|
2024-cü il mayın 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilir.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində bu Sərəncama əlavə edilən xəritədə göstərilmiş 450,0 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının (bundan sonra - Yasaqlıq) fəaliyyəti bərpa edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiq etməli, yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, yasaqlığın mühafizəsi və təbliği ilə bağlı zəruri tədbirlər görməlidir.
Bundan başqa, nazirliyə yasaqlıq ərazisində yerləşən təbiət komplekslərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Aidiyyəti dövlət orqanları (qurumları) isə sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.
Nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və bu səfərin hərbi əməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə ifadə edib.
Azərbaycan ilə Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunun olduğu diqqətə çatdırılıb.
General-polkovnik Z.Həsənov uzun illər işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra azad edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. Qarabağ iqtisadi rayonunda heç bir mülki əhaliyə və infrastruktura zərər vermədən keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini qeyd edib.
Müdafiə naziri çinli qonağı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən general-mayor Y.Qin hər iki ölkənin orduları arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Çinli qonaq Azərbaycan müdafiə nazirini cari ilin sentyabr ayında Pekində keçiriləcək 11-ci Pekin Syanşan Forumuna dəvət edib.
Çinin Azərbaycanla birlikdə regionda sülhün və sabitliyin təmin olunması üçün dəstək verməyə hər zaman hazır olduğu qeyd edilib.
Görüşdə, həmçinin Azərbaycan və Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.
Milli Məclisin bu gün keçirilən iclasda deputatlar bir-birinə qarşı eyhamlı ittihamlarla çıxış ediblər.
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında parlamentdə deputatlardan Siyavuş Novruzov, Bəhruz Məhərrəmov, Fəzail Ağamalı bəzi deputat həmkarlarını siyasi karyeraları və reytinqləri naminə heç bir məntiqə sığmayan, əsassız arqumentlərə əsaslanaraq populist çıxışlar etməkdə ititham ediblər.
Deputat Tahir Kərimli isə milli-azadlıq hərəkatınının ünvanına səslənən fikirlərə sərt reaksiya verərək bildirib ki, milli-azadlıq hərəkatı ilə hakimiyyəti qarışdırmaq lazım deyil. “Ulu öndər Heydər Əliyevin milli-azadlıq hərəkatına münasibəti müsbət olub və bunu da dəfələrlə dilə gətirib. Amma o dövrün hakimiyyətinin tənqidinə gəldikdə təbii ki, təcrübəsizlik, naşılıq olub. Ona görə də, bu məsələləri qarışdırmaq lazım deyil”, - deputat bildirib.
15 iyun Milli Qurtuluş Günü münasibətilə Milli Məclis adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.
Milli Məclis adından ünvanlanan təbrik məktubunda ölkə başçısı və Birinci vitse-prezidentə Azərbaycanın gələcək inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzulanıb.
Ermənistan Baş naziri Nikol Paşinyan son günlərdə yaxın bir ayda sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, konstitusiyaya dəyişiklikdən imtina etməsi, İrəvanın sülhə hazır olmadığını göstərir.
Bunu deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən ikinci növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
"Hansı ki həmin konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası nəzərdə tutulur. Bu, bir daha onu göstərir ki, Ermənistan sülh müqaviləsi imzalamaqda maraqlı deyil. Azərbaycanın isə sülh müqaviləsinin imzalanmasında ən əsas şərti Ermənistan konstitusiyasına dəyişikliklərin edilib oradan qonşu ölkələrə qarşı ərazi iddiası çıxarılmasıdır. Bu olmadan hər hansı dayanıqlı sülhdən danışmağa dəyməz. Çünki sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, hakimiyyətə gələn şəxs Paşinyanın imzasını etibarsız elan edəcək. Odur ki, Paşinyan sülh istiqamətində iki addım irəli atsa da, bir addım geri atmaqla məşğuldur. Yalnız konstitusiyaya dəyişiklik sülh istiqamətində atılan addım olar və bu sülhün imzalanması üçün yeni şərait yaradar”, - o qeyd edib.
15 iyun yalnız 90-cı illərin təqvim hadisəsi deyil və 20 sentyabr 2023-cü ildən sonra bütün əzəməti ilə aydın görünən dönüş nöqtəsidir.
Bunu Milli Məclisin bu gün keçirilən növbədənəkənar sessiyasında deputat Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, əslində Ulu öndərin tərcümeyi-halının yarım əsri onlarla xilaskarlıq səhifəsi ilə doludur: “Stalinin qurduğu imperiyada çekist sistemindən hakimiyyət birinciliyinə gəlmək, Nərimanov və Bağırovun acı taleyindən sonra 1969-cu ildə Azərbaycana rəhbərlik etmək əsil Qurtuluş hadisəsiydi. Çünki çarizm, cümhuriyyət və sovet dövrü liderlərinin heç biri onun qədər yüksələ, uzun illər zirvədə qala və ikinci dəfə hakimiyyətə qayıda bilmədilər. Beləliklə, 8 noyabr Zəfəri son 50 illik Əliyev kursunun parlaq nəticəsidir. Lakin biz Əliyevin gedişini də görmüşdük. 87-93-cü illərdə “ quruculuq xətti” qırılan kimi sovet coğrafiyasının hər yerində-təkcə Ermənistanda deyil, Rusiyadan orta Asiyaya və Gürcüstana qədər azərbaycanlıların kütləvi köçü başlandı. Bir neçə il sonra daxildə 100 minlərlə didərgin də 200 illik çarizm və son ümumittifaq qaçqınlığının növbəti pərdəsiydi. Lakin 80-ci illərdə imperiya rəhbərlərindən biri, yaxud 1993-cü ildə xiyabanlara və çadır şəhərciklərinə bürünən məmləkətə başçılıq edəndə də Heydər Əliyev hansı tarixi missiya qarşısında olduğunu yaxşı bilirdi. Əzəmətli Kremldə, ucqar Naxçıvanda, 93-cü ilin yanan Bakısında o, son iki əsrdə məğlub olan bütün milli rəhbərlərin yarımçıq taleyini təmsil edirdi. Əcdadlarımızın məğlubiyyət silsiləsini durdurub nəhayət, qalib millət yaratmaq-Qurtuluşdan Zəfərə gələn yolu göstərir. İndi ölkəmizə qələbə gətirən “Dəmir Yumruq” əslində Heydər Əliyevə aid müharibə simvoludur. Ordusuz Horadiz əməliyyatı, silahsız etnik separatizmin məhvi, büdcəsiz qlobal neft savaşının udulması və nəhayət, bu parlament binasında oynanılan antixalq tamaşalarının durdurulması həmin “dəmir iradə”nin nəticəsiydi. Üç gün əvvəl öz xalqının məfkurəsində çevriliş edən Nikol Paşinyanın Ermənistanı özü boyda Patriarxata döndərmək istəyənlərə üzünü tutaraq, “Lissabon sammitindən sonra erməni rəhbərlər məğlub oldular və yalan danışdılar, 2018-ci ildə bunları biləndə gərək Qarabağı Azərbaycanın tərkibində tanıyaydım” deməsi Ulu Öndərin ruhunun təntənəsiydi. Uzun illər Əliyevin kölgəsini qılınclayanlar, indi gedib Böyük liderdən əfv diləsinlər. Ona qalib gələ bilməyənlər, son 4 ildə də İlham Əliyevə məğlub oldular. Bəli, Qayıdış əbədi prosesdir. 2022-ci ilin 19 iyulunda Ağalıya, 2023-cü ilin 17 oktyabrında Füzuliyə, 2024-cü ilin 10 mayında müqəddəs Şuşaya və nəhayət, 28 mayda qan yaddaşımız Xocalıya dönüş də Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır. Biz nəinki ölkəmizdə, bütün dünyada, Rusiya-Ukrayna savaşında, torpağından qan daman Qəzzada da milli Qurtuluş arzulayırıq”.
Deputat Azər Badamov isə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövləti iki əsas üzərində inkişaf edir: “Birincisi əsas sovetlərin dağılması ilə yenidən müstəqilliyə qovuşmağımız olmuşdursa, ikinci əsas isə Milli Qurtuluş günümüzdür. Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” müdrik kəlamın nə qədər dəqiq olduğunu tarix sübut edib. Çünki 1918-ci ildə yaradılmış AXC cəmi 23 ay yaşadı və Cümhuriyyət qurucuları o vaxtı çətinliklə qazandığı dövlət müstəqilliyini qoruyub saxlaya bilmədilər. İkinci dəfə müstəqilliyə qovuşmağımız isə tarixi bir prosesin məntiqi nəticəsi idi. Amma bu nailiyyəti qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox çətin bir keçid dövrünü yaşamalı olduq. Çünki, Azərbaycan həmişə xarici düşmənlərin marağında olan bir məkan olub. O cümlədən ölkə daxilində gedən çəkişmələr və hakimiyyətsizlik xarici düşmənlərimizin çirkin niyyətlərinin reallaşmasına yol açırdı. Məhz belə bir çətin dövrdə xalqın və ölkənin taleyini Ümummilli Lider Heydər Əliyev xilas etdi. Bu baxımdan 15 iyun Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin qızıl hərflərlə yazılan şanlı səhifəsidir. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin gələcək taleyinə əbədi olaraq müstəqil olmasına işıq yandırdı. Ümummilli Lider Heydər Əliyev dövlətə rəhbərlikdə böyük təcrübəyə malik, xalqın inandığı , möhkəm iradəli və qətiyyətli qərarlar qəbul edə bilən böyük şəxsiyyət idi. Məhz onun hakimiyyətə qayıdışı xalqımızın özünü müstəqil ölkənin vətəndaşları olduğunu hiss etməyinə yol açdı. Əgər Milli Qurtuluşumuz olmasaydı bu gün fərqli bir Azərbaycan olardı. O fərqli Azərbaycanın necə ola biləcəyini təsəvvür edəndə bizi vahimə bürüyür. Çünki xaosun bataqlığında batan bir respublika torpaqlarını itirir və suveren ərazilərinin parçalanmasına yaxınlaşmışdı. Ölkənin vətəndaş müharibəsi ərəfəsinə gəlməsi düşmənlərimizin uzun illər arzusu idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qayıdışı düşmənlərimizin arzularını ürəklərində qoydu və bu gün hər birimizin fəxr edib qürur duyduğumuz qalib və inkişaf etmiş müstəqil Azərbaycanın meydana gəlməsini şərtləndirdi. Bəli, yaşadığımız qısa tarixi Ulu öndərin nə qədər böyük olduğunu bizə tanıtdırdı. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Belə ki, Ulu öndərin reallaşdıra bilmədiyi arzularını Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız həyata keçirdi. Bu, Azərbaycanın suverenliyinin təmini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması idi. Bu gün Azərbaycan nəinki, özünün tarixi missiyasını yerinə yetirdi, həm də dünyada ulduz kimi parlayır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünya nizamının formalaşmasında rolu olan ölkəyə çevrilib. Bu gün müstəqil Azərbaycan Respublikasının parıldadığını görən Ümummilli Liderin ruhu şaddır”.
Deputat Elşad Mirbəşir bildirib ki, Azərbaycan öz müstəqilliyinə sözün əsl mənasında Heydər Əliyev hakimiyyətə qayıdandan sonra qovuşdu. Azərbaycan üçün həmin dövrdə olmayan resurs ictimai siyasi sabitlik idi. Heydər Əliyev o dövrdə də Azərbaycan xalqının həmrəyliyini təmin edə bildi. Milli Ordu quruculuğunu həyata keçirməyə başladı. Ordumuz gücləndikcə Azərbaycanın beynəlxalq aləmdə rolu qüvvətləndi”.
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.
İclasın gündəliyinə 11 məsələ daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş).
2. "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
3. "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
4. "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
5. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
6. Vergi Məcəlləsinə, "Yol hərəkəti haqqında” və "Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).
7. "Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
8. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
9. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
10. Vergi Məcəlləsinə, "Dövlət rüsumu haqqında”, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, "Gömrük tarifi haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).
11. "Auditor xidməti haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).