Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün ümumilikdə 44 media orqanı müraciət edib.

Həmin siyahı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq.

Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Xarici İşlər Naziri Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistan və Azərbaycana səfərindən sonra hazırlanmış hesabata münasibət bildirib.

Nazirlik Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatını/müşahidələrini Azərbaycan tərəfindən qeydə alındığını bildirib.

Komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi. Eyni zamanda, Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmiş sözügedən səfər Azərbaycan hökumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığını və əməkdaşlığının göstəricisidir.

Bütövlükdə, hesabatda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində qondarma “etnik təmizləmə” və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddialar heçə endirilib. Belə ki, komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub.

Hesabatda xüsusən terrorla mübarizə tədbirlərindən sonra geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı bir sıra konkret addımlar göstərilir. Burada, yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə və bu proses çərçivəsində nəzərdə tutulan tədbirlərə Azərbaycanın müsbət niyyəti və yanaşması vurğulanır.

Komissarın hesabatında münaqişənin və Ermənistan tərəfindən işğalın xarabalığa çevrilmiş mülki infrastruktura uzunmüddətli təsirləri, azərbaycanlı məcburi köçkünlərin azad edilmiş rayonlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin edilməsi məqsədilə aparılan minatəmizləmə və yenidənqurma işləri öz əksini tapıb.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə minalarla çirklənmə üzrə kəskin problem və bunun ərazilərin reabilitasiyasına, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtma prosesinə qarşı yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün ciddi risklər hesabatda vurğulanır. Bu məqsədlə, komissar Azərbaycan hökumətinin geri qayıtma prosesini asanlaşdırmaq üçün atdığı addımları alqışlayır. Bu kontekstdə, Ermənistanın indiyədək təqdim etdiyi minalanmış ərazilər üzrə xəritələrin dəqiqlik dərəcəsinin (cəmi 25%) hesabatda göstərilməsi xüsusilə qeyd olunmalıdır. Əslində, Ermənistan regionda təcavüzkar siyasətini həyata keçirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədilə Azərbaycanın suveren ərazilərində qəsdən kütləvi şəkildə minaların yerləşdirilməsi ilə məşğul olub.

Buna baxmayaraq, təəssüf ki, sənəd Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü sistemli şəkildə etnik təmizləmə aktlarına, hərbi cinayətlərə və yüz minlərlə azərbaycanlının, o cümlədən həssas vəziyyətdə olan uşaqların, qocaların və qadınların məcburi köçkünə çevrilməsinə səbəb olduğu məlumdur. Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdik.

Hesabatda reallıqdan tamamilə uzaq olan və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanınmayan Laçın yolunun qondarma “blokadası”na istinadların yer alması təəssüf doğurur. Müşahidələr Laçın-Xankəndi yolunda mülki əhalinin etirazlarının, daha sonra isə Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin yaradılmasına səbəb olan faktları göstərməyib. Azərbaycan tərəfi, Ermənistanın son üç il ərzində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmələrin saxlanılması və dövriyyəsi, minaların qanunsuz ötürülməsi daxil olmaqla Laçın yolundan müxtəlif qanunsuz məqsədlər üçün geniş və sistematik şəkildə sui-istifadə olunması ilə bağlı dəfələrlə əsaslandırılmış sübutlar təqdim edib. Bu hərəkətlər Azərbaycan tərəfinin çoxsaylı mülki və hərbi itkilər verməsi ilə nəticələnib.

Sözügedən qanunsuz hərəkətlərə və Ermənistanın öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfindən sərhəd buraxılış məntəqəsinin yaradılmasına gəlincə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Laçın yoluna tam nəzarət etmək üçün öz suveren hüququndan istifadə edib və bu, Ermənistanın iddialarının yekdilliklə rədd olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarında öz əksini tapıb. Bundan əlavə, komissar Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabr tarixli qərarına istinad edərkən, Azərbaycana qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısının alınması istiqamətində Ermənistandan tələb olunan müvəqqəti tədbirin göstərilməsi faktını nəzərdən qaçırır.

Azərbaycan tərəfi təəssüf edir ki, komissarın Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi. Bu, uzun sürən münaqişə nəticəsində ölkə daxilində və ya sərhəd aşmasından asılı olmayaraq köçkün düşmüş bütün şəxslərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququ olduğu barədə fikirlərin komissarın müşahidələrində qeyd edildiyi nəzərə alınaraq xüsusi əhəmiyyət kəsb edir.

Nəhayət, xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan komissarın tərəfsizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallığına əsaslanan müşahidələr aparacağını gözləyərək onu ölkəmizə səfərə dəvət etmişdir. Səfərin nəticələrinə baxdıqda, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadığını Azərbaycan vurğulayır. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə perspektivə yönəldir. Bununla əlaqədar, Azərbaycan hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Başsağlığıda deyilir: “Cari ilin 12 yanvar tarixində, Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik”.

Ukrayna Rusiya qarşısında artıq təkbaşına, köməksiz buraxılmaq üzrədir, ABŞ hərbi dəstəyi dayandırıb, Avropa Birliyinə olan ümidlər isə uzaqgedən perspektiv vəd etmir... Ağ Evin Rusiyanın ballistik raket zərbələrini qınamaqla, Ukraynanı fəlakət ssenarisindən - dünya xəritəsindən silinmək təhlükəsindın xilas edə biləcəyinə isə yalnız sadəlövhlər inana bilər...
Ukrayna savaşı ətrafında yeni situasiya yaratmağa başlayıb. Belə ki, Ukrayna Rusiya qarşısında təkbaşına və dəstəksiz buraxılmaq üzrədir. Artıq bu proses yenicə start götürüb. Və əgər, rəsmi Kiyevə hərbi dəstəkdən tamamilə imtina olunarsa, bu, Ukrayna dövlətçiliyi üçün əsl fəlakət ssenarisinin işə salınması anlamı daşıyacaq.

Məsələ ondadır ki, Ağ Ev Ukraynaya ABŞ-ın hərbi dəstəyinin dayandırıldığını artıq rəsmən elan edib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bu barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. O, bildirib ki, ABŞ Konqresində Ukraynaya yardımlar üçün yeni maliyyələşmə razılığı verilməzsə, Ağ Ev rəsmi Kiyevə hərbi dəstək göstərə bilməyəcək: "ABŞ ayrılmış maliyyə vəsaitlərinin qalıqları çərçivəsində Ukraynaya sonuncu hərbi dəstək paketini artıq göndərib".

Ağ Ev rəsmisi onu da bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırılsa da, Rusiya ordusunun hücum əməliyyatları məhz bu mərhələdə daha da güclənməyə başlayıb. Onun dediyinə görə, Rusiya ordusu Ukraynaya zərbə endirmək üçün hazırda əsasən Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadə edir. Və Ağ Ev Kremli bu hücum əməliyyatlarına görə kəskin şəkildə qınayır.

Belə anlaşılır ki, Ukraynaya hərbi yardımları dayandıran ABŞ rəsmi Kiyevə yeni dəstək modeli icad etməyə başlayıb. Belə ki, Rusiya Ukraynaya ballistik raket zərbələri endirdikcə, Ağ Ev də Kremli kəskin şəkildə qınamaqla, rəsmi Kiyevə dəstək verməyə çalışacaq. Əlbəttə, savaş meydanında istənilən dəstək məqbuldur. Ancaq Rusiyanın raket zərbələrinə qarşı ABŞ-ın kəskin qınamaları Ukraynanın hərbi müdafiəsində effektiv rol oynaya bilməz. Ukraynanın hərbi texnika və silah-sursat təchizatına ehtiyacı var. Və ABŞ artıq bu ehtiyacların ödənməsi öhdəliklərindən geri çəkilib.

Halbuki, Rusiya Ukrayna ilə müharibəyə başlayarkən, Ağ Ev həmişə rəsmi Kiyevin arxasında olacağını bəyan etmişdi. Hətta Ağ Ev Ukraynanın Rusiya üzərində tam qələbəsinə və öz ərazi bütövlüyünü təmin etməsinə qədər ABŞ-ın hərbi dəstəyini davam etdirəcəyi barədə birmənalı vəd də vermişdi. Və rəsmi Kiyev ilə yanaşı, bütün dünya ABŞ-ın bu vədlərini hələ də unutmayıb, xatırlayır.

Ancaq deyəsən, yalnız Ağ Evdə ABŞ-ın həmin vədləri artıq unudulub. Hər halda, ABŞ daha Ukraynaya hərbi dəstək göstərməyəcək, silah-sursat göndərməyəcək. Bayden adminstrasiyasının tutarlı bəhanəsi də mövcuddur. Bayden adminstrasiyası vurğulayır ki, ABŞ Konqresi yeni hərbi yardım paketi üçün maliyyə vəsaiti ayrılmasına imkan vermirmiş.

Yəni, Ukraynanı Rusiya ilə "savaş bataqlığı" salan Bayden adminstrasiyası indi hərbi yardım vədlərindən imtina edir və bütün günahı da ABŞ Konqresini işarə etməklə, əslində, respublikaçıların üzərinə atmağa çalışır. Halbuki, Ukrayna kimi önəmli bir dövləti Rusiya ilə savaşa sürükləyətkən, Bayden adminstrasiyası bütün neqativ ehtimalları, eləcə də, respublikaçılar faktorunu da mütləq nəzərə almağa borcu idi.

Rəsmi Kiyev isə Ukraynanın Rusiya qarşısında təkbaşına buraxılmasından çaşqınlıq keçirtdiyini qətiyyən göstərmir. Hər halda, Ukraynanın hərbi-siyasi rəhbərliyi ABŞ-ın vədlərinə aldanmış olsa da, mövcud vəziyyətin mümkün nəticələrini anlamayacaq qədər də sadəlövh deyil. Sadəcə, rəsmi Kiyev də ABŞ və Qərbin nə qədər etibarsız bir hərbi-siyasi tərəfdaş olduğunu Rusiya ilə savaş təhlükəsi ortaya çıxarkən, nəzərə almağa borcluydu.

Ona görə də, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Qərbin resursların çatışmazlığı əsas gətirilməklə, hərbi dəstəyinin kəsiləcəyi təqdirdə, Rusiyanın qalib gələcəyini qabartmasının indiki situasiyada heç bir faydası yoxdur. Bu reallığın gündəmə gətirilməsi və yaxud nəzərə alınması üçün artıq çox gecdir. Çünki bu, artıq inkaredilməz, həm də qaçılmaz bir reallıqdır. ABŞ, daha dəqiq desək, Bayden adminstrasiyası Ukraynanı öz siyasi maraqları ucbatından taleyin ümidinə buraxmaq qərarı verib.

Belə anlaşılır ki, ABŞ-ın öz vədlərindən imtina edib, öhdəliklərindən qaçdığı bir situasiyada rəsmi Kiyev üçün Avropa Birliyi yeganə ümid yeri rolunu oynayacaq. Çünki Ukraynanın məğlubiyyəti Avropa qitəsini Rusiyanın yeni hərbi-siyasi hədəfinə çevirə biləcəyindən bu qurum ABŞ-ın da öhdəliklərini öz üzərinə götürmək məcburiyyətində qala bilər. Halbuki, Avropa Birliyinin öz öhdəliklərinin yetirilməsində belə, kifayət qədər ciddi problemlər mövcuddur.

Məsələ ondadır ki, Avropa Birliyinin Ukraynaya 50 milyard avro maliyyə vəsaiti ayrılması barədə qərar bu qurumun üzvü Macarıstan tərəfindən veto edilib. Rəsmi Budapeşt bu vəsaitin birdəfəlik paket halında deyil, məhz bir neçə ilə bölüşdürülməklə, ayrılmasında israrlıdır. Üstünlük, bəzi Avropa Birliyi ölkələri də qeyri-rəsmi şəraitdə Macarıstanın mövqeyini dəstəklədiklərini qətiyyən gizlətmirlər. Və bunun Ukrayna savaşında situasiya neqativ istiqamətlər alacağı təqdirdə, Avropa Birliyinə Rusiya ilə "siyasi bazarlıq" predmeti kimi önəmli manevr imkanları aça biləcəyinə eyham vururlar.

Belə anlaşılır ki, Avropa Birliyinin Ukraynaya dəstəyi də böyük ümidlər üçün ciddi əsaslar vermir. Əksinə, ABŞ Ukraynaya dəstək prosesini tamamilə Avropa Birliyinin üzərinə yükləməyə çalışsa da, bu qurumun daxilində də müəyyən çatlar yaranmağa başlayıb. Yəni, ABŞ kimi, Avropa Birliyi də ən çətin və taleyüklü məqamda Ukraynaya dəstəkdən birmənalı şəkildə imtina edə bilər.

Bu baxımdan, Ukraynanın Rusiya qarşısında artıq təkbaşına, köməksiz buraxılmaq üzrə olduğu qətiyyən şübhə doğurmur. Hər halda, ABŞ hərbi yardımları tamamilə dayandırıb, bunun əvəzinə rəsmi Kiyevi sadəcə, yeni icad etdiyi "silah"la dəstəkləyir. Halbuki, Ağ Evin Rusiyanın ballistik raket zərbələrini qınamaqla, Ukraynanı fəlakət ssenarisindən - yaxın gələcəkdə dünya xəritəsindən silinmək təhlükəsindın xilas edə biləcəyinə yalnız sadəlövhlər inana bilər.(Yeni Müsavat)

Azərbaycan Silahlı Qüvvələrində mühüm təyinat olub. General-leytenant Hikmət Mirzəyev Azərbaycan müdafiə nazirinin müavini təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko deyib.

“Bu, həm xidmətlərin, həm də Azərbaycan Ordusunun gələcək inkişaf meyillərinin göstəricisidir. Mirzəyevin təyinatı Prezident İlham Əliyevin son dərəcədə uğurlu, əsaslı, dəqiq və “beşlik” adlanacaq kadr qərarıdır”, - o bildirib.

12 yanvar 2024-cü il tarixində Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib.

XİN-dən verilən xəbərə görə, iclasda ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

27 fevral 2023-cü il tarixində Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlayıb. Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.

Qeyri-qanuni işğal dövründə Ermənistan, Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb.

Arbitraj prosesi, məsələnin Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların bir neçə raundunda qənaətbəxş həllin tapılmamasından sonra Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq başlanıb. İş üzrə qərar hər iki tərəfdən təyin edilmiş üç hakimdən ibarət arbitraj məhkəməsi tərəfindən qəbul ediləcək. Arbitraj məhkəməsindən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə qanuni öhdəliklərinə əməl etməməsi ilə bağlı qəti qərarın verilməsi və beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli təzminat tələb edilməsi sorğu olunub.

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

hikmet-mirzeyev-nazir-muavini-teyin-edildi

General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı təyin edilib.

Pravda.az xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

Bundan əvvəl eyni vəzifəni icra edən general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.

Qeyd edək ki, 56 yaşlı Hikmət Mirzəyev bu təyinata kimi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı idi.

Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev bir neçə rayonun işğaldan azad edilməsinə komandanlıq edib.

Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

 

 



 

"Azərbaycan Prezidenti İlham Əliyevin yerli media orqanlarına verdiyi müsahibəsində həm 2023-cü il 20 sentyabrdan sonra bölgədə yaranan yeni reallıqlar, həm İrəvanla Bakı arasında sülh danışıqlar yer alıb, həm sülhə mane olub bölgədə gərginlik yaratmaq istəyən güclərə çox ciddi mesajlar verilib. Müsahibəni həm də cənab Prezidentin 20 illik fəaliyyətinin hesabatı kimi də dəyərləndirmək olar".

Bunu açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, 1993-cü ildən sonrakı dövrü biz şərti olaraq üç mərhələyə bölə bilərik: "1993-2003-cü ili Azərbaycanda siyasi sabitliyin və müstəqilliyinin dönməzliyinin təmin edilməsi, 2003-2023-cü ili ölkənin sıçrayışlı inkişafı, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilmə mərhələsi, 2023-cü ildən sonrakı dövrü isə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradan Azərbaycanın qlobal geosiyasi proseslərdə ciddi oyunçuya çevrilməsi mərhələsi adlandıra bilərik. Prezident ötən 20 ildə Azərbaycanın qarşısında duran əsas hədəflərə nail olub. 20 sentyabrdan sonra isə bölgədə tamamilə yeni reallıqlar yaranıb. Bu reallıq da öz növbəsində qarşıya bir sıra yeni çağırışlar qoyur ki, buna nail olmaq üçün yeni inkişaf strategiyaları müəyyənləşdirilməlidir. Ölkə başçısı da müsahibəsində bunun mesajlarını verdi".

Deputat əlavə edib ki, bu mesajlar aşağıdakılardan ibarətdir:

"Birincisi, Bakının sülhə hazır olduğunu və İrəvanla imzalanacaq sülh sazişinin şərtlərini açıqladı. Ölkə başçısı bəyan etdi ki, sərhədlərin delimitasiyası və demarkasiyası xaric digər bütün məsələlərdə faktiki razılaşma mövcuddur. Bu şərtlər daxilində saziş imzala bilər və bunun üçün maneə yoxdur. Əks təqdirdə, sülh prosesi onillərlə davam edər. Bu ilk növbədə Ermənistanın maraqlarına cavab vermir.

İkincisi, sülh danışıqlarının vasitəçisiz, ikitərəfli formatda davam etdirilməsi və sazişin imzalanmasıdır. Çünki üçüncü tərəfin iştirakı bölgədə dayanıqlı sülhə deyil, daha çox geosiyasi oyunlara xidmət edir. Bunu ölkə başçısı açıq mətnlə bəyan etdi.

Üçüncüsü, bölgədə sülhə mane olan qüvvələrə və onların Ermənistanda revanşizm meyillərinin gücləndirilməsinə sərt reaksiyasıdır. Prezident bəyan etdi ki, bəzi güclər, xüsusən də Fransa hər vasitə ilə bölgədə sülhə mane olmaq istiqamətində cəhdlər edir. Lakin Fransanın bu səyləri nəticə verməyəcək. İndiyədək olduğu kimi, bundan sonra da istənilən revanşist meyillərin qarşısı anındaca ən sərt formada alınacaq.

Dördüncüsü, Azərbaycan Qarabağ məsələsinə nöqtə qoyub ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, arxayınlaşmamalıdır. Azərbaycan istənilən təhdidə və təhlükəyə qarşı hər zamanı ayıq olmalıdır.

Beşincisi, Zəngəzur dəhlizindən Azərbaycanın maneəsiz olaraq Naxçıvana və geri hərəkətin təmin edilməsidir. Prezident bir daha aydın şəkildə bəyan etdi ki, bu olmayacağı təqdirdə Ermənistanın izolyasiyası davam edəcək. Kimsə onu bu vəziyyətdən xilas edə bilməyəcək. Ölkə başçısı burada xüsusi bir məqama diqqət yetirdi ki, Zəngəzur dəhlizindən Azərbaycandan Azərbaycana daşınacaq yüklərdən, hərəkət edəcək nəqliyyat vasitələrindən və səfər edəcək insanlardan xaric daşınacaq yüklər, hətta Azərbaycandan Ermənistana göndəriləcək yüklər belə gömrük rüsumuna cəlb edilsin. Bu, çox mühüm amildir. Ermənistan tərəfi bunu iddia edərək kommunikasiyaların açılmasından boyun qaçırır. Ölkə başçısı bununla İrəvan tərəfini növbəti dəfə fakt qarşısında qoyaraq onların əsassız iddialarını ifşa etmiş oldu.

Burada növbəti məqam isə dəhlizin təhlükəsizliyinə təkcə Ermənistanın deyil, digər tərəflərin də zəmanət verilməsi ilə bağlıdır. Əgər belə bir zəmanət olmasa, gələcəkdə Ermənistan tərəfi müəyyən bəhanələrlə üzərinə götürdüyü təhlükəsizlik öhdəliyindən imtina edə bilər. Necə ki indiyədək biz belə halların dəfələrlə şahidi olmuşuq".

Azərbaycanın qarşısında duran yeni çağrışlara gəldikdə deputat bildirib ki, bunlar Böyük Qayıdışın ən qısa zamanda uğurla icra olunması, Zəngəzur dəhlizinin reallaşması, yeni qlobal geosiyasi proseslərdən doğan çağırışlara uyğun addımların atılması, Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsi ilə sosial rifah ölkəsinə çevrilməsidir.

Xəbər lenti