|
Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.
Təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb.
Təlimin növbəti mərhələsi idarəetmə məntəqələrinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib.
Praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, döyüş fəaliyyətlərinin gedişində artilleriya və hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti ərazidə məşq etdirilib.
Taktiki fəaliyyətlərin praktiki icra mərhələsində artilleriya bölmələri düşmənin ön xətt və dərinlikdə yerləşən mövqelərinə praktiki atışları icra ediblər.
Artilleriyanın döyüş atışlarından sonra xüsusi təyinatlı qruplara düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın tapşırığı verilib. Xüsusi təyinatlılarımız pilotsuz uçuş aparatları ilə mövqelərə zərbələr endirdikdən sonra basqın fəaliyyətinə başlayıblar.
Mövqelərə hücum zamanı müdafiədə olan bölmələrini gücləndirmək və irəliləyən bölmələrimizin hücumlarını dayandırmaq üçün hərəkətdə olan şərti düşmənin mexanikləşdirilmiş bölməsi xüsusi təyinatlı qruplar tərəfindən pusquya salınaraq məhv edilib.
Mürəkkəb və çətin dağlıq relyefdə yerləşən düşmən mövqelərinə hücum edən xüsusi təyinatlılar sızma və dağdan enmə faəliyyətlərini icra edərək mövqeləri ələ keçirib və düşmənin canlı qüvvəsini məhv ediblər.
Komanda-qərargah təliminin sonuncu mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb. Yekunda bildirilib ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na əsasən keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.
“Azərbaycanın 2020-ci il müharibəsində qələbəsindən dərhal sonra regionda postmüharibə dövründə sülh şəraitində birgəyaşayış planlarının qurulmasına başlanıldı. Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması barədə danışıqlar onları daha da stimullaşdırır. Heç kim ölkələr arasında sıx əməkdaşlıq gözləmir, amma ümid var ki, onlar heç olmasa, bir-birlərinə öz ərazilərindən tranzit keçirməyə icazə verəcəklər”.
Bu barədə “Forbes.ru”da dərc olunan məqalədə qeyd olunub.
Nəşr yazır ki, azərbaycanlıların Naxçıvana və Türkiyəyə çıxışa ehtiyacı var: “Ora getməyin ən asan yolu Ermənistan ərazisindən keçən sovet dəmir yolunu bərpa etməkdir, lakin ermənilərin Rusiyaya başqa çıxış yolu lazımdır və onu əldə etmək üçün Azərbaycandan başqa heç bir yol yoxdur. Düzdür, hər yerdə olduğu kimi, bu məsələdə də güclülərin hökmranlığı öz işini gördü və ilkin olaraq müzakirə edilən bütün kommunikasiyaların blokunu açmaq əvəzinə, de-fakto yalnız bir infrastruktur layihəsi - Azərbaycandan Ermənistan ərazisindən keçməklə Naxçıvana Zəngəzur dəhlizi layihəsi müzakirə olundu”.
“Forbes”in yazdığına görə, Bakı istənilən vasitədən isifadə edib Zəngəzur dəhlizinin açılmasında israrlıdır.
“Lakin Azərbaycan prezidentinin köməkçisi Hacıyevin Ermənistandan keçən marşrutun “Bakı üçün cəlbediciliyini itirdiyini” və əvəzində İran vasitəsilə həyata keçirilə biləcəyini deməsi, daha təəccüblü oldu.
İran ərazisindən yolun çəkilməsi ehtimalı əvvəllər də müzakirə edilmişdi, lakin bu söhbətlər ciddi qəbul edilmədi. Çünki bu halda Bakının Ermənistana təzyiq etmək bacarığı hesab edilən əsas motivlərindən biri aradan qalxır. Bakı öz ritorikası ilə nümayiş etdirdi ki, ona təkcə tranzit marşrutu yox, İrəvanın nəzarəti olmayan tranzit marşrutu və daha uzunmüddətli məqsəd kimi azərbaycanlıların Ermənistanın cənubuna köçürülməsi lazımdır. Bu kontekstdə Bakının İrandan keçən dəhlizə razılığı İrəvana güzəşt kimi görünür.
Azərbaycanın Ermənistan ərazisindən keçən yolu çəkməkdən imtina etməsinin Moskvada belə asanlıqla qəbul edilməsi də təəccüblüdür. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bunu Rusiyanın maraqları baxımından heç bir fərq olmadığı kimi şərh edib.
Əslində, hər şey bu qədər sadə deyil. Ermənistan dəmir yolları Rusiya Dəmir Yolları strukturunun bir hissəsi olduğundan və Ermənistanın İranla sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunduğundan, bu, Rusiyaya yeni nəqliyyat arteriyası üzərində nəzarəti verəcək. Əgər yol Arazın o biri sahilindən keçirsə, onda bütün bu sxem işləməyi dayandırır. İran hazırkı şəraitdə təbii ki, Rusiyanın mühüm tərəfdaşıdır. Amma onun Ermənistandan da yaxınlaşacağını təsəvvür etmək hələ ki mümkün deyil”, - nəşr yazıb.
Nəşr onu da qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 26-da Tiflisdəki çıxışını da çox gözlənilməz adlandırmaq olar, burada o, regiona baxışını nümayiş etdirmək qərarına gəlib:
“Böyük ekranda Ermənistanın xəritəsi göstərilib, ondan dörd ox Qara dənizə, Xəzər dənizinə, Aralıq dənizinə və Fars körfəzinə doğru çıxır. Paşinyan tranzitin hansı prinsiplər əsasında həyata keçiriləcəyini də təklif edib və onlar İrəvanın bu məsələ ilə bağlı bütün narahatlığını lakonik şəkildə əks etdirib.
Bütün bunlar gözəl səslənir, lakin bu, yalnız o halda işləyə bilərdi ki, Ermənistan-Azərbaycan, Rusiya və Türkiyə tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilsin. Lakin bu, heç də belə deyil. Hər üç oyunçunun özləri üçün daha yaxşı şərait yaratmaq imkanı var və onlar buna nail olmağa çalışacaqlar. Eyni zamanda, İrəvanın dörd dənizə və iki okeana eyni dərəcədə rahat çıxış əldə etmək ideyası yalnız özünə lazımdır. Erməni politoloqu Sergey Melkonyanın qeyd etdiyi kimi, Naxçıvan ticarət yollarının kəsişməsi kimi kifayət qədər münasibdir, Ermənistan isə dörd sərhəddən ikisi açıq olan nəqliyyat dalana dirənib.
Ancaq hətta bu seçim digərinə nisbətən cəlbedici görünə bilər, həm də mümkündür. Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə ehtiyacı qalmayan Azərbaycan prinsipcə, İrəvanla sülh müqaviləsindən imtina edə bilər. Onda Ermənistanda vəziyyət tamamilə acınacaqlı olacaq. Nəqliyyat kommunikasiyaları yoxdur, Qarabağ yoxdur, Rusiya ilə münasibətlər korlanıb, Azərbaycanla sərhəddə də hər şey eyni dərəcədə təhlükəlidir.
Bu şəraitdə İrəvanın edə biləcəyi yeganə şey Gürcüstan və İranla əlaqələri gücləndirməkdir. Hansı ki, o, bacardığı qədər edir.
Ermənistan üçün nisbətən yaxşı və eyni zamanda o qədər də fantastik olmayan ssenari - beləliklə, yalnız bir ssenari qalıb: onun rəhbərliyi altında Azərbaycan uğurla İrandan Naxçıvana dəhliz yaradır və buna baxmayaraq, Ermənistanla bir-birinin ərazi bütövlüyünün tanınması da daxil olmaqla, kommunikasiyaların bloklanmasını nəzərdə tutmayan bir növ saziş imzalayır. Belə olan halda İrəvan Türkiyə ilə sərhədi açmaq imkanı əldə edir. Ankaradan gələn siqnallar isə göstərir ki, birbaşa yolun açılması yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Digər tərəfdən, artıq belə bir presedent var idi ki, Azərbaycan 2009-cu ildə Ermənistanla Türkiyənin yaxınlaşmasına birbaşa müdaxilə etdi və prinsipcə, heç nə İlham Əliyevə bunu təkrarlamağa mane olmur”.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.
"Dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxundu.
Dövlətimizin başçısı beynəlxalq səviyyədə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunaraq, Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd etdi.
Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırdı, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd etdi. Qonaq Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğuladı.
Asim Munir Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Otuz illik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Abdelmacid Tebbuna və qardaş Əlcəzair xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirən dövlətimizin başçısı əlavə edib: “Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə etmiş və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirmişdir”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
Dövlətimizin başçısı müraciətində Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını vurğulayıb, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyduğunu diqqətə çatdırıb, Fransa kolonializminin utancverici yeni metodlarının bu gün də davam etməsindən təəssüfünü bildirib. Prezident İlham Əliyev, eyni zamanda, Fransanın dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri olduğuna, Azərbaycanın mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutduğuna diqqət çəkib.
Dövlət başçısı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlətimizin başçısının, eyni zamanda, Azərbaycanın beynəlxalq proseslərdə oynadığı mühüm rolun, o cümlədən dünyada kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər edilməsinə, bəşəriyyətin rifahı, dünyanın kolonializmdən xilas olması məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin əyani təzahürüdür.
Ötən günlərdə Rusiya hərbi kontingentinə məxsus texnikaların Qarabağ bölgəsindən çıxarıldığı əks etdirən görüntülər yayıldı.
Yayılan videolara əsasən deyirlirdi ki, sülhməramlılar Azərbaycanı sürətləndirilmiş templə tərk edirlər.
Həmin görüntülər müxtəlif ərazilərdə qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyinin sonuncu bəyanatında deyilir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya kontingentinin rotasiyası başa çatır.
Bildirilib ki, hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilib.
Rusiya tərəfinin rəsmi açıqlamada rotasiyanın aparıldığını, yəni yerdəyişmənin olduğunu bəyan etsə də, gedən texnikaların əvəzinə gətirilənləri göstərən informasiya və video mövcud deyil.
Görüntü və bəyanatlar onu deməyə əsas verir ki, RSK-nin Azərbaycandakı missiyası tezliklə sonlanacaq.
Bundan əvvəl Qarabağda yerləşmiş sülhməramlılara məxsus bir neçə post ləğv olunub.
Xatırladaq ki, bir çox yerli ekspertlər Azərbaycan ordusunun 24 saatlıq antiterror əməliyyatından sonra əldə etdiyi nəticəyə əsasən bildirir ki, RSK-nin Qarabağ bölgəsində qalması əhəmiyyətini itirib. Onların vaxtından əvvəl Azərbaycanı tərk edəcəyi söylənilir. Erməni ekspertlər də bu yöndə eyni fikirlə çıxış edir.
Hətta Kremlə yaxınlığı ilə tanınan erməni bloger Mika Badalyan bir ay öncə bildirmişdi ki, Rusiya sülhməramlı kontingenti 2023-cü il noyabrın 1-dək Qarabağı tamamilə tərk edəcək.
Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması hazırda əsas müzakirə mövzusudur. Cənubi Qafqazın gündəm mövzusuna çevrilən bu məsələ ətrafında kifayət qədər mübahisə doğuran məqamlar da mövcuddur. Və bu baxımdan, iki önəmli ziddiyyətli məqam xüsusi olaraq, diqqəti çəkir.
Birinci önəmli məqam Cənubi Qafqazın sülh masasında yekun hüquqi sənədin nə vaxt imzalana biləcəyi ilə birbaşa bağlıdır. Rəsmi İrəvan hər imkanda yekun sülh sazişinin bu ilin sonuna qədər imzalanma ehtimalının yüksək olduğunu qabardır. Halbuki, rəsmi İrəvan analoji iddialarla ötən ilin sonlarında da çıxış edirdi. Və həmin iddialar hələ də reallaşmayıb.
Məsələ ondadır ki, rəsmi İrəvan bütün problemlərin həllini yalnız Ermənistana məqbul şərtlərə uyğun manipulyasiya etməyə cəhd göstərir. Ona görə də, sadəcə, üç prinsip üzrə anlaşmanın yekun sənəd üçün yetərli hesab edir. Çünki rəsmi İrəvan anlaşma tələb edən mövzuların sayının artırılmasından ciddi şəkildə qorxur. Və bunun Ermənistanın sülh masasında siyasi-diplomatik məğlubiyyətinin daha da dərinləşmə təhlükəsi olaraq, qəbul edir.
Ancaq rəsmi Bakının Paşinyan hakimiyyətinin can atdığı yarımçıq məzmun daşıyan və gələcək üçün yeni problemlər vəd edən qüsurlu sülh sənədinə imza atmağa həvəsli olacağı qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla rəsmi Bakı elə bir sülh sazişinə üstünlük verəcək ki, həmin sənəd keçmişdən gələcəyə hər hansı hüquqi problem buraxmasın və həm də bu səbəbdən yenilərini də yaratmasın. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının beş şərtinin mütləq razılaşdırılması lazım gələcək.
Göründüyü kimi, Paşinyan hakimiyyətinin israr etdiyi sülh sazişinin məzmunu indiki halda, qətiyyən tamamlanmış ola bilməz. Rəsmi İrəvan Azərbaycanın irəli sürdüyü beş baza prinsipini mütləq qəbul etməli olacaq. Əks halda, bu ilin sonuna yönəlik sülh sazişinin imzalanması ilə bağlı iddialar sadəcə, Paşinyan hakimiyyətinin ötən ilki analoji ehtimallarının sonrakı taleyini təkrarlaya bilər.
Təbii ki, bütün bunlar həm də Cənubi Qafqazda sülh prosesinin gələcək taleyinin Ermənistandan və onun beynəlxalq himayədarlarından asılı olmadığını birmənalı şəkildə təsdiqləyir. Yəni, bu məsələ ilk növbədə rəsmi Bakının verəcəyi yekun qərardan birbaşa asılıdır. Və rəsmi İrəvan bu reallığı Ermənistanın beynəlxalq himayədarlarının dəstəyi ilə dəyişə bilməz.
Hazırda yaranmış situasiyanı nəzərə aldıqda isə rəsmi Bakının beynəlxalq hüquq normalarına uyğun konkret hədəfləri mövcuddur. Azərbaycan tərəfi mütləq həmin hədəflərin reallaşmasında israrlı davranır. Yəni, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına hansı beynəlxalq vasitəçinin arbitrlik etməsi də rəsmi Bakı üçün prinsipial əhəmiyyət daşımır. Əsas məsələ ondan ibarətdir ki, imzalanacaq yekun sülh sazişinin məzmunu məhz Azərbaycanın beş baza prinsipini tamamilə ifadə etməlidir. Bu baxımdan, imzalanacaq yekun sənədin məzmunu rəsmi Bakı tərəfdən müəyyən ediləcək və Azərbaycanın maraqlarına uyğun olacaq.
Burada rəsmi Bakının əlini gücləndirən əsas məqam ondan ibarətdir ki, hazırda Azərbaycan üçün yekun sülh sənədi ilk prioritet sayılmır. Rəsmi Bakı onsuz da Azərbaycanın hədəflərini maksimum səviyyədə reallaşdırmağa nail olub. Zamanın uzanması isə Azərbaycana deyil, məhz Ermənistana yeni problemlər və əlavə təhlükə ehtimalı yaradır. Deməli, Paşinyan hakimiyyətinin tələsməsini vacib edən faktorlar mövcuddur və onlar durmadan artır. Və hətta yekun sülh sazişinin imzalanacağı yer belə, Ermənistan üçün ciddi problemə çevrilməyə başlayıb.
Məsələ ondadır ki, rəsmi Bakı son vaxtlar çevik siyasi-diplomatik manevrlər ilə Ermənistanın beynəlxalq himayədarlarını oyundan kənar vəziyyətə salmağı bacarıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Qranada görüşündə iştirak etməməklə, Fransanı Qafqaz masasından kənarlaşdırdı. İndi isə Brüssel görüşü baş tutmadı. Düzdür, bunu həm Qərb, həm də rəsmi Bakı vaxtın çatışmazlığı ilə izah etdilər. Ancaq buna baxmayaraq, daha ciddi səbəblərin ola biləcəyi də qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Qafqaz masasından qovulan Fransa Brüssel prosesinə də ciddi şəkildə müdaxilə etməyə başlamışdı. Rəsmi Bakı son vaxtlar Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyasından məmnun olmadığını gizlətmirdi. Və bu dəyişiklikdə Fransanın səhnəarxası məkrli oyunlarının təsiri olmamış deyildi. Eyni zamanda, Fransanın təsiri altında olan Avropa qurumlarının Azərbaycana qarşı qərəzli davranışları da rəsmi Bakını narazı salmış ola bilərdi.
Ona görə də, indiki situasiyada Cənubi Qafqazda sülh prosesinə neytral mövqedən yanaşmadığı şübhə doğurmayan Avropa qurumlarının vasitəçiliyi qətiyyən məqbul deyildi. Yəni Brüssel platforması artıq Fransanın təsir dairəsinə düşdüyündən Azərbaycan üçün alternativ variant daha sərfəli ola bilərdi. Və bu baxımdan, rəsmi Bakının Fransanı Qafqaz masasından tamamilə uzaqlaşdırmaq üçün Brüssel platformasına daha ehtiyatlı yanaşma ehtimalı da inandırıcı görünür.
Belə vəziyyətdə isə dərhal ön plana Rusiyanın vasitəçilik missiyası çıxmış olur. Hər halda, Azərbaycan və Ermənistan arasında bu proses məhz Kremlin arbitrliyi ilə başlamışdı. Ancaq sonradan Ermənistanın Rusiyanın vasitəçiliyindən uzaqlaşmaq cəhdləri ilə Kreml bu prosesdə təşəbbüsü Brüsselə uduzmuşdu. İndi isə Rusiya yenidən arbitr statusunu qaytara biləcəyinə ümid etməyə başlayıb. Çünki yekun sülh sazişinin imzalanmasına birbaşa vasitəçilik edən tərəf sonradan Cənubi Qafqazda müəyyən regional iştirak imkanları da qazanmış olacaq.
Ancaq müşahidələr onu göstərir ki, beynəlxalq mərkəzlər arasında balansın qorunmasına üstünlük verən rəsmi Bakı sülh prosesinin Cənubi Qafqazın daxilində yekunlaşdırılması mexanizmləri üzərində düşünməyə başlayıb. Bu, həm də yaxın gələcəkdə Cənubi Qafqaza yönəlik kənar müdaxilə "pəncərə"lərini qapatmaq imkanı da aça bilər. Və bu, Azərbaycanın regional siyasi iradəsini daha da möhkəmləndirilməsinə münbit şərait yarada biləcək məqamdır.
Təbii ki, bu halda, Gürcüstan Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün ən uyğun məkan sayıla bilər. Yəni, sülh sazişinin məzmunu hər hansı kənar vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında birbaşa təmaslarla razılaşdırılmalıdır. Bu prosesin sonunda isə Azərbaycan və Ermənistan Gürcüstanın paytaxtı Tiflis şəhərində yekun sülh sazişini imzalaya bilər. Və nəticədə Cənubi Qafqaz bu regionda problem yaradan kənar güclərin kobud müdaxiləsinə qarşı müqavimət üçün immunitet qazanmış olar.
“Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi ilə bağlı beynəlxalq simpozium keçirilə bilər”.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxış edib.
“Yalnız Ermənistanda deyil, eləcə İranda - Güney Azərbaycanda da yer adları dəyişdirilib. Fikrimcə, bununla bağlı beynəlxalq simpozium keçirilə və bu yerlərin əsl adı, eyni zamanda azərbaycanlılara məxsus olduğu dünya ictimaiyyətinin diqqətinə çatdırıla bilər. Qərbi Azərbaycana qayıdış o demək deyil ki, biz zor gücünə qayıdacağıq. Oradakı adların yaşadılmasının bir yolunu tapmalıyıq. Hesab edirəm ki, biz mütləq bu torpaqlara qayıdacağıq”, - o qeyd edib.
“Azərbaycan Prezidentinin köməkçisi açıq şəkildə bildirdi ki, Bakı bundan sonra Ermənistanı Zəngəzur dəhlizinin açılmasından ötrü dilə tutmayacaq”.
Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinin müxbiri ilə söhbətində Avropaya İnteqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasına münasibət bildirərkən söyləyib.
“Azərbaycan İrəvana mesaj verdi ki, sövdələşmə daha məqsədəuyğun deyil: Ermənistan öz ərazisindən dəhliz açmasa, Bakı İrandan keçən marşrutdan istifadə edəcək, üstəlik, artıq İran ərazisindən keçən avtomobil yolunun tikintisinə də başlanılıb. Paralel olaraq dəmir yolu da çəkiləcək. Amma bu halda Bakı ilə İrəvan arasında belə bir vəziyyət yarana bilər: nə müharibə, nə sülh. Ermənistan Azərbaycana dəhliz verməyəcək, deməli, Bakı sülh müqaviləsini imzalamağa tələsməyəcək”,- deyə şərhçi bildirib.
"Azərbaycan qoşunlarının iki ölkənin şərti sərhədində dominant yüksəklikləri tutduğunu nəzərə alaraq, Ermənistan daim öz sərhədlərinin qorunmasından narahat olacaq. Bundan başqa, Ermənistanın hələ də nə İran, nə də Rusiya ilə dəmir yolu əlaqəsi olacaq", - deyə Cuvarlı vurğulayıb.
Xəbər verildiyi kimi, son iki gündə Dağıstanda ciddi hadisələr baş verir. JAMAZ.İNFO xəbər verir ki, bir qrup radikal təmayüllü şəxslər hotellər və aeroporta hücum edərək, İsraildən Rusiyaya gələn yəhuidiləri axtararaq, onları cəzalandıracaqlarını bəyan ediblər.
Dünən axşam saatlarında Mahaçkala aeroportuna edilən hücum, hətta “cəza dəstələri”nin uçuş zolağına qədər daxil olması hadisələrin getdikcə şiddətlənə biləcəyindən xəbər verir. Bu əsnada onu da bildirək ki, Rusiya Federal Qvardiyası artıq Dağıstana yerildilib və onlar strateji obyektlərin mühafizəsini həyata keçirməyə başlayıblar. Dünən aeroportda isə etirazçılarla toqquşma da baş verib, saxlanılanlar var.
JAMAZ.İNFO xəbər verir ki, Dağıstanda bir qrup şəxs bu gün üçün aksiya təyin edib. “Ümum Qafqaz mitinqi” adı altında keçiriləcək aksiyanın təşkilatçıları Şimali Qafqaz respublikalarına da onlara qoşulmaq üçün müraciət ediblər. Həmin müraciətdə bildirilir ki, aksiyanın təşkilatçıları yəhudilərin bölgəyə gəlişini önləmək və son hadisələr zamanı saxlanılanların azad edilməsi tələbi ilə təşkil olunur.
Hadisələrin faktiki gedişatı ilə bağlı çoxlu versiyalar mövcuddur. Bəzi yanaşmalara görə, bütün bunlar Rusiya xüsusi xidmət orqanları tərəfindən məqsədli şəkildə həyata keçirilir. Bu versiyaların tərəfdarlarını qənaəti budur ki, israilin baş naziri Benyamin Netenyahunun Rusiyanı hədələməsi fonunda indiki baş verənlər cavab hesab olunmalıdır. Digər bi yanaşma isə odur ki, Rusiya İsraildən yəhudilərin kütləvi köçünün qarşısını almaq üçün belə bir addım atıb.
Amma fərqli mövqelər də var. Məsələn, bəzi ekspertlər hesab edirlər ki, Dağıstanda baş verənlər Yaxın Şərqdə və dünyada son zamanlar baş verən hadisələrin inikasıdır. Yəni, baş verənlərin əks-sədalarıdır ki, bu da düşünülmüş planın tərkib hissəsidir. Hətta bəzi analitiklər məşhur stratteq Zbiqnev Bjerzinsikinin 90-cı illərin sonlarında işlətdiyi bir ifadəni diqqət mərkəzinə çəkirlər. Bjerzinski çıxışlarının birində qeyd edirdi ki, Rusiyanın dağılması Dağıstandan, yəni Şimali Qafqazdan başlayacaq. Məhz bu yanaşmanı əsas götürən bəzi siyasi ekspertlər mövcud parçalanmanın əsasının qoyulduğunu iddia edirlər.
Qeyd edək ki, Şimali Qafqaz Rusiyanın ən həssas bölgələrindən biri və birincisi hesab olunur. Uzun zamandır siyasi arenada bu bölgənin qarışacağı, toqquşmaların baş verəcəyi və xaosun yaşanacağınına ddair müzakirələr gedirdi. Bu müzakirələr fonunda əsas diqqəti çəkən məqam isə odur ki, Şimali Qafqazda hadisələrin başlaması və idarə olunması üçün mütləq Cənubi Qafqaz Qərbin təsir dairəsində olmalıdır. Hal hazırda Cənubi Qafqazın birmənalı olaraq Qərbin təsir dairəsində olduğunu isə demək çətindir. Çünki Rusiya hələ bölgədədir və buradan xoşluqla çıxmaq barədə düşünmür. Nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstan birmənalı olaraq “Qərb çətiri”nin altına girməyib və yaxın zamanlar üçün də bu real görünmür. Lakin bütün bunlar heç də o demək deyil ki, Qərb Qafqazda mövcud deyil. Mövcuddur, lakin Şimali Qafqazdakı prosesləri idarə edəcək səviyyədə güc sahibi deyil.
Bütün bunların fonunda bizi maraqlandıran əsas məsələ hadisələrin Azərbaycana təsiridir. Aydın məsələdir ki, sərhəddimizdə baş verən istənilən hadisənin ölkəmizə təsiri var. Bu açıq və ya dolayı ola bilər. Şimali Qafqazın qarışması, orada xaosun yaşanması Azərbaycana ticari və siyasi baxımdan zərər vura bilər. Rusiyaya uzanan nəqliyyat yolunun təhlükəli olması ticarət əlaqələrinə birmənalı olaraq ziyan vuracaq. 90-cı illərin sonlarına qədər Çeçenistan hadisələri fonunda bunu bir dəfə şahidi olmuşuq.
Siyasi baxımdan risklər yaradacağı isə hadisələr fonunda Azərbaycanın necə davranacağıdır. Kiçik hadisələr belə Moskva ilə Bakı arasında gərginliklər üçün zəmin yarada bilər. Indiki məqamda isə bu arzuolunmazdır və xoşagəlməz nəticələrlə diqqəti çəkə bilər.
Bəs, təhlükəsizlik baxımından Dərbənddə baş verənlərin Azərbaycana nə kimi təsiri mümkündür? Bu suala birmənalı cavab vermək çətindir. Ona görə ki, hadisələrin hansı məcrada və hansı müddətə uzanacağını müəyyən etmək lazımdır. Təbii ki, bütün bunları nəzərə almaqla yanaşı, bütün ehtimalları dəyərləndirərək, müəyyən addımlar atılmalıdır. İlk növbədə, Azərbaycan tərəfi Rusiya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Bu ona görə lazımdır ki, yaranmış vəziyyətdən sui istifadə edən hansısa kriminal və ya radikal qruplar Azərbaycana keçə bilərlər.
İkinci addım Şimal bölgəsində kompakt halda yaşayan yəhudilərin təhlükəsizliyi üst səviyyəyə qaldırılmalıdır. Qubanın Qırmızı kənd yaşayış məntəqəsində təxribatların mümkün ehtimallarının hamısı nəzərdən keçirilməli və önləyici tədbirlər görülməlidir. Hərçənd Azərbaycanda indiyə qədər yəhudilərə qarşı hər hansı aqressiv hərəkət baş verməyib. Lakin bu rəsmi Bakını arxayın salmamalıdır.
Üçüncüsü, Şimal bölgəmizdə radikal dini qrupların və ya onların təsiri altına düşmüş adamların olması istisna deyil. Zaman içində bu bölgədə sözügedən zəmində bir çox halların yaşandığı da sirr deyil. Bu bölgənin Şimali Qafqazla ciddi əlaqə və bağlarının olmasını da buraya əlavə etsək, o zaman bəzi gümanları dilə gətirə bilərik. Belə ki, Dağıstandakı hadisələrdən təsirlənən bəzi qruplar və ya adamlar analoji hərəkətləri bölgədə edə bilərlər. Buna heç bir şəkildə yol vermək olmaz. Və ya Rusioya xüsusi xidmət orqanlarının Şimal bölgəsini qarışdırmaq üçün cədhlərə baş vur biləcəyini də güman etmək mümkündür.
Ona görə də, Azərbaycan tərəfi diqqətli, ayıq və tədbirli olmalıdır. Bütün mükün təxribatları önləmək üçün hazırlıq görməli, təhlükəsizlik tədbirlərini artırmalıdır. Əks təqdirdə, kiçik bir hadisə böyük bir xaosun əsasını qoya bilər. Nəzərə alaq ki, problemimiz təkcə, Şimaldan gözlənilən təhlükə deyil. Həm də Cənubdan gözlədiyimiz və hər an marıqda dayanmış İrandan da mövcuddur. Əgər Allah eləməmiş, Şimal bölgəsində və ya başqa ərazilərimizdə hər hansı belə hadisə yaşanarsa, Tehrandakı mollaların müdaxiləsi və təxribatlara rəvac verəcək dəstəkləri qaçılmaz olacaq.