|
“Azərbaycanla tərəfdaşlığımız uzunmüddətlidir”.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” hesabında yazıb.
Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant dünən, iyulun 14-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.
Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.
Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alır.
Qeyd olunub ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcək.
Bundan əvvəl bildirilirdi ki, görüş iyulun 21-də keçiriləcək.
Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə geopolitik savaşı artıq son həddə qədər intensivləşib. Hətta hesab etmək olar ki, bu geopolitik savaş indi son mərhələyə qədəm qoyub. Ona görə də, yaxın vaxtlarda bu regionda yeni dövrün başlanma ehtimalı kifayət qədər yüksəkdir.
Nə qədər qəribə də olsa, dünya nəhənglərinin regional savaşı hazırda məhz Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi üzərində indeksləşib. Rusiya regional sülh prosesini pozulmasına, gərginliyin artırılmasına, silahlı toqquşmaların törədilməsinə çalışır. Kremlin Cənubi Qafqazda mövqelərini qorumaq üçün başqa alternativ mexanizmləri mövcud deyil.
Son vaxtlar ardıcıl olaraq, baş verən hadisələr dünya nəhənglərinin regional savaşında mövcud situasiyanı ortaya çıxarır. Belə ki, ABŞ-ın İrəvandakı səfiri Kristina Kvinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərini bəyan etməsi Paşinyan hakimiyyətini ciddi şəkildə narahat etmişdi. Ona görə də baş nazir Nikol Paşinyan dərhal prezident Vladimir Putinə telefonla zəng edərək, Rusiyanın Ermənistana verə biləcəyi dəstək təminatının əhatə dairəsini dəqiqləşdirməyə çalışdı. Və böyük ehtimalla Kreml sahibindən müəyyən cəlbedici vədlər də almağa nail oldu.
Ancaq sonra məlum oldu ki, ABŞ və Qərb Ermənistana növbəti dəfə manipulyativ manevrlər etmək imkanı tanımaq niyyətində deyil. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a çağırıldı. Ona müəyyən xəbərdarlıqlar olundu. Rəsmi İrəvanın davranışlarının Ermənistan üçün doğura biləcəyi hərbi-siyasi nəticələr izah edildi. Və Armen Qriqoryan ABŞ-dan qayıtdıqdan sonra dərhal Rusiya əleyhinə açıqlamalar verməli oldu.
İndi rəsmi İrəvan ABŞ və Qərbin vasitəçiliyi ilə sülh danışıqlarının növbəti mərhələsinə hazırlaşmaq məcburiyyətində qalıb. Ermənistan baş naziri Nikol Paşinyan artıq bəyan edib ki, iyulun 15-də Brüsseldə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Və bu, o deməkdir ki, rəsmi İrəvanın sülh danışıqlarından yayınmaq cəhdləri indi daha qətiyyətlə bloklanır.
ABŞ Dövlət Departamentindən verilən açıqlamada isə vurğulanır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi çox yaxındır, razılaşma əldə oluna bilər. ABŞ rəsmi dairələri belə açıqlama verirsə, deməli, sülh prosesi artıq taleyüklü mərhələyə yaxınlaşır. Çünki Ağ Ev ABŞ-ın beynəlxalq imicini riskə atacaq situasiyanın yaranmasına heç bir halda, imkan verməz. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyətinin ABŞ-ın vasitəçilik missiyasına zərbə vuracaq hər hansı təxribata cəsarət etməz.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu ilin sonuna qədər yekun sülh sazişinin imzalana biləcəyini istisna etməyib: “Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".
Belə anlaşılır ki, rəsmi Bakı ABŞ və Qərbin sülh prosesindəki vasitəçilik missiyasından məmnundur. Yəni hələlik bu platformada baş verənlər Azərbaycanı ümumi şəkildə qane edir. Çünki rəsmi Bakı da ABŞ və Qərb kimi, sülh prosesinin ən qısa zamanda müsbət nəticələr ilə sona çatdırılmasında maraqlıdır. Və buna əngəl törətməyə çalışanlara sərt xəbərdarlıq mesajları verməkdən də qətiyyən çəkinmir.
Məsələ ondadır ki, Prezident İlham Əliyevin açıqlamasında bəzi beynəlxalq ünvanlara xitabən xəbərdarlıq məqamı da yer alır. Dövlət başçısı vurğulayıb ki, heç kim Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz: "Hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq".
Bu xəbərdarlıq mesajlarının ilk növbədə Rusiya, Fransa və rəsmi Parisin nəzarəti altında olan Avropa Parlamentiinə ünvanlandığı qətiyyən şübhə doğurmur. Çünki Rusiyada bəzi siyasi dairələr son vaxtlar Azərbaycana yönəlik ittihamlar irəli sürməyə başlayıblar. Fransa isə Rusiya ilə ortaq şəkildə Cənubi Qafqazda sülh prosesini pozmağa çalışır. Avropa Parlamentinin ermənipərəst mövqe tutduğu da heç kəsə sirr deyil. Və indi rəsmi Bakı Azərbaycanı hədəfə almağa çalışırlara "həddinizi bilin" mesajı verir.
Bütün bunları nəzərə aldıqda, 15 iyulda keçiriləcək Brüssel görüşünün regional sülh prosesində bir çox qaranlıq məqamlara aydınlıq gətirə biləcəyi qətiyyən istisna deyil. Ermənistan mətbuatı isə Brüssel görüşü ərəfəsində Azərbaycanın rəsmi İrəvana qarşı 7 şərt irəli sürdüyünü iddia edir. Həmin şərtlərin sırasında sülh müqaviləsinin ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmasının tələb edildiyi bildirilir.
Halbuki, rəsmi Bakı sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında maraqlı olsa da, onun harada reallıqdasa biləcəyi Azərbaycan üçün prinsipial önəm daşımır. Yəni, sülh sazişi Vaşinqtonda və ya Brüsseldə imzalana bilər. Və rəsmi Bakı belə məsələləri problemə çevirmək niyyətindən uzaqdır.
Anklavlar məsələsinə gəldikdəsə, Ermənistan istənilən halda, həmin əraziləri Azərbaycana qaytarmağa məcburdur. Ermənistanın Qarabağla bağlı bütün uydurma iddialarından imtina etməsi isə qaçılmazdır. Rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməsi də vacibdir. Bu dəhlizin məhz Beynəlxalq Gömrük Təşkilatının nəzarəti altında fəaliyyət göstərməsi də tamamilə məntiqlidir. Çünki beynəlxalq xarakter daşıyan bir dəhlizinin hər hansı dövlətin, o cümlədən, Rusiyanın nəzarətində fəaliyyəti yolverilməzdir.
Rəsmi İrəvana yönəlik iddia olunan şərtlərin sırasında Ermənistanın üzərinə 2026-cı ilə qədər Rusiya bazasını çıxarılması öhdəliyinin qoyulması müəyyən maraqlı məqamlardan xəbər verir. Çünki Ermənistandan Rusiya bazasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz olunması tələb olunur. Və bunun rəsmi Bakı tərəfindən irəli sürülmüş tələb olduğuna yalnız sadəlövhlər inanar.
Məsələ ondadır ki, Rusiya bazası Ermənistanda rəsmi İrəvan və Kreml arasında anlaşma ilə yerləşdirilib. Bu mövzu Rusiya və Ermənistana aid məsələdir. Rəsmi Bakı vaxtını özünə aid olmayan mövzulara sərf etməyə həvəs göstərməz. NATO təlim bölmələri ilə bağlı iddia isə bu mövzunun rəsmi İrəvan tərəfindən uydurulduğundan şübhələnməyə əsas verir. Çünki Azərbaycan NATO-nun üzvü deyil və bu hərbi-siyasi alyansın hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi ilə bağlı hər hansı mövzunu öz strateji hədəfləri sırasına daxil etməz.
Böyük ehtimalla bu, ya rəsmi İrəvan tərəfindən Rusiyanın qıcıqlandırılması üçün uydurularaq, ortaya atılıb. Ya da ola bilər ki, bu tələb ABŞ və Qərb tərəfindən Ermənistanın qarşısına çıxarılıb. Rəsmi İrəvan isə bunu elə indidən Azərbaycanın şərti kimi gündəmə gətirməklə, ictimailəşdirməyə çalışır. Və böyük ehtimalla Rusiyanın mümkün qəzəbini özündən uzaqlaşdırmağa çalışır.
Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Ermənistanı ciddi şəkildə sıxışdırmağa başlayıb. İndi rəsmi İrəvan həm Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun beş şərti əsasında yekun sülh sazişini imzalamağa məcburdur. Həm də sonrakı mərhələdə ABŞ və Qərbin tələbi ilə Rusiya bazasını NATO təlim bölmələri ilə əvəzləməyin mümkün variantlarını axtarıb, tapmalıdır. Və bu, Ermənistanı yaxın gələcəkdə Rusiya ilə ciddi qarşıdurma dövrünün gözlədiyi anlamına gəlir.(musavat.com)
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda sədr İnam Kərimov məhkəmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Sonra iclasda gündəlikdəki məsələlər üzrə məruzələr dinlənilib, məhkəmə sisteminin səmərəliliyinin artırılması, hakimlərin seçim qaydalarının təkmilləşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub, məhkəmə fəaliyyətini tənzimləyən hüquqi akt layihələrinə baxılıb.
Eyni zamanda Hakimlərin Seçki Komitəsinə yeni üzvlər seçilib, bəzi təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Bundan başqa hakimlərin intizam icraatı üzrə işlərə baxılıb, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.
Sülh danışıqları getdiyi zaman Ermənistan ordusunun Azərbaycanla şərti sərhəddə və Qarabağdakı qanunsuz silahlı dəstələrin mövqelərimizi atəşə tutması sülh prosesini əngəlləyir. Analitiklər bildirirlər ki, danışıqlarda xırda irəliləyiş əldə olunan kimi, qarşı tərəf silahları işə salır. Hərbi gərginlikdə Rusiya tərəfinin maraqlı olduğunu iddia edən ekspertlər hesab edirlər ki, sülh danışıqlarının Qərb platformasında davam etməsindən qıcıqlanan Moskva Ermənistan ordusundakı əlaltılarına təxribat əmri verir.
Bu təxribatlarda İrəvanın da maraqlı olduğu göz önündədir. Çünki Ermənistanın Baş naziri hər vəchlə sülh sazişini imzalamaqdan yayınır, zaman qazanmağa çalışır. Düzdür, Ermənistan rəsmiləri tərəfindən sülh sazişi ilə bağlı zaman-zaman müsbət mesajlar verilir, amma reallıqda yayınmanın şahidi oluruq.
İrəvanın sülhdən yayınma siyasətinin səbəblərini, sülh sazişinin imzalanmasının niyə yubandığını və Azərbaycanın hansı addımı atmalı olduğunu AYNA-ya müsahibəsində açıqlayan Azad Demokratlar Partiyasının sədri, ictimai-siyasi xadim Sülhəddin Əkbər deyib ki, hazırda yeni dünya nizamı qurulur və bunun uğrunda geopolitik müharibələr gedir:
- Geopolitik müharibə təkcə Rusiya-Ukrayna savaşı deyil, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi də geopolitik müharibədir. Bu, faktiki olaraq Rusiyanın Azərbaycana qarşı apardığı proksi müharibədir. Ermənistan və Qarabağdakı qondarma separatçı rejim Rusiyanın aləti rolundadırlar. Ona görə də məsələlər uzanmaqdadır.
Digər tərəfdən, dünyada dövlətlər şərto olaraq üş yerə bölünür: böyük dövlətlər var, hansı ki, oyun quruculardır, orta səviyyəli dövlətlər var ki, onlar regional oyunçulardırlar və kiçik dövlətlər var. Təəssüf ki, Azərbaycan böyük və orta səviyyəli dövlət deyil, lokal gücdür. Hesab edirəm ki, Azərbaycan milli strateji gücünü nəzərə alıb addımlar atmalıdır. Etiraf etmək lazımdır ki, gücümüz məhduddur. Azərbaycanın gücü çatan məsələlər var ki, onları özü həll edir.
- Gücü çatmayan məsələlərin həlli üçün Azərbaycan hansı addımı atmalıdır?
- Artıq bunun üçün koalisiyalarda təmsil olunmalıyıq. Məsələn, Azərbaycanın gücünün çatmadığı məsələ üçün Şuşa Bəyannaməsini imzaladı, qardaş Türkiyə ilə strateji müttəfiqlik müqavilələri bağlayıb. Azərbaycan hansısa məsələni təkbaşına həll edə bilməyəndə, gücü çatmayanda qardaş Türkiyədən dəstək alır. Türkiyə çəkindirici faktordur.
Azərbaycan bəzi məsələləri öz məhdud imkanları hesabına həll edə bilir, edə bilməyəndə müttəfiqi olan dövlətlər köməyinə gəlir. Elə anlaşılmasın ki, təkcə Azərbaycanın gücü məhduddur, xeyr, istənilən dövlətin gücündə məhdudiyyət var. Amma bizim məhdudiyyətimiz daha çoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan kiçik ölkədir, düşmən üçbucağında yerləşir. Bu baxımdan, biz mütləq yeni dünya nizamına uyğun siyasət aparmalıyıq, geopolitik qarşıdurmaları izləməliyik, ona uyğun addım atmalıyıq. İndi gedən strateji savaşda resursları güclü olanlar qalib çıxacaq. Biz yolumuzu düz seçməliyik. Necə ki, qardaş Türkiyə son günlərdə strateji yolunu düzgün seçdi, Qərblə yaxınlaşma ortaya qoydu. Biz də Türkiyə isə strateji müttəfiq ölkə olaraq o yolla getməliyik. Düzgün geostrateji seçim etdikdə müsbət dəstək alırıq, bunun nümunələri də var.
- Söhbət hansı dəstəkdən gedir?
- Məsələn, ötən günlərdə ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması Azərbaycana dəstək idi. Bu, ilk baxışda gözlənilməz olsa da, Vaşinqtonun Bakıya dəstək mesajı idi. Yaxud da, BMT-nin Beynəlxalq Məhkəməsi Laçın yolu ilə bağlı Ermənistanın iddialarını rədd etdi, Azərbaycan lehinə müsbət qərar çıxardı. Belə dəstəyi İkinci Qarabağ müharibəsindən əvvəl gözləmək olardımı? Şəxsən mən inanmıram.
- Belə fikirlər var ki, Paşinyan hakimiyyətini itirmək qorxusu səbəbindən sülh sazişini imzalamaqdan boyun qaçırır. Bu iddia ilə razısınızmı?
- Hesab edirəm ki, bu, zəif arqumentdir. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistanda keçirilən seçkilərdə Paşinyanın partiyası 70 faizdən çox səs topladı. Sülh sazişinə imza atmaq kapitulyasiyaya imza atmaqdan daha pisdir ki? Ola bilər ki, sülh sazişi imzalaması səbəbindən Paşinyana qarşı çevrilişə, sui-qəsdə cəhd edilsin, lakin bunun da qarşısı almaq mümkündür. Nəzərə almaq lazımdır ki, Paşinyanın təhlükəsizliyini qeyri-rəsmi olaraq ABŞ öz üzərinə götürüb. ABŞ-ın Ermənistanda kifayət qədər gücü var ki, Paşinyana qarşı cəhdlərin qarşısını ala bilsin. Yoxsa indiyədək Rusiya çoxdan Paşinyana qarşı planlarını həyata keçirmişdi.
Düşünürəm ki, Paşinyan öz xoşu ilə sülh qərarı vermək istəmir, sənədi imzalamaqdan yayınır. Çünki Paşinyan tarixə ləkəli adla düşmək istəmir. Lakin Nikol onu da anlayır ki, sülh müqaviləsi olmadan Ermənistanın gələcəyi yoxdur. Ermənistanın qonşularla münasibəti normal olmasa, inkişaf perspektivi də olmayacaq. Sülh olmalıdır ki, Rusiya hərbçiləri Azərbaycanın Qarabağ bölgəsindən və Ermənistan ərazisindəki 102-ci hərbi bazadan çıxarılsın. Hesab edirəm ki, rəsmi İrəvan bunu dərk edəcək və tezliklə sülhü imzalamağa məcbur qalacaq. Çünki dediyim kimi, başqa yolu yoxdur.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan ilə görüşündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi müzakirə olunub.
Bu barədə “İravunk” erməni nəşri yazır.
Bildirilir ki, Qriqoryana Vaşinqton və Bakıdan 7 tələb təqdim olunub:
- Sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır;
- Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürür;
- Sünik (Zəngəzura) bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək Bakıdan struktur açılmalıdır;
- Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürür;
- Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürür;
- Zəngəzur dəhlizinin beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiya Federasiyasının iştirakı olmadan açılması;
- Ermənistanın Qarabağdan tam imtina etməsi.
“Əgər qeyd olunanların reallıq olduğu ortaya çıxarsa, bu, təkcə Artsaxın təslim olması deyil, həm də Ermənistanın qeyd-şərtsiz təslim olması deməkdir və yaxın gələcəkdə xəritələrdən silinmək ehtimalı çox realdır”, - qəzet qeyd edir.
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Türkiyə son bir neçə gündə Rusiyanın təpkisinə yol açan iki addım atdı. Birincisi, “Azov” alayının komandirlərini Ukraynaya təhvil verdi; ikincisi, İsveçin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırdı. Sizcə, nə baş verir – Rusiya-Türkiyə əlaqələri soyuyur?
- Hər bir ölkə addımlar atarkən, öz maraqlarını əsas götürür və buna uyğun qərar verir. Türkiyə də addımlarını öz maraqlarına hesablayaraq atır. “Azov” komandirləri və İsveçlə bağlı qərarlar da, Türkiyənin milli maraqları kontekstində verilib. Əlbəttə, Rusiyanın “Azov”la bağlı məyyən etirazları oldu. Çünki Rusiya hesab edirdi ki, Ukrayna ilə müharibə bitənə qədər həmin şəxslər Türkiyə ərazisində qalmalı idilər. Bu, kiçik detaldır. Məncə, buna ən uyğun cavabı Dmitri Peskov verdi. O bildirdi ki, bu kimi məsələlərə baxmayaraq, Rusiya Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır və bu istiqamətdə işləyəcəklər.
İsveçə gəlincə, bununla bağlı Türkiyənin istər Rusiya, istərsə də hansısa digər ölkə qarşısında öhdəliyi yox idi. Türkiyənin NATO-nun genişlənməsi məsələsində öz baxışı var. Ankara əvvəldən bu genişlənmədə maraqlı olduğunu bildirir və bu istiqamətdə öz addımlarını atır. Türkiyə keçən ilə qədər ölkələrin NATO-ya üzvlüyü ilə bağlı əks mövqe sərgiləməmişdi. Sadəcə söhbət Finlandiya və İsveçdən getdiyi üçün bu, Rusiyaya görə, həssas məsələdir. Çünki hər iki ölkənin neytrallıq statusu vardı, xüsusən də Finlandiyanın Rusiya ilə yüzlərlə kilometrlik sərhədləri mövcuddur. Bu baxımdan, Rusiyanın həssaslığını anlamaq olardı.
Türkiyə də İsveç və Finlandiyanın ona qarşı münasibətlərini əsas götürərək mövqeyini bildirdi və bununla bağlı konkret tələbləri vardı. Bunlar da əsasən, yüksək texnologiyalar sahəsində bu ölkələr tərəfindən Ankaraya tətbiq olunan sanksiyalar, eləcə də PKK terror təşkilatının İsveç və Finlandiyada Türkiyəni hədəfə alan fəaliyyətləri ilə bağlı idi. Finlandiya Türkiyənin bu iradlarını qəbul etdi, bununla bağlı həm qanunvericiliyində, həm də siyasətində dəyişiklik edərək, Ankaranın dəstəyini aldı və NATO-ya üzv oldu.
İsveçə gəlincə, bununla bağlı müəyyən problemlər davam etdi. İsveçdə islami dəyərlərin təhqir edilməsi, tez-tez Quranın yandırılması və PKK-nın fəaliyyətinə göz yumulması Türkiyənin narazılığına səbəb olurdu. Türkiyə mövqeyini bunlarla əsaslandırırdı. Türkiyə prezidenti, NATO baş katibi və İsveç baş naziri arasındakı son görüşdə bu məsələlərlə bağlı ciddi müzakirə aparıldı. Yekunda müəyyən ortaq nöqtəyə gəlindi. Türkiyə böyük ölçüdə öz tələblərini qəbul etdirdi. İsveç baş naziri görüşdən sonra Türkiyənin tələblərinin tam təmin edilmədiyini, bu iradlarının əsaslı olduğunu və bunlara göz yumulması haqda bir açıqlama verdi. Qeyd etdi ki, bu istiqamətlər üzrə addımlar atılacaq.
Dediyimiz kimi, Türkiyə bu qərarı verərkən, öz milli maraqlarını əsas götürür. Bu çərçivədə Avropa Birliyi ilə münasibətlərin normallaşdırılması, sərbəst viza rejiminin tətbiq edilməsi və Avropa Birliyi, yaxud Qərb sərmayəsinin Türkiyə iqtisadiyyatına cəlb olunması məsələləri önə çıxır. Ərdoğan hakimiyyəti bu məsələləri həll etməyi qarşısına məqsəd qoyub.
Digər vacib məsələlərdən biri də, ABŞ-la münasibətlərdəki mövcud gərginliyin aradan qaldırılması və F-16 mövzusunun çözülməsi ilə əlaqəlidir. Türkiyə bunları əsas götürüb bu qərarı verdi. Hesab edirəm ki, öz maraqlarına uyğun – doğru addımı atdı. Yəni Türkiyənin Rusiya qarşısında öhdəliyi yox idi ki, İsveç, yaxud hansısa ölkənin NATO-ya buraxılmasına mane olacaq.
- Hazırkı gedişat belə bir ehtimalı da önə çıxarır ki, Türkiyə Qərbə inteqrasiya siyasətində kəskin geridönüş edir. Xüsusən də Avropa Birliyinə üzvlük məsələsinin yenidən müzakirə olunmağa başlaması maraqlıdır. Siz bu haqda necə düşünürsünüz?
- Bu addımların siyasətdə kəskin dəyişiklik olduğunu düşünmürəm. Türkiyə həmişə özünün düşərgəsinin Qərb olduğunu bəyan edib. Ərdoğan hakimiyyətinə qədər də, bundan sonra da beləydi. Ərdoğan hakimiyyətə gələrkən, onun verdiyi vədlərdən biri də Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinin həlli ilə bağlıydı. 2004-cü ildə Avropa Birliyi ilə Türkiyə arasında imzalanan memorandumda da, üzvlük prosesinin sürətləndirilməsi nəzərdə tutulurdu.
Rusiya ilə əlaqələri gəlincə, Türkiyə balanslaşdırılmış siyasət yürüdür. Türkiyə NATO üzvü kimi Qərb hərbi blokuna daxildir. Türkiyənin ən böyük ticari tərəfdaşı Avropa Birliyidir. Türkiyədə istehsal olunan malların 60 faizdən çoxu Avropa bazarlarına satılır. Türkiyə yüksək texnologiyalar sahəsində də Qərb ölkələri, ABŞ-la əməkdaşlıq edir. Buna görə də, “kəskin dəyişiklik” deməzdim. Eyni zamanda, Türkiyə regionun böyük dövləti kimi Rusiya ilə də münasibətlər qurub və bu əlaqələr inkişaf edən xətlə gedir. Hesab etmirəm ki, son gəlişmələrdən sonra Rusiya-Türkiyə münasibətlərində ciddi narazılıq yaranacaq.
Rusiya və Türkiyə situasiyaya uyğun olaraq əməkdaşlıq edirlər, strateji tərəfdaş deyillər. Mövcud durumla əlaqəli onların əməkdaşlıq formatları var, bunlar da müxtəlif sahələri əhatə edir. Əlbəttə, Rusiya tərəfindən müəyyən soyuqluq olacaq. Rusiya mətbuatında o isterikanı artıq görürük. Onların fikirlərindən belə çıxır ki, sən demə, Türkiyə də Rusiyanın “vassal”ıymış, Rusiyanın maraqlarını əsas götürərək öz maraqlarından geri çəkilməli imiş. Bu, yanlış təsəvvürdür. Bu, Rusiya mətbuatı, cəmiyyəti və dövlətindəki ab-hava kimi qiymətləndirilməlidir. Əlbəttə, Rusiyada sağlam düşüncəli şəxslər də var. Təsadüfi deyil ki, Putinin sözçüsü Peskov Türkiyə ilə əməkdaşlıq üçün geniş imkanlar və perspektivlərin olduğunu və bu istiqamətdə də əməkdaşlığın davamında maraqları olduqlarını dedi.
- Rusiya-Türkiyə əlaqələrindəki son gəlişmələr bir maraqlı iddianı da gündəmə gətirib. Rusiya və Ermənistanın informasiya mənbələrinin iddialarına görə, Türkiyə Cənubi Qafqazla bağlı daha qətiyyətli addımlar atmağa hazırlaşır. Bunlardan biri də Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsi ilə bağlıdır. Bu ehtimal nə qədər mümkündür?
- Hesab etmirəm ki, Rusiya və Ermənistan mətbuatında yazılanlar həqiqəti əks etdirir. Bu, sadəcə manipulyasiyadır, hər iki ölkənin mətbu orqanlarında müəyyən məqamlarda ictimai rəy formalaşdırmaq ənənələri var. Belə dezinformasiyalarla “qara piar” kampaniyası aparırlar.
Azərbaycan və Türkiyəyə gəlincə, iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Bu, bir daha Şuşa Bəyannaməsi ilə təsdiqlənib. Biz faktiki olaraq, “bir millət, iki dövlət” formulu üzrə hərəkət edirik. Əksər məsələlərdə mövqelərimiz üst-üstə düşür. Türkiyənin də Cənubi Qafqazda sabitlik və sülhdə maraqlı olduğu kimsəyə sirr deyil. Türkiyənin bu istiqamətdə atdığı konkret addımlar var. Türkiyə Ermənistanla da münasibətləri normallaşdırmaq istəyir ki, bu da bölgədə sülhə və əmin-amanlığa töhfə verə bilər.
Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsi məsələsinə gəlincə, bununla bağlı prosedur qanunvericliyə uyğun olmalıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Amma Şuşa Bəyannaməsində açıq qeyd olunur ki, tərəflərdən hansısa birinə təhlükə yaranarsa, o zaman tərəflər bu məsələni müzakirə edib, müvafiq addımlar ata bilərlər. Bunun da tərcüməsi bəllidir.
Azərbaycan ordusu da 44 günlük savaşdan sonra daha da güclənib və bu proses davam edir, ən yeni silah-sursatla təmin olunur. Döyüş potensialı və təcrübəsi artıb, istənilən təxribatın qarşısını almağa qadirdir. Amma hansısa məqamda ehtiyac olacaqsa, Şuşa Bəyannaməsi işə düşə bilər. Təkrar hərbi bazalara gəlincə, bu, zamana bağlı olan məsələdir və situasiyadan asılı olacaq.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı qeyd edib.
Dövlətimizin başçısı Entoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.