![]() |
|
Məlum olduğu kimi, Xankəndidəki cinayətkar rejimin “parlament”inə yeni sədr seçilib.
İyulun 29-da istefa vermiş Artur Tovmasyanı “Daşnaksütyun” fraksiyasından olan David İşxanyan əvəz edib. İşxanyanın “spiker” seçilməsi bölgədə sülhün və sabitliyin təminatı üçün yaxşı heç nə vəd etmir. Bu baxımdan, ilk növbədə, onun tərcümeyi-halına nəzər salmaq kifayətdir. David İşxanyan 1968-ci ildə Xocavənd rayonunun Aşandağ kəndində anadan olub.
İşxanyan 1989-cu ildə Xankəndi Pedaqoji İnstitutunun tələbəsi olarkən separatçılıq hərəkatına qoşulub və “Daşnaksütyun” terror təşkilatının sıralarına daxil olub. 1992-1994-cü illərdə Aşandağ kəndində hərbi batalyon yaradan İşxanyan Azərbaycan ərazilərinin işğalında fəal iştirak edib. Xüsusilə də 1992-ci il sentyabrın 4-də Ağdam rayonunun Gülablı kəndinin işğalına David İşxanyan rəhbərlik edib.
Qeyd edək ki, ermənilər işğal dövründə Gülablı kəndini qanunsuz olaraq Xocavənd rayonunun ərazi-inzibati vahidinə daxil edib və orada məskunlaşma aparıb. Beləliklə, İşxanyanın adı Azərbaycan ərazilərinin işğalı və dinc əhaliyə qarşı etnik təmizləmənin aparılması ilə məşğul olmuş terrorçular siyahısına daxildir. Ağdam rayonu işğaldan azad ediləndə İşxanyan Gülablı kəndinə gələrək orada qanunsuz yaşayan erməniləri Xocalı rayonunun ərazisinə köçürüb.
Qeyd edək ki, 2007-2021-ci illərdə Azərbaycanın işğal altındakı ərazilərində “Daşnaksütyun” İnqilabi Federasiyasının Mərkəzi Komitəsinə sədrlik edib. 2015-ci ilin may ayından qondarma parlamentin üzvü “seçilib”. 2019-cu ilin dekabrın 15-də daşnaklar D.İşxanyanı Qarabağdakı qondarma rejimin “prezident”liyinə namizəd irəli sürüb. 2020-ci ilin mart ayının 31-də İşxanyan uydurma seçkilərdə Araik Arutyunyanın rəqiblərindən biri olub.
44 günlük müharibədən sonra İşxanyan Araik Arutyunyanın istefasını tələb edənlərdən biri olub. Hazırda o, “parlament”in sədri seçilməklə Araikin postunun bir addımlığında mövqe tutub. Ona görə də İşxanyanın özünün əvvəlki iddiasını reallaşdırmaq üçün yenidən fəallaşacağı istisna olunmur.
Son vaxtlar həm Xankəndidəki qruplaşmalar arasında ziddiyyətlərin artması, həm də Araikin istefası ilə bağlı səslənən tələblər İşxanyanın hərəkətə keçməsi üçün münbit siyasi şərait yaradır. Bu isə bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Ümumiyyətlə, İşxanyan kimi terrorçu və radikal mövqeyə malik birinin Tovmasyandan sonra qondarma rejimin rəhbərliyindəki əsas postlarından birinə gətirilməsi Qarabağda yaşayan erməni əhalinin Azərbaycana reinteqrtasiyasına ciddi təhdid yaradır.
Çünki “Daşnaksütyun”un rejimə rəhbərliyi ələ keçirməsi bölgədə separatçılıq çağırışların və terrorçuluğun yenidən artmasına təkan verə bilər. Bu da öz növbəsində, münaqişənin bərpasında maraqlı olan dövlətlər üçün əlverişlidir. Qarabağda vəziyyətin gərginləşməsi dialoq imkanlarını aradan qaldırdığından, Azərbaycan güc tətbiqindən istifadə etməyə məcbur ola bilər. Halbuki, Azərbaycan Prezidenti Qarabağdakı erməni icmasına müraciətində cinayətkar rejimin başçısını təslim olmağa, qondarma parlamenti və “deputat”ları özünü buraxmağa çağırmış, bu halda onlara amnistiya şamil edilməsinin mümkün ola biləcəyini demişdi. Lakin terrorçu İşxanyanın uydurrma parlamentin sədri postuna gətirilməsi ermənilərin bu şansı qaçırdığını deməyə əsas verir.
Yaxın zamanda Türkiyə və Rusiya tərəfindən Zəngəzur dəhlizinin açılması istiqamətində zəruri addımların atılmasına şahidi ola bilərik.
Qeyd edək ki, bu ayın sonunda Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri gözlənilir. Həm rəsmi Ankara, həm də Moskva görüş olacağını təsdiqləyib.
Türkiyə mediasının məlumatına görə, rəsmi səfər çərçivəsində Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan arasında keçiriləcək ikitərəfli görüşdə bir sıra önəmli məsələlərlə yanaşı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Zəngəzur dəhlizi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan yox, həmçinin Türkiyə və Rusiyanın siyasi gündəmində mühüm müzakirə mövzusuna çevrilib. Bir çox ekspertlər hesab edirlər ki, bu dəhliz Ankara və Moskva üçün xüsusi əhəmiyyət daşıyır və hər iki tərəfə önəmli iqtisadi prioritetlər qazandıra bilər.
Məsələ ilə bağlı politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Zəngəzur dəhlizinin aktivləşməsi Laçın yolundakı problemlərin həll olunacağı mümkündür.
“İlk növbədə qeyd edim ki, Şimal-Cənub Beynəlxalq Dəhliz öz aktuallığını itirdiyi bir zamanda Zəngəzur dəhlizin həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyəti artmaqdadır. Xüusilə vurğulamaq lazımdır ki, Cənubi Qafqaz geosiyasi və geoiqtisadi cəhətdən önəmli region hesab olunur. Bildiyimiz kimi, artıq uzunmüddətdir ki, Cənubi Qafqaz Avropa və Çin arasında sərfəli və münasib tranzit yolunun mühüm mərkəzlərdən biridir. Cənubi Qafqazda Avropa və Çini birləşdirən tranzit yolu isə Gürcüstan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmiryol xətti bu tranzit yolunu daha da intensivləşdirib.
Lakin İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun erməni işğalçıları üzərində qələbəsindən sonra Zəngəzur dəhlizi məsələsi gündəmə gəldi. Xüsusilə, Ermənistan ərazisindən keçən, Azərbaycanın qərb regionları ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaları üçtərəfli noyabr bəyanatında əks olunub. Bu dəhliz region ölkələri üçün iqtisadi cəhətdən önəmli hesab olunur.
Lakin onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin aktiv fəaliyyəti ancaq Laçın dəhlizinin funksionallığı artacağı təqdirdə baş verəcək. Laçın dəhlizinin funksionallığı olmadığı halda Zəngəzur dəhlizinin fəaliyyət başlaması qeyri-mümkün görünür. Buna görə də indiki halda bu dəhliz barədə positiv proqnoz vermək bir az məntiqsiz olar".
Politoloq Zəngəzur dəhlizinin Türkiyə və Ruisya üçün əhəmiyyətini bu cür izah edib;
“Rusiya öz xəttinin işlək olmadığı, həmçinin İranın nüvə ambisiyyaları üzündən Şimal-Cənub dəhlizi səmərəsiz vəziyyətə düşdüyü dövrdə Mpskva Zəngəzur dəhlizinə diqqətini artırıb. Çünki bu dəhliz Rusiyanın Cənubi Qafqazda geosiyasi nüfuzunu qoruyub saxlayacaq, o cümlədən bu ölkəni Yaxın Şərqə çıxış yolu ilə təmin edəcək.
Türkiyəyə gəlincə, burada bəzi fərqli məqamlar var. İlkin olaraq vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi Türkiyəni Cənubi Qafqaz və Mərkəzi Asiyaya birləşdirir. Yəni, bu dəhlizin açılacağı təqdirdə Türkiyə həm Cənubi Qafqazda möhkəmlənə biləcək, həm də Mərkəzi Asiyaya çıxış əldə edəcək. Zəngəzur dəhlizi, həqiqətən iki yüz ildən sonra Türkiyənin Cənubi Qafqazda yenidən möhkəmlənməsinə şərait yaradacaq.
Bununla yanaşı, Türkiyənin Cənubi Qafqazda gələcək mövcudluğu NATO-nun mövcudluğu deməkdir. NATO Türkiyə vasitəsilə çox asanlıqla bu regionda təsir imkanlarını artıracaq. Türkiyə və NATO-nun digər güc mərkəzlərinin geostrateji konsepsiyasında Cənubi Qafqaz hərbi-siyasi, iqtisadi və təhlükəsizlik cəhətdən əhəmiyyətli region kimi baxılır”.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələlərdə Türkiyə və Rusiyanın ortaq mövqeyə gəlməsinin mümkünlüyünə toxunan Y.Haciyeva vurğulayıb ki, zaman-zaman Ankara və Moskvanın birgə addımları bəzi regionlarda sülh və sabitliyin bərqərar olunmasına müsbət təsir göstərib.
“Bura Cənubi Qafqazı da daxil etmək olar. Çünki bu regionla bağlı elə məsələlər var ki, Moskva və Ankara burada eyni mövqeyi paylaşırlar. Lakin onu da nəzərə alaq ki, Türkiyə və Rusiya Cənubi Qafqaz daxil olmaqla bir sıra regionlarda birgə fəaliyyət göstərdiyi halda onların maraqları bir çox məsələlərdə toqquşur.
Eyni zamanda Rusiyada hakimiyyət daxilində elə dairlər var ki, xüsusilə erməni diasporası ilə yaxın olan dairələr, onlar Cənubi Qafqaz Türkiyə ilə bir çox məsələlərdə ümumi addımların atılmasın istəmirlər. Həmin dairələrin mövqeləri Rusiya və Türkiyənin regionda ortaq nöqtəyə gəlməsini qeyri-mümkün edir. Bir məqamı da qeyd edim ki, Rusiyadan fərqli olaraq Türkiyə Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olunmasında hada maraqlıdır”.
Ermənistan sərhəddə və Qarabağda vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir. “Humanitar yük” şousundan sonra İrəvan separatçıların Laçın postuna doğru yürüşünü təşkil etmək niyyətindədir. Məlumatlara görə, artıq Xankəndidə yürüşə hazırlıq gedir və erməniləri Laçın postuna avtobuslar gətirəcəklər. Bununla erməni əhalisinin Ağdam-Xankəndi marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaq niyyəti güdürlər. Digər tərəfdən, "dinc yürüş" adı ilə təxribatlara əl atmaq və bunu Azərbaycanın üzərinə yıxaraq beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa yönəltmək məqsədi güdürlər.
Baş verən prosesləri AYNA-ya şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ağdam-Xankəndi yolunun gündəmə daxil olması Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktı üzə çıxandan sonra aktuallaşdı:
- Liderlərin Brüsseldə keçirilən görüşündən sonra ilk dəfə bu yolun istifadəsi Şarl Mişel tərəfindən gündəmə gətirildi. Bəzilərinə, xüsusən də Ermənistana və Qarabağdakı separatçılara bu yolun istifadəsi, bu təklifin icrası mümkünsüz kimi görünürdü. Amma Azərbaycan sübut etdi ki, ərazimizə icazəsiz şəkildə qanunsuz yüklərin, qaçaqmalın, silahların daşınmasına imkan verməyəcək. Bakı planlı siyasət həyata keçirərək məqsədlərinə nail olur. Hər dəfədə Ermənistan və separatçılar hay-küy qoparıb, amma Azərbaycan istədiyini plana uyğun addımlarını davam etdirir. Ağdam-Xankəndi yolu ilə bağlı da Azərbaycan dediyini həyata keçirəcək.
SSRİ zamanında Xankəndidə yaşayan ermənilər bazarlıqlarını Ağdam bazarından edirdilər, mallarını Ağdama gətirib satırdılar. O zaman heç İrəvana getmirdilər. İndi nə oldu ki, Ağdam-Xankəndi yolu bunlara dəhşətli gəlir?!
Ümumiyyətlə, separatçıların “acından ölürük” iddiası gülüncdür. Əgər bir insan həqiqətən də 8 aydır ki, mühasirə şəraitindədirsə, “yeməyə heç nə tapmırsa”, onun üçün ərzaqın Laçın yolu ilə, yaxud Xankəndi-Ağdam yolu ilə aparılmasının nə fərqi var?!
- Demək ki, bu aksiya yox, şoudur...
- Təbii ki, şoudur. Bu, Azərbaycan dövlətinə qarşı təxribatın yeni formasıdır. Bununla hesab edirlər ki, Bakıya təzyiq göstərəcəklər, yaxud beynəlxalq təzyiqin göstərilməsinə nail olacaqlar.
- Sizcə, nail olacaqlarmı?
- Əlbəttə, nail ola bilməyəcəklər. Bəzi dairələrdən Azərbaycana qarşı bəyanatlar səsləndirildi, indi də səsləndirilir. Amma bunun qarşısında Azərbaycan nəinki geri addım atır, əksinə, öz ardıcıl siyasətini həyata keçirir. Bu siyasət davam edəcək. Ermənistan və separatçılar yox, Azərbaycan niyyətinə çatacaq.
Artıq Ağdam-Xankəndi yoluna polisi postu da quraşdırılıb, işıqlandırılması həyata keçirilib. Bu post vətəndaşların təhlükəsizliyi, o cümlədən həmin yoldan istifadə edəcək erməni icmasının təhlükəsizliyinəı xidmət göstərəcək. Yaxşı olardı ki, Qarabağdakı sadə ermənilər xunta rejiminə yerini gsötərsinlər. Dinc yaşamaq istəyənlər Azərbaycan dövlətinin şərtlərini qəbul etməlidirlər. Erməni icması xunta rejimini təmizləməsə, o zaman işə Azərbaycan Ordusu qarışacaq. Bunun başqa yolu yoxdur. Bakının səbiri sərhədsiz deyil. Ermənilərin reinteqrasiyası həyata keçirilməli, məsələ həllini tapmalıdır.
- Separatçıların yürüşündə, aksiya ssenarisində hərbi insident də varmı?
- İstənilən halda Azərbaycan ərazisində icazəsiz yürüşə, aksiyaya icazə verməyibsə, onun qarşısını almaq hüququna malikdir. İkincisi, Azərbaycan vətəndaşlığını istəməyən ermənilər üçün Laçın postunu aça bilərik, birdəfəlik getmələri şərti ilə. Kim istəmir, gedə bilər, zorla Qarabağda saxlamırıq ki...Ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, bizim qanunlara uyğun yaşayacaqlar, ya da ki, kim müharibə cinayəti törətməyibsə, çıxıb gedə bilər. Məsələ bu qədər sadədir.
- Azərbaycan təxribatın qarşısını necə almalıdır?
- Bunun tək yolu var, onlar legitim hədəfdir. Azərbaycan separatçı silahlıları zərərsizləşdirməkdə tərəddüt etməməlidir. Buna nə Ermənistan, nə də beynəlxalq aləm hüquqi baxımdan səs çıxara bilməz. Ermənistan dəfələrlə “Qarabağda Ermənistan hərbçisi yoxdur” bəyanatı verib. Ona görə də həmin silahlıları ya həbs edib Azərbaycana gətirməli, ya da məhv etməliyik ki, bir daha Azərbaycanın nə qədər ciddi olduğunu anlasınlar. Yenə deyirəm, bu məsələdə tərəddüt etməməliyik. Qanunsuz erməni silahlılarına hərbi yüklərin daşınmasının bütün vasitələrlə qarşısını almalıyıq, təxribatlara imkan verməməliyik.
“Regional güclərin arasında olan gərginliyin onların təsir dairəsinin olduğu bölgələrin hər birinə bu və ya digər formada təsirləri olur”.
Bunu “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında bildirib.
Politoloq hesab edir ki, Cənubi Qafqazda da təqribən eyni vəziyyət yarana bilər:
"Amma Rusiya və Türkiyənin Cənubi Qafqazda savaşması kimi bir vəziyyətin yarana biləcəyini zənn etmirəm. Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanla mütəffiqlik münasibətlərinə malikdir. Elə Qarabağın da zəmanətçi məhz Türkiyədir. Rusiyanın isə sadəcə orada yalnız sülhməramlıları var”.
Politoloq fikrincə, Türkiyə və Rusiya arasında son dövrlərdə yaşanan gərginlik fonunda tərəflər Qarabağ məsələsində qarşı-qarşıya gəlməyəcəklər:
“Qarabağda bu və ya digər formada hər hansısa təxribat ola bilər. Amma bu təxribatların bölgəyə təsirlərinin hansı formada olacağı isə bəlli deyil. Yəni bunun Rusiya və Türkiyəni qarşı-qarşıya gətirəcəyi inandırıcı görünmür. Çünki Rusiya da Azərbaycanla rəsmən müttəfiqlik münasibətlərinə malikdir və fərqli addımlar atmaq istəmir.
Ümumiyyətlə, Kremlin hazırda Cənubi Qafqaza təsir etmək ehtimalının çox yüksək olduğunu düşünmürəm. Bəlkə də separatçıların vasitəsi ilə hansısa gərginlik yaratmaq istəyə bilərlər, amma o da ciddi nəticə verməyəcək”.
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib.
F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib: “Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir”.
Ş.Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
Bu barədə BQXK-nin Bakı ofisindən məlumat verilib.
Qeyd edilib ki, onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - məlumatda qeyd edilib.
Rusiya öz müasir tarixinin ən taleyüklü dövrünü yaşayır. Kremldə zaman keçdikcə və savaş uzandıqca, Rusiyanın daha ağır vəziyyətə düşəcəyini anlayırlar. Ona görə də, Kreml "qaranlıq gələcək"lə bağlı elə indidən hazırlıq prosesinə başlamış kimi görünür. Və bu hazırlığın bütün dünya üçün təhlükə vəd edən ssenarilər üzərində indeksləşdiyini heç Rusiya siyasi dairələri də qətiyyən gizlətmir.
Kremldə qəti əmindirlər ki, Rusiyanın Ukrayna savaşında hərbi məğlubiyyətinə imkan vermək olmaz. Çünki bu, əsrlərlə dünya meydan oxumuş rus imperiyasının geopolitik xəritədən silinməsi ilə nəticələnə bilər. Ona görə də, Rusiyanın hərbi-siyasi elitası ölkənin sahib olduğu bütün müqavimət resurslarını hazır tutmağa çalışır. Və bunu beynəlxalq rəqiblərinin qarşısında təhdid faktoruna çevirməyə can atır.
Əsas məqsəd beynəlxalq məkanda xof texnologiyasının təsir gücünü artırmaqdan ibarətdir. Kreml bu yolla ABŞ və Qərbin nəhayət ki, Rusiyanı siyasi iradə diqtə hüququndan məhrum etmək planlarından imtinaya məcbur buraxacağına ümid bəsləyir. Və əsas təhdid faktoru kimi də məhz nüvə silahından istifadə niyyətini ön planda tutmağa üstünlük verir.
Məsələ ondadır ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev ABŞ və Qərbi nüvə silahı ilə hədələmək vərdişlərini inkişaf etdirir. Halbuki, Kremldə onu da anlayırlar ki, nüvə silahı ilk müqavimət faktoru ola bilməz. Bu silahdan yalnız vəziyyətdən heç bir çıxış yolu qalmadığında, Rusiya dövlətçiliyinin məhv olmasının qaçılmazlığına əminlik yarandıqda istifadə etmək barədə düşünmək olar. Hələlik isə nüvə silahı Kremlin arsenallnda sonuncu müqavimət resursudur. Halbuki, ABŞ və Qərb Rusiyanın hər an gözlənilməz addımlar ata biləcəyini qətiyyən istisna etmir.
Ancaq Kremldə nüvə silahından istifadənin son nəticədə Rusiyanın əleyhinə çevrilə biləcəyini də nəzərə alırlar. Çünki Rusiyaya nüvə silahı ilə cavab zərbələri bu ölkəni ümumiyyətlə, yer üzündən silə bilər. Yəni, Kreml üçün nüvə silahı qələbə faktoru deyil. Əksinə, Rusiya ilə yanaşı, bütün dünyanı məğlubiyyətə uğrada biləcək son vasitədir.
İndilikdə isə Kremldə Şərqi Avropa ölkələrini xaosa sürükləyəcək priventiv zərbə ssenarilərinin daha aktual olduğu bildirilir. Rusiya siyasi dairələrindən sızan məlumatlara görə, Kremldə belə planlar hazırda intensiv şəkildə müzakirə edilir. Hesab olunur ki, Ukrayna savaşında Rusiya ordusunun məğlub duruma düşməsi ilk növbədə preventiv zərbə taktikasının işə salınmasında yol verilən gecikmədir.
Maraqlıdır ki, Kremldən Qərb kəşfiyyatına sızan hazırda Polşanı daha çox narahat etməyə başlayıb. Çünki, Rusiyanın indi Polşanı real hədəfə çevirmək planlarının hazırlıq prosesində son mərhələyə start verildiyi bildirilir. Yəni, rəsmi Varşava Polşanın yaxın vaxtlarda Ukraynanın taleyini təkrarlaya biləcəyindən narahatdır. Və ən təhlükəli məqam ondan ibarətdir ki, Polşanın Rusiyadan ola biləcək hər hansı birbaşa hərbi müdaxiləyə müqavimət gücü Ukrayna ilə müqayisədə daha zəifdir.
Ona görə də Polşanın özünü qorumaq üçün Rusiya ilə birbaşa qabaqlayıcı savaşa girməyə cəhd edəcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik, əgər, belə bir addım atılarsa, Ukrayna savaşı öz coğrafiyasını genişləndirərək, Avropa məkanına da sıçraya bilər. Digər tərəfdən, Polşanın Rusiya ilə savaşda birbaşa iştirakı həm də NATO-nun müharibəyə cəlb olunması anlamı daşıyar.
İndiki situasiyada nə Avropa ölkələri, nə də NATO Rusiya ilə qlobal savaşa həvəsli deyil. Ona görə də, Polşa Avropa ölkələrinin və NATO-nun mövqeyini nəzərə almadan Rusiya ilə savaş təhlükəsi yaradan addımlara cəsarət etməz. Hər halda, NATO yekun qələbəyə tam əmin olmadığı savaşa bulaşmaq istəmədiyindən Polşanın radikal davranışlarına da imkan verməz.
Əslində, Rusiya da NATO-nun iştirak edəcəyi savaşın hədəfi olmaqda qətiyyən maraqlı deyil. Ancaq Kreml Ukrayna savaşının coğrafiyasının genişləndirilməsinə can atdığını da qətiyyən gizlətmir. Sadəcə, bunu NATO-nun savaşa qatılmasına səbəb vermədən etməyə çalışır.
Məsələ ondadır ki, Rusiyanın həm Polşada, həm də Baltikyanı ölkələrdə "yatan hücrələri" mövcuddur. Çünki həmin ölkələrdə rusdilli əhali kifayət qədər təsir gücünə malikdir. Ona görə də, Kreml hazırda daha çox Polşa və Baltikyanı ölkələrdə "yatmış hücrələri" oyadacaq mexanizmləri hərəkətə gətirməyə çalışır.
Əgər, buna nail olarsa, Kreml həmin ölkələrdə daxili siyasi xaos yaratmaq şansı qazana bilər. Bu halda, Kreml Ukrayna savaş poliqonunun Qərb cinahında qeyri-sabitlik yaratmaqla, müharibə məkanı ətrafında yeni bloklanma trayektoriyası çəkə bilər. Bu isə ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyində ciddi problemlər yarada biləcək situasiya deməkdir. Yəni, bu halda, xüsusilə də, logistik problemlər ucbatından hərbi təchizat sahəsində gecikmələr qaçılmaz olacaq.
Bütün bunları nəzərə aldıqda, Polşa və Baltikyanı ölkələrdə Rusiya kəşfiyyatına bağlı rusdilli "hücrələr"in müxtəlif diversiya aksiyaları törədə biləcəkləri qətiyyən istisna deyil. Əslində, Polşanın Belarusla sərhəd bölgəsini qapatmağa və tam nəzarətə götürməyə çalışması da məhz elə bu təhlükə ilə birbaşa bağlıdır. Üstəlik, Polşa bununla Belarusdakı "vaqnerçilər"in mühacir adı altında, kiçik diversiya qrupları şəklində öz ərazisinə keçməsinin qarşısını almağa da cəhd göstərir.
Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, hazırda Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya, eləcə də, Polşa əsas hədəfə çevrilmək üzrədir. Bu ölkələrdə hər an daxili xaosa yol aça biləcək diversiya-terror dalğası başlaya bilər. Və bu, həmin ölkələr üçün indiki situasiyada üzləşə biləcəkləri ən ciddi təhlükədir.
Ona görə də, Qərb kəşfiyyatının adları çəkilən ölkələri Rusiyanın hazırladığı yeni xaos planı barədə xəbərdar etməsi, ümumiyyətlə, Avropa məkanında böyük narahatlığa yol açıb. Çünki Avropa ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən ötən müddət ərzində savaşın bu qədər yaxınlaşdığını hiss etməyə başlayıblar. Və Kremlin "yatmış hücrələr" üzərindən Avropanı qarışdırmaq planı baş tutarsa, Ukrayna savaş poliqonunun əhatə dairəsi genişlənməklə yanaşı, "qoca qitə"də uzunmüddətli xaos dövrü başlaya bilər.(musavat.com)
Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı-terrorçu dəstənin başçısı Araik Arutyunyan ötən gün verdiyi müsahibədə özlərini ifşa edib.
Axar.az xəbər verir ki, “qida ehtiyatı görmədikləri barədə” səslənən ittihamları Araik qəbul etmədiyini bildirib.
O deyib ki, bu ittihamlar əsassızdır:
“Ola bilsin ki, bəzi hesablamalarda səhvə yol vermişik, bəlkə daha çox ehtiyat yığa bilərdik. Biz 6,5-7 aya işləmişik, istehsala lazım olan xammalın gətirilməsi istiqamətində çalışmışıq. Bu fəaliyyət nəticəsində hələ də müqavimət göstərmək, mübarizə aparmaq, ərzaqla təmin olunmaq imkanımız var. Yəni bu mənada ittihamlar əsassızdır”.
Göründüyü kimi, Araik Qarabağda heç bir qida çatışmazlığı olmadığı, humanitar fəlakət yaşanmadığı, “mübarizə aparmaq üçün” ərzaq ehtiyatının kifayət qədər olduğunu etiraf edib.
Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevi təltif edib.
Yol-xeber.az xəbər verir ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Əhməd oğlu Balayev “İstiqlal” ordeni ilə təltif olunur.