|
Rusiya prezidenti Vladimir Putinin oktyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır, onlar Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin mümkün qayıdışını təmin etmək kontekstində onlardan sonrakı istifadə imkanlarını müzakirə edəcəklər. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Liderlər oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi Qırğızıstanda olacaqlar. O, qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin mandatı 2025-ci ilin dekabrında başa çatır. “Və burada kontingentimizdən mümkün sonrakı istifadənin müxtəlif variantları nəzərdən keçiriləcək, o cümlədən Qarabağ ermənilərinin sentyabrda baş vermiş məlum hadisələrdən sonra tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində müzakirələr aparılacaq”, - deyə o bildirib. Görünən odur ki, Rusiya regionda olan mövqeyini əldən vermək istəmir və bunun üçün mümkün vasitələrdən istifadə etməyə çalışır.
Politoloq Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Uşakovun bu açıqlamalarını Qaluzinin açıqlamalarıyla birlikdə düşünəndə Rusiyanın bölgədə qalma istəklərinin müəyyən təzahürü olduğu aydın görünür. Bu qalmanın ən mümkün yollarından biri, Rusiya baxımından ermənilərin Qarabağa qaytarılmasıdır. Ancaq bu qaytarılma prosesi artıq bu mərhələdə müəyyən məhdudiyyətləri ehtiva edir.
“Çünki Azərbaycan orada şərtlərini qoyacaq. Burda vətəndaşlıqla bağlı məsələlər, eyni zamanda bu coğrafiyada yaşamaq hüququnun varlığı, Azərbaycan vətəndaşlığını qəbul eləməsi kimi kriteriyalar nəzərə alınacaq. Eyni zamanda Azərbaycana qarşı müəyyən cinayətlər işləyənlərə qarşı mühakimələr və s. məsələlər var. Ermənistan tərəfindən köçürülən ermənilərin əhəmiyyətli bir hissəsi geri dönmək istəmir. Onların bir hissəi tarixin müəyyən dövrlərində bu coğrafiyada müxtəlif cinayətlər işləyiblər. Bu motiv səbəbi ilə geri dönmək istəməyənlər var. Rusiyaya güvənmədiyi üçün dönmək istəməyənlər də var. Eyni zamanda burada başqa bir məqam da var. Köçən ermənilər arasında artıq bu coğrafiyada yaşaya bilməyəcəklərini düşündüyü üçün dönmək istəməyənlər var”-deyə politoloq bildirib.
Nazim Cəfərsoy qeyd edib ki, bu səbəbdən də ruslar ermənilərin geri dönməsi üçün çalışacaqlar.
Politoloqun fikrincə, bu məsələ 2020-ci ildə sülhməramlılarla bağlı olan məsələ müqayisədə çox fərqlidir.
“Burada üstünlüyün böyük bir hissəsi, Azərbaycanın əlindədir. Biz dövlət olaraq, ermənilərin bir hissəsinin dönməsində maraqlıyıq. Amma bunu da şərtlərimiz müəyyənləşdirəcək. Əgər geri dönüşlər olarsa, bu çərçivədə Rusiya sülhməramlıları Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələsi, təhlükəsizlik və inam artırıcı faktor rolunu oynamaq istəyə bilərlər. Daha sonra minaların təmizlənməsi prosesində Azərbaycana dəstək vermək istəyə bilərlər. Hazırda bu iki məqam önəmli sayıla bilər. Amma rusların burada qalma imkanları ciddi mənada məhdudlaşıb”-deyə Nazim Cədərsoy əlavə edib.
Azərbaycanın İkinci Qarabağ savaşından sonra regionda geosiyasi və geosiyasi cəhətdən üstünlük əldə edib yeni reallıqlar yaratması, İranın siyasi, iqtisadi analitik, ekspert cəmiyyətini ciddi maraqlandırır.
“Türkiyə və İsrail dəstəyi nəticəsində Azərbaycan bölgədə nəinki geosiyasi, həmçinin geoiqtisadi cəhətdən ciddi dəyişiklikərə nail olub ki, bu da Tehranın geoiqtisadi baxımdan daha çox naratlığına səbəb olub”.
Bu fikri Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutundan Yaxın Şərqdə geosiyasət və təhlükəsizlik üzrə eksperti Həmidreza Əzizi MEE-yə açıqlamasında deyib.
Onun fikrincə, geoiqtisadi baxımdan İranın əsas narahatlığı Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır.
“Bu dəhlizin açılması, İran üçün mühüm nəticələri ola bilər. Birincisi, bu, gələcək planda Çinin “Bir Kəmər və Yol” təşəbbüsündə İranın əhəmiyyətini əhəmiyyətli dərəcədə azaldacaq”, - o qeyd edib.
Azizi əlavə edib ki, Zəngəzur dəhlizinin yaradılması qərarının həm də geosiyasi nəticələri olacaq. “Zəngəzur dəhlizinin yaradılması hansısa yolla İranın Ermənistana quru çıxışını itirməsinə gətirib çıxaracaq. Bu isə İran üçün “geosiyasi fəlakətə” səbəb ola bilər”, - ekspert vurğulayıb.
Ekspert hesab edir ki, Zəngəzur dəhlizinin yaradılması, Tehran üçün geosiyasi variantlarının məhdudlaşdırılması, Azərbaycanın Türkiyə və İsraillə sıx əlaqələrin artması deməkdir.
“İranın qorxusu və onu narahat edən məsələ Azərbaycanın Qarabağı azad etməsi yox, Bakının bütün məqsədlərinə nail olmaq üçün addım-addım yaxınlaşması və günün birində də Zəngəzur dəhlizinin reallaşması ilə bağlıdır”, - o bildirib.
Eyni zamanda əlavə edib ki, İranın güclü müqavimətinə baxmayaraq, cavab vermək imkanları hələ də məhduddur: “Tehran artıq regiondakı əsas tərəfdaşı olan Rusiyanın dəstəyinə arxalanmır. Rusiya nəinki Ermənistanı dəstəkləmir, əslində, Türkiyənin yanındadır. Ona görə də Tehranın istəyindən asılı olmayaraq proseslərə təsirləri və seçimləri keçmişlə müqayisədə daha məhduddur”.
İranın “Ham Mihan” qəzetinin xarici siyasət redaktoru Armin Montazeri isə hesab edir ki, Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaq üçün lazım gələcəyi təqdirdə, Tehran Ermənistanla sərhəddə istənilən hərəkətə qarşı hərbi yanaşmanı dəstəkləyir.
Beynəlxalq Böhran Qrupunun İran Layihəsinin direktoru Əli Vaez bildirib ki, Azərbaycan çox güman, İranla strateji enerji maraqlarını qoruyaraq, yeni əldə etdiyi ərazilər üzərində nəzarəti gücləndirməyə diqqət yetirəcək.
Vaezinin fikrincə, İkinci Qarabağ müharibəsindən sonra İranın qarşısında iki əsas məsələ dayanır:
“Birincisi, İranın ərazi bütövlüyü ilə bağlı öz narahatlığı ilə bağlı olan məsələdir. İranın 80 milyondan artıq əhalisinin demək olar ki, üçdə biri ana dili olan türk dilində danışan etnik azərbaycanlılardır və onlar əsasən ölkənin Azərbaycan, Ermənistan və Türkiyə ilə həmsərhəd olan şimal-qərb əyalətlərində yaşayırlar. Tehran tarixən azərbaycanlı əhalisi arasında irredentist əhvali-ruhiyyədən ehtiyatlı olub. Bundan əlavə olaraq Azərbaycanda, eləcə də Cənubi Qafqazda və ümumilikdə Orta Asiyada pantürkist ritorika kimi qəbul etdiyi proseslərə kəskin həssaslıqla yanaşır”.
Bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
“Report” xəbər verir ki, iclas məhdud tərkibdə - yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə - nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.
Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.
Gözlənildiyi kimi, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.
Şuranın iclası “Ala-Arça” (“Rəngli ardıc”) dövlət iqamətgahında keçiriləcək. İqamətgah Bişkeklə bitişik Çon-Arık kəndində, Ala-Too silsiləsinin ətəklərində, mənzərəli yerdə yerləşir. Bir qayda olaraq, Bişkekdə yüksək səviyyəli xarici qonaqların iştirakı ilə bütün tədbirlər məhz bu iqamətgahın ərazisində keçirilir.
Dövlət başçıları cari ildə qarşılıqlı fəaliyyətin yekunları barədə danışacaq və gələcək üçün əsas vəzifələri müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Ənənəvi olaraq, ticarət və investisiya tərəfdaşlığının inkişafına böyük diqqət yetiriləcək.
İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət yetiriləcək. Terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın gücləndirilməsinə dair qərarların qəbulu gözlənilir. Görüşdən sonra Japarov və MDB-nin baş katibi Sergey Lebedev mətbuata bəyanatlarla çıxış edəcəklər.
İmzalanacaq sənədlər arasında MDB-də Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə riskin qiymətləndirilməsi üzrə beynəlxalq mərkəzin formalaşdırılması haqqında saziş, 2024-2028-ci illər üçün cinayətkarlıqla mübarizə üzrə birgə tədbirlər dövlətlərarası proqramı, məhkəmə ekspertizası sahəsində MDB-nin Koordinasiya Şurasının formalaşdırılması haqqında saziş də var.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. Səfərin ilk günündə İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.
MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı bu dəfə Qırğızıstanda keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev də bu zirvə toplantısında iştirak etmək üçün Bişkekə səfərə gedib. Və Azərbaycan liderinin səfər öncəsi açıqlamaları isə böyük maraq doğurur.
Məsələ ondadır ki, əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ardınca isə baş nazir Nikol Paşinyan MDB-nin budəfəki toplantısına qatılmaqdan imtina ediblər. Rəsmi İrəvan bu addımı atarkən, müxtəlif bəhanələr irəli sürüb. Və son nəticədə MDB sammiti Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın iştirakı olmadan keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu açıqlaması Paşinyan hakimiyyətinin regional sülh prosesi ilə bağlı tutduğu manipulyativ mövqeyə sarsıdıcı zərbə xarakteri daşıyır. Çünki Azərbaycan lideri çox dəqiq məntiqi yanaşmayla, faktiki olaraq, müxtəlif bəhanələr icad edib, zirvə toplantısından yayınan erməni baş nazirin ifşasına nail olub. Və rəsmi İrəvan indi istənilən halda, bu ifşanın təsirindən yayınmaq üçün yeni bəhanələr axtarmaq məcburiyyətində qalacaq.
Məsələ ondadır ki, MDB Dövlət Başçıları Şurasının zirvə toplantısından öncə Kreml Bişkekdə Azərbaycan, Rusiya və Ermənistan arasında həm xarici işlər nazirləri, həm də ölkə liderləri səviyyəsində üçtərəfli görüşün ola biləcəyini bəyan etmişdi. Ancaq rəsmi İrəvanın qeyri-adekvat davranışları Kremlin yeni üçtərəfli görüş planını pozdu. Və bu, artıq korlanmış Rusiya-Ermənistan münasibətlərinin predmeti ola biləcək məsələdir.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın MDB Dövlət Başçıları Şurasının zirvə toplantısından yayınması əslində, onun digər iştirakçılarından heç kimi qətiyyən məyus etməyib. Əksinə, sammitdə MDB ölkələrinin ortaq problemlərinin müzakirəsi üçün bütün hazırlıqlar sona çatdırılıb. Rusiya prezidenti Vladimir Putin sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirməyi planlaşdırdığını şəxsən bəyan edib. Və Kremldən verilən açıqlamaların məzmunu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Halbuki, eyni fikirləri Rusiya-Ermənistan münasibətlərində yaranmış ziddiyyətli situasiyaya da aid etmək qətiyyən mümkün deyil. İndi Rusiyada Ermənistanın ən qatı tərəfdarları belə, rəsmi İrəvanı açıq mətnlə hədəfə almaqla, münasibətlərin maksimum həddə qədər korlandığını biruzə verirlər. Hətta İrəvan konyakının həvəskarı, politoloq Yevgeni Satanovski Ermənistanı birbaşa hədələməkdən özünü saxlaya bilməyib: "Ermənistan sadəcə olaraq, dövlət kimi mövcud olmaya bilər".
Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bişkekdə Ermənistanın Kreml əleyhinə atdığı israrlı addımlara diqqəti çəkib. O, bildirib ki, Rusiya Ermənistan vasitəsilə Qafqazda NATO-nun maraqlarını təşviq etmək məqsədi güdən bütün cəhdlərin hamısını qeydə alır. Rusiya xarici işlər nazirinin bu açıqlaması Ermənistana münasibətdə həm hədələmə, həm də sərt xəbərdarlıq mesajının verilməsi anlamını daşıyır.
Ermənistan siyasi dairələrində Rusiyanın bu hədə mesajına necə reaksiya veriləcəyi hələlik məlum deyil. Hər halda, rəsmi İrəvanın narahat olması üçün müəyyən səbəblər mövcuddur. Çünki Rusiya ilə münasibətlərin gəginləşməsi intensiv xarakter daşıyır və olduqca təhlükəli istiqamətlər almaqdadır. Üstəlik, bu gərginləşmə böyük sürətlə geriyə dönüşü olmayacaq hadisələrə yol aça biləcək həddə yaxınlaşır. Və rusiyalı politoloqların baş verənlərə son yanaşma üslubu da bunu təsdiqləyir.
Məsələ ondadır ki, Kremlə yaxınlığı ilə diqqəti çəkən politoloq Sergey Markov Ermənistann Rusiyanın düşməninə çevrilmək üzrə olduğunu dilə gətirib. Onun fikrincə, Rusiya xarici işlər nazirinin rəsmi İrəvanın NATO-nun maraqlarını təmsil etməyə cəhd göstərməsi barədə dedikləri Ermənistanın öz hərbi müttəfiqinə düşmən mövqedə olduğunu təsdiqləyir. Və bu, Kremlin indiyə qədər Ermənistanın yolverilməz davranışlarına göstərdiyi ən sərt reaksiyadır.
Təbii ki, rəsmi İrəvan öz hərbi müttəfiqinə qarşı davranışları ilə Rusiyanı ciddi şəkildə qəzəbləndirib. Kremlin nə vaxt, hansı addımı atacağı hələlik müəmmalı qalsa da, Rusiyanın Ermənistanın hərbi-siyasi xəyanətini cavabsız buraxmayacağı da qətiyyən şübhə doğurmur. Əslində, Ermənistan üçün ən real təhlükə mənbəyi də elə məhz bu məqamdan qaynaqlanır.
Məsələ ondadır ki, rəsmi İrəvan Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın ən qatı düşməninin - yəni NATO-nun maraqlarına xidmət etmək yolunu tutub. Kreml rəsmi İrəvana bu xəyanətin nəticələrini və Ermənistanın hərbi müttəfiq kimi Rusiya qarşısında kobud şəkildə pozulan öhdəliklərini hər an xatırlada bilər. Bu halda, ABŞ və Qərbin, eləcə də, NATO-nun Ermənistanı necə müdafiə edəcəyi ciddi suallar doğurur.
Çünki Ermənistan NATO-nun üzvü deyil. Deməli, NATO ölkələri bu hərbi-siyasi alyansın üzvü olmayan bir dövlət üçün Rusiya ilə birbaşa savaşa qətiyyən həvəs göstərməzlər. Bu isə o deməkdir ki, hazırda Paşinyan hakimiyyəti məhz ermənipərəst rus politoloqun "Ermənistan sadəcə, mövcud olmaya bilər" iddiasını reallığa çevirəcək davranışları ilə faktiki olaraq, geopolitik intihar yolu tutub. Və bu yolun faciəvi sonluğu artıq tədricən görünməyə başlayıb.(Musavat.com)
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Rusiya yenidən Qarabağa diqqəti artırıb. Xüsusən də xarici işlər naziri Sergey Lavrov və onun rəhbərlik etdiyi qurumun rəsmiləri bu haqda tez-tez danışmağa başlayıblar. Prezident Vladimir Putin məsələnin bitdiyini söyləsə də, Lavrov və yaxın ətrafı “münaqişəli durum”dan bəhs edirlər. Sizcə, Rusiya nə əldə etməyə çalışır?
- Rusiyadan verilən açıqlamalar ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib. Principcə, deyilən fikir həqiqətdir. Bəli, biz daxilimizdə olan separatizmlə bağlı məsələni çözdük, bu iş bitdi, qondarma qurum özünü buraxdı. Amma hələlik Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir və sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsi imzalanmadığına görə, nəzəri baxımdan, münaqişənin bitmədiyini söyləmək üçün müəyyən əsaslar var. Düşünürəm ki, Rusiya tərəfi bu amili əsas götürərk, bu fikri səsləndirir.
- Lavrovun sözçüsü Mariya Zaxarova deyir ki, Qarabağdakı sülhməramlıların fəaliyyəti yeni şəraitə adaptasiya olunacaq və bu, Bakı ilə müzakirə edilir. Söhbət nə kimi “adaptasiya”dan gedir, Moskva sülhməramlılara hansı “status”u almağa çalışır?
- Bəli, erməni əhalisinin önəmli hissəsi bölgəni tərk etdiyindən Rusiya sülhməramlılarının bir çox məntəqələrdə və ərazilərdə postlarının qalmasına gərək qalmır. Artıq 10 belə post öz fəaliyyətini dayandırıb.
Sülhməramlıların bundan sonrakı fəaliyyəti və statusu məsələsinə gəlincə, düşünmürəm ki, onlara hansısa status veriləcək. Hələ 44 günlük müharibədən sonra Rusiya tərəfinin bununla bağlı istəkləri vardı. Azərbaycan bununla əlaqədar konkret addım atmadı, Rusiya sülhməramlılarına hansısa statusun verilməsinə müsbət yanaşmadı. Ermənistan dövriyyədən çıxdığına görə, bu məsələ Azərbaycan və Rusiya arasında müzakirə mövzusudur. Digər yandan, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 2025-ci ilin noyabrına qədərdir. Nəzəri baxımdan, həmin vaxtda qədər onların burada qalma imkanları var.
Bəs indi Rusiya sülhməramlılarının fəaliyyəti nədən ibarət ola bilər? Reinteqrasiya prosesi getdiyi müddətdə (düşünürəm ki, bu da uzun çəkməyəcək, 2024-cü ilin birinci rübündə bunu yekunlaşdırmaq mümkündür) Rusiya sülhməramlılarının bölgədə olmasına ehtiyac duyula bilər. Məsələn, polis, Daxili Qoşunlar və digər asayiş keşikçiləri ilə bu proses çərçivəsində fəaliyyət göstərə bilərlər. Mümkündür ki, reinteqrasiya prosesi başa çatdıqdan sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına ehtiyac olmayacaq. Bu çərçivə ətrafında müzakirə aparıla bilər.
- Baş nazir Nikol Paşinyan bildirib ki, Qarabağdan çıxarılacaq sülhməramlılar Ermənistana yox, Rusiyaya getsinlər. Paşinyanın bu mesajı nədən xəbər verir?
- Hərfi mənada baxsaq, Paşinyanın dediyi ondan ibarətdir ki, həmin qüvvələr bölgəyə Rusiyadan – Ulyanovsk vilayətindən gətirilib və onların Ermənistandakı 102-ci hərbi bazaya aidiyyəti yoxdur. Paşinyan bu kontekstdən çıxış edərək söyləyir ki, onların Ermənistana yox, Rusiyaya qayıtmaları doğrudur. Digər yandan, Paşinyan onu da bildirdi ki, rus hərbçiləri geri dönmək üçün Azərbaycan və Ermənistan marşrutlarından istifadə edə bilərlər. Mesajın sətraltı anlamına baxsaq, Paşinyan onu demək istəyir ki, İrəvan bundan sonrakı dövrdə Rusiya hərbçilərini Ermənistanda görmək istəmir. Ermənistanın bu istiqamətdəki fəaliyyətləri davam edir. Ermənistan Rusiyanın iştirak etdiyi formatlardan getdikcə imtina edir. Bu, ilk növbədə, özünü KTMT-nin bu il üçün nəzərdə tutulmuş təlimlərdən imtinada göstərdi. Üstəgəl, Ermənistan MDB xarici işlər nazirlərinin Bişkek toplantısından da imtina edib.
- Son zamanlarda Zəngəzura artan maraq da diqqətdən yayınmır. İran və Fransadan sonra Rusiyada da Qafanda konsulluq açacaq. Üstəgəl, Rusiya Zəngəzurdakı sərhədçilərinin və hərbçilərinin sayını da artırıb. Bütün bunlar dəhlizin açılmasına mane olmaq cəhdidir, ya gələcəkdə açılacaq dəhlizə nəzarət uğrunda mübarizədir?
- Fransanın Qafanda konsulluq açması Cənubi Qafqazda gərginliyin davamına xidmət edən amildir. Paris hesab edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlər nə qədər gərgin olsa, erməni cəmiyyətində anti-Rusiya ovqatı yüksələcək, Fransaya simpatiya artacaq və regionda yerləşmək planı daha rahat reallaşacaq. Fransa bunun üzərindən hesab apararaq Ermənistana müəyyən şirnikləndirici vədlər verir, hərbi əməkdaşlıq və sair. O cümlədən bölgədə konsulluq açılması məsələsini gündəmə gətirir. Fransa bununla gələcəkdə Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək istəyir. “Bu kommunikasiya xətti Ermənistanın suveren hüquqları çərçivəsində fəaliyyət göstərməlidir” fikri də bundan qaynaqlanır. Bu çərçivədə gələcəkdə orada fransız qüvvələrini görə bilərik.
Rusiyaya gəlincə, o da bölgə uğrunda rəqabətdə geri qalmaq istəmir. Ermənilərlə iki əsrlik münasibətlər və Ermənistana təsir imkanlarını nəzərə alsaq, rusların Qafanda konsulluq açmasını anlamaq olar. Rusiyanın həmin bölgədə sərhəd qoşunları var. Digər yandan, Rusiya çalışır ki, Zəngəzur dəhlizi açılarkən, üçtərəfli bəyanatda qeyd olunduğu kimi, nəzarəti özü həyata keçirsin. Konsulluq da buna görə lazımdır. Rusiya şirkətləri Ermənistanın digər əraziləri ilə yanaşı, Zəngəzurda da mədən işləri ilə məşğuldur. Ruslar konsulluq məsələsini həm də bununla əsaslandırmağa çalışırlar.
Biz müxtəlif ölkələr arasında konsulluq açma yarışını görürük. Bu, həm də Ermənistana təsiri artırmaq üçün aparılan mübarizə kimi qiymətləndirilə bilər.
- Fransa “mülki təhlükəsizlik təlimi” adı altında Ermənistana 56 hərbçi göndərib. Sizcə, bu, Fransanın Ermənistanda hərbi cəhətdən yerləşməsi yönündə atılmış ilkin addım hesab edilə bilərmi?
- Fransanın addımları o ehtimalı yaradır ki, Afrika, Yaxın Şərq və Şərqi Aralıq dənizində itirdiyi mövqeləri Cənubi Qafqazda kompensasiya etmək istəyir. Ermənistanla Azərbaycan arasındakı münaqişəli durum Fransaya bu baxımdan münbit şərait yaradır. Fransa gərginliyi körükləməklə Ermənistanda ona olan ehtiyacı artırmağa çalışır ki, bunun üzərindən bölgədə yerləşsin.
Avropa Birliyinin Ermənistandakı mülki missiyasının əksər hissəsini Fransa jandarmı və kəşfiyyatçıları təşkil edir. Təlim üçün xilasedicilərin göndərilməsi də göstərir ki, Fransa bundan sonra da Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə davam edəcək. Bir vaxtdan sonra Ermənistanda müəyyən sayda Fransa hərbçisi görə bilərik.
ABŞ və onun müttəfiqləri Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrdə vəziyyəti gərginləşdirmək üçün genişmiqyaslı işə başlayıb.
reyting.az xəbər verir ki, belə bir iddia ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov çıxış edib.
Bortnikov deyib ki, ABŞ və onun müttəfiqləri MDB məkanında siyasi böhranlara ilkin şərtlər və “rəngli inqilab” ssenarilərinin həyata keçirilməsi üçün lazımi şərait yaratmağa çalışır.
Bortnikov əlavə edib ki, beynəlxalq vəziyyət xeyli mürəkkəbləşib: “Bu da MDB məkanında əsas problemlərin nəzərəçarpacaq dərəcədə kəskinləşməsinə və yeni təhlükələrin yaranmasına səbəb olub”.
Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri MDB ölkələrində vəziyyəti sarsıtmaq, arzuolunmaz dövlətlərə sanksiya təzyiqi göstərmək, logistik marşrutları bağlamaq, yeni nəqliyyat dəhlizləri yaratmaq və bununla da qlobal iqtisadi böhranın mənfi nəticələrini artırmaq istəyirlər.
Bortnikov bildirib ki, kollektiv Qərb beynəlxalq hüququn müəyyən edilmiş normalarına məhəl qoymayaraq, şantaj və müxalifləri qorxutmağın ən təsirli formalarını axtarır, MDB ölkələri ilə onların qonşuları arasında mövcud dostluq münasibətlərinə zərbə vurur:
“Qərblilərin xüsusi səyləri nəzarətsiz dövlətlərarası birlikləri məhv etməyə və onların iştirakçılarını alternativ formatlara cəlb etməyə yönəlib ki, bu da qurulmuş ticarət, iqtisadi, siyasi, mədəni və tarixi əlaqələri kəsir”.
FTX rəhbərinin fikrincə, Qərb öz kəşfiyyat xidmətləri, eləcə də idarə olunan qeyri-hökumət təşkilatları və media vasitəsilə MDB ölkələrində etnik və dini ədavətin və silahlı münaqişələrin qızışdırılmasına çalışır, bununla da siyasi böhranlar üçün ilkin şərtlər və siyasi böhran üçün lazımi şərait yaradır.
Bortnikov əlavə edib ki, kollektiv Qərb MDB məkanında “rəngli inqilab” ssenarilərinin həyata keçirilməsinə çalışır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.
Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.
“Mən nazir olanda da Azərbaycan nümayəndələri ilə fəal ünsiyyət var idi”.
Moderator.az xəbər verir ki, Tert.am-ın yazdığına görə, bunu dünən- oktyabrın 11-də artıq 3 keçmiş lideri Bakıda həbsdə olan Qarabağın dağlıq hissəsindəki külləri sovrulmuş separatçı-terrorçu rejimin sabiq “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan İrəvanda tanınmış erməni telejurnalist Petros Qazaryana müsahibəsi zamanı deyib.
“Məsələn, Araik Arutyunyan Azərbaycan nümayəndəsi ilə görüşürdü. Qırmızı Bazarda görüşüblər, MadaqiZdə(Suqovuşan-S.L.), Stepanakertdə(Xankəndi-S.L.)- hökumətin bağ evində görüşüblər” -deyə H.Xanumyan bildirib.
Xanumyanın sözlərinə görə, görüşlərin birində Azərbaycan nümayəndəsi prezident İlham Əliyevin sözlərini Arutyunyana çatdırıb və Azərbaycan dövlət başçısı ona başqa ölkələrin liderlərinə arxalanmamağa çağırıb.
“O dedi ki, ümidinizi Makrona, Baydenə, hətta Putinə bağlamayın. Bütün o adamların bu məsələdə heç bir təsiri ola bilməz. Gəlin oturaq, danışaq, razılığa gələk, məsələləri həll edək və irəli gedək”, - deyən Xanumyan, sonra əlavə edib: “Əslində, Əliyev deyəndə ki, mesajlar verir, doğru deyirdi, amma onlar heç nə başa düşmədilər”.
Hayk Xanumyan aparıcının “Bunlar faktdırmı?” sualına müsbət cavab verib.
Xatırladaq ki, H.Xanumyan Xankəndində "Soros" fondu xətti ilə Ermənistan baş naziri Nikol Paşinyanın "adamı" olub...