|
Prezident İlham Əliyevlə Azərbaycanda dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.
Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.
Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.
Gündəliyə təklif olunan məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
4. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş)
5. “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi
6. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
7. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
8. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)
9. “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)
11. Gömrük Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)
12. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
13. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)
14. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)
Vilayət Eyvazov bölmə rəisini işdən çıxarıb.
Lent.az xəbər verir ki, bu barədə nazir müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəki rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Niyazi Süleymanov vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Onun yerinə hələlik təyinat yoxdur.
Bakıda, "Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafətində olduqca maraqlı məqam yaşanıb.
Ziyafətdə "Duyanlara, duymayanlara” mahnısı səsləndirilib.
Sözügedən mahnı Rəcəb Tayyib Ərdoğanın sevimli mahnılarından sayılır və o şəxsən özü dəfələrlə bu il keçirdiyi seçkiöncəsi mitinqlərdə bu mahnını ifa edib.
Həmin kadrları təqdim edirik:
Rusiya-Ukrayna müharibəsində şanlı qələbə akkordları hələ heç bir tərəfə nəsib olmayıb. Müharibənin xarakteri dəyişkəndir, Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənmək taktikasında çətinliklərlə üzləşir, Ukrayna isə hələ ki həlledici ərazi nailiyyətlərinə yiyələnmir.
İndi gözlər Ukraynanın keçirdiyi əks-hücum əməliyyatlarının doğura biləcəyi nəticələrə zillənib və nikbin əhvali-ruhiyyə yaradan məlumatlar gəlməkdədir.
Ukrayna qüvvələri keçirdiyi əks-hücum əməliyyatlarından kiçik ərazi uduşları ilə çıxmağı bacarıb, Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin qərbində təsdiqlənmiş irəliləyişlər əldə edib.
Rusiya qoşunları isə müdafiə doktrinası əsasında cəbhə xəttini dondurub cari vəziyyətlə danışıqlara getməkdə maraqlı tərəf kimi görünür, lakin bu, Ukraynanın şərtləri ilə uzlaşmır.
Rusiyanın hərbi əməliyyatlarda hücum doktrinasına söykənən praktiki addımları peşəkarlıq baxımından uğurlu deyil. İndi Rusiya NATO-nun tərtib edib Ukraynaya ötürdüyü əks-hücum əməliyyatlarına davam gətirmək istəyir, qoşunların komplektləşdirilib meydana buraxılması isə vaxt aparır.
Düzdür, Ukraynanın genişmiqyaslı qələbə qazanmasından danışmaq da tezdir, çünki Rusiyanın işğal etdiyi ərazilər böyükdür və Kiyevin paralel hücumlarla onları geri qaytarması üç faktordan asılıdır:
- Qərb Ukraynanı Rusiyanı geri oturda biləcək səviyyədə silahlandırmalıdır;
- Ukraynaya böyük ölçüdə canlı qüvvələr lazımdır;
- Qərblə Rusiya Ukraynanı darda qoyacaq sövdələşməyə getməməlidirlər.
NATO isə bir həddə gəlib çatanda çəkingən davranır, çünki onun Rusiyanın nüvə silahı tətbiq edə biləcəyi barədə həyəcanlı təsəvvürləri mövcuddur.
NATO ona görə ehtiyat etmir ki, Rusiyaya qarşı adekvat nüvə zərbələri imkanından məhrumdur, ona görə çəkinir ki, bu silahların tətbiqi dünya müharibəsi riski yaradır. Üstəgəl, NATO üzvü olmayan Ukraynaya görə də Rusiyaya qarşı nüvə silahı atmaqda maraqlı deyil.
Rusiya isə nüvə silahının döyüş meydanına tullanması ritorikasından bərk yapışır. Moskva biclik edir, NATO-nu münaqişəyə cəlb etməmək üçün Ukraynaya qarşı taktiki nüvə silahlarının tətbiqini gündəmdə saxlayır.
Rusiya iyul ayında taktiki nüvə silahlarının bir hissəsini Belarusda yerləşdirməyi planlaşdırır, ehtimal ki, mümkün hədəf qorxutma aktı ilə Ukraynanın paytaxtı Kiyevə nüvə zərbəsi endirmək arasında uyğunlaşdırma aparmaqdır.
Rusiya bilir ki, döyüş əməliyyatları gedən bölgələrə nüvə zərbəsi endirsə, bundan öz hərbçiləri də əziyyət çəkəcəklər, ona görə də o, cəbhə xəttindən uzaqda olan Kiyevə mümkün atış planlarına sahib ola bilər.
Ukraynaya risk yaradan məsələlərdən biri də Rusiyanın Çinlə hərbi sahədəki əməkdaşlıq perspektivinin Kiyevə yarada biləcəyi təhdidlər və bu təhlükədə Belarusun hansı status ala bilməsidir.
Hər halda, görünən budur ki, Belarusun Rusiyanın nüvə silahlarına ev sahibliyi etməsi təkcə Ukrayna üçün deyil, ümumilikdə NATO üçün də siqnaldır. Kremlin taktiki nüvə şantajının döyüş meydanında rəsmiləşməsi versiyasını isə heç bir halda arxa planda saxlamaq olmaz.
Əgər Ukrayna əks-hücum əməliyyatlarında uğur qazansa, Rusiya:
- İlhaq etdiyi ərazilərin daxilində gerçəkləşəcək əməliyyatları ərazi bütövlüyünə təhdid kimi qiymətləndirə;
- Kiyevə Belarusdan zərbələr endirib Ukrayna hakimiyyətini əks-hücum əməliyyatlarından çəkindirməyi hədəfləyə bilər.(oxu.az)
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilir.
"Report" xəbər verir ki, tədbir konsert proqramı ilə davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib.
"Yol-xeber.az" xəbər verir ki, Xalq artistini təbrik edən Prezident İlham Əliyev dedi:
- Hörmətli Oqtay müəllim, bu gün sizin yubileyinizdir. Bu yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Siz uzun illərdir kino sənətinin inkişafında çox fəal işləyirsiniz. Son illər ərzində Azərbaycanda gördüyünüz işlər hamımızı çox sevindirir. Siz həm görkəmli rejissor kimi, həm pedaqoq kimi böyük şöhrət qazanmısınız. Azərbaycan kinosunun inkişafında sizin çox böyük rolunuz vardır.
Oqtay Mirqasımov: Minnətdaram.
Prezident İlham Əliyev: Eyni zamanda, ictimai həyatda da fəalsınız, həmişə öz vətəndaşlıq mövqeyinizi bəyan etmisiniz. Cəmiyyəti narahat edən məsələlərlə bağlı sizin dəyərli fikirləriniz çox böyük önəm daşıyır.
Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Siz 2003-cü ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün - yubileyiniz olan gündə siz Azərbaycan dövlətinin yüksək ordeni olan “İstiqlal” ordeni ilə təltif edilirsiniz. Mən sizi ürəkdən təbrik etmək və bu ordeni sizə təqdim etmək istəyirəm.
x x x
Dövlətimizin başçısı “İstiqlal” ordenini Oqtay Mirqasımova təqdim etdi.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Oqtay Mirqasımov: Siz həm gözəl sərkərdə, gözəl siyasətçi, sözündən dönməyən kişisiniz. Bu keyfiyyətlər bizim üçün önəmlidir. Biz uşaqlıqdan belə böyümüşük - həmişə əsgər, qəhrəman bizim üçün kumir olub. Allah razı olsun. Siz böyük Heydər Əliyevin – atanızın oğlusunuz. Bu, çox böyük bir işdir və adama nə qədər ruh verir. Bunu hər kəs bilir.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan alternativ investisiyaların idarə edilməsi üzrə “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib.
Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən Berri Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar.
Prezident İlham Əliyev dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “Starwood Capital Group” şirkəti ilə sıx əlaqələrinin olmasını müsbət qiymətləndirib və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev qeyri-sabit maliyyə bazarları dövründə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin artmasının müsbət hal olduğunu deyib.
Görüşdə Azərbaycanda münbit investisiya şəraitinin mövcudluğu qeyd edilib, energetika sahəsi, xüsusilə alternativ enerji, logistika, turizm sahələrinə əlverişli investisiya qoyuluşu üçün yaxşı imkanların olduğu vurğulanıb və bununla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib. Şirkətin daşınmaz əmlak, kredit və enerji infrastruktur strategiyaları üzrə idarə etdiyi vəsaitlərin ümumi dəyəri hazırda 120 milyard ABŞ dolları təşkil edir. Şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşir və 35-dən artıq ölkəyə investisiya həyata keçirib. Hazırda portfel şirkətlərində 5 mindən artıq əməkdaş çalışır.