna ordusu ciddi şəkildə canlı qüvvə çatışmazlığı ilə üzləşə bilər. Hər halda, Ukrayna ordusunun son vaxtlar canlı qüvvə itkilərini bərpa etməkdə çətinlik çəkdiyi açıq mətnlə etiraf edilməyə başlayıb.
Bu baxımdan, yaxın vaxtlarda savaş meydanında qüvvələr nisbətinin Rusiyanın xeyrinə dəyişmə ehtimalı indi daha inandırıcı görünür. Ağ Evdə də bu reallığı qəbul etmək məcburiyyətində qalıblar. Hətta ABŞ hərbi dairələrinə yaxın mənbələr belə davam edərsə, Ukrayna ordusunun uzun müddət tab gətirə bilməyəcəyini vurğulayırlar. Onların fikrincə, hazırda iki variant mövcuddur. Ya Ukraynaya Rusiyanın məğlubiyyətinə təminat verəcək ən müasir silahlar göndərilməlidir. Ya da Ukrayna savaşının dayandırılaraq, "dondurulması" üçün Rusiya ilə sülh danışıqlarına başlanılmalıdır. Əks halda, Ukrayna ordusunun savaş resursları tədricən tükənəcək və məğlubiyyət qaçılmaz olacaq.
Qərb mətbuatında yer alan bəzi məlumatlara görə, ABŞ və NATO Rusiyanın məğlub edilməsinə imkan verən müasir silahların Ukraynaya göndərilməsində qətiyyən maraqlı deyil. Yəni, Rusiyanın savaş meydanında hərbi məğlubiyyətinə səbəb olacaq addımlara risk edilmir. Bu, Kremlin dünya üçün fəlakətlərə yol aça biləcək cavab reaksiyası ilə əlaqələndirilir. Və nəticədə Ukraynanın qurban verilmə variantı ön plana çıxmış olur.
Məsələ ondadır ki, Qərb mətbuatı ABŞ-ın Rusiya ilə gizli danışıqlara başladığını iddia edir. Həmin məlumatlara görə, Ağ Ev Kremllə "bazarlıq masa"sına Ukraynanın gələcək taleyini yerləşdirib. Əgər, Kreml Ağ Evin sülh şərtlərini qəbul edərsə, Ukrayna parçalanacaq. Rəsmi Kiyev Ağ Evin diqtəsi ilə Ukraynaya aid Krım və Donbasdan imtina etməli olacaq. Ardınca Ukraynanın geri qalan qismində Zelenski hakimiyyəti dəyişdiriləcək və ABŞ-a sadiq yeni hökumət qurulacaq. ABŞ-ın Rusiya ilə "bazarlıq masa"sında Ukrayna ərazilərini güzəştə getməsinin məsuliyyəti isə Zelenski hakimiyyətinin üzərinə yüklənəcək.
Onu da qeyd etmək lazımdır ki, bu istiqamətdə artıq ciddi anlaşmaların olduğu da bildirilir. Prezident Vladimir Putinin bir müddət öncə Ukraynanın legitim dövlət olmadığını, keçmiş SSRİ dövründə Rusiya ərazisi hesabına süni şəkildə yaradıldığını iddia etməsi də "gizli bazarlığın" əlaməti kimi qəbul edilə bilər. Bu baxımdan, ABŞ-ın Ukraynanı xərcləməyə hazırlaşdığı barədə iddialar artıq olduqca inandırıcı görünür.(Yeni Müsavat)
Qərb Azərbaycanla Ermənistan arasında sülh sazişinin məhz öz müstəvisində imzalanmasına çalışır. Bunun üçün müxtəlif yollarla cəhdlər edilir. Amma burada əsas qərar verən iki tərəf var. Hər şey Azərbaycan və Ermənistanın iradəsindən asılıdır. Burada məkan baxımından yanaşmalar da birmənalıdır.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, sülh üçün ən yaxşı seçim Gürcüstan ərazisidir:
“Bunu tarixi reallıqla da izah etmək də olar. Bu mənada Tbilisidə sülhün əldə edilməsi hər iki tərəfə sərf edir. Çünki Gürcüstanın Azərbaycana və Ermənistana təzyiq imkanları yoxdur. 1918-ci ildə də Tbilisidə məhz üç ölkənin yaranması (Azərbaycan, Gürcüstan, Ermənistan) elan edilmişdi. Ona görə də, yenidən tarixi bir dönüş edib Qafqazda sülhə nail olmaq olar”.
Politoloq bildirib ki, Zəngəzur dəhlizinin Ermənistanın öz nəzarəti altında açılması ilə bağlı mövqeyi də birmənalıdır:
“Ermənistan bununla Rusiyasız qərar vermək və öz ərazisindən keçəcək dəhlizə nəzarət etmək iddiasını ortaya qoyur. Əslində 1992-ci ildə Rusiya ilə Ermənistan arasında sərhədlərin qorunması haqqında müqavilə imzalanıb. Bu müqavilə ilə Rusiya tərəfindən Ermənistan sərhədlərinin qorunması təmin edilir. Amma müqavilənin əbədi razılaşma kimi qəbul edilməsi yanlışdır. Müqavilədən bir tərəf çıxırsa bu pozulur.
Zərdüşt Əlizadə hesab edir ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsində daha bir prinsip öz əksini tapmalıdır:
“Bu da tərəflərin bir-birinə qarşı ərazi iddiası irəli sürməməsi ilə bağlıdır. Bu şərt sülh müqaviləsində öz əksini tapmalıdır. Xalq olaraq ermənilərin bitməyən torpaq iddiasından boğaza yığılmışıq. Ona görə də, erməni tərəfi belə bir öhdəlik götürməlidir”.
2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ermənistanın növbəti təxribatlarının qarşısını qətiyətlə almaqla bərabər torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başladı. Cəmi 44 gün çəkən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Noyabr ayının 8-də Qarabağın incisi Şuşanın işğaldan azad olunması, Azərbaycan tarixinin ən şərəfli və zəfər gününü formalaşdırdı. Həqiqətən də bu, Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqının həyatında çox mühüm əlamətdar bir hadisədir.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu danışıb. O, qeyd edib ki, 30 il müddətində torpaqlarımız Ermənistanın işğalı altında olanda Azərbaycan münaqişəni dinc vasitələrlə tənzimləməyə çalışırdı. Bu zaman Azərbaycanın başlıca məqsədi ondan ibarət idi ki, regionda geniş miqyaslı müharibə baş verməsin, itkilər olmasın və beynəlxalq hüquq çərçivəsində münaqişə ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.
“Bununla bərabər Azərbaycan bəyan edirdi, Azərbaycan prezidenti cənab İlham Əliyev hər zaman vurğulayırdı ki, biz öz torpaqlarımızı hərbi yolla işğaldan azad etmək gücünə sahibik. Mənasız danışıqları da sonsuzluğa qədər davam etdirməyəcəyik. Lakin Ermənistan və onun himayədarları xüsusilə, Fransanın simasında Azərbaycanın sərgilədiyi mövqeyi lazımınca qiymətləndirməyi bacarmadılar. Ölkəmizə qarşı təxribatlarını daha da intevsivləşdirdilər. Hətta yeni ərazilərimizi işğal etmək istəklərini çəkinmədən nümayiş etdirirdilər. Təbii ki, biz artıq hərbi yolla torpaqlarımızın işğaldan azad olunmasının zəruriliyini gördük və hərəkətə keçdik. Azərbaycan prezidenti, müzəffər ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tariximizin qızıl səhifəsini yaratdı. Və bu günki tariximizdən dünənimizə boylananda nə qədər böyük və qətiyyətli bir yol keçdiyimizi bir daha görməkdəyik”-deyə deputat bildirib.
Elşad Mirbəşiroğlu vurğulayıb ki, bir daha bu günün 8 noyabr Zəfər gününün əhəmiyyətini və qürurunu dərk edir, hiss edirik.
Deputat qeyd edib ki, Azərbaycan 44-günlük Vətən müharibəsi dövründə hər tərəfli potensiala sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın siyasi, diplomatik, iqtisadi, hərbi potensialı və imkanları olduqca ahəngdar bir şəkildə Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılması üçün öz təsirini göstərdi.
Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizə əsassız siyasi hücumlar da edilirdi. Ölkə prezidenti bunun da qarşısını alırdı. O, dünyanın 30-dan çox, ən nüfuzlu kütləvi informasiya vasitələrinə müxtəlif dillərdə müsahibələri ilə bu hücumların qarşısını alırdı. Haqlı mövqelərimizi əsaslandırır, əsassız hücumları təşkil edən dairələri qətiyətlə susdururdu. Bunun özü də hərbi qələbəmizlə yanaşı, siyasi və diplomatik qələbəmizi şərtləndirirdi.
“2020-ci il noyabr ayının 10-da birgə bəyanat Ermənistanın kapitulyasiya sənədi oldu. Həmin bəyanatda Azərbaycanın haqlı mövqeləri öz ifadəsini tapmış oldu. Azərbaycan prezidentinin qətiyyəti və təşəbbüsləri sənəddə ifadə olundu. Torpaqlarımız işğaldan azad edildikdən sonra ötən 3 il ərzində biz bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə təmin olunması istiqamətində hər tərəfli addımlar atdıq”-deyən deputat vurğulayıb ki, bunun özü də ayrıca bir strategiya kimi qiymətləndirilə bilər.
Deputat hesab edir ki, bütün ərazilərimiz boyunca suverenliyimizin təmin olunması strategiyası özündə siyasi, diplomatik, hərbi, iqtisadi komponentləri birləşdirirdi. Azərbaycan bu komponentlərin hər birini uğurla tətbiq edərək, bayrağımızı Xankəndində və Xocalıda ucaltdı.
“Qarabağ klanı” da daxil olmaqla, Paşinyan hakimiyyətinə müxalif olan erməni siyasi qüvvələrinin koalissiyası reallığa çevrilsə, Ermənistanda daxili silahlı toqquşmalar qaçılmaz olacaq... Çünki indi erməni baş nazirin siyasi rəqiblərinin ixtiyarında Ermənistana Qarabağdan könüllü köçən ermənilərin timsalında yeni və daha təhlükəli “zərbə qüvvəsi” də mövcuddur...
Ermənistanda daxili siyasi problemlər dərinləşməkdə davam edir. Paşinyan hakimiyyəti siyasi rəqiblərinin güclənmək cəhdlərinə sərt reaksiya verir. Hətta rəsmi İrəvanın davranışlarında repressiv reaksiya əlamətləri də açıq-aşkar nəzərə çarpmağa başlayıb. Yəni, Paşinyan hakimiyyəti siyasi rəqiblərinə qarşı qəddarlaşmağa doğru yaxınlaşmaqdadır. Və bu, Ermənistanda ölkədaxili qarşıdurmanı daha da sərtləşdirə bilər.
Təbii ki, Paşinyan hakimiyyəti erməni radikal-revanşist müxalifətin fəaliyyətinə qarşı repressiv reaksiya verərkən, ilk növbədə ABŞ və Qərbin dəstəyinə ümid bəsləyir. Çünki ABŞ və Qərb Ermənistanda Paşinyan hakimiyyətinin hələ bir müddət mövcud olmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Hətta ABŞ-ın İrəvandakı səfiri Kristina Kuin Ermənistanı “demokratiya mayakı” adlandırıb. Və bunun nə qədər əsassız, həm də məntiqsiz yanaşma olduğunu yəqin ki, ABŞ səfiri hamıdan yaxşı bilir.
Əks halda, amerikalı səfir Ermənistanda demokratiya anlayışının necə tətbiq olunduğunu nə vaxt və harada gördüyünü də izah etməyə çalışardı. Əslində, qəbilə psixologiyası ilə idarə olunun Ermənistanın ABŞ-ın “demokratiya standartları”na uyğun gəlməsi də qətiyyən təəccüblü deyil. Çünki ABŞ-da polis qaradərili vətəndaşları boğaraq qətlə yetirmək və uşaqlarının gözü qarşısında qadını avtomobildə güllələmək hüququna malikdir. Yəni, ABŞ “demokratiya”sı polisə belə səlahiyyətlər verir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin Ermənistanda öz siyasi rəqiblərinə qarşı repressiyalar aparması, kütləvi həbslər keçirməsi də amerikalı səfirə “demokratiya mayakı” təsiri bağışlaya bilər.
Məsələ ondadır ki, son illərdə Paşinyan hakimiyyəti rəqib siyasi düşərgənin əksər fəallarını həbs edib, liderlərinə qarşı isə cinayət işləri açıb. Ağ Ev bundan yəqin ki, tamamilə məmnundur. Ona görə də, amerikalı səfir üçün Ermənistan “demokratiya örnəyi”nə çevrilib. Sadəcə, bir məsələ hələ qaranlıq qalır ki, hazırda ABŞ Ermənistandan “demokratiya” dərsi alır, yoxsa, Ermənistan ABŞ-dan öyrənir? Və bu sualın cavabı böyük ehtimalla Ağ Evin yanaşma tərzinin ikilistandartlar modelində gizlənir.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti yenə bir qrup Ermənistan vətəndaşını həbs edib. Həbs edilən ermənilərə qarşı Ermənistanda partlayışların törədilməsinin və dövlət çevrilişinin planlaşdırılması ilə bağlı ittihamlar irəli sürülüb. Paşinyan hakimiyyəti iddia edir ki, bu cinayətkar qruplaşma mütəşəkkil dəstə kimi fəaliyyət göstərib və dövlət çevrilişi etmək barədə xarici ölkələrdən birindən təlimat alıb.
Təbii ki, həmin xarici ölkənin adı açıq şəkildə çəkilmir. Ancaq üstüörtülü şəkildə Rusiyaya yönəlik eyhamlar vurulur. Belə ki, Paşinyan hakimiyyətinin təmsilçisi Ermənistanda dövlət çevrilişi cəhdlərinin arxasında “şimal küləyi”nin əsdiyindən məlumatlı olduqlarını bildirib. Və bununla da dolayısı yolla Rusiyanı Ermənistanda dövlət çevrilişi etmək planları qurmaqda suçlayıb.
Əslində, bütün bunlar Rusiya-Ermənistan münasibətlərinin maksimum həddə qədər gərginləşdiyi bir situasiyada o qədər də təəcüblü görünmür. Kreml üçün həqiqətən də Paşinyan hakimiyyətinin siyasi səhnədən çəkilməsi olduqca səfrəlidir. Çünki baş nazir Nikol Paşinyanın hakimiyyəti dönəmində rəsmi İrəvan Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmaq kursunda inadkarlıqla israr edir. Və rəsmi İrəvan bu prosesdə hətta Rusiyanın “qırmızı cizgilər”inə də yaxınlaşmış kimi görünür.
Böyük ehtimalla Paşinyan hakimiyyəti hələ uzun müddət indiki mövqeyində qərarlı olacaq. Hər halda, baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətləri o qədər korlayıb ki, onun bu istiqamətdə geriyə çəkilmək üçün yeri qalmayıb. Ən əsasısa, Rusiya ilə münasibətlər qəlizləşərək, düşmənçilik məzmunu qazanıb. Ancaq erməni baş nazir bunun qarşılığında ABŞ və Qərbdən öz hakimiyyətinin toxunulmazlığına tam təminat almağa hələ də nail ola bilməyib.
Ona görə də, rəsmi İrəvan ABŞ və Qərbin dəstəyini öz arxasına çəkmək üçün Rusiya əleyhinə əks təbliğatı bundan sonra da davam etdirmək məcburiyyətində qalıb. Nə qədər təhlükəli variant olsa da, indiki situasiyada Paşinyan hakimiyyətinin başqa çıxış yolu qalmamış kimi görünür. Çünki Kremlin bütün bu baş verənlərdən sonra Paşinyan hakimiyyətini bağışlayacağı qətiyyən inandırıcı deyil. Yəni, Rusiya üçün Ermənistanda mövcud hökumətin dəyişdirilməsi və Kremlə sadiq siyasi qüvvələrin hakimiyyətə gətirilməsi prinsipial şəkildə əhəmiyyət daşayır.
Maraqlıdır ki, hazırda Paşinyan hakimiyyəti üçün yeni daxili problem yaradıb. Rəsmi İrəvan hesab edir ki, Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilər xarici ölkələrin əlində alətə çevrilə bilər. Paşinyan hakimiyyətinin təmsilçiləri eyham vururlar ki, xüsusilə də, Rusiyanın Qarabağ ermənilərindən Ermənistanda çevriliş planlarını reallaşdırmaq imkanları mövcuddur. Və “Qarabağ klanı” bu narazı təbəqəni öz siyasi maraqlarına alət etməyə çalışarsa, onun arxasından Kremlin “barmaq izləri”ini axtarmaq qətiyyən məntiqsiz görünməyəcək.
Erməni separatçıların İrəvan otellərindən birində keçirdiyi gizli toplantıdan sonrasa, Paşinyan hakimiyyətinin narahatlığı daha da artıb. Belə ki, Paşinyan hakimiyyətinə yaxın Ermənistan media qurumları Qarabağ ermənilərinin iştirakı ilə hökumət əleyhinə yeni koalisiyanın qurulmasının planlaşdırıldığını iddia edib. Əgər, “Qarabağ klanı” da daxil olmaqla, Paşinyan hakimiyyətinə müxalif olan siyasi qüvvələrin belə koalissiyası Ermənistanda daxili toqquşmaları qaçılmaz edə bilər. Çünki indi onların Qarabağdan könüllü Ermənistana köçən ermənilərin timsalında yeni və daha təhlükəli “zərbə qüvvəsi” də var.(Yeni Müsavat)
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- ABŞ-da tez-tez Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı iddialar səsləndirilir. Bəzi nüfuzlu nəşrlərlə yanaşı, Lemkin İnstitutu da belə bir iddia ilə çıxış edib, hətta ABŞ Dövlət Departamenti buna münasibət də bildirdib. Sizcə, bu şübhəli iddiaların alt qatlarında nələr var?
- Əslində, bu məsələni bir neçə aydır gündəmdə saxlamağa çalışırlar. Azərbaycan ordusunun zərgər dəqiqliyi, yüksək peşəkarlıq və heç bir ciddi qanun pozuntusuna yol vermədən apardığı antiterror tədbirləri ermənilərin və Ermənistanın “Azərbaycana qarşı sərt tədbirlərin görülməsi” ilə bağlı təbliğatını puça çıxardı.
İndi onlara “yeni hekayə” lazımdır, bu da ondan ibarətdir ki, guya Azərbaycan Ermənistana hücum edəcək. Bu iddia fonunda Azərbaycana qarşı mənfi atmosferi davam etdirməyə çalışırlar. Çünki bu, Qarabağ məsələsində alınmadı, qondarma qurum özünü buraxdı. İndi Azərbaycan Qarabağda doğulan və orada yaşayan ermənilərin qalıb yaşamaları ilə bağlı hüquqi, təhlükəsizlik və digər zəmanətləri verir. Yəni bu məsələni şişirtmək mümkün deyil. Nəticədə “yeni hekayə” yaradıb beynəlxalq səviyyədə Azərbaycana qarşı böyük təzyiqlərin edilməsinə nail olmağa çalışırlar.
Azərbaycan prezidenti və rəsmiləri dəfələrlə bildiriblər ki, belə xəbərlərin əsli-astarı yoxdur. Bu iddiaları da Zəngəzur dəhlizi məsələsi üzərindən gündəmə gətirirdilər. Azərbaycanın dəhlizlə bağlı İranla anlaşması bunun gündəmdən düşməsindən xəbər verir. Azərbaycan bu iddialarının heç bir əsasının olmadığını bu yolla sübut etdi.
Azərbaycan Ermənistan üzərindən də yolların açılmasına çalışır və bununla bağlı İrəvanla ümumi razılaşmalar var. Üç prinsipin razılaşdırılığını, bunlardan birinin kommunikasiyalarla bağlı olduğunu hər iki tərəf bəyan edib. Mümkündür ki, ilin sonuna qədər bu məsələlərlə bağlı ilkin protokollar imzalansın.
Ona görə də, bu kimi iddiaların yenidən gündəmə gətirilməsini bəzi Qərb dairələrinin və ya erməni lobbisinin Azərbaycana qarşı təsir rıçağı kimi istifadə etmək cəhdləri kimi dəyərləndirirəm.
- Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası genişləndiriləcək. Birliyə üzv 27 ölkənin hamısı, üstəlik Kanada da Ermənistana müşahidəçi göndərəcək. Bu nə ilə əlaqəlidir?
- Bunun birbaşa Azərbaycana heç bir aidiyyəti yoxdur. Bu, daha çox Rusiya ilə Ermənistan arasındakı çəkişmənin göstəricisidir.
Ermənistan bu addımları “Rusiya bizi qorumadı, bizə yeni təhlükəsizlik çətiri lazımdır” konsepsiyasını gücləndirmək üçün atır. Ermənistan müstəqil dövlətdir, öz ərazisinə kimi istəyirsə, dəvət edə bilər. Yəni missiyanın sayının artırılması və yeni ofisinin açılması Ermənistanla Azərbaycan arasındakı fikir ayrılığından xəbər vermir. Bu, Rusiya ilə Ermənistan arasında fikir ayrılıqlarının dərinləşməsinin göstəricisidir.
Elə buna görə də bu kimi addımlar ən sərt reaksiyalar Bakıdan yox, Moskvadan gəlir. Yəni bunu Ermənistanın yeni təhlükəsizlik çətiri axtarışının təzahürü kimi dəyərləndirmək olar.
- Bəs bu mülki missiyanın hərbiləşdirilməsi ehtimalı nə qədərdir?
- Hələlik sıfıra bərabərdir. Rusiyanın Ermənistanda qoşunları və hərbi bazaları var, onlar üstün mövqedədirlər. Həmişə Gümrüdən danışırlar, amma Rusiyanın Ermənistanda əlavə iki bazası, poliqonları var. Ermənistanda minlərlə hərbçisi, tankı-topu, helikopterləri, qırıcıları mövcuddur. Ermənistan sərhədlərini hələ də Rusiya qoruyur.
Belə bir şəraitdə Avropanın silahlı missiyasının Ermənistanda yerləşdirilməsi mümkün deyil. Yeri gəlmişkən, Avropa Birliyinin belə bir səlahiyyəti də yoxdur. BMT, NATO çərçivəsində hərbi missiya ola bilər, Avropa Birliyi səviyyəsində isə yox.
Ayrı-ayrı ölkələr, məsələn, Fransa Ermənistanla razılaşdırıb hərbi birlik göndərə bilər. Amma indiki məqamda bu ehtimalı da aşağı hesab edirəm. Çünki Rusiyanın baş verənlərə reaksiyası həddindən artıq sərtdir. Mariya Zaxarova ötən həftə bildirmişdi ki, bu missiya Azərbaycan yox, İran və Rusiyaya qarşıdır. Onun sözlərinə görə, missiyanın işi bu ölkə ilə bağlı kəşfiyyat məlumatı toplamaqdır.
Bunun özü göstərir ki, Azərbaycan bu məsələdə doğru mövqe tutub, yəni bunun ona aid olmadığını açıqlayıb. İndi Azərbaycan ona aid olmayan məsələyə niyə sərt reaksiya verməlidir?
- Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistana niyə gəlir? Bu, son zamanlarda Almaniyanın regiondan keçən nəqliyyat xətlərinə artan marağı ilə bağlı ola bilərmi? Məsələn, Kansler Olaf Şolz bir müddət əvvəl Mərkəzi Asiya liderləri ilə Cənubi Qafqazdan da keçən bu xətləri (Orta Dəhliz) müzakirə etmişdi.
- Berbokun Azərbaycanla, Qarabağda baş verən son hadisələrlə bağlı həqiqəti əks etdirməyən bəyanatları olmuşdu. Çox güman ki, indi bunu “ütüləməyə” gəlir. Yəni bu səfəri Azərbaycanla münasibətləri normallaşdırma, siyasi müstəvidə sakitlik yaratma cəhdi kimi dəyərləndirmək olar. Əlbəttə, Almaniya həm də bölgədə sülhyaratma prosesindəki rolunu da artırmağa çalışır.
Avropa Birliyi kənardan birlik modeli kimi görünsə də, orada təmsil olunan ölkələrin hər birinin öz maraqları var. Fransa da bu səbəbdən aktivdir. Britaniya çoxdan oturuşmuş mövqeyə malikdir, Azərbaycanı dəstəkləyir. Bunlar da Almaniyanı kənarda qalmamağa sövq edir. Çox güman ki, Almaniyanın “Fransa aktivdirsə, mən niyə passiv dayanım?” yanaşması da var.
Əlbəttə, Almaniyanın bölgədən keçən kommunikasiyalarla bağlı maraqları da mövcuddur. Avropa Birliyi ölkələrinin Çinlə ticarət dövriyyəsinin həcmi 1 trilyon dollara yaxındır. Bunun böyük hissəsi Almaniyanın payına düşür. Buna görə də, Almaniya çoxşaxəli yolların olmasında maraqlıdır ki, Azərbaycan da burada önəmli – logistik mərkəz rolunu oynaya bilər.
- Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana səfəri Azərbaycanla bağlı maraqlı bir ehtimalı gündəmə gətirib. Bu da Fransanın Qazaxıstandan alacağı uranı təhlükəsiz formada daşıması məsələsi ilə bağlıdır. Bunun üçün ən uyğun və qısa yolun Azərbaycandan keçdiyi məlumdur. Necə düşünürsünüz: Fransa bu amili nəzərə alıb Azərbaycanla münasibətlərində yumşalma xəttini tuta bilərmi?
- Ritorik olaraq, Fransa siyasətçilərinin və Makronun Azərbaycana qarşı açıqlamaları qəbuledilməzdir. Amma qərarlar, hansısa sənədlər üzərindən ciddi gərginlik yoxdur.
Bəli, ritorikaları qəbuledilməzdir, həqiqəti əks etdirmir, qərəzlidir, Ermənistana daha yaxın mövqedir. Bu, Fransanın bütün siyasətçilərinin açıqlamalarında görünür. Amma qərarlara, tətbiqlərə baxanda, elə bir problem görünmür. Əksinə, Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi artır.
Azərbaycan bu yaxınlarda Fransadan təyyarələr alıb. Azərbaycan “Abşeron” qaz yatağında operator kimi “Total” şirkətindən razılığını bildirib. Yəni siyasi ritorikanı kənara qoysaq, münasibətlərdə kəskinləşmə dövrünün olduğunu söyləmək çətindir.
İndi yeni situasiya yaranıb. Fransa Avropa Birliyi ölkələri arasında ən çox atom elektrik stansiyası (AES) olan və bu yolla ən çox elektrik enerjisi istehsal edən ölkədir. Öz tələbatının yarıdan çoxunu bu AES-lər vasitəsilə ödəyir. Son dövrlərə qədər bu stansiyalar üçün Niger, Mali və digər Afrika ölkələrindən xammal (uran) alınırdı. Amma indi Fransa Afrikadan qovulur. Bu ölkələrdə baş verən çevrilişlər, Rusiya, daha çox isə Çinin bu proseslərin arxasında durması ehtimalı Fransanı uran üçün yeni mənbələr axtarışına çıxarıb. Qazaxıstan da uran istehsalı və ixracat potensialına görə dünyada ilk üçlükdədir.
Amma bunun təhlükəsiz formada daşınması Azərbaycandan keçən yollarla mümkündür. Çünki artıq Bakı və Aktauda qurulmuş hazır infrastruktur var. Aktau limanından Bakıya gətirilən mallar Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya çatdırıla bilər. Əlbəttə, bu ehtiyac Fransanın ritorik olaraq da Azərbaycana qarşı münasibətinin dəyişməsinə səbəb ola bilər.
Təkcə bu məsələlər deyil, ümumiyyətlə, Fransa postsovet məkanında aktivləşmə dönəmini yaşayır. Fransa hesab edir ki, Rusiya zəifləyib bölgələrdən çıxdıqca Fransa bu yerləri tuta bilər. Bu siyasəti həm Ermənistan, həm də Mərkəzi Asiyada yürütməyə çalışır. Yəni məsələyə bu kontekstdə də baxmaq olar.
Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Axar.az xəbər verir ki, bu barədə general “Firstpost.com” saytında dərc olunan məqaləsində bildirib.
Kumar yazıb ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın milli maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə” kömək etməyə hazırdır:
“Silahlı qüvvələrin strukturu, təşkili, komandanlıq və nəzarət sistemi, hərbi əməliyyatların texnikası, doktrinası və taktikası, eləcə də ordunun ruhu daha önəmlidir: Bəlkə də bu səbəblər Ermənistanın 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirmişdi.
Ona görə də Ermənistanın müdafiə qüvvələrinin güclü və zəif tərəflərini yenidən qiymətləndirməsi zəruridir. Bu, onlara təkmilləşdirməyə ehtiyacı olan sahələri müəyyən etməyə kömək edəcək. Yaxşı olar ki, Ermənistan hansısa etibarlı ölkənin köməyindən öz müdafiə qüvvələrini gücləndirmək, o cümlədən onları döyüşə hazır vəziyyətə gətirmək üçün istifadə etsin. Və Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün seçim ola bilər”.
Kumarın fikrincə, IATT təlimatçılarının Ermənistanda yerləşdirilməsi bir neçə səbəbə görə vacibdir ki, bunlardan biri də Ermənistanın həm Naxçıvan, həm də Azərbaycanın əsas ərazisi ilə həmsərhəd olmasıdır. Ona görə də Zəngəzur dəhlizində hərbi əməliyyatlar başlasa, Ermənistan iki cəbhədə vuruşmalı olacaq:
“Dünyada indiki coğrafi münaqişədə Ermənistana kömək etmək üçün Hindistandan yaxşı ölkə ola bilməz”.
Kumar bir neçə ölkədə öz strukturlarını qurmuş və bunu Ermənistanda uğurla həyata keçirə bilən IATT təlimatçılarının “təcrübəsindən” bəhs edib. Generalın sözlərinə görə, Hindistan və Ermənistanın milli maraqları üst-üstə düşdüyü üçün İrəvandan hərbi dəstək üçün istənilən müraciət Dehlidə müsbət qarşılanmalıdır.
Kumar iddia edib ki, IATT-nin dəqiq strukturu, rolu və məqsədləri iki ölkə arasında qarşılıqlı məsləhətləşmələr əsasında müəyyən edilsə də, bəzi komponentlər aşağıdakı kimi ola bilər:
- struktur Ermənistanın tələb etdiyi hərtərəfli dəstəyi təmin etmək üçün adekvat olmalıdır;
- Ermənistan istəsə, bu qrup da Ermənistanın müdafiə qüvvələrini silahlandırmaq üçün güc strukturu və texnika təklif edə bilər. Ermənistanın üzləşdiyi təhlükələrin dərk edilməsinə uyğun olaraq, onlara hərtərəfli və qətiyyətlə cavab vermək üçün strukturlar mümkün qədər səfərbər edilməlidir.
Aşok Kumar xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın silah ixracatı imkanları xeyli azalıb və bu vəziyyətdə Hindistan Ermənistanın müdafiə qüvvələri üçün müdafiə avadanlığının əsas təchizatçılarından birinə çevrilir:
“Ermənistanın tələbi ilə IATT təlimatçıları bütün mümkün sahələr üzrə zabitlər, eləcə də hərbi mütəxəssislər yetişdirə bilərlər, optimal nəticələr əldə etmək üçün onlar Ermənistan Müdafiə Qüvvələrinin təlim infrastrukturu və təlimatçıları ilə əməkdaşlıq edəcəklər. Xüsusilə, pilotsuz təyyarələr və s. kimi avadanlıqlar üzrə təlim keçilməlidir”.
General İATT-nin Ermənistan ordusunun real döyüş şəraitində hərtərəfli hazırlığının təşkilində iştirak etməsini də vacib sayıb.
Xəbər verdiymiz kimi noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
Görüşdə dövlət və hökumət başçıları çıxış ediblər.
Sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev görülən işlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, ötən dövr ərzində müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub.
Daha sonra Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı.
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamlayıb.
Dövlətimizin başçısı Zirvə görüşündə çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli Kasım-Jomart Kemeleviç, hörmətli dövlət və hökumət başçıları, əziz dostlar.
İlk növbədə, qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edir və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıram. Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibəti ilə qardaş Özbəkistanı təbrik edirəm.
Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son iki ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.
Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilib. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.
Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.
Birgə sərmayə fondlarının yaradılması prosesi başlayıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızstan İnkişaf Fondu yaradılıb.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb.
Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Hörmətli həmkarlar, əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.
Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulub. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan edib, tarixi və dini abidələrimizi dağıdıb və təhqir edib.
Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.
Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi.
2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.
2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkisi” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.
2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması altı mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq edib.
Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən yeddi milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.
Biz “Böyük Qayıdış” proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri - Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.
Əziz dostlar, biz böyük türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.
Təşəkkür edirəm.
***
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü keçirilir.
“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün iştirakçıları salamlayıb.
Açılış nitqində Qazaxıstan Prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.
***
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçirilir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.