Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu gün Azərbaycana səfərə gəlir.

“Report”un əldə etdiyi məlumata görə, onun günorta saatlarında Bakıda olacağı gözlənilir.

E.Tatarın Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, eyni zamanda, Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Xatırladaq ki, oktyabrın 13-14-də Bakıda Şimali Kiprin Mədəniyyət Günləri keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın kralı VI Felipeyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azərbaycanın İsraildəki səfirliyi növbəti dəfə bu ölkədəki Azərbaycan vətəndaşlarına çağırış edib.

Müraciətdə "Israir Airlines" tərəfindən oktyabrın 15-i saat 17:45-də Təl-Əviv-Bakı istiqamətində olan uçuş üzrə biletlərin satışı elan edildiyi bildirilib.

Vurğulanıb ki, biletlər https://israir.co.il saytı üzərindən əldə oluna bilər.

Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkəsində məlumat yayıb.

Xarici işlər nazirləri MDB-nin əməkdaşlıq gündəliyində əsas yer tutan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasında iştirak edir.

Sentyabrın 19-dan Rusiya sülhməramlıları Qarabağda 6 müşahidə məntəqəsini və 15 müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin cavabdeh olduğu ərazidə atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Rəsmi Bakı Azərbaycanı Cənubi Qafqazda maraqları olan beynəlxalq güclərin amansız savaşından kənarda saxlamağa nail olub… Ermənistan isə dünya nəhənglərinin “geopolitik oyuncağına” çevrilərək, toqquşan maraqların poliqonu vəziyyətinə düşüb…

Cənubi Qafqazda beynəlxalq siyasi iradə mərkəzlərinin də qəbul etmək məcburiyyətində qaldığı yeni geopolitik situasiya yaranıb. Azərbaycan bu geopolitik situqasiyanın şəriksiz müəllifidir. Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa edib. Qarabağ regionunda Azərbaycan dövlətinin suveren hüquqlarının bərpası təmin olunub. Və bundan sonra rəsmi Bakı Cənubi Qafqazda təkbaşına geopolitik qayda-şərtləri həm müəyyən, həm də diqtə edən tərəfdir.

Ermənistan isə hazırda Azərbaycanın diqtə etdiyi geopolitik şərtlərin məcburi icraçısına çevrilmiş durumdadır. Rəsmi İrəvanın mövcud situasiyanı dəyişmək üçün nə hərbi-siyasi, nə də maliyyə-iqtisadi resursları mövcud deyil. Ermənistan müttəfiqsiz ölkədir, onun həmişə yalnız himayədarları olub. Hətta Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyi belə, formal xarakter daşımaqla, Kremlin himayədarlıq potensialı üzərində qurulmişdu. Və indi rəsmi İrəvanın Kremlə qarşı “xəyanət siyasəti” ucbatından Ermənistan Rusiyanın himayədarlıq potensialının “müdafiə çətiri”ndən də məhrum qalıb.

Cənubi Qafqazda mövcud olan yeni situasiyanın Ermənistan tərəfindən qəbul edilməkdə olduğu da artıq açıq-aşkar müşahidə olunur. Baş nazir Nikol Paşinyanın son açıqlamalarının məzmunu da Ermənistanın acizliyini birmənalı şəkildə təsdiqləyir. Belə ki, erməni baş nazir hər şeydən danışıb. Ancaq “Qarabağ mövzusu” ilə bağlı bir cümlə belə, dilə gətirməyib. Və bu, rəsmi İrəvanın Qarabağ regionunun Azərbaycana məxsus olması ilə artıq barışması kimi də yozula bilər.

Digər tərəfdən, baş nazir Nikol Paşinyanın Azərbaycanın Qarabağ regionunda müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlıları barədə dedikləri isə Kremlin sərt reaksiyası ilə qarşılanıb. Çünki erməni baş nazir vurğulamışdı ki, əgər, rus sülhməramlılar çıxarılacaqsa, onlar Ermənistana deyil, Rusiyaya aparılmalıdırlar. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov birmənalı şəkildə “Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”, deyə vurğulayıb. Ardıncasa, isə qeyd edib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində dislikasiya olunduğundan bu hərbi kontingentlə bağlı bütün məsələlər məhz rəsmi Bakı ilə müzakirə olunacaq.

Göründüyü kimi, Kreml rəsmi İrəvana demək istəyir ki, rus sülhməramlılar məhz Azərbaycan ərazisində yerləşdiyindən bu məsələnin Ermənistana heç bir aidiyyatı yoxdur. Yəni, rəsmi İrəvan Rusiya sülhməramlılarla bağlı heç bir məsələyə qarışmamalıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova isə rus sülhməramlıların fəaliyyətinin yeni situasiyaya uyğunlaşdırılması prosesinə başlandığını və bu məsələnin də yalnız rəsmi Bakı ilə müzakirə edildiyini qabardıb.

Təbii ki, bütün bunlar Azərbaycanın maraqları baxımından, olduqca əhəmiyyətli yeniliklərdir. Hər halda, “Qarabağ münaqişəsi”nin müəllifi olan Rusiya problemin birdəfəlik həll olunduğunu artıq etiraf edir. Eyni zamanda, Kreml ilk dəfədir ki, Qarabağ regionunun məhz Azərbaycana məxsus olduğunu bu qədər israrla gündəmə gətirir. Üstəlik, rəsmi Baıdan başqa bütün tərəflər dolayısı ilə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını müzakirəyə çıxartmış olurlar.

Belə anlaşılır ki, rus sülhməramlıların fəsliyyətinin vacibliyi indi hər kəsdə ciddi şübhələr doğurmağa başlayıb. Rəsmi Bakının Qarabağ regionu üzərində Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suveren hüquqlarını bərpa etməsi rus sülhməramlıların bölgədə qalmasının əhəmiyyətini sıfırlayıb. Yəni, demək olar ki, rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasının qaçılmaz olduğunu indi hər kəs, eləcə də Rusiya anlayır. Və bu, Kremllə heç bir ziddiyyətə yol açmadan məsələni Azərbaycanın xeyrinə həll etməyə nail oljmuş rəsmi Bakının tarixi siyasi-diplomatik uğuru sayıla bilər.

Ümumiyyətlə, rəsmi Bakı Cənubi Qafqazda maraqları olan dünya nəhəngləri ilə qarşılıqlı münasibətlərini birmənalı şəkildə Azərbaycanın mənafeləri üzərində qurmağa nail olub. Azərbaycan bütün maraqlı tərəflərlə normal münasibətlərə, geniş əməkdaşlığa üstünlük verir. Burada yalnız Fransa istisna təşkil edir və rəsmi Bakı açıq ermənipərəst mövqeyini nəzərə alaraq, bu dövləti bloklayaraq, Cənubi Qafqazdakı geopolitik proseslərdə oyundankənar vəziyyətə salıb.

Üstəlik, rəsmi Bakı Azərbaycanı Cənubi Qafqazda maraqları olan beynəlxalq güclərin amansız savaşından da kənarda saxlamağa nail olub. Belə ki, hazırda rəsmi Bakı həmin beynəlxalq güclərin hamısı ilə normal münasibətlərə malikdir, əməkdaşlıq edir, ancaq onlardan heç birinin yanında yer almır. Ona görə də, Cənubi Qafqaza can atan dünya nəhəngləri ilk növbədə Azərbaycanla anlaşmağın vacibliyini ön planda tutmağa məcbur qalırlar.

Halbuki, eyni fikirləri Ermənistan ilə bağlı irəli sürmək qətiyyən mümkün deyil. Çünki Ermənistan regional siyasi proseslərdə başqalarına sığınmağa, tərəfə çevrilməyə üstünlük verir. Nəticədə isə hərbi müttəfiqi Rusiya ilə münasibətlərin korlanmasına səbəb olub. Qərbin yanında yer alsa da, umduğu dəstəyi almağa nail ola bilməyib. Rəsmi İrəvan Ermənistanı dünya nəhənglərinin “geopolitik oyuncağına” çevirməklə, ölkəni toqquşan maraqlar poliqonu vəziyyətinə salıb. Və bu baxımdan, Rusiyanın Qarabağ mesajından sonra şok effekti yaşayan Ermənistanın nə vaxtsa, Azərbaycanla geopolitik mübarizə şansı qazanma ehtimalı qətiyyən inandırıcı görünmür.(musavat.com)

Elçin Xalidbəyli

"44 günlük İkinci Qarabağ savaşı, Vətən müharibəsi isə bizə qələbə sevinci və xoşbəxtliyi nəsib etdi və Ermənistan üçtərəfli Bəyanatı imzalamaqla de-fakto kapitulyasiya etdi".

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu sözləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib.

O xatırladıb ki, bununla da günlərlə hesablanan ikinci dövr başa çatıb: "44 günlük İkinci Qarabağ savaşı qələbə ilə başa çatdıqdan sonra dövlət başçımızın xalqa müraciətində dediyi kimi, "biz hal-hazırda xüsusi şanlı tariximizi yaşayırıq... biz tarixi ədaləti bərpa edirik..." Lakin imzalanmış bəyanatda şərtləri və öhdəlikləri yerinə yetirməyən məğlub tərəf saatlar və dəqiqələrlə ölçülən üçüncü dövrlə rastlaşdı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldırdı və dövlət başçımızın elan etdiyi atəşkəsin dayandırılmasına aid bütün şərtləri qəbul etdi. 23 saat 43 dəqiqə ərzində həyata keçirilmiş antiterror tədbirlərinin uğurlu sonunda cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi, "... Azərbaycan öz suverenliyini bərpa etmişdir... Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar! Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər". Qələbəyə gətirən zaman yolunda Prezident İlham Əliyevin informasiya cəbhəsində apardığı parlaq fəaliyyəti xüsusən yadda qalmaqdadır. Müxtəlif, xüsusən xarici media nümayəndələrinə verdiyi müsahibələr onun erudisiyalı, mübariz, haqdan dönməz şəxsiyyət nümayişidir. Yalan və iç üzü ikili standartlardan qaynaqlanan suallara dərin məntiqli və qətiyyətli cavabları böyüklüyün ədalət zirvəsi nümunələridir".

"Prezidentimizin həqiqət-haqqa qarşı heç bir razılaşmaya getməməsinin və bununla hər bir razılaşmanın haqq-hesabının aparılması dünyaya nümayiş etdirilən dərsləridir. Bu müsahibələrdə dövlət başçımızın intellektual cəhətdən üstün və qalib olması beynəlxalq ictimai rəyə əhəmiyyətli təsiri idi. Çünki parlaq zəkaların fikirləri hər zaman ictimai rəyə çevrilməsi, ikiüzlülük isə yalnız rəzilliyin fəzilətə verdiyi xərac olması deməkdir. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan dünya hay-ermənilərin Qarabağa aid ən böyük "layihəsi"nin və "böyük Ermənistan" uydurulmuş mifinin puça çıxarılması, erməniçiliyin, Ermənistan və Qarabağ separatçıları üzərində qələbəsi ilə uzun və çətin, gərgin və mürəkkəb yol keçdi. Sadalanan üç dövrün illəri və günləri, saat və dəqiqələri - yalnız keçmişdən gerçəklik vasitəsilə gələcəyə yönələn zamanın geri dönməz axarı deyil. Bu heç də fiziki və bioloji prosesləri göstərən sadəcə xronologiya və ya metrologiya ölçüsü də deyildi. Həmin zamanın hər bir dövrü illər və ya günlər, yaxud saat və dəqiqələrlə ölçülməsinə baxmayaraq, millətimizin gözləntilərinin psixoloji və mənəvi zamanı idi, duyulan və dəyərləndirilən astronomik və ya bioloji keçən saatlar düşüncəmizdə Azərbaycan ərazisi bütövlüyünün gözləntilərimizin zamanı idi. Həmin zamanın təxminən 30 ilini ədalətin bərpası arzuları və torpaqlarımızın qaytarılması həsrətilə, 44 günlük qürur və həyəcanla, 23 saat 43 dəqiqəsini şərəf və sevinclə yaşanmış dövrlər idi. Bir həqiqətdir ki, zaman öz müddət kəsiyi, uzunluğu ilə deyil, dərinliyi ilə ölçülür. Zəka dərinliyi isə ictimai təsiri ilə, yaratdığı kölgəsinin həcmi və uzunluğu ilə ölçülməlidir", - Agentlik sədri əlavə edib.

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

ağır cinayətlər məhkəmələri üzrə:

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Məmmədova Esmira Qərib qızı

Şəki Ağır Cinayətlər Məhkəməsi

Əfəndizadə Tural Qurbanəli oğlu

inzibati məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

Əliyev Tural Yusif oğlu

Gəncə İnzibati Məhkəməsi

Əliyeva Leyla Kamil qızı

Sumqayıt İnzibati Məhkəməsi

Həbibova Könül Əbülfəz qızı

Şirvan İnzibati Məhkəməsi

Qurbanova Pərvanə Tahir qızı

kommersiya məhkəmələri üzrə:

Gəncə Kommersiya Məhkəməsi

Qələndərzadə Ramiq Ramis oğlu

Sumqayıt Kommersiya Məhkəməsi

Həmidli Fərman Fəzail oğlu

hərbi məhkəmələr üzrə:

Gəncə Hərbi Məhkəməsi

Bəşirov Cəmil İsmayıl oğlu

Quliyev Tariyel Şirindil oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Məmmədov Pərviz Şahin oğlu

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Musayeva Vüsalə Vahid qızı

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

Əliyeva Starə Vidadil qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Muradov Pərviz Namiq oğlu

Rzayeva Fəridə İslam qızı

rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Qasımov Abusət Sahib oğlu

Mirhəsənli Mirnəsir Mirfazil oğlu

Ağdaş Rayon Məhkəməsi

Mürsəlova Aygün Mayıl qızı

Füzuli Rayon Məhkəməsi

İsmayılov Elmir Akif oğlu

Gəncə Şəhər Məhkəməsi

Xanməmmədova Liza Əliəşrəf qızı

Göyçay Rayon Məhkəməsi

Qurbanova Gülnaz İntiqam qızı

Hacıqabul Rayon Məhkəməsi

Bayramov Orxan Telman oğlu

Xaçmaz Rayon Məhkəməsi

Abiyeva Nərmin Mirhəsən qızı

Əliyeva Aynur Məhəmməd qızı

Mingəçevir Şəhər Məhkəməsi

Quliyeva Güləndam Gündüz qızı

Salyan Rayon Məhkəməsi

Əliyeva Vəsilə Əlövsət qızı

Sumqayıt Şəhər Məhkəməsi

İsmayılov Samir Bəyistan oğlu

Şirəliyeva Vəfa Zavrulla qızı

Şabran Rayon Məhkəməsi

Mirzəfərova Könül Murtuz qızı

Şəki Rayon Məhkəməsi

Musayev Kamran İbrahim oğlu

Şirvan Şəhər Məhkəməsi

Məmmədli Aydan Zakir qızı

Ucar Rayon Məhkəməsi

Bədəlov Xəyal Natiq oğlu.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Aytən Heydər qızı Əliyeva Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Kamran Nüsrət oğlu Muxtarov Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Elnur Aləm oğlu Nuriyev Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Anar Böyükkişi oğlu Sadıqov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Azər Heydər oğlu Tağıyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Nurəddin Nizami oğlu Hüseynli Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Elçin Qüdrət oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Nahid Namiq oğlu Mirzəyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Kənan Zakir oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilsin;

Fikrət Hüseyn oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

“Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin qeyd edib ki, Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının gələcək taleyi Azərbaycanla müzakirə olunacaq.

“Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılması insanlıq əleyhinə cinayət, etnik təmizləmə idi”.

Bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

O xatırladıb ki, ötən əsr boyunca qərbi azərbaycanlılar dörd dəfə - 1905-06, 1918-20, 1948-53 və 1987-91-ci illərdə qırğın və deportasiyalara məruz qalıblar:

“Əsrin əvvəllərində baş verən ilk iki deportasiya xüsusi amansızlıqla törədilən qətllər və sürgünlərlə yadda qalıb və yüzminlərlə azərbaycanlı canlarını bu qırğınlardan qurtarmaq üçün kor-koranə şəkildə yurd-yuvalarını tərk etməyə məcbur edilib. İrəvan şəhəri və ətrafını əhatə edən kəndlərə qəfil edilən basqınlar insanları buna vadar edib. 1947-ci ildə sovet lideri İosif Stalinin fərmanı ilə 100 min azərbaycanlının Ermənistan ərazisindəki öz ata-baba yurdlarından deportasiyasına dair qərar verilir, lakin 1948-53-cü illəri əhatə edən deportasiyalarda 144 600 soydaşımız vaqonlarla dağlıq ərazidən düzənliyə gətirilir. Onlar üçün guya kağız üzərində burada yaşaya bilmək üçün şərait yaradılması nəzərdə tutulub, lakin bu reallaşdırılmayıb”.

Ü.Zülfiqar deyib ki, bu fakt və dağlıq ərazilərdə yaşamağa alışdıqdan sonra düzənliyə gətirilmələri bir çox soydaşımızın həyatına son qoyub:

“1987-91-ci illər deportasiyası zamanı isə məlum olduğu kimi, 300 mindən çox soydaşımız öz ata-baba yurdlarından zorla qovulub, 216 azərbaycanlı qətlə yetirilib. Qərbi azərbaycanlılar öz kəndlərini cəmi bir-iki gün içərisində, əşyalarını belə çox hallarda götürməyə icazə verilmədən tərk etməyə vadar ediliblər, bundan əvvəl məktəblərə və bağçalara hücum edilərək hətta oradakı körpələr erməni millətçilər tərəfindən qətlə yetiriliblər. Bir neçə halda soydaşlarımızı Azərbaycana gətirən avtobusların qarşısı kəsilərək onlara işgəncə verilib”.

İcma sözçüsü bildirib ki, sözügedən faktlara dair əllərində foto və videomateriallar da var və zaman-zaman bu faktları yayımlayırlar:

“Yəni soydaşlarımız öz ata-baba yurdlarını, tarixi Azərbaycan torpaqlarını tərk etməyə vadar edilərkən bizə münasibətdə qətiyyən humanist davranılmayıb, mülkiyyətimiz talan edilib, insanlarımız qətlə yetirilib, döyülüb və təhqir ediliblər. Bu, insanlıq əleyhinə cinayət və etnik təmizləmə idi”.

Ü.Zülfiqar vurğulayıb ki, bu gün qərbi azərbaycanlılar zorla çıxarıldıqları el-obalarına sülh yolu ilə geri qayıdaraq orada dinc yanaşı yaşamaq, erməni cəmiyyətinə reinteqrasiya etmək, öz əzizlərinin məzarlarını ziyarət etmək istəyirlər:

“Bu bizim fundamental insan haqlarımızdır. Bununla bağlı Ermənistan tərəfinə etdiyimiz və cavabsız qalan müraciətin tezliklə cavablandırılmasına çağırırıq”.

Xəbər lenti