![]() |
|
24 sentyabr tarixində Fransa Prezidenti Emmanuel Makron Fransanın TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir.
Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xritstianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.
Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır.
Cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri zamanı da beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş və hətta Azərbaycanın guya mülki əhalini hədəf aldığı iddialarının heç bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. Bu xüsusda, Azərbaycanın bu tədbirlərinə qarşı səsləndirilən fikirlərin heç bir əsası yoxdur.
Müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Fransa tərəfinin saxta niyyətindən xəbər verir.
Azərbaycan öz torpaqlarından erməni silahlı qüvvələrinin ərazilərimizindən çıxarılması və erməni silahlı birləşmələrini tərksilah etməsi ilə yanaşı, erməni sakinlərə yardım göstərilməsi və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir.
Qeyd edilənləri nəzərə alaraq, Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik.
Sentyabrın 25-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başlayıb.
APA xəbər verir ki, görüş Xocalı şəhərində baş tutub.
Qeyd edək ki, Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub.
Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.
Dövlət başçısını hava limanından rəsmi şəxslər yola salıblar.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.
Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.
Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.
“10 milyon əhalisi olan Azərbaycan geosiyasi fərqlərin aradan qaldırılmasında az problemlə üzləşib. Bakı bu yaxınlarda coğrafiyadan və geologiyadan öz xeyrinizə istifadə etmək üçün master-klass keçdi. Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə kimi heç kim Azərbaycanla mübahisə etmək istəmir. Hamı dost olmaq istəyir”.
Bu barədə “Politico”nun Azərbaycanın Qarabağdakı antiterror tədbirləri barədəki məqaləsində deyilir.
Nəşrin yazdığına görə, Azərbaycan beynəlxalq aləm tərəfindən səssiz tənqidlərlə üzləşdi.
“Ötən il Bakıya səfəri zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen ölkənin lideri İlham Əliyevə xoş sözlərdən başqa heç nə deməyib. Onu Avropa İttifaqı üçün etibarlı və etibarlı enerji tərəfdaşı kimi gördüyünü söyləyib.
Bundan bir neçə həftə sonra Rusiya prezidenti Vladimir Putinin Belarusdakı həmkarı Aleksandr Lukaşenko çəkinmədən Əliyevi “tamamilə bizim adamımız” adlandırdı.
Əliyev həm də Türkiyənin dostudur. Bakı və Pekin bir-birini strateji tərəfdaş hesab edir. Azərbaycan Çinin “Bir kəmər və yol” təşəbbüsündə iştirak edir. Ölkə həmçinin İsraillə hərbi əməkdaşlığı genişləndirmək üçün çalışır. 2020-ci ildə bu həlledilməz münaqişənin son böyük alovlanması zamanı İsrail Türkiyə ilə birlikdə Azərbaycana pilotsuz təyyarələr tədarük edib.
Bu, qarşılıqlı eksklüziv dostların və pərəstişkarların təsirli siyahısıdır və yer və enerji çox şeyi izah edir.
Keçən il Azərbaycan paytaxtına gələndə Fon der Leyen Avropanın enerji ehtiyaclarını ödəmək üçün “Rusiyadan şaxələndirilməsi” zərurətini vurğulamaqdan çəkinmədi, Bakı ilə cənub qaz dəhlizindən tədarükün artırılmasına dair razılaşmanı elan etdi.
O həmçinin Azərbaycanı Avropa İttifaqını bərpa olunan enerji sahəsində çox etibarlı tərəfdaşına çevriləcəyini bəyan edib.
Lakin fon der Leyen Azərbaycan haqqında belə bir tərəfdaş kimi danışan ilk Aİ rəsmisi deyil. 2019-cu ildə Avropa İttifaqı Şurasının ozamankı prezidenti Donald Task da Azərbaycanı etibarlılığına görə yüksək qiymətləndirib”, - nəşr yazır.
Azərbaycanın Qərblə Şərq arasında oynadığı əhəmiyyətli rola toxunan “Politico” yazır ki, 2005-ci ilədək Bakıda 20 ölkənin səfirliyi var idisə, indi onların sayı 85-ə çatıb.
“Mərkəzi Asiyada təsirlərini genişləndirmək istəyən Ankara və Pekin üçün Azərbaycan regional enerji layihələrində, eləcə də yeni regional dəmir yollarının inkişafında və planlaşdırılan infrastruktur və nəqliyyat kommunikasiyaları layihələrində əsas oyunçudur.
Güclü dil, dini və mədəni əlaqələri olan Türkiyə müstəqillik əldə etdikdən sonra Azərbaycanın əsas regional müttəfiqinə çevrilib. Amma Bakı məharətlə bütün tərəfdaşları ilə münasibət saxlamağa çalışır. O anlayır ki, onlar imkanlar təqdim edir, lakin münasibətlər pisləşərsə, təhlükəli də ola bilər.
Bu, istər Aİ, istər Türkiyə, istər Çin, istərsə də Rusiya olsun, regionun bütün əsas oyunçularına aiddir. Bakının müxtəlif ölkələrlə anlaşa bilməsinin səbəbi heç kimin geosiyasi rəqiblərə üstünlük vermək və Mərkəzi Asiyada incə balansı pozmaq istəməməsidir. Bunlara onun ənənəvi düşməni İran da daxildir. Bakı və Tehran illərlə davam edən düşmənçilikdən sonra son aylarda detensiya əldə etməyə çalışırlar”, - nəşr yazır.
“Politico” təəssüflənir ki, ermənilər “haqsızlığa” məruz qalıb: “Bəlkə də əvvəlcə Rusiyadan asılı olub, sonra Qərbə çevrilməkdənsə, Azərbaycandan nümunə götürüb hamı ilə dost olmağa çalışmaq daha yaxşı olardı”.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib.
Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir:
"Məlum olduğu kimi, cari ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilmiş, terrorçu dəstələr təslim olmağa məcbur edilmişlər.
Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılmışlar.
Qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülmüşdür.
Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır.
Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir".
Hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur.
“Report”un Laçına ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Xankəndini tərk edən erməniəsilli şəxslər məntəqədən öz şəxsi maşınları ilə Ermənistan istiqamətində sərbəst şəkildə keçid edirlər.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Antiterror tədbirlərindən sonra Xankəndiyə doğru – suverenliyimizin tam bərpası istiqamətində addım-addım yaxınlaşdığımız fonunda açıq qalan suallar var:
- 44 günlük müharibədən sonra Bakının Xankəndiyə irəliləməsinin qarşısını alan Rusiya niyə neytral mövqe sərgilədi, hətta antiterror tədbirlərini açıq şəkildə dəstəklədi?
- Üç il sonra geri çəkilən Moskvanın planı nədir, arxa fonda görə bilmədiyimiz oyun varmı?
Bu suallar müzakirələrə səbəb olur və 24 saatlıq məcburetmə tədbirlərinə dair şübhələrə yol açır.
Və müəyyən versiyaları da ön plana çıxarır, hərçənd, bu versiyaların güclü tərəfləri ilə müqayisədə zəif tərəfləri daha çoxdur.
Birinci versiya: Rusiya Bakıya irəliləmək şəraiti yaradır, əvəzində 2025-ci ildən sonra da Qarabağda qalmağa nail olur;
Üç amil bu ehtimalı zəiflədir:
1. Bunun üçün nəzarət traektoriyasının bu qədər daralmasına razı olmaz;
2. Erməni əhalisinin Ermənistana köçməsinin qarşısını alar;
3. Separatçıların mövcudluğunu hansısa formada saxlamağa, eyni zamanda, lazım olanda “müqavimət” göstərə bilmələri üçün silahlı dəstələri müəyyən qədər də olsa qorumağa çalışar;
İkinsi versiya: nəzarət traektoriyasını daraltsa da, əvəzində sülhməramlıların mandatını rəsmiləşdirir və uzun müddətə qalır;
Sülhməramlıların bölgədə qalma müddəti 10 noyabr anlaşmasında təsbit olunub və qeyd olunur ki, “sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən (Azərbaycan və Ermənistan) hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Antiterror əməliyyatında sonra Qarabağda yeni vəziyyət yaranıb və 10 noyabr razılaşmasının bu bəndi qüvvədən düşmüş hesab edilə bilər. Çünki tərəflərdən birinin – Ermənistanın artıq prosesdə iştirakı yoxdur. Bu halda sülhməramlıların bölgədə qalması və mandat məsələsi Bakı və Moskva arasında həll ediləcək. Ki, bu Rusiyanın sülhməramlıların saxlanılması məqsədilə Ermənistan üzərindən manevr imkanlarını sıradan çıxarır, eyni zamanda, Bakının qərarvermə gücünü artırır. Moskva istəyinə nail olmaq üçün Bakıya təzyiq edə bilər, hərçənd, Qarabağ məsələsində güc balansı ikinin birədir: Moskva Bakı-Ankara qarşısında təkdir və Ankara Bakıya təzyiqin önündə qalxan rolunu oynayır, Türkiyə də sülhməramlıların 2025-ci ildən sonra bölgədə qalmamasına dair mövqeyini Ərdoğan səviyyəsində elan edib;
Üçüncüsü, Rusiya nəzarət traektoriyasını Xankəndiyə qədər daraldır və Azərbaycan ərazisində hərbi bazasının olmasını istəyir;
- Rəsmi Bakı ölkə ərazisində digər ölkənin hərbi bazasının olması fikrini yaxın buraxmır, xüsusilə çoxvektorlu siyasi xətti bunu qeyri-məqbul edir;
- Azərbaycanın əsas və rəsmi müttəfiqi Türkiyədir, əgər ölkə ərazisində hərbi bazanın olması zərurəti qaçılmaz olarsa, bu Türkiyənin bazası ola bilər;
- Rusiyanın Azərbaycanda hərbi baza istəyinə qarşı təkcə Bakı yox, Ankara da qarşı çıxar;
Bu versiyaların qeyri-reallığı Bakının Qarabağda suverenliyini tam bərpası istiqamətində irəliləmək əvəzinə Moskva qarşısında hansısa öhdəlik götürməsi ehtimalını olduqca azaldır. Lakin Rusiyanın mövqeyində radikal dəyişiklik səbəbsiz deyil, Moskvanın öz istəklərinin olduğu da məlumdur.
Moskva Bakıya niyə mane olmadı, rusların planı nə ola bilər?
Baş verənləri bu suala cavab axtarışı üzərindən anlamağa çalışmalıyıq.
Qarabağ məsələsi 30 il ərzində Rusiya üçün Cənubi Qafqazda Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün plasdarm rolunu oynayıb. 44 günlük müharibədə bu kart böyük ölçüdə zəiflədi, amma sıradan çıxmadı. Sülhməramlı kontingentini bölgəyə gətirməyə nail olan Rusiya həm bu kartı əlində saxlayır, həm də Bakı-İrvan xəttində vasitəçilik üzərindən təsir imkanlarını qoruyurdu. Ötən ilin sentyabr döyüşlərindən sonra situasiyanı dəyişdi.
- Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və sonrakı proses bu faktor üzərində quruldu;
- İrəvan bununla Qarabağ məsələsində arxa planda qalmaqla problemi Bakı-Moskva xəttinə köçürmək gedişi etdi;
- Qarabağda qondarma “status”, “müqəddəratını təyin etmə” planlarını “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” mərhələsinə qədər aşağı saldı;
- Baş verənlərə görə bütün məsuliyyətin sülhməramlıların – Moskvanın üzərində qalması vəziyyəti yaratdı;
- Və Qarabağdan imtina etməklə Rusiyanın bu kart üzərindən Ermənistana təsir imkanını zəiflətdi, Moskvanın orbitindən uzaqlaşmaq, Qərbə yaxınlaşmaq xətti tutdu: Avropa İttifaqı missiyanın bölgəyə gətirilməsi, ABŞ-la hərbi təlimlərin keçirilməsi və s. bunun əyani nümunələridir;
Bu vəziyyətdə Qarabağın Rusiya üçün bölgədə təsir imkanlarını saxlamaq rolu azaldı. 44 günlük müharibədən sonrakı vəziyyəti saxlamaq – separatçıları və silahlı dəstələri qorumaq Moskva üçün qazancdan çox, risklər vəd edir:
Birincisi, Qarabağda qalmaq yalnız Azərbaycana təsir imkanını saxlamaq deməkdir;
İkincisi, məsələnin Bakı-Moskva xəttindəki problemə çevrilməsi Rusiyanın təkcə Azərbaycanla yox, Türkiyə ilə də münasibətlərində gərginlik yaradır, xüsusilə Ukrayna müharibəsindən sonra bunda maraqlı deyil;
Üçüncüsü, Moskva Qarabağda ermənilər üçün Bakı ilə üz-üzə gəldiyi vaxt Ermənistan Rusiyanın orbitindən uzaqlaşır, Qərbə yaxınlaşır, həm də ikili oynayırdı: həm Qarabağ məsələsinə görə anti-Rusiya kampaniyasını körükləyir, həm də bu məsələni Qərb ölkələrinin bölgəyə müdaxiləsi üçün zəminə çevirirdi, “erməni əhalisinin qorunması üçün beynəlxalq mexanizm” buna hesablanıb;
Beləliklə, Qarabağın ruslar üçün bölgədə plasdarm rolundan daha çox, problemə çevrildiyi ortadadır, xüsusilə Ermənistanın məsələni Moskvanın üzərinə yükləməsi və siyasi oriyentasiyasını dəyişməsi fonunda. Görünür, Moskvada separatçıları qorumağn uzun perspektivli qazanc olmadığını anladılar: bununla yalnız Bakıya təsir rıçağını saxlayırlar ki, bu uzun müddət mümkün olmayacaq və təkcə Bakı ilə yox, Ankara ilə da üz-üzə gələcək; buna paralel olaraq, İrəvanın orbitdən uzaqlaşamaq imkanı genişlənir və bu perspektiv Cənubi Qafqazda güc-təsir balansını rusların əleyhinə dəyişdirir;
Rusiyaya təkcə Azərbaycana təsir edə biləcəyi Qarabağ yox, Azərbaycan və Ermənistan arasında “hakim” rolunu saxlamaq, Cənubi Qafqazda maraqlarına yaranmış riskləri aradan qaldırmaq lazımdır. Və bu imkanları bir neçə kontekstdə təsnif etmək olar.
a) Bakı və İrəvan arasında sülh müqaviləsinə vasitəçilik etmək: Ermənistan sülh müqaviləsində “Qarabağdakı erməni əhalisinin müdafiəsi” məsələsini problem olaraq irəli sürür və qeyd etdiyimiz kimi, bundan həm anti-Rusiya kampaniyası üçün istifadə edir, həm də Qərb ölkələrinin bölgəyə girişinə qapı açır; separatçıların təslim olması ilə bu kart İrəvanın, həm də bu məsələ ilə bölgəyə müdaxilə edən tərəflərin əlindən çıxır və qarşıdakı dövrdə Moskva sülh müqaviləsinin onun vasitəçiliyi ilə imzalanmasına çalışacaq;
b) Qarabağdakı ermənilərə görə onu ittiham edən Paşinyan hakimiyyətini təzyiq altında buraxdı: separatçıların təslim olmasından sonra İrəvanda baş verənlər bunu təsdiq edir və Moskvanın bu amildən sonrakı müddətdə də Ermənistanda daxili siyasi atmosferi idarə etmək üçün istifadə edəcəyi bəllidir;
Burada bir məqam xüsusilə diqqət çəkir – Rusiya 10 noyabr razılaşmasına əsasən erməni silahlı dəstələrini bölgədən çıxara bilərdi, lakin bunu niyə Bakının öhdəsinə buraxdı?
- Silahsızlaşdırmanı ruslar etsəydi, bu gün Paşinyan hakimiyyətinə qarşı olan ittihamlar Moskvaya qarşı yönələcəkdi və rəsmi İrəvan bundan geniş şəkildə istifadə edəcəkdi;
- Erməni silahlı qruplaşmalar arasında tabe olmayanlar olacaqdı və bu, Rusiyanın imicini təkcə ermənilər qarşısında yox, Azərbaycan qarşısında da zədələyəcəkdi;
c) Rusiya üçün həm Azərbaycan və Ermənistan arasında uzun müddətli “hakim” mövqeyini, həm də bölgədə təsir imkanlarını saxlamaq üçün sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması vacibdir:
- Zəngəzur dəhlizi: təhlükəsizliyini rus hərbçilərinin təmin edəcəyi bu dəhliz Moskva üçün bölgədə uzunmüddətli perspektivdə plasdarm rolunu oynaya, həm də Avrasiyanın bu kommunikasiyalara birləşəcək nəqliyyat şəbəkəsində paya sahib olmaq imkanı qazandıra bilər; istisna deyil ki, Azərbaycan-Ermənistan sülh sazişində Zəngəzur dəhlizi məsələsi hər iki tərəfin uzlaşa biləcəyi nöqtələr üzərindən qurulacaq, bu, Ermənistanın “suverenlik” iddiasının nəzərə alınması ilə asanlaşdırılmış keçid də ola bilər;
- Ermənistana alternativ quru yolunun əldə edilməsi: Gürcüstan marşrutunda iki çətinlik var, siyasi baxımdan, ABŞ-ın Tbilisiyə təsir imkanı bu marşrutu riskli edir, iqtisadi baxımdan, qış aylarında bu yolun işlək qabiliyyəti böyük miqyasda aşağı düşür; alternativ marşrut Qazax-İcevan yolunun olması mümkündür, lakin bunun üçün sülh sazişinin imzalanması və kommunikasiyanın açılması lazımdır;
ç) Cənubi Qafqaza qeyri-regional ölkələrin girişinin qarşısını almaq planı: Moskva bölgədəki vəziyyəti 44 günlük müharibədən sonrakı, Ukrayna müharibəsindən əvvəlki vəziyyətə qaytarmaq niyyətindədir; Türkiyə və Rusiya əsas oyunçu olur, İranın maraqları nəzərə alınır, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə 3+3 formatı inkişaf etdirilir;
Ukraynada müharibənin getdiyi vaxt Moskvaya “axilles dabanı” olan Cənubi Qafqaza kənar müdaxiləni zəiflətmək, təsir imkanlarını saxlamaq lazımdır. Və belə görünür ki, Rusiya regionu itirməmək, yaxud regionda güc balansının əleyhinə dəyişməməsi üçün Qarabağı plasdarm olaraq görməkdən imtina etdi.
(Burada məsələnin qlobal proseslərlə də bağlantısı var: Hindistanda keçirilən G-20 zirvəsində Türkiyə və Rusiyanın kənarda qaldığı İMEC layihəsi qəbul olundu, bu layihənin reallaşma perspektivi nə qədər zəif olsa da siyasi qərarın verilməsi risklər vəd edir və istisna deyil ki, bu, Orta Dəhlizin önündə hələ də qalan Qarabağ “ocağı”nın dərhal söndürülməsini, Cənubi Qafqazda sabitliyin qurulmasını qaçılmaz etdi. Bu, Türkiyə və Azərbaycanla yanaşı, Rusiya üçün də vacibdir, həm Zəngəzur dəhlizində yer almaq, həm Cənubi Qafqaza kənar oyunçuların müdaxiləsinin qarşısını almaq, həm də bölgədə təsir imkanlarını saxlamaq baxımından. Bu haqda ayrı yazmaq istəyirəm).
Və bütün bunların fonunda bir sual aktual olaraq qalır: Xankəndinin taleyi necə olacaq, ruslar şəhəri “Donbasa” çevirə bilərmi?
Xankəndinin rusların nəzarətində “separatçı bölgə” olaraq qalması həm hərbi, həm siyasi, həm logistika, həm iqtisadi baxımından praktiki olaraq mümkün deyil: bunu xəritəyə baxdıqda əyani şəkildə görmək olar;
Artıq Xankəndində qalacaq azsaylı erməninin Azərbaycan vətəndaşlığında, Azərbaycan qanunları ilə yaşamaqdan başqa alternativinin olmadığı aydın görünür. Bunu Rusiya da qəbul edib, sülhməramlıların 2025-ci ilə qədər orada qalması isə bizim üçün Ermənistanın “beynəlxalq mexanizmlər” iddiasının önünü almaq üçün lazımlı görünür. Hərçənd, bölgədəki proseslər rusların daha tez çıxmasını da istisna etmir.
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb.
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, insanların bütün gecəboyu keçidi baş tutub.
Saat 06:00-a olan məlumata görə, Qarabağın 2906 sakini Ermənistana daxil olub.
Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.
Onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər.
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.
Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, hələ 2021-ci ildə "Azərenerji" tərəfindən tikilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "Şuşa" yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Artıq Xankəndidə Azərbaycan işığı yanır.
Paşinyan hakimiyyətinin son davranışları Kremli Ermənistan problemini daha fərqli plan üzrə həll etmək barədə düşünmək məcburiyyətində buraxıb... Kremldə hesab edirlər ki, Ermənistan Rusiya siyasi sisteminin icad etdiyi dövlət olduğundan, onun gələcək taleyini müəyyən etmək hüququna da sahibdirlər...
Cənubi Qafqaz tarixin təkrar olunduğu örnəkləri qabarıq şəkildə nümayiş etdirən bir regiondur. Bütün dünya bu regionda baş verənlərdən mütləq lazımi nəticələr çıxartmalıdır. Ermənistanın hazırda üzləşdiyi situasiya ən önəmli tarixi örnəkdir.
Məsələ ondadır ki, 30 il əvvəl - keçmiş SSRI-nin dağıldığı və sovet respublikalarının yenicə müstəqillik qazandığı dövrdə Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərini işğal edirdi. Həmin dövrdə Azərbaycanda hökm sürən hakimiyyət uğrunda mübarizə və ölkədaxili xaos Rusiyanın himayə etdiyi Ermənistanın işğalçılıq planlarının reallaşdırılmasını asanlaşdırırdı. Və nəticədə Ermənistan Azərbaycanın 20 faiz ərazilərini 30 ilə yaxın bir müddətdə işğal altında saxlamağa nail olmuşdu.
İndisə tarix eynilə təkrar olunur. Sadəcə, rollar, situasiya və proses tamamilə fərqlidir. Yəni, bu dəfə ötən müddət ərzində Azərbaycan güclənib, işğal altında olan ərazilərini azad edir. Bunun nəticəsində isə Ermənistanda hakimiyyət uğrunda mübarizə ölkədaxili xaosa yol açıb. Rəsmi İrəvanın Kremllə münasibətləri korlanıb, Rusiya daha Ermənistana əvvəlki dəstəyi həm verə bilmir, həm də vermək istəmir.
Ona görə də, indi Ermənistan Azərbaycanın "dəmir yumruğu" qarşısında təklənib və aciz duruma düşüb. Ermənistanın beynəlxalq himayədarları da artıq Ermənistanı əvvəlki kimi müdafiə edə bilmirlər. Azərbaycanın beynəlxalq məkanda güclənən nüfuzu və Qərb ölkələri üçün artan əhəmiyyəti Ermənistanı ənənəvi dəstəkdən məhrum buraxır.
Nəticədə heç bir dövlətçilik ənənəsi və siyasi-diplomatik şüuru olmayan Ermənistan rəsmi idarəçilik mexanizmlərini də itirməyə başlayıb. Daha doğrusu, Ermənistanda ümumiyyətlə, belə mexanizmlərin, siyasi idarəçilik sisteminin olmadığı Azərbaycanın "dəmir yumruq" zərbəsi sayəsində qabarıq şəkildə ortaya çıxmaqdadır. Və bu reallıq BMT Təhlükəsizlik Şurasında keçirilən son müzakirələrdə də Ermənistanı beynəlxalq məkanda rəzil duruma saldı.
Birincisi, Ermənistan və onun əsas beynəlxalq himayədarı Fransa BMT Təhlükəsizlik Şurasında keçirilən "Qarabağ müzakirələri"ni böyük fərqlə uduzdular. Bu qurum Azərbaycana qarşı heç sənəd qəbul etmədi, irad bildirmədi. Yəni, rəsmi Bakı Ermənistan və Fransa üzərində növbəti parlaq siyasi-diplomatik qələbəsini qazandı.
Digər tərəfdən, Azərbaycan diplomatiyası Ermənistanı BMT Təhlükəsizlik Şurasında yalançı və iftiraçı tərəf durumuna da salıb, biabır etdi. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan ordusunun Qarabağda lokal antiterror tədbirləri nəticəsində mülki əhalinin çoxlu sayda itkilər verdiyini iddia etdi.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə erməni nazirin yalan danışdığını, Azərbaycana iftira atdığını elə Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasına istinad etməklə, sübuta yetirdi. Çünki erməni baş nazir Azərbaycan ordusunun mülki əhalini hədəf alması barədə iddiaların dezinformasiya olduğunu rəsmən bəyan etmişdi.
Belə anlaşılır ki, Ermənistanın xarici işlər nazirinin bu ölkənin hökumət başçısının açıqlamalarından ya xəbəri yoxdur. Ya da Ermənistan dövlətində siyasi sistem çöküb və koordinasiya itib. Yəni, indi rəsmi İrəvan Qarabağ və bölgədə yaşayan erməni azlığı barədə düşünmək əvəzinə məhz Ermənistan dövlətçiliyin gələcək taleyi haqda düşünməlidir.
Məsələ ondadır ki, Ermənistan dövlətinin gələcək taleyinə qarşı ciddi təhlükələr mövcuddur. Üstəlik, bu təhlükə Azərbaycan və Türkiyə tərəfindən törədilmir. Əksinə, hazırda rəsmi İrəvanın Qərbə yaxınlaşmaq cəhdləri Ermənistanı məhz onun hərbi müttəfiqi olan Rusiyanın açıq hədəfinə çevirib. Və bunu baş nazir Nikol Paşinyan da birmənalı şəkildə bəyan etməkdədir.
Maraqlıdır ki, son açıqlamasında erməni baş nazir Ermənistanın müttəfiqlərinin bu ölkənin müstəqil dövlət kimi mövcudluğunun mümkün olmadığını sübuta yetirməyə çalışdıqlarını bildirib: "Ermənistan öz müttəfiqlərinə heç vaxt xəyanət etməyib. Ancaq indiki situasiya Ermənistanın uzun illər ümid bəslədiyi müttəfiqlərin erməni xalqının müstəqil mövcudluğunun mümkünsüzlüyünü qabartmaqla məşğul olduğunu göstərir".
Erməni baş nazirin bu açıqlaması Rusiya siyasi dairələrində və mətbuatında kəskin reaksiya doğurub. Rusiya mətbuatı bu açıqlamanı rəsmi İrəvanın Ermənistana müharibə elan etməsi kimi xarakterizə edib. Rusiya siyasi dairələrində isə baş nazir Nikol Paşinyanın Rusiya əleyhinə bu açıqlaması rəsmi İrəvanın Kremllə bütün "körpələri yandırmaq" və münasibətləri kəsmək cəhdi kimi dəyərləndirilir. Və Ermənistanın KTMT-nı tərk etməsinin ən yaxın vaxtlarda atılacaq yolverilməz addım hesab olunur.
Maraqlıdır ki, Kremlə yaxın siyasi dairələr Ermənistanın KTMT-dan çıxmaq cəhdlərinə paralel olaraq, bu ölkədə olan Rusiya hərbi bazalarının NATO dövlətlərinə bağlı silahlı qüvvələrlə əvəzlənməsi variantının da artıq işə salındığına əmindirlər. Onların fikrincə, Kremlin belə uğursuz situasiya ilə üzləşməsində onilliklər boyu Azərbaycanı ittiham edib, Ermənistana lobbiçilik xidməti göstərənlərin də xüsusi günahı var. Çünki onların Azərbaycana qarşı fəaliyyəti dövründə Ermənistanda sadəcə, Rusiya əleyhinə əhval-ruhiyyə güclənib, Paşinyan hakimiyyətinin dayaqları möhkəmlənib. Yəni, Kremlin erməni propoqandası əslində, iflasa uğrayıb və Rusiyaya qarşı bumerang effekti verir.
Ona görə də, indi Kremldə Ermənistanla bağlı təxirəsalınmaz addımların atılması vacib hesab olunur. Hər halda, Ermənistanın böyük sürətlə Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbin təsir zonasına çevrilməkdə olduğu açıq şəkildə etiraf edilir. Hələlik Kremlin Ermənistanda dövlət çevrilişi metodu ilə vəziyyəti xilas etmək şansına ümidləri tam itirməyiblər. Və bu istiqamətdə müəyyən planların işə salındığı, Rusiyanın Ermənistandakı "5-ci kalon"unun hərəkətə gətirildiyi də inkaredilməz reallıqdır.
Ancaq hələlik Kremlin dövlət çevrilişi variantı üzrə böyük uğurlar qazana biləcəyini düşünmək üçün də elə bir ciddi səbəb müşahidə olunmur. Çünki Paşinyan hakimiyyəti hələlik Rusiyaya bağlı revanşist siyasi qüvvələrə qarşı müqavimət göstərib, duruş gətirməyi bacarır. Belə vəziyyət isə Kremlin Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələri yenidən hakimiyyətə gətirmək planlarının iflasa uğrama ehtimallına inandırıcı görüntülər verir.
Rusiyanın son davranışları Kremlin Ermənistan problemini daha fərqli plan üzrə həll etmək barədə düşündüyünü də göstərir. Kremldə hesab edirlər ki, Ermənistan Rusiya siyasi sisteminin icad etdiyi dövlət olduğundan onun gələcək taleyini müəyyən etmək hüququna sahibdirlər. Bəzi məlumatlara görə, Paşinyan hakimiyyətinin devrilməsi mümkün olmazsa, onda Ermənistan dövlətinin ümumiyyətlə, demontaj edilməsi ssenarisi işə salına bilər. Baş nazir Nikol Paşinyanın son açıqlaması rəsmi İrəvanın da bu ssenarinin mövcudluğundan xəbərdar olduğunu göstərir.
Digər tərəfdən, Kreml də demontaj ssenarisinin işə salına biləcəyini qətiyyən göstərmir. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorovun “Ermənistan mövcudluğunu itirəcək" deməsi də erməni toplumuna son dolayısı xəbərdarlıq mesajı kimi görünür. Çünki rus deputat "Rusiya Ermənistan ərazisinə nəzarəti bərpa edəcək. Orada qubernatorluq olacaq” deməklə, Kremlin yekun hədəfini bəyan edib. Yəni, belə anlaşılır ki, Paşinyan hakimiyyəti devrilməzsə, Rusiya demontaj planını işə salaraq, Ermənistan dövlətini ümumiyyətlə, ləğv etmək niyyətindədir.(Yeni Müsavat)