![]() |
|
"Fransanın Qarabağla bağlı hazırki siyasəti erməni diasporunun təsir gücünün göstəricisidir. Bu, həmişə belə olub. Yəni, köhnə ssenari yenə də davam edir”.
Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Fransa Senatının üzvü Natali Qule deyib.
Xanım Qule Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin hökumətə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsi ilə bağlı tələb irəli sürmələrini qətiyyətlə qınayıb:
"Fransadakı erməni diasporu sülh əleyhinə fəaliyyət göstərir. Onlar görmək istəmirlər ki, Ermənistan Ukraynanın legitim mövqeyinə qarşı Rusiyanı, dünyanın qalan hissəsinə qarşı İranı dəstəkləyir.
Fransanın bu cür mövqe sərgiləməsi siyasəti dramatikləşdirərək, seçkilərdə erməni seçicilərdən səs toplamaq məqsədi daşıyır. Onlar həmçinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün tarixi torpaqlarını tələb etməsini də dini müstəviyə daşıdılar.
Guya ki, "yaxşı erməni xristianlar” "pis müsəlman azərbaycanlılara” qarşı mübarizə aparır. Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”, - deyə Fransa Senatının üzvü Natali Qule əlavə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.
"Məlumatı “Resmi Gazete” yayıb. Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir.
Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.
Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə və sülh danışıqlarında vicdanlı şəkildə iştirak etməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev Təşkilatın Təhlükəsizlik Şurasında “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatda çıxışında bildirib.
“Ermənistan öz beynəlxalq öhdəliklərinə əməl etməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına, qanunsuz fəaliyyətlərə və dezinformasiyalara son qoymalı, mina terrorunu dayandırmalı, münaqişə zamanı itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyinə işıq salmalı, Azərbaycana, o cümlədən onun ərzaq təhlükəsizliyi sistemlərinə dəymiş zərəri ödəməli və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda vicdanlı şəkildə iştirak etməlidir. Azərbaycan öz xalqını, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində qətidir və dinc, təhlükəsiz, sabit və çiçəklənən region məqsədlərinə tam sadiqdir”, - deyə o vurğulayıb.
Qarabağda və Ermənistanda ermənilər 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində qətliamlar törətmiş cani Vaqif Xaçaturyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbsi ətrafında şou qurublar. Separatçıların və separatizmə dəstək verən İrəvanın iddiasına görə, guya Azərbaycan “xəstə və sıradan bir ermənini” İrəvana gedərkən tutub. Xaçaturyanın ailə üzvləri onun buraxılması üçün beynəlxalq təşkilatlara müraciətlər edir, Beynəlxalq Qızıl Xaç Komitəsinə etirazlar ünvanlayırlar.
Eyni zamanda, Birinci Qarabağ müharibəsində müharibə cinayətləri törətmiş xuntanın üzvləri təlaş içərisindədirlər. Erməni sosial şəbəkələrində yayılan məlumatlara görə, canilər Azərbaycanın onları yaxalaması ehtimalını nəzərə alıb Xankəndidən qaçmaq istəyirlər. Lakin Laçın keçid məntəqəsində saxlanacaqlarını artıq anladıqlarından Qarabağdan qaçışın başqa yollarını axtarmağa başlayıblar.
Qeyd edək ki, onlarla Meşəli kəns sakininin qətlini, onlarla sakinin yaralanmasının, yüzlərlə sakinin didərgin salınmasının təşkilatçısı və birbaşa iştirakçısı Vaqif Çərkəzoviç Xaçaturyan iyulun 29-da Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Törətdiyi müharibə cinayətlərinə görə 10 il qabaq beynəlxalq axtarışa verilən Xaçaturyan tutularaq Bakıya gətirilib. Xaçaturyan Azərbaycan qanunları çərçivəsində cəzasını alacaq.
Xaçaturyan ətrafındakı şounun məqsədini və Xankəndidə yaşanan təşvişi AYNA-ya müsahibəsində şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, onların etirazları effektsiz olacaq:
- Xaçaturyanın həbsinə görə ermənilərin etirazları təbii ki, şoudur. Ümumiyyətlə, Qarabağdakı separatçılar da, Ermənistan hakimiyyəti də bilməlidir ki, cinayətkarlar yaxalanacaq. Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də müharibə cinayətləri törətmiş ermənilərlə bağlı Azərbaycanca cinayqət işləri açılıb, onlar beynəlxalq axtarışa veriliblər. Xaçaturyan da onlardan biridir. Ona görə də onun saxlanılması, Bakıya gətirilməsində qeyri-adi nəsə yoxdur. İndi ermənilər narazılıq edirlər, etsinlər, bizim üçün problem deyil. Xaçaturyan hansı cinayətlər törətdiyini bilir. Sadəcə ola bilsin, düşünüb ki, sərhədi BQXK-nın avtomobilində keçə biləcək, problem olmayacaq. Yəqin ki, Laçında post olmayan vaxt o İrəvana gedib-gəlib. Amma birdəfəlik bu canilər anlamalıdırlar ki, artıq post var, Azərbaycan sərhədinə, ərazisinə giriş-çıxışa nəzarət edir. İndi ermənilər şou göstərirlər, beynəlxalq aləmin diqqətini bu məsələyə yönəltməyə, Azərbaycana hansısa beynəlxalq təzyiqlərin göstərilməsinə çalışırlar. Amma bu, alınmayacaq. Çünki Azərbaycan qanunlarına uyğun addım atır, cinayətkarı, terrorçunu yaxalayır. Bəli, ola bilsin ki, müəyyən dairələrdən təzyiqlər olacaq, bəyanat səviyyəsində narahatlıq bildiriləcək. Amma ciddi təzyiq gözlənilmir. Yenə deyirəm, Azərbaycan Xaçaturyanı həbs etməklə insan hüquqları pozmur, beynəlxalq axtarışa verdiyi cinayətkarı tutub, bu da hüquqi məsələdir.
Digər müharibə cinayətkarlarının narahatlıqlarına gəlincə, bu, təbiidir. Onlar hansı əməlləri törətdiklərini yaxşı bilirlər və Azərbaycanın onları cəzalandıracağını da artıq anlayırlar. Bilirlər ki, Xaçaturyanın saxlanılması başlanğıcdır. Həbsdən yayınmaq üçün bundan sonra müxtəlif yollara əl atacaqlar. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdır.
- Xaçaturyanın ailəsi BQXK-ya etiraz edirlər ki, niyə Xaçaturyanın saxlanılmasına imkan veriblər, onun tutulub Bakıya aparılmasının qarşısını almayıb...
- Bunlar anlamırlar ki, BQXK humanitar təşkilatdır, onun missiyası var, o missiyaya uyğun da fəaliyyət göstərməlidir. Hər halda “Qırmızı Xaç”ın sərhəddən keçirdiyi şəxslər haqqında ilkin məlumatı olmalıdır. Yenə deyirəm, ola bilsin ki, BQXK səhlənkarlıq edib. İndi Xaçaturyanın ailəsi, ermənilər BQXK-ya etiraz edirlər, etsinlər. Bu bizim problemimiz deyil.
Ümumiyyətlə, BQXK-nın fəaliyyətinə gəlincə, bu, Azərbaycanı qane etmir. Biz məsələ qaldırmalıyıq ki, Xankəndi Azərbaycan ərazisidir. Ona görə də, “Qırmızı Xaç”ın Xankəndidəki ofisi İrəvana yox, Bakıdakı ofisə tabe olmalıdır.
- Azərbaycan Qarabağdakı müharibə cinayəti törətmiş şəxslərin siyahısını BQXK-ya verə bilərmi ki, təşkilat bu canilər barədə məlumatlı olsun?
- Bakı siyahını verə də bilər, verməyə də bilər. Məncə, verilməməlidir. Çünki bu cinayətkarlar Xankəndidən hansısa vasitə ilə qaça bilərlər. Azərbaycanın məqsədlərindən biri də budur ki, cinayətkarlar ədalət mühakiməsinə çıxarılsın, hakim qarşısında cavab versinlər, cəzalandırılsınlar.
Hesab edirəm ki, ermənilərin BQXK-ya etirazları da nəticəsiz olacaq. Bu, beynəlxalq, nüfuzlu təşkilatdır. Ermənilərə görə də Azərbaycanla konfliktə getməkdə maraqlı deyil. Biz konkret faktlar qoyuruq ki, bu adam cinayətkardır. Ortada sübutlar var, Xaçaturyanın cinayət əməllərinin şahidləri var, fotolar var. Ona görə də BQXK-nın Bakıya hansısa narazılıq etməsi yersiz olar.
- Məlumdur ki, Xaçaturyan BQXK-nın avtomobilində “müalicə məqsədi” ilə İrəvana getməyə çalışıb. Belə iddialar var ki, ordakı quldurlar BQXK ilə razılaşıblar, Xankəndidən çıxarılmaları üçün qurumdan yardım istəyiblər. Bu canilərin Qarabağdan çıxarılmasında “Qızıl Xaç”ın bir əlaqəsi ola bilərmi?
- İkinci Dünya müharibəsi bitdikdən sonra qətliamlar, cinayətlər törətmiş bəzi nasistlər məhz bu cür təşkilatların köməyi ilə qaçıblar. Sonradan məlum oldu ki, onlar Cənubi Amerika ölkələrində gizləniblər. Məsələn, Eyxman nasist Almaniyasında altı milyon yəhudinin qətliamını sənədləşdirən şəxs olub. İkinci Dünya müharibəsi gedən zaman Eyxman saxta pasport alır və elə “Qırmızı Xaç”a bənzər təşkilatların köməyi ilə İtaliyaya keçirilir, orada gizlənir. Sonra yenə humanitar təşkilatlar vasitəsilə dəniz yolu ilə uzaq Argentinaya gedir. İsrail kəşfiyyatı 1960-cı illərdə Eyxmanı Argentinada tapır, İsrailə gətirib məhkəmə qarşısına çıxarılır. Sonra da ölüm cəzasına məhkum edilir. Demək istəyirəm ki, iddialar doğru ola bilər. Bəzən belə beynəlxalq təşkilatlar kimliyini araşdırmadan, bu şəxsin cinayətkar olub-olmamasına baxmadan ona yardım edə bilərlər. Ola bilsin ki, Xaçaturyan məsələsində BQXK-nin səhlənkarlığı da olub. Məsələn, bir ailə müraciət edir ki, xəstəmiz var, onu Xankəndidən İrəvana aparmaq lazımdır. “Qırmızı Xaç” araşdırma aparmadan Xaçaturyanı avtomobilə qoyub, sərhəddən keçirmək istəyib, Azərbaycan hüquq-mühafizə orqanları da onu yaxalayıb. Bu variant da mümkündür. Yəni ola bilsin ki, Xaçaturyanın ailəsi BQXK-ya müraciət edib, təşkilat da ciddi araşdırma aparmadan onu İrəvana aparmaq istəyib.
- Son vaxtlar Qarabağ ətrafında sanki “əsəb savaşı” gedir. Laçınla sərhədə “humanitar yük” adı altında TIR-ların yığılması, cinayətkar Xaçaturyanla bağlı ermənilərin etirazları fonunda Azərbaycanın psixoloji təzyiqi də müşahidə olunur. “Əsəb savaşı”nın sonunu necə proqnozlaşdırmaq olar?
- Ermənilər “əsəb savaşı”nı müxtəlif təxribatlara, insidentə çevirə bilərlər. Bu ehtimal həmişəki kimi qalmaqdadır. Amma onu da anlayırlar ki, Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlar Üçüncü Qarabağ müharibəsinin başlamasına şərait yaradacaq. Bununla eyni zamanda, Azərbaycanın manevr imkanları artacaq. Azərbaycan Rusiya sülhməramlılarını iki il müddətinə ərazilərindən yola salmaq və məsələni tam şəkildə bitirmək istəyir. Amma təxribat olarsa, bu addım daha tez atılacaq. Bunu separatçılar anlamamış deyillər. Separatçılar başa düşürlər ki, indi 1990-cı il deyil ki, Rusiyanın silahlandırması ilə, Ermənistanın və erməni lobbisinin dəstəyi ilə revanşa əl ata, yenidən işğalçılıq edə bilərlər. Azərbaycan təxribata elə zərbə ilə cavab verəcək ki, bunun altından çıxa bilməyəcəklər.
Vaşinqton Ermənistan və Azərbaycanı tam sülh sazişinin əldə edilməsi üçün zəruri olan kompromislərə getməyə çağırır.
Qeyd edək ki, bu sözləri ABŞ dövlət katibinin sözçüsü Metyu Miller mətbuat konfransında deyib.
“Ermənistan və Azərbaycan liderləri ilə həm həmin departamentin ən yüksək, həm də alt kabinet səviyyəsində əməkdaşlığı davam etdiririk, onları tam sülh sazişinin əldə edilməsi üçün zəruri olan çətin kompromislərə getməyə çağırırıq”, – deyə Miller vurğulayıb.
Maraqlıdır, Vaşinqton Ermənistan və Azərbaycandan hansı məsələlər üzrə kompromisə getməsini istəyir?
Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya şərhində ABŞ-ın dövlət rəsmisi Metyu Millerin bu bəyanatının arxasında duran əsas mahiyyətlə bağlı fikrini açıqlayıb:
“ABŞ deyəndə ki, Ermənistan kompromisə getməlidir, Ermənistanın dövlət kimi öz hüquqlarından imtinasını nəzərdə tutmur. Amma Vaşinqton erməni ictimaiyyətinin qonşularına qarşı yanlış düşüncələr və təsəvvürlərdən xilas olmasını istəyir. ABŞ-ın dövlət rəsmisi Ermənistanla bağlı ifadəsində məhz bunu nəzərdə tutub. Vaşinqton Ermənistan hakimiyyəti vasitəsilə erməni ictimaiyyətinə çatdırmaq istəyir ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq hüquqa və Ermənistanın daxili hüquqlarına zidd deyil.
Yəni beynəlxalq hüququn normalarına görə, hər hansı bir dövlət digər dövlətə öz ərazisindən yol verməyə məcburdur. Erməni ictimaiyyətində belə yanlış təsəvvür dolaşır ki, əgər onlar öz ərazilərindən Azərbaycana Naxçıvana çıxış əldə etmək üçün yol versələr, bu, Ermənistan dövlətini və xalqını fəlakətə aparacaq. Ermənistan hakimiyyətinin erməni ictimaiyyətinə bu kimi fikirlərin və təsəvvürlərin yanlış olduğunu başa salması kompromisdir.
O ki qaldı Azərbaycanın hər hansı məsələ üzrə kompromisə getməsinə, ölkəmizdə bir çoxları hesab edir ki, əgər Ermənistandan azərbaycanlılar məcburi şəkildə deportasiya olunublarsa və onlar öz torpaqlarına qayıda bilmirlərsə, onda ermənilər də Azərbaycanda yaşamamalıdır və ölkəni tərk etməlidir. Bu, çox yanlış düşüncədir”.
Z.Əlizadə hesab edir ki, ictimaiyyətimiz belə bir düşüncədən əl çəkməlidir:
“Belə bir düşüncə, belə bir təsəvvür Azərbaycan konstitusiyası və qanunları ilə ziddiyyət təşkil edir. İnsanları milliyyətinə, irqinə və dini mənsubiyyətinə görə qiymətləndirmək olmaz. Ona görə də Qarabağda məskunlaşan erməni əhalisinin hüquqları Azərbaycan konstitusiyasına və qanunlarına uyğun təmin edilməlidir.
Necə ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayan digər etnik millətlər bu hüquqlardan azad və sərbəst istifadə edirlər. Azərbaycan ictimaiyyətində bu mövqeyin qarşısının alınması özü bir kompromis olacaq. Vaşinqton kompromis məsələsində Ermənistan və Azərbaycanı öz daxili suveren hüquqlarından imtina etməyə yox, hər iki ölkənin ictimaiyyətinin yanlış təsəvvürlərdən xilas olmağa çağırır”.
Ermənistanın baş naziri Nikol Paşinyanın 3 avqust tarixində hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Ermənistan tərəfinin 15 iyun tarixində Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir.
Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.
6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə təsdiq olunduğu kimi, 1991-ci il Alma-Ata bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən baş nazir Nikol Paşinyanın eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Azərbaycan ərazisində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib.
İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir.
Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.
Ermənistan və Azərbaycan arasında anklav ərazi mübahisələri məsələləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll edilməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfinin Ararat və Tavuş sərhədindəki yeddi anklavın geri qaytarılması tələbi ilə bağlı Rusiya tərəfinin mövqeyini açıqlayarkən deyib.
“Biz o mövqedən çıxış edirik ki, ərazi mübahisələri məsələləri Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll olunmalıdır və bu, müvafiq ikitərəfli komissiya tərəfindən əlaqələndirilir. Uzun fasilədən sonra iyulun 12-də komissiyanın 4-cü iclasının keçirilməsini alqışlayırıq”, - Zaxarova qeyd edib.
İrəvanın Rusiyanın və sülhməramlıların üzərinə düşən missiyanı yerinə yetirməməsi ilə bağlı səsləndirdiyi itithamlara gəldikdə Zaxarova deyib ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra özlərinin dedikləri kimi, səylərin olmaması ilə bağlı Rusiyaya qarşı hər hansı iddialar ikiqat yersiz görünür.
Səudiyyə Ərəbistanı Essam bin Saleh Al Cutaylini Azərbaycana səfir təyin edib.
“Report”xəbər verir ki, yeni səfir Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud qarşısında and içib.
O, andiçmə zamanı qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın intensivləşdirilməsinə çalışacaq.
Qeyd edək ki, diplomat Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri vəzifəsində sələfi Haməd bin Abdullah bin Səud bin Xudeyrini əvəz edəcək.
Azərbaycana qarşı beynəlxalq səviyyədə informasiya müharibəsinə yenidən start verilib, 44 günlük müharibədə olduğu kimi.
44 gün boyunca ordumuz torpaqlarımızı qarış-qarış işğaldan azad edəndə erməni diasporu/lobbisi, Ermənstanın havadarları və antiazərbaycan mövqeyini gizlətməyən qüvvələr informasiya müstəvisində “feyk-nyus” ssenarisini tətbiq edirdi. Azərbaycanın öz suveren ərazisində atdığı addımlara qarşı eyni şəbəkə eyni ssenarini bu gün də tətbiq etməyə cəhd edir.
Hədəf də eynidir: informasiya çirkliliyi yaratmaq, beynəlxalq ictimai rəyi “feyks-nyus”larla yönləndirmək və Azərbaycanı ədalətli mövqeyindən geri addım atmağa məcbur etmək;
44 günlük müharibədə buna nail ola bilmədilər, yenə eyni vəziyyətlə üzləşəcəklər. Çünki Prezident İlham Əliyev “birbaşa təmas” strategiyasını davam etdirir. Prezidentin bu strategiyasının tətbiqini və informasiya müharibəsində nəticə əldə etmək baxımından nə qədər əhəmiyyətli olduğunu Vətən müharibəsində gördük:
- Transmilli media korporasiyalarına birbaşa müsahibələr verdi;
- Cəbhədə gedən döyüşlərlə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı;
- Ermənistanın və havadarlarının Azərbaycana qarşı iddialarına tutarlı cavabları ilə “feyk-nyus” planını alt-üst etdi;
- Beynəlxalq informasiya mühitində Azərbaycanın haqq səsi oldu;
Cəbhədə gedən döyüşlərə komandanlıq etmək, diplomatik masada mübarizə aparmaq və bunun fonunda həm də informasiya cəbhəsindəki döyüşə rəhbərlik etmək. Beynəlxalq siyasətdə bunu bacaran, üç cəbhədə milli maraqlarını müdafiə edən və qalib gələn ikinci bir lideri axtarmaq faydasızdır, çünki bu, müasir dünya siyasətində ilk idi. Və məhz bu zaman beynəlxalq münasibətlərdə İlham Əliyev fenomenini hər kəs gördü: cəbhədə döyüşən, masada diktə edən, informasiya savaşının rəhbərliyini üzərinə götürən lider;
Müharibədən üç ilə yaxın müddət keçib, bu gün beynəlxalq müstəvidə hələ də İlham Əliyevin 44 gün boyunca səsləndirdiyi fikirlərə istinadlar edilməsi təsadüfi deyil.
Bir nüansı xatırlamaq Prezident İlham Əliyevin Ermənistanın informasiya təbliğatını necə darmadağın etdiyini anlamağa kifayət edər.
2020-ci ilin oktyabr ayı: Cəbhədə məğlub olan Ermənistan informasiya cəbhəsində “Qarabağın ermənilərə məxsus olduğu” iddiası ilə beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışırdı. “CNN International” kanalının Prezident İlham Əliyevə ünvanladığı suallardan biri də bu iddialar haqqında idi.
CNN müxbiri: Nikol Paşinyan deyir ki, Qarabağ əhalisinn 95 faizi ermənilərdən ibarətdir.
Prezident İlham Əliyev: Paşinyan yalan danışır, indi Qarabağ əhalisinin 100 faizi ermənilərdən ibarətdir, çünki onlar azərbaycanlıları öz yurdlarından qovublar.
Azərbaycan liderinin bu sözləri informasiya müharibəsində Ermənistanın yalan maşınını ifşa edən ən tutarlı cavablardan biri olaraq tarixə düşdü. Paşinyan erməni əhalisinin 95 faiz olduğunu deyir, İlham Əliyev 100 faiz və ardınca zərbəni endirir, bununla erməni baş nazirin yalan danışarkən belə rəqəmləri saxtalaşdırdığını CNN-nin tribunasından bütün dünyaya göstərdi.
Bu gün Laçın sərhəd-keçid məntəqəsi ətrafında baş verənlər, Ermənistan və havadarlarının beynəlxalq müstəvidə apardığı yalan təbliğat da məhz 44 günlük müharibədə etdiklərinin təkrarıdır. Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsini bağladığını iddia edir, bu iddialarını ispatlamaq üçün sərhəddə yardım teatrını qurublar. Halbuki, sərhəd-keçid məntəqəsi erməni əhalisinin keçidi və xəstələrin daşınması üçün açıqdır, ümumiyyətlə post qurulandan indiyə qədər bağlanmayıb, eyni zamanda, rəsmi Bakı öz suveren ərazisinə yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutunu təklif edir. Ermənistan isə beynəlxalq diqqəti bu reallıqdan yayındırmaq və “humanitar fəlakət” şousuna cəlb etmək məqsədilə yalan maşınını işə salıb, anti-Azərbaycan qüvvələr həvəslə bu yalanların tirajlanmasını həyata keçirir. Onlar hesab edirlər ki, yalan təbliğatla beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiq etməsinə nail olacaqlar. Görünür, hərbi, diplomatik və informasiya cəbhəsinin qalibi olan İlham Əliyev fenomenini unudublar.
Prezident İlham Əliyev hər kəsə - Ermənistana da, onun havadarlarına da, ümumilikdə Azərbaycana qarşı cəbhə alan bütün qüvvələrə bunu yenidən xatırladır.
Budur, Əliyev “birbaşa təmas” strategiyasını tətbiq edir.
21 iyul, 2023-cü il: “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirlən Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan lideri 100-dən artıq xarici jurnalistlə “birbaşa təmas” qurdu, onların suallarını cavablandırdı.
1. Ermənistanın Laçın sərhəd-keçid məntəqəsi ətrafında qurduğu təbliğatı darmadağın etdi;
2. Qarabağda “humanitar fəlakət” iddialarının iddiadan başqa bir şey olmadığını faktlarla ispat etdi;
22 iyul, 2023-cü il: Prezident İlham Əliyev Şuşada “Euronews” televiziyasına müsahibə verdi və Azərbaycanla bağlı iddiaları çoxmilyonluq auditoriya qarşısında çürütdü.
Azərbaycan lideri bu müsahibədə bir sıra mühüm məsələləri açıqladı və vacib mesajlar verdi:
Birincisi, sülh danışıqlarının gedişinə dair aydın təsəvvür yaratdı və bu, rəsmi İrəvanın manipulyasiya xarakterli açıqlamaları fonunda beynəlxalq ictimaiyyətin məlumatlanması baxımından əhəmiyyətlidir;
İkincisi, vasitəçilik üzərindən Rusiya və Qərbin mübarizəsində Azərbaycanın mövqeyini ortaya qoydu: Əliyev bəyan etdi ki, “prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir” və bununla “Bakı iki cəbhənin vasitəçilik uğrunda apardığı mübarizənin tərəfi deyil, əsas olan nəticədir və hansı tərəf önə çıxacaqsa, onunla işləyəcək”; bu, hər iki masada Azərbaycanın maraqlarına uyğun gündəliyin qorunub saxlanılması məqsədi daşıyır;
Üçüncüsü, Laçın yolu ilə bağlı iddiaları sıradan çıxardı, bəyan etdi ki, sərhəd-keçid məntəqəsinin qurulmasından indiyə qədər Qarabağın 2 mindən artıq sakini yoldan heç bir problem olmadan istifadə edib, Ermənistana gedib-gəliblər.
Dördüncüsü, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağ ofisinin Bakı yox, İrəvan ofisinə tabe olmasının Azərbaycanın ərazi bütövlüyünə qarşı addım olduğunu diqqətə çatdırdı, bununla bu təşkilatın beynəlxalq hüquqa zidd fəaliyyəti haqqıda beynəlxalq ictimaiyyəti məlumatlandırdı;
Beşincisi, Qarabağdakı separatizlə bağlı Azərbaycana qarşı ikilistandartların tətbiq edildiyini bildirdi, Ukrayna, Gürcüstan, eləcə də İspaniyanın timsalında konkret faktlar ortaya qoydu: bu, separatizmin ləğv edilməsi istiqamətində atılacaq praktiki addımlarla bağlı beynəlxalq informasiya sferasına həqiqətlərin ötürülməsi baxımından əhəmiyyətlidir;
Altıncısı, Qarabağdakı erməni əhalisinin gələcəyi ilə bağlı proqramı beynəlxalq ictimaiyyətə təqdim etdi: Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərə təhsil, mədəniyyət, dini və bələdiyyə hüquqları veriləcək, təhlükəsizlikləri təmin olunacaq; bu, həm erməni əhalisinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanıb və rəsmi İrəvanın, eləcə də onların dəstəklədiyi separatçıların “etnik təmizləmə” kimi absurd iddialarının yalan olduğunu göstərmək fonunda vacib mesajlardır;
Və Azərbaycan lideri “birbaşa təmas” gedişinin məhz Şuşadan etməklə dünyaya post-müharibə dövrünün reallıqlarını əyani şəkildə göstərir.
“Azərbaycan çoxmillətli ölkədir, Qarabağda yaşayan ermənilərin insan hüquqlarına və təhlükəsizliyinə hörmətlə yanaşılır”.
Bunu Vaşinqton Universitetinin Hüquq fakültəsinin əməkdaşı, aktivist Məryəm Daneş deyib.
O, beynəlxalq QHT-ləri təmsil edən nümayəndələrlə birlikdə Ermənistanın bu cür hərəkətlərinə etiraz bəyanatına imza atıb.
"Mən Ermənistan hökumətinin yaratdığı maneələrdən narahat olduğumu bildirmək istəyirəm və biz Ermənistanın siyasi iddialarını rədd edirik", - M.Daneş deyib.
Aktivist əlavə edib ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası istiqamətində səylərini dəstəkləyir.
Onun sözlərinə görə, tibbi evakuasiya üçün istifadə olunan Laçın yolu ilə bağlı spekulyasiya etməyə və siyasi manipulyasiyalara əl atmağa çalışan ermənilərin iddiaları tamamilə əsassızdır.