![]() |
|
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Qərbi azərbaycanlıların vətəndaşlıqlarının bərpası üçün ümid yaranır” adlı süjetdə Azərbaycan və Ermənistan rəsmiləri arasında görüşlərin Qərbi azərbaycanlıların zorla ləğv edilən vətəndaşlıqlarının bərpası üçün ümid yaratdığı. Ermənistan ictimaiyyəti, KİV və siyasi dairələrində Qərbi azərbaycanlıların repatriasiyası məsələsini dilə gətirməyə başladıqları vurğulanır.
Bildirilir ki, Bakı ilə İrəvan arasındakı danışıqlara Qərbi azərbaycanlılar nikbin yanaşdıqları halda, Azərbaycanın Xankəndi şəhərindəki separatçıların tör-töküntüləri yaranmış vəziyyət fonunda narahatlıq keçirirlər: “Onlar qondarma iddialarını müdafiə etməklə törətdikləri cinayətlərdən yayınmağa səy göstərirlər. Çünki Azərbaycanla Ermənistan arasında sülhün imzalanması tərəflər arasında problemli məsələlərin həlli deməkdir”.
Süjetdə bu il iyulun 25-də Brüssel sammitindən on gün sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli formatda görüşə, həmin gün Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında utanmazcasına “sovet Ermənistanını tərk etmiş azərbaycanlılar” ifadəsini işlətməsinə diqqət çəkib.
Paşinyan və onun kimi düşünənlərin diqqətinə çatdırılır ki, Qərbi Azərbaycan da daxil olmaqla bütövlükdə indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır: “1988-ci ildə və ondan sonra ermənilərlə sovet əsgərləri onları evlərindən qovub. Yəni 250 min Qərbi azərbaycanlı Ermənistan vətəndaşlığından zor və güc tətbiqi ilə məhrum edilib. Ermənilərin isə Azərbaycan Respublikası ərazisinə gəldikləri gün, ay və il bütün tarix kitablarında açıq-aydın yazılıb. İndiki və gələcək Ermənistan hakimiyyəti Azərbaycana minnətdar olmalıdır ki, rəsmi Bakı Qarabağdakı ermənilərə vətəndaşlıq verməkdən imtina etmir. Onlara Azərbaycan Konstitusiyası çərçivəsində bu hüququ tanımağa söz verir”.
Süjetdə Ermənstanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ölkəsində yaranacaq anklavlarda “85-100 azərbaycanlının məskunlaşması ciddi problemdir” fikrinə də münasibət bildirilir.
Sonda qayıdış məsələsinin İrəvanda artıq etiraf olunduğu, azərbaycanlıların pozulmuş vətəndaşlıq hüquqlarının bərpasının həm də Ermənistanın bir dövlət kimi gələcəyinə təminat sayılacağı vurğulanır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 10-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.
Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı yüksək səviyyədə təşkil olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hərbi hissələrin yeməkxanalarında hər bir şərait yaradılıb. Hərbi hissələrə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir.
Müdafiə Nazirliyi rəhbərliyinin qış dövrünə hazırlıqla bağlı müvafiq tapşırıqlarına əsasən xüsusilə hərbi hissələrin sərt iqlim və kəskin relyefli ərazilərdə yerləşmə məntəqələrində bütün növ təminat vasitələri, o cümlədən ərzaq, əşya, döyüş sursatı və yanacaq-sürtkü materialları üzrə ehtiyat yaradılır.
Hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və aparılması üçün zəruri olan təminat məsələləri daima diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.
Həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğu vurğulanıb, dövlət başçıları arasında təmasların əlaqələrimizin genişlənməsinə verdiyi töhfə bildirilib, ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti barədə danışılıb.
Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin regional inkişaf üçün əhəmiyyəti vurğulanıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Paşinyan hakimiyyəti çoxmərhələli təxribat planı üzrə hərəkət edir, Azərbaycanla sərhəd bölgəsində “səlibçi terrorçuları” önə çıxartmaqla, məsuliyyətdən yayına biləcəyinə ümid bəsləyir… Ancaq rəsmi Bakının Ermənistan tərəfindən Laçın postuna qarşı silsilə təxribatların törədilməsinə sərt reaksiya verəcəyi artıq qətiyyən şübhə doğurmur…
Ermənistan Azərbaycana qarşı “təxribat silsiləsi”ni davam etdirir. Rəsmi İrəvanın xüsusi təxribat planı üzrə hərəkət etdiyi artıq birmənalı şəkildə ortaya çıxmaqdadır. Belə ki, əvvəlcə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində Laçın yolu üzərində quraşdırdığı nəzarət-buraxılış məntəqəsinə qarşı silahlı terror hadisəsi törətdilər. Və dərhal da rəsmi Bakının “dəmir yumruq” zərbəsi ilə cəzalandırıldılar.
Həmin silahlı terror aksiyası ilə heç bir nəticəyə nail olmadıqdan sonra Ermənistan təxribatların növbəti mərhələsinə start verdi. Yəni, Paşinyan hakimiyyəti rəsmi Bakıdan icazə almadan Laçın postuna “humanitar yük” karvanı göndərdi. Rəsmi İrəvan elə əvvəlcədən bilirdi ki, Azərbaycan həmin “humanitar yükü” sərhəddən öz ərazisinə buraxmayacaq. Çünki dünyanın heç bir ölkəsi qonşu dövlətin icazəsiz “yük”lərini öz ərazisinə buraxmaz. Və bu baxımdan, Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına tamamilə uyğundur.
Ancaq rəsmi İrəvan bu addımı atmaqla, məhz Azərbaycana qarşı beynəlxalq təzyiq kompaniyasına nail olmaq məqsədi güdürdü. Yəni, rəsmi Bakı Ermənistanın icazəsiz göndərdiyi “humanitar yükü” buraxmayacaq, nəticədə Azərbaycana qarşı beynəlxalq təzyiq dalğası başlayacaqdı. Və bu, “erməni zehniyyatı”nın sivil dünyanın qaydalarından nə qədər uzaq olduğunu göstərir.
Düzdür, Paşinyan hakimiyyətinin təxribatına qarşılıq olaraq, bəzi beynəlxalq ermənipərəst siyasi dairələr Azərbaycana qarşı müəyyən “bəyanatlar” səsləndirdilər. Ancaq həmin rəsmi İrəvanın ümid bəslədiyi beynəlxalq effekti vermədi. Əksinə, rəsmi Bakı “humanitar yüklər” üçün müəyyən yoxlama prosedurlarına riayət olunmaqla, alternativ yol – Ağdam-Xankəndi marşrutunu təklif edərək, Ermənistanın təxribatını boşa çıxartmağı bacardı.
Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın beynəlxalq hüquq normalarını pozmaqla, məqsədyönlü şəkildə təxribat törətdiyini sübuta yetirdi. Çünki əgər, rəsmi İrəvan planlı təxribat məqsədi güdməsydi, Ermənistan üçün “humanitar yük”ün hansı marşrut üzrə keçirilməsinin heç bir fərqi olmazdı. Rəsmi İrəvansa, Laçın yolunda israr edir. Və bu, Laçın yolu uğrunda mübarizə aparıldığı barədə qənaət yaradır.
Təbii ki, Laçın postunun yaradılması və bu yoldan keçirilən yüklərin yoxlanılması Ermənistanın əl-qolunu bağlayıb. Belə ki, rəsmi İrəvan artıq Laçın yolundan hərbi məqsədlərlə istifadə etmək şanslarını tamamilə itirib. Üstəlik, Ermənistan indi Azərbaycanın Xankəndi və ətraf bölgəsində cərəyan edən proseslərə təsir imkanlarını da itirib. Və bu, o deməkdir ki, rəsmi İrəvan Qarabağın erməni azlığının gələcək taleyinin həll edilməsi prosesində də oyundankənar vəziyyətə salınıb.
Ona görə də, rəsmi İrəvan bu reallıqla barışmaq istəmir. Ermənistan yenidən Laçın yoluna can atır. Yəni, bu yolun Ermənistan üçün nəzarətsiz hərbi yüklər daşıya biləcəyi marşruta çevrilməsinə yönəlik cəhdlər edir. İndi rəsmi İrəvan silsilə təxribat planının daha bir mərhələsinə keçid etməyə çalışır. Və açıq-aydın görünür ki, əgər, bu mərhələyə keçid cəhdində israrlı olunarsa, silahlı toqquşmalar qaçılmaz ola bilər.
Məsələ ondadır ki, rəsmi İrəvan bu dəfə Laçın postuna erməni terror dəstəsini göndərmək niyyətində düşüb. Həmin erməni terror dəstəsi “Səlibçilər” adlanır. Özünün bu terrorçuların rəhbəri kimi təqdim edən erməni Laçın yolunu zorla açacaqlarını iddia edib. Və “Səlibçilər” terror dəstəsinin artıq Ermənistanın Azərbaycanla sərhəd bölgəsində olduğu bildirilir.
Maraqlıdır ki, “səlibçi terrorçular” İrəvanda Laçın yolunun açılması tələbi ilə aksiya keçirərkən, Ermənistan polisi onlardan bəzilərini həbs etmişdi. Bununla rəsmi İrəvan bu terrorçuların Paşinyan hakimiyyəti ilə qarşıdurma vəziyyətində olması barədə görüntü yaratmağa çalışmışdı. Çünki rəsmi İrəvan “səlibçi terrorçular”ın törədəcəyi hadisələrlə Ermənistan hakimiyyətinin əlaqəsinin olmadığını iddia etmək üçün əvvəlcədən hazırlıq görməyə cəhd göstərirdi.
Belə anlaşılır ki, rəsmi İrəvan “səlibçi terrorçular”ın sərhəd bölgəsində törədə biləcəkləri cinayətlərin məsuliyyətindən özünün indidən sığortalamağa çalışır. Halbuki, bu terror dəstəsinin sərhəd bölgəsinə məhz Paşinyan hakimiyyəti tərəfindən göndərildiyi qətiyyən şübhə doğurmur. Üstəlik, Ermənistan polisinin həbs etdiyi “səlibçi terrorçular”ın da bu dəstənin tərkibində peyda olmaları baş verənlərin rəsmi İrəvan tərəfindən birbaşa idarə olunan silsilə təxribat planına daxil olduğunu təsdiqləyir.
Göründüyü kimi, rəsmi İrəvan olduqca təhlükəli təxribat planı üzrə hərəkət edir. Paşinyan hakimiyyəti anlamalıdır ki, Laçın postuna qarşı hər hansı silahlı təxribat Azərbaycan ordusunun operativ reaksiyası ilə üzləşəcək. Yəni, rəsmi Bakı Azərbaycanın Laçın postuna erməni terrorçuların “səlib yürüşü”nə qətiyyən imkan verməz. Əgər, belə təxribata cəhd edilərsə, Paşinyan hakimiyyətinin bu təhlükəli avantürası son nəticədə Azərbaycan və Ermənistan arasında növbəti hərbi toqquşmalara yol aça bilər. (Yeni Müsavat)
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiyanın mümkün Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı açıqlamasına cavab verib. O, sülhün mümkün olduğunu deyib. Rusiya rəsmisi Denis Qonçar isə bundan əvvəl iddia etmişdi ki, hazırda imzalanacaq saziş effektli olmayacaq. Bir-birinə zidd bu iki açıqlamanı necə şərh edə bilərsiz?
- Rusiya gülünc ifadələrlə sülh müqaviləsini gözdən salmağa çalışır. Özü də heç bir normal məntiqə sığmayan arqumentlərlə guya tələsik bağlanacaq sülh müqaviləsinin fəsadlarının olacağını, bundan sonra da qarşıdurmanın davam edəcəyini iddia edir. Üç ilə yaxındır sülhyaratma prosesi gedir. Bu prosesdə təşəbbüskar Azərbaycandır. Etiraf etmək lazımdır ki, Ermənistan rəhbərliyi də bununla razılaşıb. Hər dəfə Azərbaycan təşəbbüsü ələ alaraq prosesi irəli aparmağa çalışanda Rusiya rəhbərliyi gah Moskva, gah da Soçidə görüşlər keçirərək, buna manelər yaratmağa cəhdlər göstərdi.
Digər platformalarda keçirilən görüşlərdə müəyyən anlaşmalar da olmuşdu, amma Rusiyanın pozucu fəaliyyətləri sülhün önündə əngəllər yaratdı.
Rusiya uzun müddət sülh danışıqlarını imitasiya etdi və prosesdə irəliləyişi tormozladı. Üstəgəl, onun təklif etdiyi “sülh variantı” Azərbaycan üçün həddindən artıq təhlükəli idi. Rusiya iddia edirdi ki, Qarabağ məsələsinin taleyinin həll edilməsi məsələsini gələcək nəsillərə buraxaq. Əlbəttə, Azərbaycan qəti şəkildə bununla razılaşmadı. Aşkar formada göründü ki, Rusiya problemi həll etmək yox, bunu uzatmaqla bölgədə qalmaq və prosesi öz inhisarında saxlamaq istəyir.
Rusiyanın bu imitasiya xarakterli danışıqlarından sonra təşəbbüsü ABŞ və Avropa Birliyi ələ aldı. Brüssel və Vaşinqton real sülh danışıqlarını təşviq etməyə başladılar, liderlər və xarici işlər nazirləri səviyyəsində bir neçə görüş keçirdilər. Nəticədə sülhyaratma prosesində ciddi nəticələr qeydə alındı. Baş verənlər kontekstindən deyə bilərik ki, tərəflər sülh müqaviləsini imzalamaq üçün bir-birlərinə xeyli yaxınlaşıblar, sülh sazişinin çərçivə prinsipləri müəyyənləşdirilib. Demək olar ki, sülh müqaviləsinin skeleti hazırdır.
İlin sonunadək ciddi irəliləyiş gözləmək olar. Oktyabrda liderlərin Brüsseldə görüşü nəzərdə tutulub. Bundan sonra payızda Avropa Siyasi Birliyinin İspaniyanın Qrenada şəhərində toplantısı keçiriləcək. ABŞ və Avropa Birliyi hesab edir ki, Qrenada toplantısında sülh müqaviləsini imzalamaq olar.
Bundan əndişələnən Rusiya bölgədən uzaqlaşdırılacağından duyuq düşərək, gülünc vəziyyətdə hay-küy qaldırır, özündən başqa heç kimin xoşuna gəlməyən fikirlər səsləndirir. Bir sözlə, sülhyaratma prosesini pozmağa çalışırlar. Rusiyanın Qarabağdakı silahlı qüvvələrinin min bir oyundan çıxmaları və separatçıları təxribatlara təhrik etmələri də onu göstərir ki, Moskva regionda müharibə vəziyyəti yaratmağa çalışır.
- Son günlərdə Türkiyə, xüsusən də xarici işlər naziri Hakan Fidan tez-tez sülh müqaviləsi və Laçın yolundakı erməni təxribatı ilə bağlı mesajlar verir. Sizcə, Türkiyənin son gəlişmələr fonundakı fəallığı nə ilə bağlıdır?
- Türkiyə həmişə proseslərə hakim olub. Bir qədər narahatlıq vardı ki, Ermənistanın Laçın yolu ətrafında yaratdığı “TIR şousu” ilə bağlı beynəlxalq qurumlardan Azərbaycan əleyhinə edilən çağırışlar fonunda Türkiyə təmkin nümayiş etdirir. Amma məsələ göründüyü kimi deyil. Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya dəvət edildi, orada həmkarı Hakan Fidanla görüşdü. Nazirimiz Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edildi.
Cənab Ərdoğan bildirdi ki, sülh müqaviləsi daim Türkiyənin diqqətindədir, bu, bizim üçün vazkeçilməz məsələdir. Türkiyə lideri ilin sonunadək sülh müqaviləsinin imzalana biləcəyinə də diqqət çəkdi və qeyd etdi ki, Ermənistanla münasibətlər bundan sonra qaydasına düşə bilər.
Bir sözlə, Türkiyə bütün proseslərin içindədir. Azərbaycan baş verənlərlə bağlı daim Türkiyəni məlumatlandırır. İndi Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir. Əminəm ki, Ərdoğan bu görüşdə sülh məsələsi ilə bağlı Putinə yaxşıca dərs verəcək. Ən azı Putindən sülhyaratma prosesinə mane olmamağı istəyəcək.
ABŞ da sülhlə bağlı Rusiyaya xəbərdarlıq edirsə, bu o deməkdir ki, prosesin önündəki əngəllər aşılacaq, yaxud Rusiyanın yaratdığı süni maneələr aradan qaldırılacaq. Burada bölgənin supergücü Türkiyənin, Azərbaycanın və kollektiv Qərbin rolu böyük önəmə malik olacaq. Rusiyanın oyunbazlığı, bir ovuc separatçıya qəyyumluq etməsi, onları hər gün təlimatlandırması və Azərbaycana qarşı qaldırması heç bir nəticə verməyəcək.
Sərhədə TIR karvanı göndərən “Spayka” da rusların Köçəryan və Ermənistanla birgə yaratdığı şirkətdir. TIR-ların “humanitar yardım” adı altında sərhədə göndərilməsi layihəsi Kremldə hazırlanıb. Bu layihəni həyata keçirə bilmədilər və bilməyəcəklər.
Azərbaycan öz suverenliyini qoruyur. Azərbaycanın bu ərazilərdəki suverenliyinin bütün beynəlxalq ictimaiyyət tanıyır. Biz Xankəndiyə humanitar marşrutu müəyyənləşdirmişik, bu, Ağdam-Xankəndi yoludur. Yüklərin bu yolla daşınması ilə Azərbaycanın suverenliyinə hörmət edilmiş olacaq.
Azərbaycan dövləti erməni əsilli vətəndaşlarının təminatını öz üzərinə götürməyə hazırdır. İndi kimsə hansısa yolla sülhyaratma prosesinə əngəl olacağını düşünürsə, ciddi şəkildə yanılır. Artıq Azərbaycan ortaya lazım olan siyasi iradəni qoyub. On gündən artıqdır orada gözləyən yük maşınları ya Ağdam-Xankəndi yolu ilə hərəkət edəcəklər, ya da şələ-şülələrini yığışdırıb qayıtmalı olacaqlar.
Qarabağ ermənilərinə gəlincə, onlar Rusiya hərbçilərinin təlimatları ilə oyun oynamaqdan vaz keçib, Azərbaycanın mərkəzi hakimiyyəti ilə ciddi danışıqlara getməli və qanunlarımızı qəbul edərək burada dinc yaşamalıdırlar.
- Bütün baş verənləri bir yerə topladıqda, nə deyə bilərsiniz, bizi qarşıda nə gözləyir?
- Artıq ABŞ da Rusiyanın fitnəkar oyunu ilə bağlı mesaj verib. Avropa Birliyi də hesab edir ki, bölgədə sülhə əngəl yaradan Rusiyadır. Yəqin ki, yaxın zamanda “TIR şousu”na əncam çəkiləcək. Güman edirəm ki, bundan sonra sülhyaratma prosesi yenidən intensivləşəcək. Qarşıya qoyulan hədəf – ilin sonunadək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi həll ediləcək.
Artıq Azərbaycanın səbri qalmayıb. Yaxın günlərdə ermənilərin ərazimizdəki 12 minlik qanunsuz silahlı birləşmələrinin çıxarılmasına başlaya bilərik. Bununla bağlı onlara ultimatum veriləcək və ərazilərimizi tərk etmələri tələb olunacaq. Əks təqdirdə, Azərbaycan ordusu bu ərazilərdə lokal antiterror əməliyyatlarına başlaya bilər.
Azərbaycanın siyasi iradəsi qətidir, bütün tələblərimiz beynəlxalq hüquq normalarına tam uyğundur. Əgər Ermənistan sülhə yaxın gəlməsə və yenə də buna mane olmağa çalışsa, onu bunu da başa salacağıq. Rusiya sülhməramlıları da anlayırlar ki, 2025-ci ildə bu ərazilərdən çıxmaqdan başqa yolları qalmayacaq.
Avqustun 7-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni Baş katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.
“Sputnik Armenia”-nın məlumatına görə, telefon görüşündə hər iki tərəf Ermənistan-Azərbaycan sərhəd ərazilərində, eləcə də Qarabağda hazırki vəziyyəti müzakirə ediblər.
Bəzi ekspertlər hesab edirlər ki, İran və Ermənistanın təhlükəsizlik orqanları Azərbaycana qarşı birgə təxibat planları hazırlayırlar. Onlar iddia edirlər ki, istər Azərbaycanın sərhəd ərazilərində, istərsə də Qarabağ bölgəsində hər hansı formada təxribatın baş verməsi gözlənilə bilər.
Məsələ ilə bağlı politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında həmkarları ilə eyni fikirləri bölüşüb:
“İlkin olaraq qeyd edim ki, bu telefon danışığı İranda yeni vəzifəyə gətirilən Əli Əkbər Əhmədianın təyinatı ilə bağlıdır. Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyində bəzi dəyişikliklər də edilib. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan telefonla zəng edərək Əkbər Əhmədianı təbrik etməsi istisna deyil.
Əlbəttə, bu telefon danışığında İran-Ermənistan əlaqələri və Ermənistan-Azərbaycan sülh prosesi, o cümlədən Qarabağda mövcud vəziyyətlə bağlı məsələlər müzakirə olunub. İran tərəfinin Ermənistan-Azərbaycan sülh prosesinə maraq göstərməsi təbii bir haldır. Çünki hər iki dövlət İranla eyni sərhədləri bölüşür. Onu da nəzərə almalıyıq ki, İran İslam Respublikası Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanıyır. Amma Qarabağ məsələsinin Qriqonyan və Əhmədian arasında baş tutan telefon danışığında müzakirə olunması bəzi müəmmalı suallar doğurur.
Sual yaranır ki, hazırda Tehranın Qarabağ bağlı hansı fəaliyyəti ola bilər? Ümumiyyətlə, İranın bu məsələyə nə dəxli var? Əslində İranın Qarabağ məsələsində nə iştirakı, nə də bu məsələ ilə aiddiyəti var. Hesab edirəm ki, bu məsələ ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyi xəbərdar edilməlidir”.
Ekspert bir məqamı da əlavə edib:
“Zamanında İranın hərbi-siyasi rəhbərliyi Ermənistan ərazisi vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinə terrorçular göndərib. Yayılan məlumatlara görə, həmin terrorçular 28 nəfərdən ibarət olub. Bu terrorçuların erməni separatçılarına hərbi təlimləri və digər fəaliyyətləri ilə bağlı kifayət qədər məlumatlar dolaşırdı, müxtəlif fikirlər səsləndirilirdi. Yəni həmin silahlıların qeyri-qanuni şəkildə Azərbaycan ərazilərinə gəldikləri üçün terrorçu ünsürlər hesab edilib. Eyni zamanda, bu terrorçuların Qarabağdan çıxarılması ilə bağlı konkret informasiya da yoxdur.
Ona görə də İran hakimiyyətinə bağlı terrorçuların Qarabağda mövcudluğu təxribatların intensiv şəkildə xarakter almasına gətirib çıxara bilər. Həmin terrorçuların Ermənistan ordusunun Qarabağdakı qalıqları və digər qeyri-qanuni erməni silahlı birləşmələri ilə birlikdə istənilən təxribata əl atması gözləniləndir”.
Politoloqun sözlərinə görə, Qarabağda mövcud qondarma qurumun çarəsi tükənmək üzrədir:
“Beynəlxalq səviyyədə təzyiqlər fonunda Azərbaycan qətiyyətli şəkildə öz iradəsini nümayiş etdirir və heç bir güc mərkəzinin təzyiqinə boyun əymir. Əlbəttə, bütün təzyiqlər bir həddə qədərdir. Bundan sonra qondarma qurumun çarəsi tamamilə tükənəcək. Bu xüsusda ola bilsin ki, İran və Ermənistanın köməkliyi ilə müəyyən təxribatlar dövriyyəyə girsin.
Məsələn, Ermənistanın mülki vətəndaşlarının bilərəkdən öldürülüb ordumuzun postlarına atılmasından tutmuş hər cür təxribata şahidi ola bilərik. Belə olan halda Azərbaycan sərhədçiləri və hərbi birlikləri bu məsələyə həssas yanaşmalı, eləcə də bölgədə baş verən bütün hadisələri nəzarət altında saxlamalıdır”.
Natiq Miri həmiçinin antiterror əməliyyatlarının vaxtının artıq çatdığını vurğulayıb:
“Hesab edirəm ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasına yönələn antiterror əməliyyatları həyata keçirilməlidir. Ona görə ki, yalnız bu əməliyyatlar çərçivəsində həm Ermənistan, həm mövcud qondarma qurum, həm də İrəvanın havadarları – İran və Fransa kimi ölkələrin planlaşdırdığı təxribatların qarşısının alınması mümkündür. Onlar Azərbaycanın öz ərazisində təhlükəsizliyin təminatında nə qədər ciddi olduğunu görməlidirlər”.
“Əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, vətəndaşların əksəriyyəti seçkiyə getməzdi”. “Yeni Müsavat” bildirir ki, bu barədə GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan son sorğunun nəticələri barədə danışarkən bildirib. Onun sözlərinə görə, respondentlərin yalnız 13,3%-i Ermənistanda hakim “Mülki Müqavilə” partiyasına səs verməyə hazır olduğunu bildirib. Müxalif “Ermənistan” 3,8%, “Çiçəklənən Ermənistan” 1,8%, “Şərəf duyuram” blokları 1,5% səs alacaq. Respondentlərin 0,8%-i Daşnaksütyununa, 0,4%-i isə Erməni Milli Konqresi və “Sasna Tsrer”ə sıs verməyə hazır olduğunu bildirib (Müxalifətə üst-üstə 8.2% səs).
Bundan əlavə, sorğu müəyyən edib ki, vətəndaşların 67%-dən çoxu N. Paşinyana etibar etmir (13,1% “yəqin ki, etibar etmirəm”, 54,4% “heç güvənmərəm” bildirib). Bu nə deməkdir? Nikol Paşinyan ictimai etimadı itirdiyi üçün Azərbaycanla sülh müqaviləsi imzalaya bilməyəcək? Yaxud imzalasa, dərhal devriləcək? Və ya bu o deməkmi ki, erməni cəmiyyəti artıq müharibə istəyir, yenidən radikal - revanşistlərin ardınca getməyə hazırdır? Sorğudan göründüyü kimi, Nikol Paşinyan, hələ ki, öz xalqını Azərbaycanla sülhə hazırlaya bilməyib. Ya bəlkə özü istəmir? Bundan sonra necə hazırlayacaq? Erməni cəmiyyəti radikallaşır söyləmək olarmı? Hərçənd sorğu göstərib ki, radikal - revanşist müxalifətin reytinqi yenə hakim partiyadan aşağı olaraq qalır. Burada daha çox erməni cəmiyyətindəki laqeydliyi qeyd etmək olar. Cəmiyyət yorulub, ruhdan düşüb, heç bir siyasi qüvvəyə inanmır və taleyi ilə barışıb. Ona görə öz müqəddəratını təslim edib və ümumiyyətlə, seçkiyə laqeyd yanaşıb.
Politoloq Tofiq Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu gün seçki keçirilsə, Paşinyan yenidən qalib gələcək: “Çünki Paşinyana qarşı çox güclü tərzdə təbliğat maşını işləyir. Ölkənin daxilindən və xaricindən. Əvvəlcə onu satqın damğası ilə kim qeydə alır? İlk növbədə diaspora təşkilatları, Amerikada, Fransada yerləşənlər. Onlar bir növ xaricdə yaşayan ermənilər üçün dayaq nöqtələridir. Onlar hesab edirlər ki, hansısa quzğun hakimiyyətə gələrsə, vəziyyət yaxşılığa doğru gedəcək. Ermənistanın strateji resursu yoxdur ki, Azərbaycanın qarşısında dayansın. Cənubi Qafqaz ətrafında gedən proseslər onu göstərir ki, Azərbaycanın ölkədən kənarda səhmləri durmadan artır, güclənir. Ermənistanınkı isə getdikcə azalır”.
Ekspert əlavə edib ki, erməni cəmiyyətində artıq müharibə və qarşıdurmaya nifrət yaranıb: “Onlar gördülər ki, 30 il ərzində Qarabağ şüarı altında önə gedən, erməni təbliğat, hərbi maşını, militarizm siyasəti nə ilə bitdi. Ermənistanın iflası ilə yekunlaşdı, 30 ili boşa verdilər. Siyasi bir sistem yarada bilmədilər, Qarabağda da vəziyyət çox kövrəkdir. Azərbaycan sabah antiterror əməliyyatına başlasa bizim qarşımızı heç kim saxlaya bilməyəcək. Baxmayaraq ki, Araik Arutunyan deyir, ”biz dözürük, vəziyyət pis olsa, biz mübarizəyə qalxacağıq". Mübarizəyə qalxıb nə edəcək? Heç nə də edə bilməyəcəklər. Ona görə də erməni camaatı Qarabağ mövzusundan uzaqlaşmaq istəyir. Onlar hesab edirlər ki, bütün ümidləri puça çıxıb və gələcəkdə bu ölkənin müqəddəratından narahatdırlar. Paşinyanın özünün siyasətində bir element var. O sanki çay qaşığı ilə, misqal-misqal öz cəmiyyətini həm sülh müqaviləsinə öyrəşdirməyə çalışır, həm Türkiyə və Azərbaycanla barışığa hazırlayır. Bu, özünəməxsus bir gedişdir. Biz onu sadəlövh kimi dəyərləndirsək, doğru olmaz. Paşinyan yavaş-yavaş cəmiyyəti hazırlayır. Çünki gördülər ki, qarşıdurma, nifrət siyasəti ilə bunlar heç nəyə nail ola bilmədilər. Cəmiyyət pis vəziyyətdədir. Ermənistanda olanlar da vurğulayır ki, kasıblıq səviyyəsində yaşayanların sayı artır. Ölkənin əksər əhalisi, milyon yarımdan artıq insan son illərdə artıq ölkəni tərk edib. Buna görə də pislər arasında daha əlverişlisinə səs verməyə hazırlıq göstərirlər, bu da Paşinyandır. Paşinyan az-çox çalışır ki, ölkəsini Rusiyadan uzaqlaşdırsın, Qərbə meyil göstərsinlər. Düzdür, bu, Paşinyan üçün kritik dönüş yarada bilər. Çünki o, Rusiyadan birmənalı üz döndərsə, Kreml onu devirəcək. Amma Paşinyanın yerinə ruspərəst gələcəksə, Ermənistan cəmiyyəti ruspərəstləri istəmir".
AG Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi ekspert Azər Hüseynov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, burada ən önəmli məsələ bu sorğular deyil: “Məlumdur ki, Paşinyan Amerikaya, Qərbə yaxın adamdır. Amma Saakaşvili və Zelenskidən fərqi erməni olmasıdır. Hər bir ermənidə millətçilik vardır. Ona görə Rusiya ilə də hesablaşır. Azərbaycanın gücünə bələddir. Paşinyan getsə əgər, Qərb arxasından çəkilsə gedə bilər. Necə ki, Qərb Saakaşvilinin arxasından çəkildi, indi də Zelenski haqqında bunu düşünür. Paşinyanın qalması bizim maraqlarımızdadır. Niyə? Çünki məğlub baş nazirdir. Yerinə beyni havalı bir revanşistin gəlməsi bizə sərf eləmir. Sülh isə daha çox ermənilərə lazımdır. Əgər bunu etməsələr, gələcəkdə Azərbaycan Qərbi Azərbaycana qayıda bilər. Bir də ermənilərin ağlı başında olsa, savaş ritorikasından əl çəkərlər. Hər nə qədər Fransaya arxalansalar da, bu ölkə belə əslində bizim iqtisadi tərəfdaşımızdır. Makron hərdən bunu unudur. Bir az erməni lobbisinə oynayır. Sonra oyanır. Erməni cəmiyyəti sülhə onsuz da razı olmayacaq. Bir də böyük geosiyasi proseslərdə bu cəmiyyət ən axırıncı oyunçudur. Ümumiyyətlə, Ermənistan silahsızlaşdırılmalıdır. Sonda ermənilər bu həqiqəti bizim xarici siyasi kursumuzda görəcəklər. Silahlı erməni potensial təhlükədir. Ona külüng, digər əmək alətləri verib tarixi kimliyinə qaytarmaq lazımdır”.
“Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq”.
Yol-xeber.az-ın xəbərinə görə, bunu Xalq artisti Rasim Balayev avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə səmimi söhbətində deyib.
“Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.
Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək”, - Xalq artisti söyləyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Yol-xeber.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xalq artisti Rasim Balayev ilə söhbət edib.
Rasim Balayev: Salaməleyküm.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Rasim Balayev: Mənim bir arzum var idi ki, Qarabağdan sonra, işlərinizdən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu.
Prezident İlham Əliyev: Sağ olun. Sizi ilk növbədə yubileyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Rasim Balayev: Çox sağ olun.
Prezident İlham Əliyev: Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam.
Rasim Balayev: Çox sağ olun.
Prezident İlham Əliyev: Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir. Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.
Mən sizi ürəkdən təbrik etmək, sizə cansağlığı, uzun ömür arzulamaq istəyirəm. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, həm sovet dövründə bir çox mükafatlarla təltif olunmusunuz...
Rasim Balayev: Rəhmətlik Ulu Öndərimiz 50 yaşımdan həmişə mənim qayğıma qalıb.
Prezident İlham Əliyev: Bəli, elədir.
Rasim Balayev: Bunu da Siz davam etdirirsiniz.
Prezident İlham Əliyev: Qeyd etdiyiniz kimi, müstəqillik dövründə də 50 illik yubileyinizdə sizi “Şöhrət” ordeni ilə təltif etmişdir.
Rasim Balayev: Siz isə “Şərəf” ordeni.
Prezident İlham Əliyev: Bəli, mən “Şərəf” ordeni ilə. Bu yubiley ərəfəsində də siz yüksək ordenimiz olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Sizi bir daha təbrik edirəm.
Rasim Balayev: Təşəkkür edirəm, cənab Prezident. Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.
Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək.
Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var. Ad gününüzü rayonlarda, Qarabağda camaatla birlikdə qeyd edirsiniz.
Prezident İlham Əliyev: Bəli, sağ olun.
Rasim Balayev: Bütün bunları hamı, millət görür. Mən Sizə bu yolda uğurlar diləyirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Rasim Balayev: Yenə də deyirəm, cənab Prezident, biz Sizə borcluyuq. Sizə və xalqımıza borcluyuq ki, bu gözəl, möhtəşəm Qələbəni biz kino vasitəsilə vəsf etməliyik. Çünki Qələbə, müharibədəki qəhrəmanlıqlar, orada iştirak edən qazilərin fədakarlığı hər yerdə göstərilməlidir. Mən bir-iki dəfə Şuşaya getmişəm, inanın gözlərim yaşarıb. Çünki mən 1986-cı ildə də getmişdim, orada İsa bulağının yanında ailəvi şəkil çəkdirmişdik. Sonra da 2021-ci ildə getdim. Bu xoşbəxtliyi bizə Siz bəxş etmisiniz. Siz deyirdiniz ki, bizim güclü Ordumuz var, mən nəyin və nə vaxt olacağını yaxşı bilirəm. Siz, nəhayət, bu uğuru gətirdiniz. Xalq Sizi çox sevir.
Prezident İlham Əliyev: Çox sağ olun, Rasim müəllim.
Rasim Balayev: Biz həmişə dövlətimizin, dövlətçiliyimizin arxasındayıq və gələcək işlərimizdə Sizin bu diqqətinizə layiq olmağa çalışacağıq. Mən inanıram ki, Sizin və xalqımızın sevdiyi filmləri yenidən çəkəcəyik.
Prezident İlham Əliyev: Çox sağ olun.
Dövlətimizin başçısı “İstiqlal” ordenini Rasim Balayevə təqdim edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.