- error
-
- JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
![]() |
|
Rusiya qazından imtina edən Avropa, həmçinin iqtisadiyyatları sürətli inkişafda olan Asiya ölkələrinin hesabına ABŞ-ın maye qaz ixracı görünməmiş həddə çatıb
“ABŞ yaxın bir neçə ildə daxili tələbatın artması səbəbindən maye qaz ixracını dayandıracaq”. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən BMT-nin İqlim Konfransı (COP29) çərçivəsində liderlərin sammitində serb jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 3-4 ildən sonra Amerika artıq mayeləşdirilmiş təbii qaz ixrac edə bilməyəcək: “Onu süni intellektin artan istehlakı, elektrik doldurma stansiyaları və başqa hər şey üçün istifadə edəcək. Bəs onda biz nə edəcəyik? Rusiya qazını qadağan edənlərin hamısı Moskvanın qarşısında növbəyə duraraq deyəcək: ”Qışdan sağ çıxa bilmək üçün qazı bizə qaytarın". Trampın qələbəsindən sonra neft qiymətləri bir qədər ucuzlaşsa da, qazın qiyməti çox qalxdı - artıq min kubmetr üçün 485 dollardır".
Vuçiçin bu açıqlamasını Rusiya mətbuatı çox geniş işıqlandırır, şərhlər verilir. Serbiya prezidentinin dedikləri reallaşa bilərmi?
Son 5 ilə nəzər saldıqda aydın görünür ki, ABŞ qaz istehsalçıları böyük uğurlar qazanıblar. Ukraynadakı müharibəyə görə Rusiya qazından imtina edən Avropa, həmçinin iqtisadiyyatları sürətli inkişafda olan Asiya ölkələrinin hesabına ABŞ-ın maye qaz ixracı görünməmiş həddə çatıb.
Bloomberg-in məlumatına görə, ABŞ 2023-cü ildə rekord 91,2 milyon ton maye qaz ixrac edib. Ölkədə yeddi LNG terminalı fəaliyyət göstərir, digər beşi isə tikilməkdədir. Ötən il Amerika LNG-nin əsas alıcıları Avropa ölkələri olub.
“Financial Times” yazır ki, hazırda Avropa qaz bazarında LNG-nin həcmi Ukraynadakı münaqişədən əvvəlki 20 faiz ilə müqayisədə 34 faiz təşkil edir. Eyni zamanda, bu növ yanacağın bazarda tədarükü məhduddur və Avropa bunun üçün Asiya ilə rəqabət aparmalı olur.
Yeni LNG layihələri 2023-cü ildə maye qaz ixracını illik ifadədə 12 faiz artırmağa imkan verdi. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, keçən il Amerika qaz istehsalçıları xarici alıcılara, gündə orta hesabla 321,3 milyon kubmetr - Qətər və Avstraliyadan olan rəqiblərdən xeyli çox qaz ixrac ediblər.
Avropada LNG-yə kifayət qədər yüksək tələbat və sərfəli qiymətlər sayəsində keçən il fəaliyyət göstərən 7 LNG terminalında LNG ixrac gücündən istifadə nominal gücün 104 faizini və pik gücün 86 faizini təşkil edib.
Bu ilin ötən dövründə Amerika LNG ixracı gündəlik 326,7 milyon kubmetr, yəni ötən ilkindən daha çox təşkil edib. BEA-nın proqnozuna görə, gələn il gündəlik ixrac 372,6 milyon kubmetr təşkil edəcək.
Hazırda ABŞ-da iki yeni LNG layihəsi: Corpus Christi LNG Stage 3 və Plaquemines LNG istismara vermə mərhələsindədir. BEA-nın məlumatına görə, onlar bu ilin sonuna qədər maye qazın nəqlinə başlamalıdırlar. Bununla belə, hazırlığın müxtəlif mərhələlərində olan digər LNG layihələrinin əksəriyyətində problemli məsələlər var. Belə məsələlər kimi ekoloqların etirazları, məhkəmə iddiaları, podratçı şirkətlərin iflası, həmçinin Co Bayden administrasiyasının tətbiq etdiyi məhdudiyyətlərdir. Məsələn, ExxonMobil və QatarEnergy-nin 10 milyard dollarlıq Golden Pass LNG layihəsinin tikintisinə başlanılması əsas podratçı Zachry Holdings-in iflası səbəbindən gələn ilin sonuna təxirə salınıb. Elə bu günlərdə ABŞ Federal Enerji Tənzimləmə Komissiyası (FERC) ExxonMobil və QatarEnergy-yə zavodun istismara verilməsi müddətinin üç il uzadılmasına icazə verib. Exxon zavodun tikintisinin başlanmasının 2025-ci ilin birinci yarısından sonuna qədər təxirə salındığını hələ avqust ayında açıqlamışdı.
Texasın NextDecade şirkətinin Rio Grande LNG layihəsi də əhəmiyyətli gecikmələr yaşayır. Düzdür, burada başqa cür problemlər var.
Bayden administrasiyasının iradəsi ilə bu ilin yanvar ayında ABŞ Energetika Nazirliyi icazələrin verilməsi üçün layihələrin təhlilini tamamlayana qədər mayeləşdirilmiş təbii qazın ixracı üçün icazələrin verilməsini dayandıracağını açıqladı. Nazirliyin araşdırması ABŞ-da artan LNG ixracının iqlim, iqtisadi və milli təhlükəsizliyə potensial təsirlərini qiymətləndirir. Baydenin bu addımı ilə bağlı lisenziyaların dayandırılmasının iqtisadiyyata zərər verdiyiiə və iş yerlərinin itirilməsinə səbəb olduğunu bildirıən 16 ştat məhkəməyə müraciət edib. İyul ayında Luiziana məhkəməsi Bayden administrasiyasının yeni LNG ixrac müqavilələrinin təsdiqini bərpa etməsini nəzərdə tutan qərar qəbul edib.
Ağ Ev tikinti sahələrində sakinlərin sağlamlığına mümkün zərərləri nəzərə almaq üçün layihələrə dəyişiklik tələb edən ekoloqların və təbiəti mühafizəçilərin təzyiqi ilə bu addımı atıb. Lakin gözlənilir ki, yeni seçilmiş prezident Donald Tramp vəzifələrinin icrasına başlayan kimi bu məhdudiyyəti aradan qaldıracaq. Çünki Donald Tramp seçiləcəyi təqdirdə ixrac icazələrinin verilməsinə qoyulmuş qadağanı dərhal aradan qaldıracağına söz verib.
Bloomberg-in yazdığına görə, Co Bayden administrasiyası Trampın verdiyi sözə dərhal əməl etməsinə imkan verməmək üçün araşdırmaların yanvara qədər başa çatdırılmasına və nəticələrin açıqlanmasına çalışır. Bildirilir ki, əgər araşdırma LNG layihələrinin icrası zamanı ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin tam qiymətləndirilmədiyini üzə çıxararsa, Trampın yeni layihələrə lisenziya verilməsi sahəsində məhdudiyyəti tezliklə aradan qaldırması mümkün olmayacaq. Mümkün olsa belə, araşdırma nəticələri layihələrə qarşı çoxsaylı məhkəmə iddiaları üçün çox ciddi əsas rolunu oynayacaq.
ABŞ-ın maye qaz ixracı üçün daha bir əngəl Avropa İttifaqının qalıq yanacaqlardan istifadəyə dair tələblərinin sərtləşdirilməsidir. Belə ki, Aİ bütün idxal edilən qalıq yanacaqlara yeni metan emissiya standartlarını tətbiq edir. Reuters-in yazdığına görə, bu addımdan sonra Birləşmiş Ştatlar uzunmüddətli perspektivdə Avropaya LNG tədarükünü davam etdirməyi gözləyir.
ABŞ-ın metan tənzimləməsi 2030-cu ildən etibarən neft və qaz ixracının, o cümlədən LNG-nin Avropa İttifaqı ilə eyni və ya daha sərt emissiya həddi tələblərinə malik olmasını tələb edəcək. Hələ ətraflı müzakirə edilməmiş və elan edilməmiş bu tələblər o deməkdir ki, ABŞ LNG istehsalçıları və ixracatçıları onilliyin sonuna qədər məhsullarının Aİ emissiya standartlarına cavab verməsini təmin etmək üçün fəaliyyətlərini yenidən qurmalı olacaqlar. Agentlik qeyd edir ki, heç də bütün təchizatçılar bu vəziyyətdən razı və Avropaya ixracda mümkün məhdudiyyətlərə dözməyə hazır deyil.
Amerikanın güclü qaz lobbisi Co Bayden administrasiyasından ABŞ və qitədə metan tənzimləməsində ekvivalentliyi təmin etmək üçün Aİ ilə danışıqlara başlamağı tələb edib. 2023-cü ildə Avropaya LNG ixracının 66 faizi ABŞ-ın payına düşüb. Bu rəqəmə əsaslanaraq, xaricdəki qaz enerjisi şirkətləri Aİ-dəki müştərilərdən uzunmüddətli zəmanətlər və müqavilələr tələb edirlər.
Metan emissiya standartlarının səviyyəsinin yüksəldilməsi ilə ABŞ növbəti onillikdə ən böyük LNG ixrac bazarını saxlamağa ümid edir.
Avropa İttifaqı hələ ki, təchizatçılarla necə işləyəcəyinə qərar verməyib. Blok çox axtarılan qalıq yanacağın idxalı üçün metan tələblərini yekunlaşdırarkən enerji təhlükəsizliyini iqlim məqsədləri ilə balanslaşdırmalı ola bilər.
Serbiya prezidentinin açıqlamasında süni intellektin enerji tələbatının artımı məsələsinə gəldikdə, ABŞ-da artan enerji tələbatının atom enerjisi hesabına ödənməsi nəzərdə tutulur. Bloomberg-in yaydığı məlumata əsasən ABŞ hakimiyyəti 2050-ci ilə qədər ölkədəki atom elektrik stansiyalarının ümumi gücünü üç dəfə artırmağı planlaşdırır. Məlumatda qeyd olunur ki, hazırda ölkədə yerləşən nüvə reaktorlarının ümumi gücü 100,6 GVt təşkil edir. 2050-ci ilə qədər gözlənilən artım təxminən 200 GVt olacaq. Eyni zamanda növbəti 10 il ərzində Ağ Ev nüvə istehsalının həcmini 35 GVt artırmaq niyyətindədir.
ABŞ Prezidentinin köməkçisi və Milli İqlim Müşaviri Əli Zaidi açıqlamasında bildirib ki, onlar karbonsuz elektrik mənbəyinin geniş miqyaslı istifadəsinə mane olan bir çox maneələri aradan qaldırıblar. O, belə maneələr sırasında ölkə daxilində ixtisaslı kadrların və yanacaq təchizatının çatışmazlığını, hüquqi tənzimləməni qeyd edib.
Bloomberg-in yazdığına görə, nüvə enerjisi sahəsində belə strategiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan dəstək ala bilər. O, seçki kampaniyası zamanı enerji tutumlu sənaye sahələrini elektrik enerjisi ilə təmin etmək üçün yeni nüvə reaktorlarının tikintisinə çağırıb.
ABŞ-ın nüvə enerjisi sənayesi istehsal olunan elektrik enerjisinə görə dünyada ən böyükdür. ABŞ-ın enerji kompleksində nüvə istehsalının payı yarım əsr əvvəl 1979-cu ildə Three Mile Island AES-də baş vermiş qəzadan sonra tədricən azalmağa başlayıb. Hadisə nəticəsində sənaye tənzimləyiciləri təhlükəsizlik standartlarını xeyli sərtləşdiriblər. Belə ki, 1979-2012-ci illər arasında atom elektrik stansiyalarının tikintisi üçün bir dənə də olsun yeni lisenziya verilməyib.
Artıq süni intellektə böyük həcmli investisiyalar yatıran ABŞ texnologiya nəhəngləri öz tələbatlarını ödəmək üçün mini atom elektrik stansiyalarının tikintisi layihələrinin icrasına başlayırlar. Amazon və Meta-nın öz müəssisələri üçün AES-lərin tikintisini nəzərdə tutan layihələri ABŞ hökuməti, həmçinin yerli hökumətlərlə razılaşdırılıb. Bu isə o deməkdir ki, ABŞ-da elektrik enerjisi istehsalında qaza deyil, nüvə yanacağına üstünlük veriləcək.
Aİ üçün ABŞ-dan qaz almaqla bağlı əsas problem Asiyada artan tələbatdır. Belə ki, Çin və Hindistan iqtisadiyyatının artan tələbatı, həmçinin bu ölkələrin alternativ enerjiyə keçid prosesini sürətləndirmək səyləri Asiyada keçid enerji mənbəyi sayılan maye qaza tələbatı sürətlə artırır. Bu isə tezliklə Rusiya maye qazından tamamilə imtina etməyi hədəfləyən Aİ üçün ciddi rəqabət və qiymət artımı demək ola bilər.
Rəsmi İrəvan blokadadan çıxaraq, regional iqtisadi-ticari proseslərin iştirakçısına çevrilmək şansını itirmək üzrə olduğunu artıq anlamağa başlayıb, ABŞ və Qərbin, eləcə də, İranın bu məsələdə Ermənistanın maraqlarını qoruya bilməyəcəyini də tam dəqiqləşdirib... Belə vəziyyətdə Paşinyan hakimiyyətinin rəsmi Bakının şərtləri çərçivəsində Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmır, çünki əgər, Ermənistan bir qədər də gecikərsə, bu dəhliz ümumiyyətlə, Azərbaycanın regional prioritetləri sırasında arxa plana atıla bilər...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqaz üçün taleyüklü geopolitik mərhələ artıq başlanmaq üzrədir. Belə ki, ABŞ respublikaçılarının dəstəklədikləri Donald Trampın yenidən prezident seçilməsi Ermənistan cəmiyyətində ciddi təlaş doğurub. Hətta Paşinyan hakimiyyəti belə, bundan ciddi narahatlıq keçirdiyini gizlətməkdə açıq-aşkar çətinlik çəkir. Rəsmi İrəvan Donald Trampın əvvəlki prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqazda “erməni faktoru”na qətiyyən əhəmiyyət vermədiyini hələ də unuda bilməyib. Və ABŞ-ın yeni prezidenti Donald Trampın bu dəfə də eyni mövqeyi təkrarlamayacağına qətiyyən əmin deyil.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Paşinyan hakimiyyətinin davranışlarında və açıqlamalarında Cənubi Qafqaza yönəlik proseslərə yönəlik təlaş əlmaətləri müşahidə olunur. Belə ki, rəsmi Bakını Qərbin təzyiqləri sayəsində COP29 ərəfəsində Ermənistanın maraqlarına daha çox cavab verən “yarımçıq sülh” sazişini imzalamaq məcburiyyətində buraxmaq planları artıq pozulmuş hesab edilə bilər. Yəni, rəsmi İrəvan yeni situasiyaya uyğunlaşmaq məcburiyyətində qalıb. Və Paşinyan hakimiyyəti artıq tam dəqiqliyi ilə anlayır ki, ABŞ-da hakimiyyəti təhvil vermək üzrə olan Bayden adminitrasiyasından Ermənistana bundan sonra elə bir ciddi fayda gəıməyəcək.
Bu səbəbdən də indi prezident Donald Trampın sılahiyyətlərinin icrasına başlayacağı zaman yaxınlaşdıqca, təlaşı artan rəsmi İrəvan bəzi məsələlərin həllində tələsməyə başladığını da sezdirir. Hər halda, Paşinyan hakimiyyəti Bayden adminitrasiyasının hakimiyyəti təhvil verməsindən sonra Cənubi Qafqazda situasiyanın tamamilə dəyişə və geopolitik şərtlərin Ermənistanın əleyhinə ola biləcəyindən narahatdır. Və bu baxımdan, rəsmi İrəvanın yekun sülh sazişinin mətni üzərində anlaşmanın əldə olunaraq, ən qısa zamanda imzalanmasının vacibliyi barədə mesajlar verməsi qətiyyən təəccüblü deyil.
Ancaq Paşinyan hakimiyyətini narahat edən problemlər yalnız Ermənistanın son zamanlara qədər ləngitdiyi yekun sülh sazişini vaxtında imzalamaq şansını itirə biləcəyi ilə məhdudlaşmır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla, iki ölkənin yekun sülh sazişini imzalamasından sonra dinc əməkdaşlıq etməsinin əsas istiqamətləri barədə də strateji müqavilə imzalamaq təklifini gündəmə gətirib. Və belə anlaşılır ki, erməni baş nazir gələcəkdə Azərbaycanla qarşılıqlı münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırmadan Ermənistanın mövcudluğunun ciddi təhlükə altında qalacağına artıq əmindir.
Baş nazir Nikol Paşinyanın açıqlamalarından belə görünür ki, o, Ermənistana təhlükəsizlik təminatının ABŞ, Avropa Birliyi və Fransa deyil, yalnız Azərbaycan tərəfindən verilə biləcəyi qənaətinə gəlib. Çünki yalnız Azərbaycanla normal münasibətlər və iqtisadi-ticari əlaqələr sayəsində Ermənistan təhlükəsiz şəkildə inkişaf etmək şansı qazana bilər. Xüsusilə də, Ermənistanın blokda vəziyyətindən çıxaraq, “dalan dövlət” statusundan xilas olması da məhz Azərbaycanla münasibətlərin normallaşmasına bağlı məsələdir. Və bu baxımdan, rəsmi İrəvanın yeni təkliflərində bu mövzuların ön plana keçməyə başlaması qətiyyən səbəbsiz deyil.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin ən qısa zamanda açılması üçün rəsmi Bakıya yeni təkliflər göndərib. Halbuki, son vaxtlara qədər rəsmi İrəvan bu mövzuda yalnız danışırdı, konkret addımların atılması barədə təkliflər barədə isə düşünmürdü. Üstəlik, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın dediyinə görə, 2023-cü ildə tərəflər regional nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsində anlaşmaq üzrə olublar. Və həmin vaxt rəsmi İrəvan məhz Qərbin təlimatları ilə bu prosesdən yayınmağa, anlaşmaları pozmağa üstünlük verib.
İndi əgər, baş nazir Nikol Paşinyan bu məsələyə özü qayıtmaq məcburiyyətində qalıbsa, deməli, Cənubi Qafqazda bir çox proseslər məhz Ermənistanın əleyhinə çevrilməyə başlayıb. Üstəlik, erməni baş nazir bundan sonra vəziyyətin Ermənistan üçün daha da neqativ məzmun daşıya biləcəyi qənaətinə gəlib. Ona görə də, indi tez-tələsik Azərbaycana regional nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün konkret təkliflər paketi göndərmək məcburiyyətində qalıb. Və erməni baş nazir onu da bilir ki, bu məsələnin həlli məhz Zəngəzur dəhlizinin Azərbaycanın şərtləri çərçivəsində açılmasına başlıdır.
Belə anlaşılır ki, rəsmi İrəvan indiyə qədər Zəngəzur dəhlizinə nəzarət uğrunda ABŞ və Qərbin Rusiya ilə rəqabətinin Ermənistana baha başa gələ biləcəyini nəhayət, anlayıb. Yəni, rəsmi İrəvanın da Qərbi dəstəklədiyi nəhənglərin bu rəqabətinin Ermənistanı əbədi blokada vəziyyətində buraxa biləcəyini nəzərə almağa məcburdur. Və buna paralel olaraq, Zəngəzur dəhlizinin ümumiyyətlə, açılmasına qarşı çıxan İranın mövqeyi də əslində, Ermənistanın maraqlarına zərbə vurur.
Məsələ ondadır ki, rəsmi Bakı Zəngəzur dəhlizi ətrafında yaranmış bu qarşıdurma vəziyyətinin nəticələrini gözləmək niyyətində deyil. Azərbaycan Zəngəzur dəhlizinə alternativ olaraq, həm İran ərazisindən yeni marşrut çəkmək, həm də Gürcüstan ərazisində mövcud olan nəqliyyat-kommunikasiya xətlərini daha da inkişaf etdirməklə, problemi öz xeyrinə həll etməyə çalışır. Və bir qədər də gecikərsə, Ermənistan növbəti dəfə regional nəqliyyat-kommunikasiya xətlərindən kənarda qalacaq, blokada vəziyyətini davam etdirməli olacaq.
Göründüyü kimi, rəsmi İrəvan Ermənistanın blokadadan çıxaraq, regional iqtisadi-ticari proseslərin iştirakçısı olmaq şansını itirmək üzrə olduğunu artıq anlamağa başlayıb. ABŞ və Qərbin, eləcə də, İranın bu məsələdə Ermənistanın maraqlarını qoruya bilməyəcəyini də dəqiqləşdirib. Belə vəziyyətdə Paşinyan hakimiyyətinin Azərbaycana aid şərtlər çərçivəsində Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmır. Və əgər, rəsmi İrəvan bir qədər də gecikərsə, Zəngəzur dəhlizi ümumiyyətlə, Azərbaycanın regional prioritetləri sırasından çıxarıla bilər.
Yol-xeber.az" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ağacəkmə aksiyaları davam etdirilir.
Belə ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 446-469-cu, həmçinin 481-ci km-lik hissələrində 7100 ədəd eldar şamı, qızılgül və həmişəyaşıl kol bitkiləri, R-8 Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində isə 2000 eldar şamı və digər növ ağaclar əkilib.
Agacəkmə aksiyaları respublikanın digər magistral avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Aksiyalar çərçivəsində eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında 68 383 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Əkilən ağacların böyük hissəsi Agentliyin tinglik sahələrində yetişdirilib. Sözügedən tinglik sahələrində 136 750 ədəd ağac və kol bitkisi yetişdirilir.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 640 698 ədəd çoxillik ağac mövcuddur.
YOLUNUZ YAŞIL OLSUN...
Prezident İlham Əliyev Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bu baxımdan, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırıb.
Sərəncamla ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınır:
- SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilsin.
- SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
- mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etsin;
- hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
Yol-xeber.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir k, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.
Bundan əvvəl ADY sədrinin müşaviri vəzifəsində çalışan A. Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.
Qeyd edək ki, A. Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr, Böyük Britaniyanın Kembric Universitetini isə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi ilə bitirib.
Müxtəlif illərdə “ATL” Şirkətlər qrupu, “SAQA” gəmi təmiri şirkəti və fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.
A. Ağayevin ADY-nin sədr müavini vəzifəsinə təyin edilməsi şirkətdə maliyyə və strateji planlaşdırma, əməliyyatların optimallaşdırılması, tərəfdaşlıq münasibətlərinin inkişafı və korporativ idarəetmənin yaxşılaşdırılması kimi sahələrə mühüm töhfə verəcək.
Yeni təyinat ADY-də uğurla davam etdirilən kadr islahatlarının, eləcə də şirkətdə peşəkar, xüsusilə beynəlxalq təcrübəyə malik şəxslərin karyera irəliləyişinə dəstək verilməsinin göstəricisidir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstinin Milli Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in “X” sosial şəbəkəsində hesabında paylaşım edilib.
“Fələstin dövlətini və bütün fələstinliləri Milli bayramı münasibətilə təbrik edirik!”, - paylaşımda vurğulanıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycan Konstitusiyası ilə bağlı bəlli bir açıqlama verdi. Biz hesab edirik ki, həmin açıqlamalar beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir işə xidmət etmir”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, dünən XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə həmin açıqlamaya çox detallı bir cavab hazırlayaraq təqdim edib: “Həmin açıqlamada addım-addım Ermənistan tərəfinin açıqlamasının əsassız olması göstərilib”.
Qeyd edək ki, A.Hacızadə “X”də yayımladığı açıqlamada bildirib ki, Paşinyanın guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə parlamentdə dediklərinin əsası yoxdur: “Nikol Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.
Azərbaycan Respublikasının Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən regionda bərpa olunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etmək məqsədilə Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib.
COP29 çərçivəsində təşkil edilən Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən olan nazirlər, nazir müavinləri iştirak ediblər.
Forumda Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün “yaşıl enerji”dən istifadəni artırmağın yolları müzakirə edilib. Bu məqsədlərə çatmaq istiqamətində “Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edilib. Proqram Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumu regionda dayanıqlı enerji transformasiyasını sürətləndirmək, bərpa olunan enerji sahəsində əməkdaşlığı dərinləşdirmək və strateji layihələrin reallaşdırılması üçün investorları cəlb etmək baxımından mühüm platformadır:
“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə “yaşıl enerji” keçidində güclü əməkdaşlığa böyük önəm verir. Bu çərçivədə ölkələrimizin enerji təhlükəsizliyini və enerji təchizatında strateji mövqeyini gücləndirmək üçün Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq. COP çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji tərəfdaşlığı sazişi, Səudiyyə Ərəbistanının üçtərəfli layihəyə qoşulması bu istiqamətdə atılan strateji addımlardan biridir və beynəlxalq enerji əməkdaşlığına, yaşıl investisiyaların cəlbinə güclü təkan verəcək. Biz Forum vasitəsilə bütün investorları və potensial tərəfdaşları bu tarixi dəyişimin bir hissəsi olmağa dəvət edirik”.
IRENA-nın baş direktoru Francesco La Camera isə Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji resursları, strateji coğrafi mövqeyi və qonşu regionları birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində davam edən səylərinin regionun dəyişən enerji mənzərəsinin önündə yer almaq üçün mühüm imkanlar yaratdığına diqqət çəkib:
“APRECA regionun öz potensialını səfərbər etməsi üçün hərtərəfli, ölkələrin rəhbərlik etdiyi, ambisiya, planlaşdırma və icranı birləşdirən mühüm bir fürsət təqdim edir”.
Qeyd edək ki, Forum Mərkəzi Asiyada enerji keçidinə dair investisiya və maliyyə siyasətləri, maliyyə ehtiyacları və prioritetləri, iqlim maliyyəsi üçün çərçivələr və digər maliyyə alətlərinə dair müzakirələrlə iki gün davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman Fələstin xalqının azadlığı və müstəqilliyini dəstəkləmişdir. Ölkəmiz münaqişənin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Biz bundan sonra da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitar dəstək göstərəcəyik.
İnanıram ki, xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələrimiz və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.