![]() |
|
Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin sayı artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidindən 212-yə, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi isə 867 ştat vahidindən 926-ya qaldırılıb.
Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi polis polkovnik-leytenantı Rafiq Məmmədov vəzifəsindən azad edilib.
Unikal.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Digər əmrlə, polkovnik-leytenant R.Məmmədov Suraxanı DYP-nin rəisi vəzifəsinə təyinat alıb.
Yanvarın 23-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, dövlətbaşçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.
O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.
Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi apardılar.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana dövlətinə və xalqına qarşı cinayətlərdə ittiham olunaraq Bakıda məhkəməsi başlayan Arutyunyan və Vardanyanın dəstəsini müdafiə etməkdən imtina edib.
Paşinyan onları müdafiəsindən imtinasını Ermənistan parlamentində çıxışı zamanı bəyan edib.
Paşinyan məhkəmə prosesindən narahatlıq keçirdiyini qeyd etsə də, belə bir vəziyyətdə onlara “zərər vermə” məntiqi çərçivəsində yanaşdığını söyləyib.
“Mən vətənpərvərlik duyğularını təmin edən bəyanat verə bilərəm, lakin bu insanlar bunun təsirini və nəticələrini həbsxanada hiss edəcəklər”, - Paşinyan bildirib.
Bu isə onu deməyə əsas verir ki, Paşinyan belə bir mövqe sərgiləməklə bu şəxslərin Bakıda məhkəmə qarşısına çıxarılması ilə razıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Xorvatiyanın baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulandı.
Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etdilər.
Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulandı, həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olundu.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Vurğulandı ki, Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri məsələsinə dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın rolu qeyd olundu.
Xorvatiya baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik etdi, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğuladı.
O, Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirdi.
Odile Reno-Basso ölkəmizin bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə məlumat verdi.
Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd etdi.
Söhbət zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparıldı.
Sonra imzalanma mərasimi oldu.
Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi”ni İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzaladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olundu.
Qambiya Prezidenti Adama Barrou Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar Qambiya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə və bu faciə nəticəsində zərər çəkmiş insanlarladır. Bu çətin anlarda Qambiya Hökumətinin mənəvi dəstəyi sizinlədir.
Həyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılı günlərdə səbir diləyirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kartalkaya dağ-xizək mərkəzinin otelində baş verən yanğında çoxsaylı insan ölümü ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
"Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".
Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.
Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.
ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.
Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.
İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.
Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".