|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.
“PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov parkda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə tanış olublar.
8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.
Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.
Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.
Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.
Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
MN-dən bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üzrə görülən işlərdən danışıb.
Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrini qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə bildirib.
Sonda general-polkovnik Z.Həsənov hərbi qulluqçuların qayğıları ilə maraqlanıb, onların fərdi hazırlığının inkişaf etdirilməsi, eləcə də bilik və bacarıqlarının artırılmasına dair şəxsi heyətə müvafiq tövsiyələr verib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb.
Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Prezidentlər bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün və bu tədbir çərçivəsində təmasların əhəmiyyətini qeyd ediblər.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Rəsmi Tiflisin ABŞ və Qərb tərəfindən planlaşdırılan növbəti "məxməri inqilab" təhlükəsinin öhdəsindən təkbaşına gələ biləcəyi hazırda bir qədər müəmmalı görünür... Nə qədər qəribə də olsa, məhz Rusiya Gürcüstanda Qərbin planı üzrə hakimiyyət çevrilişinə cəhd göstəriləcəyi təqdirdə, qonşu ölkəyə yardım etməyə hazırdır...
Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın bərpa edilməsində maraqlı olmayan regiondan kənar güclər fəallaşıblar. Belə ki, bu regionda hərbi-siyasi gərginlik, hətta mümkün olacağı təqdirdə, silahlı toqquşmalar həmin regiondan kənar güclərin geopolitik maraqlarına tamamilə uyğundur. Və bu səbəbdən də, Qərbdən gələn mesajlar sülhə çağırış məzmunu daşısa da, atılan addımlar Cənubi Qafqazın yeni müstəmləkə coğrafiyasına çevrilməsinə yönəlib.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda "qazanı qaynatmaq" planları quran Qərb siyasi dairələri bu regionda "zəif bənd" durumunda olan iki ölkə üzərindən hərəkət etməyə çalışırlar. ABŞ, Avropa Birliyi və Fransa bu cəhdlərində müəyyən nəticələrə də nail ola biliblər. Hər halda, Ermənistan tam şəkildə onların de-fakto nəzarətinə keçib. İndi rəsmi İrəvan müstəqil şəkildə heç bir qərar qəbul edə bilmir. Yalnız ABŞ, Avropa Birliyi və Fransadan gələn təlimatları və sifarişləri yerinə yetirir. Və bu, o deməkdir ki, Ermənistan artıq Qərbin yeni hərbi-siyasi müstəmləkəsinə çevrilmiş durumdadır.
Ancaq ABŞ və Qərb üçün Cənubi Qafqazı tam nəzarət altına almaq baxımından, Ermənistanın geopolitik müstəmləkəyə çevrilməsi qətiyyən yetərli deyil. Yəni, Azərbaycan və Gürcüstanın da Qərbin maraqlarına xidmət etməsinə cəhd göstərilir. Halbuki, Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, regional geopolitik iradə mərkəzidir və ən əsası isə Qərbdən hər hansı məsələdə asılılıq vəziyyəti mövcud deyil. Bu səbəbdən də Azərbaycan ABŞ və Avropa Birliyi üçün əlçatmazdır. Və rəsmi Bakı Azərbaycanın maraqlarını Qərbə güzəştə getməyəcəyini elə açıq mətnlə dəfələrlə bəyan edib.
Ona görə də, son vaxtlar ABŞ və Avropa Birliyi əsas diqqətini məhz Gürcüstan üzərində cəmləşdirib. Rəsmi Tiflisin parlamentdə təsdiqlətdiyi "xarici agentlər" barədə qanun isə ABŞ və Avropa Birliyinin Gürcüstana son təzyiqlərində əsas bəhanə rolunu oynayır. Əsas məqsəd ondan ibarətdir ki, Gürcüstanın da Ermənistan kimi, ABŞ və Avropa Birliyinin hərbi-siyasi müstəmləkəsinə çevrilməsinə nail olunsun. Və bu səbəbdən də, həm ABŞ, həm də Avropa Birliyi Gürcüstanı sanksiyalar ilə şantaj etməyə cəhd göstərir.
Maraqlıdır ki, ABŞ və Avropa Birliyi hələlik Gürcüstanda öz hədəflərinə çatmaqda çətinlik çəkir. Çünki ABŞ və Avropa Birliyinin sərt təzyiqlərinə baxmayaraq, rəsmi Tiflis ciddi şəkildə müqavimət göstərməyə çalışır. Hətta Gürcüstan hökuməti açıq mətnlə bəyan edib ki, ölkənin ABŞ və Qərbin Rusiyaya qarşı mübarizəsində geopolitik alətə çevrilməsinə heç bir halda, imkan verilməyəcək. Və rəsmi Tiflis bu mövqeyindən Qərbin təhdidlərinə baxmayaraq, geri çəkilmək niyyətində deyil.
Ona görə də, ABŞ və Avropa Birliyinin yaxın aylarda Gürcüstanda hakimiyyət çevrilişi ssenarisini işə salmağa cəhd göstərə biləcəyi ehtimal olunur. Belə ki, "xarici agentlər" barədə qanunun qəbuluna qədər Qərbdən alınan qrantlar hesabına fəaliyyət göstərən yerli QHT sektorunun ictimai rəyi Gürcüstan hökumətinin əleyhinə yönəltməsinə çalışacağı bildirilir. Bu prosesin son nəticədə kütləvi küçə iğtişaşlarına qədər inkişaf etdirilməsi planlaşdırılır. Və Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərində bu prosesin böhranlı həddə çatdırılmasına çalışacağı iddia edilir.
Belə anlaşılır ki, Gürcüstanı yaxın bir neçə ay ərzində olduqca taleyüklü siyasi mərhələ gözləyir. Rəsmi Tiflis hesab edir ki, prezident Salome Zurabişvilinin də iştirak etdiyi prosesdə Qərb Gürcüstanı ölkədaxili xaosa düçar etmək niyyəti güdür. Bu ölkədaxili xaos əvvəlcə Gürcüstanda hakimiyyət çevrilişini təmin etməlidir. Ardınca isə Gürcüstan Rusiyaya qarşı istifadə olunan geopolitik alətə çevrilməlidir. Yəni, ABŞ və Avropa Birliyi Gürcüstanı da Ermənistanın vəziyyətinə salmağı planlaşdırır. Və son nəticədə isə həm Ermənistan, həm də Gürcüstan Rusiyaya qarşı "ikinci cəbhə"nin açılmasında əsas hərbi-siyasi poliqon rolunu oynamalı olacaq.
Maraqlıdır ki, rəsmi Tiflis Gürcüstanın ABŞ və Qərbin əlində Rusiyaya qarşı geopolitik alətə çevrilməsinə yönəlik bütün cəhdlərə müqavimət göstərməkdə qərarlıdır. Yəni, rəsmi Tiflis Gürcüstanın hazırda Ukraynanın yaşadığı fəlakəti təkrarlamasına imkan vermək niyyətində deyil. Gürcüstanı məhz bu təhlükədən yayındırmağa çalışır. Və bu məsələdə Rusiyanın da Gürcüstana dəstək verməyə çalışdığı bildirilir.
Məsələ ondadır ki, Rusiya kəşfiyyatı Gürcüstanın hakim partiyasının liderlərinə, xüsusilə də Kremlə yaxınlığı şübhə doğurmayan gürcü milyarder Bdzina İvanişviliyə qarşı sui-qəsd hazırlanması barədə məlumat alıb. Kreml həmin kəşfiyyat məlumatlarını Gürcüstan rəhbərliyinə artıq təqdim edib. Nəticədə Gürcüstan hüquq-mühafizə orqanları sui-qəsd təşkilatçılarının nəzarətə alınmasına başlayıb. Və bu, Gürcüstan ətrafında yaranmış situasiyanın kifayət qədər qəliz olduğunu təsdiqləyir.
Onu da qeyd etmək lazımdır ki, Gürcüstan üçün həlledici mərhələnin məhz növbəti parlament seçkiləri dövrünə təsadüf edəcəyi ehtimal olunur. Gürcüstan hakimiyyəti artıq indidən həmin dövrə hazırlaşır, təhlükəsizlik tədbirlərini mümkün qədər genişləndirməyə çalışır. Halbuki, rəsmi Tiflisin ABŞ və Qərb tərəfindən planlaşdırılan növbəti "məxməri inqilab" təhlükəsinin öhdəsindən təkbaşına gələ biləcəyi də hazırda bir qədər müəmmalı görünür. Və bu məsələdə Gürcüstan hakimiyyətinin əlavə dəstəyə ehtiyacı ola biləcəyi qətiyyən istisna deyil.
Maraqlıdır ki, nə qədər qəribə də olsa, belə bir dəstək məhz Rusiya tərəfindən təklif olunub. Belə ki, Kreml Gürcüstanda Qərbin planı üzrə hakimiyyət çevrilişinə cəhd göstəriləcəyi təqdirdə, qonşu ölkəyə yardım etməyə hazır olduğunu bəyan edib. Kreml vurğulayıb ki, əgər, rəsmi Tiflis yardım üçün Rusiyaya müraciət edərsə, dərhal uyğun reaksiya veriləcək. Rusiya Gürcüstanda hakimiyyət çevrilişinə yönəlik cəhdləri boşa çıxartmaq üçün bütün addımları atmağa hazırdır. Və hətta Rusiyanın bu məqsədlə Gürcüstana müvəqqəti olaraq, hərbi kontingent yeridə biləcəyi də qətiyyən istisna deyil.
Yeni Müsavat
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinə yeni rəis təyin edilib.
Lent.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elçin Xasiyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi təyin edilib.
E.Xasiyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini tutub.
Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev bir müddət əvvəl təqaüdə göndərilib.
Avropa Sülh Fondu 2021-ci ildə AB üzvü olmayan ölkələri, yaxud beynəlxalq təşkilatları maddi və hərbi anlamda dəstəkləmək məqsədi ilə qurulub. Fondun büdcəsi AB-yə üzv olan dövlətlərin ianələri hesabına formalaşır. Bu qurumun 2023-cü il üçün büdcəsi təqribən 8 milyard avro idi.
Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz AB-nin Ermənistana 10 milyon avro hərbi yardımı ayırmasını şərh edərkən deyib.
O bildirib ki, Avropa Birliyi bu fond vasitəsilə Ukrayna, Mozambik, Gürcüstan, Moldova, Bosniya və Herseqoviniya, Somali, Nigeriya və başqa ölkələrə yardım edib:
“Fond bu konteksdə Ermənistan üçün ilk dəfə hərbi maliyyə ayırıb. Ayrılan maliyyənin həcminin nə qədər olmasının heç bir önəmi yoxdur. Azərbaycan torpaqlarının 28 illik haqsız işğalı dövründə ATƏT vasitəsilə ikili standart yürüdən, ədalətsiz, hüquqi əsası olmayan davranış sərgiləyən AB-nin bir tərəfdən sülh üçün Brüsseli vasitəçi göstərib, digər tərəfdən də Ermənistana hərbi yardım etməsi Qərbin İrəvana siyasi-hərbi dəstəyi anlamına gəlir. Bu addım Avropa Birliyinin sülhün mərkəzi təşkilatçısı ola bilməyəcəyini deməyə də əsas verir. Fond vasitəsilə Ermənistana sözügedən yardımın ayrılmasını həm də AB-nin 2020-ci ildən əvvəl sərgilədiyi siyasətinin davamı kimi qəbul etmək lazımdır”.
O bildirib ki, bu cür təşkilatların qarşıdurma, münaqişə və problemli bölgələrə təktərəfli yardım etməsi, siyasi dəstək verməsi qəbuledilməzdir:
“Bu, AB-nin ikili standartı qoruyan, ədalətdən və bitərəf olmaq əxlaqından uzaq davranışıdır. Məsələn, fonddan Azərbaycana da maliyyə ayırsaydılar, bunu nisbətən anlamaq mümkün olardı. AB ABŞ və ya NATO-nun fəaliyyət göstərə bilmədiyi yerlərdə subpodratçı fəaliyyəti həyata keçirən mexanizm halına gəlib. ABŞ Qafqazda bir tərəfdən Gürcüstanın, digər tərəfdən Ermənistanın DNT-si ilə oynayaraq, Rusiya əleyhinə bir balans yaratmağa çalışır. Ermənistan Müdafiə Nazirliyinə nümayəndə təyin edilməsi, son 6 ayda azı 2-3 hərbi təlim keçirilməsi, erməni ordusunun təlim-tərbiyə fəaliyyətlərinə töhfələr verilməyə çalışılması, təbii ki, Ermənistanın Rusiyadan asılılığını azaltmaq cəhdi kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda təkcə Rusiya üçün deyil, həm də İrana qarşı atılmış addımdır. Ümumilikdə isə atılan addım yanğına körüklə getmək kimidir. Dolayısı ilə bu həmlələr Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirməz, əksinə, Qafqazı qan gölünə çevirər”.
Qeyd edək ki, bir neçə ay əvvəl Macarıstanın Avropa Sülh Fondundan Ermənistana ittifaq çərçivəsində razılaşdırılmış 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklaması ilə bağlı məlumat yayılsa da, ötən gün vəsaitin İrəvana ayrılması qərarı rəsmi olaraq təsdiqlənib. 2027-ci ilədək mövcud olması nəzərdə tutulan fondun büdcəsi son məlumatlara görə 17 milyarddır.