|
“Daşkəsən rayonunda heç kim 1-2 ildən artıq işləməyib. Amma mən 13 ildir ki, burada icra başçısıyam”.
Bunu Azvision.az-a açıqlamasında Daşkəsən rayonunun keçmiş icra başçısı Əhəd Abıyev deyib.
O, öz ərizəsi ilə işdən çıxmaq barədə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib:
"Daşkəsən dağlıq rayondur. Son vaxtlar burada sel, təbii fəlakətlər çox olur, səhhətimə pis təsir edir. Amma Aran rayonlarında işləyə bilərəm, hələ gümraham. İndi Prezidentin göstərişini gözləyirəm. Allah ona cansağlığı versin, o, özü bilən məsləhətdir. Nə desə, o da olacaq. Biz Prezidentin əsgərləriyik. Mən də zabit kimi bu dövlətçiliyə, iqtidara sədaqətli olmuşam, sadiqlik nümayiş etdirmişəm"”.
Prezidentin etimadını hər an, hər zaman doğrultduğunu deyən Əhəd Abıyev bildirib ki, bu gün Daşkəsən rayonu şikayətlərin az olmasına görə birinci yerdədir:
“Rayonda sabitlik, əmin-amanlıqdır və heç bir söz söhbət yoxdur. Hazırda İcra hakimiyyətində, öz otağımdayam. Kollektivlə söhbət edib vidalaşıram. Sonra bir qonaqlıq olacaq, onunla da buradan ayrılacam”.
Qeyd edək ki, dünən Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.
44 günlük müharibənin nəticələrindən narazı qalan ölkələrdən biri də Fransadır. Rəsmi Paris hələ də 2-ci Qarabağ savaşında ölkəmizin halal qələbəsini həzm edə bilmir və hətta Qərbin, fransız Şarl Mişelin patronajlığı ilə aparılan sülh prosesini belə baltalayır. Bundan ötrü erməni lobbisinin diktəsi ilə İrəvana reallaşması mümkün olmayan vədlər verir, separatçı-revanşistləri şirnikləndirir.
Son zamanlar isə Fransa - onun prezidenti E.Makron, parlamenti kapitulyant ölkəni silahlandırmaqla təhlükəli fəaliyyətlərdə bulunmadadır. Belə ki, iki gün öncə Fransa Senatının sədri Jerar Larşe Parisdə erməni həmkarı Alen Simonyanla görüşdən sonra Makron hökumətini “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Fransa silahlarının tədarükünü sürətləndirməyə” çağırıb. Bu barədə o, Twitter-də yazıb.
Xatırladaq ki, bir qədər öncə Fransa Ermənistana 50 zirehli transportyor göndərib. Müdafiə naziri Suren Papikyanın ən çox səfər etdiyi ölkə isə məhz Fransadır.
Bəs söhbət hansı silahlardan gedir və Fransa onları Ermənistana hansı qiymətə satacaq? Yoxsa bağışlayacaq?
Əlavə edək ki, Azərbaycan və Ermənistan arasında ədalətli sülhə ən çox maneə yaradan məhz Fransa və Rusiyadır. Bəzən bu iki dövlət hətta özləri də bilmədən sinxron hərəkət edir.
Ermənistan ordusunun Fransa silahları hesabına təzədən qurulması mümkünmü?
Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov bunu tam mümkünsüz sayır: “44 günlük savaşda biz qalib gəldik. Çox dövlətlər var ki, Azərbaycanın haqlı qələbəsini həzm edə bilmədilər. O ölkələrdən biri də Fransadır. Hamıya bəllidir ki, qələbəmiz dövründə min cür hoqqadan çıxdılar. Senatorları, alt və üst palatalarının üzvləri əleyhimizə çoxlu sayda qərarlar çıxardılar. Bəziləri hətta Qarabağın müstəqilliyini tanımaq kimi xülyalara da qapıldılar. Fransa həddindən çox diasporlarına sahib ölkədir. Prezidentdə təsir qüvvələri həddindən artıq çoxdur. Minsk Qrupunun illərlə həmsədri kimi Ermənistana tərəfkeşlik də etdi. Minsk Qrupu öz mövqeyini tamamilə itirdikdən sonra da açıq şəkildə Azərbaycanın üzərinə gəlməyə başladı. Belə hücumlar, gördüyümüz kimi, bu gün də davam edir. Azərbaycan öz siyasətini aparır. Brüsseldə Şarl Mişelin iştirakı ilə iki dövlət başçısının keçirdiyi görüş müsbət nəticələr verə bilər. Amma buna mane olan dövlətlər var. Bunlardan biri Fransa, əsasən də Rusiyadır. İstəmirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq olsun. Əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin məlum bəyanatı verməsi, ardınca Azərbaycan XİN-ə cavab verməsi, sonra Fransa Senatının açıqlaması onu göstərir ki, bəzi dövlətlər Cənubi Qafqazı sona qədər maraq dairəsində saxlamağa cəhd edir. Buna Fransa həm də Ermənistanın vasitəsilə nail olmağa çalışır. Regionda Türkiyə, Rusiya, İran faktoru da var. Amma Fransanın burada işi çox çətindir. Çünki Cənubi Qafqazdan çox uzaqdadır. Papikyanın son zamanlar tez-tez Fransaya səfər etməsi, oradan silah tədarükünün edilməsi, logistikanın müəyyənləşdirilməsi bir çox mətləblərdən xəbər verir. Fransa kapitalist ölkədir. Heç zaman pulsuz silah satmayacaq. Ermənistanın isə o səviyyədə maliyyəsi yoxdur ki, Fransadan bahalı silahlar alsın. Əlbəttə, hansısa silahları təmənnasız verə bilər. Amma vacib - müasir silahlarla Ermənistanı təmin etməsi mümkünsüz görünür. Ermənistan Silahlı Qüvvələrinin başqa modelə keçməsi, təzədən ordu formalaşdırması çox çətindir. Bu, uzun müddət tələb edir. II Qarabağ savaşında Ermənistan ordusunun 70 faiz silahı ordumuz tərəfindən məhv edildi. Sıradan çıxarılan bu ordunun bərpası, ştata uyğun komplekləşməsi üçün çoxlu sayda maliyyə dəstəyi lazımdır. Bu imkan isə Ermənistanda yoxdur. Son zamanlar Rusiya ilə gərgin münasibətləri də ona imkan vermir ki, bunlar ordunu rus silahları ilə təmin etsinlər. Paşinyan hakimiyyəti ilə Kreml arasında gərginlik yaşanır. Güman edirəm ki, bu çox davam edə bilməz.
Fransadan son zamanlar Ermənistana verilən dəstək bəyanatları, açıqlamalar heç nəyi dəyişmir. Çünki regionda başqa qüvvələr var. O qüvvələrdən biri də qardaş Türkiyə dövlətidir. Bu ölkə də çox güclü orduya sahibdir. Həm də regiona Türkiyə çox yaxın bir dövlətdir. Heç zaman da Fransanın bu regiona soxulmasına razı olmaz. Son anda Rusiya hətta Ermənistanı işğal edər, nəinki Fransanın bu regionda erməni tərəfinin iştirakı ilə iştirakına göz yumar. Bunu da Fransa və Ermənistanda yaxşı bilirlər. Azərbaycan müharibədən sonra çox güclənib. Sərbəst siyasətimizi davam etdiririk. Cənubi Qafqazdakı digər ölkələrdən bizim siyasət fərqlidir. Hər şey göz qabağındadır. Bir sözlə erməni ordusunun Fransa silahları hesabına yenidən qurulması mümkünsüzdür. Bunu hava yolu ilə bəlkə mümkün etmək olar ki, bu da çox baha başa gələ bilər. Həm də bunun üçün ordu NATO sisteminə, yəni Fransanın ordu sisteminə keçməlidir. Necə ki, Azərbaycan Türkiyə modelini seçdi və bunu da uğurla həyata keçirir. Amma hələ ki tam şəkildə uğurla da həyata keçirməmişik. İndi necə ola bilər ki, Ermənistan bu sistemə hələ keçidin başlanğıcını etməmiş Fransa ordu sisteminə keçsin? Bu tam şəkildə mümkünsüz görünür. Fransa modelinə keçmədən həmin silahlarla təchiz olunmaq mümkün deyil. Hesab edirəm ki, yaxın 5-10 ildə bu mümkün olmayan bir məsəlidir”. //“Yeni Müsavat”//
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.
Əvvəlcə birgə foto çəkdirilib.
Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlandı. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olundu, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirildi.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdi.
Görüşdə dövlətimizin başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırlatdı.
Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparıldı.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bir neçə gün əvvəl təqaüdə göndərilən polis polkovniki Ehsan Zahidovla bağlı əmr imzalayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, nazirin əmrinə əsasən, Ehsan Zahidova təqaüddə olduğu müddətdə polis geyimindən istifadə etmək hüququ verilib.
Həmin vəzifə polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə edilib.
Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı genişlənib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi VIP siyahısına əlavə edilib.
Xatırladaq ki, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir.
Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi polis mayoru Fərid Məmmədov vəzifəsindən azad edilib.
Yol-xeber.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Digər əmrlə Fərid Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, F.Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.(Qafqazinfo)
Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddialar reallığı təhrif edir.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovu qəbul edərkəb deyib.
Bildirilib ki, uzun müddət ərzində Rusiyanın da tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınması faktları xatırlanıb. Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsi yaratmasının suveren hüququ olduğu, qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıdığı bildirilib. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub. Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.
Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Yol-xeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Əhəd Abıyev bu vəzifəyə 2011-ci ildə təyin olunmuşdu.
Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
President.az-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.
Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilib.
Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib:
"Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.
Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülmüşdür. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaratmışdır.
Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir".
Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:
İşçi qrupun rəhbəri:
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri
İşçi qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru.
Bu sərəncamın 1-ci hissəsində qeyd olunan dövlət orqanları (qurumları) İşçi qrupda təmsil olunacaq nümayəndələri barədə təkliflərini 5 (beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
İşçi qrupuna tapşırılsın ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etməlidir.