İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

 Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.

Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.

Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.

Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.

 

 

 

 
Azərbaycan Zəngəzur hədəfinə yaxındır: Bakı ABŞ, AB və Ermənistana şərtləri diqtə edir

ABŞ və Qərb Avropa və Asiyanı birləşdirəcək iqtisadi-ticari marşrutun məhz İran ərazisindən keçirilmə ehtimalını geostrateji təhlükə kimi qəbul edir... Ona görə də, Qərb siyasi dairələri bu təhlükədən yayınmaq üçün Zəngəzur dəhlizinin açılmasının vacibliyini ön plana keçirtməyə başlayıblar...

Cənubi Qafqazda yeni geopolitik düzən artıq inkaredilməz reallıqdır. Üstəlik, bu geopolitik düzən hətta tam gücüylə işləməkdədir. İndi Cənubi Qafqazda bütün regional proseslər məhz yeni geopolitik düzənin şərtləri çərçivəsində istiqamətləndirilir. Ən əsasısa, yeni regional geopolitik düzənin siyasi iradə mərkəzi məhz Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Və bu baxımdan, Cənubi Qafqazda maraqları olan nəhəng dövlətlər rəsmi Bakının timsalında olduqca prinsipial geopolitik güc mərkəzi ilə üzləşmiş kimi görünürlər.

Belə anlaşılır ki, nə ABŞ və Qərb, nə də Rusiya və İran bundan sonra Cənubi Qafqazda Azərbaycanın maraqlarına zidd planlar quraraq, onları reallaşdırmaq şansına sahib olmayacaqlar. Bu regiona maraq göstərənlər ilk növbədə rəsmi Bakı qarşısına gələcəklər, anlaşmağa çalışacaqlar. Əks halda, Cənubi Qafqazın “qapıları” bu regiona can atanların üzünə qapalı qalacaq. Və bunu təsdiqləyən kifayət qədər örnəklər də mövcuddur.

Fransa uzun müddət Azərbaycanın Cənubi Qafqazdakı geopolitik liderliyini ciddiyə almadı. Rəsmi Paris israrla və açıq şəkildə ermənipərəst mövqe tutdu, Ermənistana genişmiqyaslı dəstək verməyə çalışdı. Bununla da Fransanın Ermənistana yerləşərək, Cənubi Qafqazda hegemon mövqelər qazana biləcəyinə ümid bəslədi. Və indi yaranmış situasiya rəsmi Parisin ciddi səhvlər buraxaraq, Fransanın Cənubi Qafqaz maraqlarının “dəfn” edilməsinə səbəb olduğunu göstərir.

Belə ki, rəsmi Bakı Fransanı Cənubi Qafqazda cərəyan edən bütün proseslərdən bloklayıb. İndi rəsmi Paris bu regionda nə geopolitik, nə geoiqtisadi, nə də geostrateji proseslərdə iştirak edə bilmir. Yəni, rəsmi Bakı Fransanı Cənubi Qafqazdan tamamilə kənarlaşdıraraq, regionadan qovulmuş dövlət durumuna salıb. Və artıq indi Azərbaycan ümumiyyətlə, Fransanı ciddiyə almır.

Digər tərəfdən, ABŞ və Avropa Birliyi də təxminən oxşar situasiya ilə üzləşməyə başlayıb. Belə ki, ABŞ və Avropa Birliyi də ifrat ermənipərəst davranışlarının nəticələri ilə üz-üzə buraxılıb. Rəsmi Bakı Azərbaycanın maraqları olan məkanlarda regiondan kənar güclərə qətiyyən güzəştə getmir. Və qarşı tərəfi məhz Azərbaycanın maraqları ilə hesablaşmağa məcbur edir.

Bir neçə ay əvvəl ABŞ və Avropa Birliyi Zəngəzur dəhlizinin açılmasına yönəlik ortaq mesajlar vermişdi. Həmin mesajlarda rəsmi Bakıya Zəngəzur dəhlizinin məhz Ermənistanın şərtləri çərçivəsində açılması tövsiyyə edilmişdi. Halbuki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşmalarda Zəngəzur dəhlizinin açılmalı olduğu şərtlər tam şəkildə müəyyən olunub. Və ABŞ-Avropa Birliyi cütlüyünün bu dəhliz üçün Ermənistan üzərindən fərqli şərtlər icad etməyə cəhd göstərməsi yolverilməz davranış idi.

Təbii ki, rəsmi Bakı ABŞ və Avropa Birliyinin Azərbaycana qarşı təzyiq cəhdlərini “mükafatlandırmaq” niyyətində deyildi. Ona görə də, ABŞ və Avropa Birliyi tezliklə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən yan keçəcək variantı ilə tanış olmaq məcburiyyətində qaldı. Düzdür, Ağ Ev və Brüssel bu varianta sərt şəkildə etiraz edərək, Azərbaycanı radikal reaksiya ilə şantaja da cəhd göstərdi.

Ancaq rəsmi Bakı buna qətiyyən əhəmiyyət vermədi, Azərbaycanın öz nəqliyyat-kommunikasiya marşrutlarını ABŞ və Avropa Birliyi ilə məsləhətləşmədən müəyyən etmək hüquqlarını qabartdı. Nəticədə ABŞ-Avropa Birliyi cütlüyü rəsmi Bakının prinsipial mövqeyi qarşısında aciz duruma düşmüş oldu. Və indi Qərb siyasi dairələri Cənubi Qafqaz siyasətlərini məhz Azərbaycanın mövqeyini nəzərə almaqla, formalaşdırmağa üstünlük verirlər.

Maraqlıdır ki, ABŞ və Qərbin Zəngəzur dəhlizi ilə bağlı mövqeyində də müəyyən dəyişikliyin baş verdiyi müşahidə olunur. Belə ki, Qərb siyasi dairələri Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas iqtisadi-ticari nəqliyyat-kammunikasiya marşrutunun istənilə halda, açılacağını anlayırlar. Çünki bu, Avropa və Asiya, eləcə də, dünya iqtisadiyyatının tələbidir. Və bu prosesin qarşısını almaq artıq demək olar ki, mümkün deyil.

Ancaq ABŞ və Qərb bu marşrutun məhz İran ərazisindən keçirilməsinə qarşı çıxırlar. Ona görə də, son vaxtlar Qərb siyasi dairələri marşrutun İran ərazisindən keçirilməsinin qarşısını almaq üçün rəsmi İrəvana Zəngəzur dəhlizinin açılmasının vacibliyi ilə bağlı müəyyən mesajlar verməyə başlayıblar. Hətta bəzi məlumatlara görə, Paşinyan hakimiyyətinə Zəngəzur dəslizinin bundan sonra bloklanmasının yolverilməzliyi anladılıb. Və rəsmi İrəvana bu layihənin reallaşdırılmasına imkan yaratmaq barədə ciddi tövsiyyələr verilib.

Belə anlaşılır ki, rəsmi Bakı öz hədəfinə çatmaq üzrədir. Çünki ABŞ və Qərb nəhayət ki, Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq göstərməyə başlayıb. Üstəlik, bu, Ermənistanın da maraqlarını ifadə edir. Çünki əgər, Zəngəzur dəhlizi açılmazsa, Ermənistan daha bir nəhəng geoiqtisadi layihədən kənarda qalmış olacaq, külli miqdarda tranzit gəlirlərindən məhrum qalacaq. Halbuki, rəsmi İrəvan həm Ermənistanı blokadadan çıxartmaq, həm də yeni gəlir qaynağı qazanmaq baxımından, indi Zəngəzur dəhlizinə ehtiyac duyur.

Bütün bunlar onu göstərir ki, beynəlxalq himayədarlarının razılığından sonra Ermənistan Zəngəzur dəhlizinin açılması üçün indi artıq Azərbaycana minnətçi düşmək məcburiyyətində qalıb. Belə vəziyyət isə rəsmi Bakıya Zəngəzur dəhlizinin açılması və fəaliyyəti ilə bağlı şərtləri Azərbaycanın maraqları çərçivəsində Ermənistana diqtə etmək şansı qazandırır. Və bu, rəsmi Bakının növbəti geopolitik qələbəsidir.(Yeni Müsavat)

Zəngəzura "Fronteks" yerləşə bilər - Bakı razı olacaq?Zəngəzur dəhlizinə nəzarət məsələsi ilə bağlı təkliflər əvvəllər də səsləndirilib. Hətta keçən il Brüsselin vasitəçiliyi ilə danışıqlar keçirilərkən Beynəlxalq Gömrük İttifaqının bu işdə vasitəçi ola biləcəyi ilə bağlı müəyyən fikirlər var idi. Ümumilikdə isə hazırda aktual iki təklif var: ya bu təşkilat dəhlizə nəzarət etsin, ya da hansısa neytral ölkə.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistan parlamentinin sədri Alen Simonyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatını şərh edərkən deyib.

Rusiyanın dəhlizə nəzarət etməsini Ermənistanın qətiyyən qəbul etmədiyini xatırladan politoloq bildirib ki, hazırda müzakirə mövzusu olan yeganə təşkilat Beynəlxalq Gömrük İttifaqıdır:

“O ki qaldı “Fronteks” (Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi) məsələsinə, o müzakirə predmetinə çevrilsə, biz buna yəqin ki, razılaşmarıq. Çünki Avropada əsas aparıcı dövlətlərdən biri Fransadır. Fransa öz nümayəndələrini orada yerləşdirməyə çalışacaq. Bu variant heç bir halda bizim üçün məqbul deyil. Dəhlizi açmayacaqları ilə təhdid edəcəklərsə, açmasınlar. İki alternativimiz var: Bakı-Tiflis-Qars və Araz dəhlizi. İranla münasibətlərdə müəyyən gərginliklərə rəğmən Zəngəzur dəhlizinə alternativ olan Araz dəhlizinin tikintisi reallaşır. Yəni Ermənistan məsələni yubatmaqla böyük bir layihənin tərkib hissəsi olmaqdan kənarda qalacaq. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsidir. Çindən, Mərkəzi Asiyadan çıxan yüklər bölgədən keçməlidir”.

Politoloqun sözlərinə görə, neytral ölkənin cəlb edilməsi ilə bağlı müəyyən müzakirələr aparıla bilər:

“Əlbəttə ki, Fransa kimi bir ölkənin dəhlizə nəzarət etməsinə heç zaman razı ola bilmərik. Ancaq hansısa bir Skandinaviya ölkəsinin – Polşanın, Çexiyanın - hansı ki həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri normaldır - bu işdə vasitəçi kimi çıxış etməsi məsələsinə baxıla bilər. Azərbaycanın istəyi və tələbi budur ki, maneəsiz keçid təşkil olunsun. Bu baxımdan Ermənistan tərəfi üçün bir güzəştimiz də var - Mərkəzi Asiyadan, Çindən keçən yükləri və sərnişinləri Ermənistan yoxlaya bilər. Buna qarışmırıq. Əslində, Alen Simonyanın bu təklifləri ondan xəbər verir ki, Ermənistan tərəfinin mövqeyində yumşalma var”.

Qeyd edək ki, Simonyan ötən gün brifinq zamanı kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıdılarsa, Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə edilə biləcəklərini deyib.
26 iyun paradının Xocalıda keçirilməsi təklifi - HAQQIMIZDIR...26 iyun tariximizdə Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd olunur. 44 günlük Vətən müharibəsi və uğurla keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda suverenliyimiz bərpa olundu. Müharibədə Vətən müharibəsində tarixi zəfərə imza ataraq dünyada adından, gücündən söz etdirən müzəffər Azərbaycan Silahlı Qüvvələri 106 yaşını qeyd edəcək.

Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də əksini tapır. İşğaldan azad olunmuş ərazilərdə hərbi paradın keçirilməsi ilk deyil. Azərbaycan Silahlı Qüvvələri günündə hərbi parad harada keçiriləcək?

Mövzu ilə bağlı sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, bayramlarda, xüsusilə ordu günündə parad kiçik olsa da, Şuşada keçirilir: “Azərbaycan prezidentinin Xankəndidə iştirak etdiyi vaxt orada parad keçirildi. Düşünürəm ki, belə bir paradın keçirilməsi mümkündür. Artıq bu birinci dəfə deyil. Xankəndidə bayraq ucaldılan zaman orada parad keçirilib. Burada nəsə mürəkkəb bir şey yoxdur. Düşünürəm ki, Xankəndi yerinə paradın Xocalıda keçirilməsi daha vacibdir. Xocalıda baş verən faciələr bizim tariximizdir. Artıq sakinlər Xocalıya köçürülüb. Ona görə də Xankəndi əvəzinə, Xocalıda keçirilsin”.

Bəs bu dəfə hərbi paradın Xocalıda keçirilməsi mümkündürmü?

Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a açıqlamasında deyib ki, hazırda Xocalıda paradın keçirilməsi üçün lazım olan şərtlər yoxdur. Üstəlik hələ ki, Rusiya sülhməramlıları Xocalıdan çıxmaqda davam edirlər: “Əlbəttə, Xocalıda kiçikmiqyaslı parad keçirilsəydi, daha möhtəşəm olardı. Çünki Xocalı bizim ən yaralı, belimizi bükən, qatlayan yerimizdir. Ölkə prezidentinin qətiyyəti və şücaəti sayəsində artıq bükülən belimizi dikəldə bilmişik. Xocalı da görməlidir ki, onun necə möhtəşəm ordusu var və bu ordu Xocalı, Meşəli, Ağdaban qətliamının qisasını aldı, ermənilərin Qarabağda törətdikləri bütün vəhşiliklərə, soyqırımlara möhtəşəm cavablar verdi. Beləliklə, Xocalıda kiçik də olsa parad keçirsək, milli qürurumuz xeyli yüksəldər, qarşımzıdakı düşmən daha da kiçilər. Bu, həm də tarixə qızıl hərflərlə yazıla biləcək tədbir olardı”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov isə qeyd edib ki, Xocalıda böyük parad keçirmək hələ ki mümkün deyil, bu baxımdan yalnız hərbi yürüş keçirilə bilər: “Biri var parad, biri də var yürüş. Hesab edirəm ki, parad böyük tədbirdir və bunun üçün dövlətin müvafiq qurumları tərəfindən hazırlıqlar olmalıdır. Üstəlik, bu tədbirdə prezidentin özü iştirak edir. Bu baxımdan əvvəldən hazırlıqlara başlanılmalıdır. Əlbəttə ki, istər Xocalı olsun, istər Xankəndi, Şuşa, istərsə də Bakı olsun, hamısı bizim üçün əzizdir. Amma hesab edirəm ki, Xocalıda böyük dövlət tədbiri olan hərbi paradın keçirilməsi indi mümkünsüzdür. Həmçinin mənə elə gəlir ki, bu il paradla bağlı böyük hazırlıqlar yoxdur, zamana da az qalır, ola bilsin ki, parad şəklində tədbir planlaşdırlımır. Amma Xocalıda, Xankəndində, Şuşada və digər yerlərdə yürüş şəklində tədbirlər keçirilə bilər”.
Hacıqabul Sənaye Parkı yaradılıb - FƏRMAN

Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki, Hacıqabul Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Hacıqabul Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.

Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan və bu Fərmanın 4.1-ci bəndinə əsasən müəyyən ediləcək prioritet istiqamətlərə uyğun fəaliyyət göstərən sahibkarlıq subyektləri sənaye parkının rezidenti, digər sahibkarlıq subyektləri isə sənaye parkının qeyri-rezidenti kimi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş qaydada qeydiyyata alınmaqla, Hacıqabul Sənaye Parkının ərazisində fəaliyyətlərini davam etdirirlər.

Hacıqabul Sənaye Parkının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında” 2020-ci il 13 may tarixli 2039 nömrəli sərəncamları ilə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün ayrılmış 60 hektar ərazidə təşkil olunur.

Nazirlər Kabineti Hacıqabul Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə altı ay müddətində zəruri tədbirlər görülməsini təmin etməlidir.

İqtisadiyyat Nazirliyi üç ay müddətində Hacıqabul Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri müəyyən etməli, Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan sahibkarlıq subyektlərinin sənaye parkının rezidenti və ya qeyri-rezidenti kimi qeydiyyata alınması ilə bağlı tədbirlər görməli və Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb.

Sülhməramlılar Azərbaycan ərazisini tam tərk edib - RƏSMİ

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.

“Sülh kəsişməsi”: ABŞ da Zəngəzur dəhlizinə maraq göstərir - İNCƏLƏMƏABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Ermənistanla ikitərəfli əlaqələr çərçivəsində müxtəlif sahələrdə yardımın olduğunu təsdiqləyib.

Ceyms O'Brayen bu barədə İrəvanda keçirilən ABŞ-Ermənistan Strateji Dialoqunun iclasında deyib.

Onun sözlərinə görə, Ermənistanda iqtisadiyyat son illər aktiv şəkildə inkişaf edir və bu, regionda öz tempi ilə diqqət çəkir.

Amerikalı diplomat əlavə edib ki, aprelin 5-də Brüsseldə keçirilən görüşdə Ermənistanın qlobal iqtisadiyyatda payının artırılması üçün geniş perspektivlərin olduğu qeyd edilib:

“Ölkələrimiz bu gün gömrük sektorunda məlumat mübadiləsinə dair saziş imzalayacaq. Bu, gələcək illərdə ticarəti və biznesi asanlaşdıracaq. Bu, Brüsseldə müzakirə edilən vədlərin bir hissəsidir”.

ABŞ rəsmisinin sözlərinə görə, Ermənistanda baş verən siyasi proseslər xalqın demokratik istəklərini əks etdirir:

“Biz Ermənistan Respublikası hökumətinin hakimiyyətini yerləşdirməklə qismən bizim köməyimizlə atdığı addımlardan məmnunuq. Bura qanunun ön planda olması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və insanlara öz fikirlərini bildirmək imkanı verilməsi daxildir. Biz həm hökumət, həm də yerli səviyyədə çalışaraq bütün bu addımları asanlaşdırırıq”.

Əhəmiyyətli işlərin gözlənildiyini söyləyən O'Brayen ABŞ-nin İrəvan üçün üç ən vacib sahəni - təhlükəsizlik, rifah, demokratiyanı başa düşdüyünü və təşviq etdiyini deyib.

“Biz həmçinin, Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi səylərini təşviq edirik. Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan, biz səylərə töhfə verməkdən məmnunuq”, - deyə Dövlət katibinin müavini bildirib.

O, Amerika tərəfinin ədliyyədən müdafiəyə qədər müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.

Dövlət katibinin müavini qeyd edib ki, ərzaq təhlükəsizliyi baxımından Ermənistan öz ehtiyaclarını ödəmək məsələsini həll etməlidir və ABŞ bu işdə kömək etməyə hazırdır.

“Əməkdaşlıq keçmişdən daha dərin və güclüdür. Strateji dialoqun strateji komissiya səviyyəsinə yüksəldilməsi planları var ki, bu da daha dərin əməkdaşlığa imkan yaradacaq, bunu müşayiət edən nümayəndə heyətinin iştirakı sübut edir”, - O’Brayen qeyd edib.

Erməni mətbuatı yazır ki, dövlət katibinin müavininin qeyd etdiyi “Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanlar” Orta Dəhlizdən başqa bir şey deyil:

“Ermənistana gəldikdə isə, görünür, söhbət Türkiyədən Azərbaycana (Naxçıvan MR) və Ermənistanın Zəngəzur (Sünik) bölgəsindən keçən yoldan gedir. Bakı və Ankara Zəngəzur dəhlizinə xüsusi statusun verilməsini tələb edirlər.

Ceyms O'Brayenin İrəvana səfəri çərçivəsində Zəngəzur dəhlizi məsələsini müzakirə etməsi diqqəti cəlb edib. Bu da öz növbəsində, ABŞ-ın Zəngəzur dəhlizinə marağının artması ilə bağlı suallar yaradıb.

Rəsmi Vaşinqtonun bölgədə nəqliyyat və kommunikasiya marşrutlarının açılmasına marağı Ermənistanın blokada vəziyyətindən çıxmaq istəyi ilə bağlıdır. Çünki Ermənistanın blokadada qalması bu ölkənin Rusiyadan asılılığını şərtləndirir. Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması və Qərbə inteqrasiyasını təmin etmək üçün yeganə vasitə Azərbaycanla sülüh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir.

Bundan sonra Ermənistanın Azərbaycan üzərindən şərqə, yəni Mərkəsi Asiya və Çinin ticarət yollarına, Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış imkanları yaranacaq. Sərhədlərin açılması Türkiyə və digər Qərb şirkətlərinin Ermənistan iqtisadiyyatına investisiyalarının cəlb edilməsinə gətirib çıxara bilər.

Xarici işlər naziri Ararat Mirzoyanın Ceyms O'Brayenlə görüşdə Ermənistan iqtisadiyyatının diversifikasiyası məsələsini qaldırması da Paşinyan hakimiyyətinin Rusiyanın iqtisadi asılılığından xilas olmaq barədə düşündüyünü təsdiq edir.

Doğrudur, sanksiyalara məruz qalan Rusiyanın Ermənistan üzərindən həyata keçirdiyi gizli ticarət əməliyyatları iki ölkə arasında ticarət dövriyyəsinin 9 milyard dolları ötməsinə səbəb olub. Bu isə həm İrəvanı, həm də Moskvanı qane edir. Lakin həm Paşinyan hakimiyyətinə, həm də Qərbə yaxşı məlumdur ki, Rusiyanın siyasi təsir dairəsindən çıxmaq üçün Ermənistan Moskvadan iqtisadi asılılığına son qoymalıdır.

Ermənistan iqtisadiyyatını daha rentabelli edə biləcək vasitə isə bu ölkənin tranzit haqlarından əldə edə biləcəyi maliyyə vəsaitləridir. Ermənistanın coğrafi mövqeyinə görə gələcəkdə regionun logistika şəbəkəsinin mərkəzində mühüm yer tuta bilər. Bu da Ermənistanın dövlət büdcəsini “Orta dəhliz”in Cənubi Qafqazdan keçən hissəsindən əldə etdiyi gəlirlər hesabına təmin etməyə imkan yaratmış olar.

Ararat Mirzoyan ABŞ Dövlət katibinin müavini ilə görüşdə Ermənistanın suverenlik, ölkələrin bərabərliyi və qarşılıqlılıq əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlı olduğunu, bunun təmsil etdiyi hökumət tərəfindən irəli sürülən “Sülh kəsişməsi” layihəsində öz əksini tapdığını deyib.

Ancaq rəsmi İrəvan “Sülh kəsişməsi”ni Zəngəzur dəhlizinə alternativ kimi irəli sürməklə nəqliyyat-kommunikasiya marşrutlarının açılmasına mane olur. Çünki Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsini nəzərdə tutur.

Ermənistan 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinə əsasən bu öhdəliyi yerinə yetirməkdən yayınır. “Sülh kəsişməsi” isə Ermənistanın region dövlətləri ilə, o cümlədən Azərbaycan və Türkiyə ilə nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması layihəsidir. Lakin Zəngəzurdan keçən dəmir yolu və avtomobil yolları açılmasa, digər istiqamətlərdə bu şəbəkənin reallaşmasından danışmaq mümkün deyil.

Ona görə də Ermənistan “Sülh kəsişməsi”ni işə salmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmalıdır. Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı rəsmən ərazi iddiaları irəli sürülür. Azərbaycanın 4 kəndi hələ də Ermənistanın işğalı altındadır. Ermənistan Azərbaycana qarşı ərazi iddilarına hüquqi baxımdan xitam verməkdən və sülh müqaviləsindən yayınır.

Yəni Ermənistanın Qərbə çıxış imkanlarının olmaması Rusiyanın təzyiqləri fonunda siyasi həlqənin Paşinyan hakimiyyəti ətrafında daralmasına səbəb olur. Ceyms O'Brayen İrəvana səfəri zamanı çox güman ki, Paşinyan hökumətini sülhə nail olmaq üçün güzəştlərin vacibliyinə inandırmağa çalışıb.

Müşfiq Abdulla
“Cebhe.info”
Güney Qafqazda YENİ DÖNƏM: 3+3-3... - ŞƏRH
Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda regional və strateji təhlükəsizlik arxitekturasının formallaşması üzrə birgə əməkdaşlıq edə bilərlər.

Qeyd edək ki, iyunun 10-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.

Eyni zamanda Türkiyə XİN rəhbəri Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də görüşüb.

Rusiya KİV-lərinin məlumatına görə, Fidan Serqey Şoyqu və Serqey Narişkinlə görüşdə ikitərəfli münasibətlərlə yanaşı Ukrayna, Suriya, Qəzza və Azərbaycan-Ermənistan sülh prosesi barədə müzakirələr aparıb.

Məhz burda diqqət çəkən əsas məsələ isə görüşdən əvvəl Hakan Fidan həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

Maraqlıdır, danışıqların əsas prinsipləri Rusiya, Türkiyə və Azərbaycanın Cənubi Qafqazda yeni regional təhlükəsizlik strategiyası üzrə birgə əməkdaşlıq perspektivlərindən gedir? Moskva, həqiqətənmi, Ankara və Bakı ilə regional əməkdaşlığa hazırdır? Kreml Türkiyəni bu regionda görmək istəyər?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, hazırda Moskva reallıqlarla barışmaq məcburiyyətindədir:

“Bu gün Rusiya Türkiyəni Cənubi Qafqazda siyasi oyunçu kimi görmək istəmir. Kremldə hesab edirlər ki, Cənubi Qafqaz Rusiyanın geosiyasi nüfuz dairəsidir və hər hansı güc mərkəzi bu regiona daxil ola bilməz.

Ancaq İkinci Qarabağ müharibəsindən sonra, eləcə də Ukraynada davam edən müharibə nəticəsində elə bir vəziyyət yaranıb ki, Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə bu regionda hesablaşmaq məcburiyyətindədir. Çünki Moskva görür ki, ABŞ, NATO və Avropa İttifaqı Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq və regionda möhkəmlənmək niyyəti güdürlər.

Belə olan halda Moskva bu regionda Qərb dairələrini yox, məhz Türkiyəni görmək istəyəcək. Yəni Kremldə belə düşünürlər ki, Türkiyənin regionda mövcudluğu onlar üçün daha sərfəli ola bilər”.

Politoloq vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətləri ilbəil inkişaf edir:

“Rusiya Cənubi Qafqazla bağlı strateji məsələlərdə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə möhtacdır. Qeyd edək ki, Rusiyanın dünyaya açılan qapılardan biri Azərbaycan və Türkiyənin üzərindən keçir. Rusiya məhz Azərbaycan və Türkiyə ərazisi vasitəsilə Yaxın Şərq və Afrika ölkələri ilə ticari-iqtisadi keçid yollarını təmin etməyə çalışır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz geoiqtisadi, iqtisadi-ticari və nəqliyyat qovşağına çevrilib. Bu, həqiqətən, Rusiya üçün əhəmiyyət kəsb edir.

Buna görə də Moskva hər vəchlə bundan faydalanmağa çalışacaq. Bildirim ki, indiki dövrdə dünya iki və ya daha artıq qütbləşməyə doğru gedir. Rusiya, Türkiyə, Azərbaycan və Çin eyni qütbdə yer alıblar. Bu yaxınlarda Ankaranın BRİKS-ə üzv olmaq niyyətini bəyan etməsi buna sübutdur”.

E.Xalidbəyli qeyd edib ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın möhkəmlənməsi Rusiyanın geosiyasi maraqlarına cavab verir:

“İstər-istəməz Rusiya Azərbaycan və Türkiyəyə strateji tərəfdaş kimi baxacaq.

Hazırda həm Azərbaycanla Türkiyə, həm Azərbaycanla Rusiya, həm də Türkiyə ilə Rusiya arasında münasibətlərin strateji tərəfdaşlığa çevrilməsi barədə qarşılıqlı məsləhətləşmələr aparılır.Bu onu deməyə əsas verir ki, yaxın zamanda Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin nizamlanmasında birgə iştirak edə bilərlər”.
Şuşa Bəyannaməsinin 3 ilinə doğru... - “Diplomatik zəfər və geostrateji gediş...”15 iyun Azərbaycan və Türkiyə tarixində ən önəmli və strateji günlərdən biridir.

Məhz 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı.

Bu strateji mesaj baxımında o dövrü həm regionda, həm də dünyada ən çox diqqətçəkən gediş idi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Sonrakı dövrlərdə Şuşa Bəyannaməsinin önəmi və strateji əhəmiyyəti çox aydın şəkildə göründü.

Deputat Bəhruz Məhərrəmov mövzu ilə bağlı “Cebhe.info”ya açıqlamasında deyib ki, üç il öncə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması postmünaqişə dövrünün əsas siyasi hadisələrindən biridir və Prezident İlham Əliyevin diplomatik zəfəri kimi ciddi geostrateji əhəmiyyət kəsb edir:

“Mahiyyətini və əhəmiyyətini dərk etmək üçün ilk növbədə Şuşa Bəyannaməsinə konseptual yanaşma vacibdir. Yəni, biz bu sənədə Azərbaycan və Türkiyə arasında bütün əməkdaşlıq istiqamətlərini əhatə edən mexanizmdən daha çox, bütövlükdə bölgənin gələcək siyasi kursunu müəyyən edən “yol xəritəsi” kimi baxmalıyıq.

Məhz cənab İlham Əliyevin də böyüklüyü ondadır ki, çox mürəkkəb geosiyasi coğrafiyada belə bir mexanizmin imzalanmasına və digər 3-cü tərəflərin bu reallığı qəbul etməsinə nail olub.

Uzun illərin təcrübəsi olan ənənədən aydındır ki, Şuşa Bəyannaməsində Ankara ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, ticari məsələlər, o cümlədən mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi bir çox önəmli məsələlər öz əksini tapıb.Şübhəsiz ki, daha çox nəzərə çarpan yaxud, diqqət yetirməli olduğumuz məqam müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir.

Ermənistanın məğlubiyyəti ilə barışmayaraq yeni reallıqları qəbul etmək istəməyən üçüncü tərəflər üçün Azərbaycan və Türkiyənin bundan sonra da hər zaman bir yerdə olacağı və bir-birimizin təhlükəsizliyimizi təmin edəcəyimizi rəsmən bəyan etməyimiz çoxları üçün ciddi çəkindirici siqnal oldu.

Necə ki, cənab İlham Əliyev döyüş meydanında Müzəffər Ali Baş Komandan kimi qələbəyə nail oldu, elə də diplomatiyada da düşmənin havadarlarını faktiki pat vəziyyətinə qoydu. Digər tərəfdən, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə aydın “yol xəritəsi” müəyyən edilməklə, Ankara-Bakı tandeminin müddətsiz, güclənən xətt üzrə inkişaf edən müttəfiqlik olduğu mesajı verildi”.

Deputat qeyd edib ki, birlikdə verilən mesajlar önəmlidir, lakin ondan da önəmlisi bu mesajların realizəsi istiqamətində fəaliyyətdir:

“Ötən üç ilik müddəti təhlil edərkən, Azərbaycan və Türkiyə prezidentlərinin bu fəaliyyətə sadiqliyi mənzərəsinin şahidi oluruq. Yəni, Şuşa Bəyannaməsi kifayət qədər ciddi fəaliyyətə çevirmək mümkün olub.

Azərbaycanda Türkiyə ordusunun kiçik, lakin daha mütərəqqi modelinin yaradılması istiqamətində həlledici hərbi islahatlar aparılıb. Ötən ilin sentyabrında zərgər dəqiqliyi ilə keçirilən lokal xarakterli antiterror tədbirləri bunu bir daha sübut etdi.

Ən müasir müdafiə sənayesi məhsullarının istehsalına başlanıldı ki, təbii ki, bu barədə ictimaiyyətə detallı məlumat verilə bilməz. Habelə, başda Qarabağ və Şərqi Zəngəzurda quruculuq-bərpa prosesi olmaqla, Ankara və Bakı tam mənada vahid hərəkət nümunəsi ortaya qoydu. Daha dəqiq desək, Ümummilli Liderin "Bir millət, iki dövlət" ideyasını cənab İlham Əliyev Şuşa Bəyannaməsinin icraatında tam mənada reallaşdıra bildi.

Bəyannamədə diqqət çəkən digər vacib məqam, enerji təhlükəsizliyi məsələsidir ki, biz heç bir il ötmədən cənab İlham Əliyevin siyasi uzaqgörənliyinin bir daha şahidi olduq. Qərbi enerji ehtiyaclarının artığı bir dönəmdə, Rusiya-Ukrayna münaqişəsi fonunda Cənub Qaz Dəhlizinin yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütövlükdə Avropa üçün önəmi daha aydın formada göründü”.

Bəhruz Məhərrəmov onu da əlavə edib ki, Prezident İlham Əliyevin digər mühüm addımı Şuşa Bəyannaməsi imzalandıqdan sonra digər qonşuların narahatlığı üzərində qurulmuş bəzi spekuliyasiyalara kökündən son qoyması ilə bağlı oldu:

“Rusiya öncə Zəngəzur dəhlizi məsələsində rəsmi Bakı ilə həmfikir olduğunu bəyan etdi, daha sonra isə Şuşa Bəyannaməsinə paralel olaraq Bakı ilə Moskva arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalandı.

Həmçinin, zamanla İranla münasibətlərdə tamamilə yeni bir səhifə açaraq, bu ölkəni cənubi Zəngəzur dəhlizinin iştirakçısına çevirməklə, cənab İlham Əliyev sözün əsl mənasında çoxlarına ustad dərsi keçdi.

Beləliklə, imzalanmasının üçüncü ildönümündə görünən odur ki, bu gün Şuşa Bəyannaməsi güclənən Azərbaycan-Türkiyə qardaşlığını, daimi birliyini bütün dünyaya bildirən bir mesaj olmaqla bərabər, həm də regionun təhlükəsizliyini ehtiva edən keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır”.
Azərbaycan XİN: Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırırıq

Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

"Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti