|
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.
Prezident İlham Əliyev 7 dekabr 1999-cu il tarixli qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunun təsdiqləyib.
"Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən (Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrük yığımları) və 224.1.6-cı maddələrində (haqq) nəzərdə tutulan gömrük ödənişləri) ödəniləcək. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
İndiyə qədər gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilirdi.
Fransada səfərdə olan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidenti Emmanuel Makronun köməkçisi Emmanuel Bonn ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Ermənistan mətbuatında yayılan xəbərə görə, görüş zamanı həmçinin münasibətlərin inkişafı, eləcə də ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Qeyd edək ki, yaxın zamanda Fransanın Ermənistana “Caesar” özüyeriyən artilleriya qurğuları satmışdı.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlaması zamanı bildirib ki, Fransa Ermənistanın ən böyük hamilərindən biridir:
"Ermənistan ABŞ-dən və bir çox Avropa ölkəsindən dəstək görsə də, Fransa öz ermənipərəst siyasəti ilə digərlərindən fərqlənir. Bu cür görüşlərin mütəmadi keçirilməsi normaldır. Lakin rəsmi Paris bilməlidir ki, onun ermənipərəst siyasəti, Ermənistanı silahlandırması regionda sülh və sabitliyə mane olur, sülh yolunda atılan addımlara zərər vurur. Fransa bir neçə dəfə satılan silahların "müdafiə" məqsədli olduğunu desə də, bunların içində hücum üçün istifadə edilən silahlarda var".
Ekspert əlavə edib ki, rəsmi Parisin bu addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə səbəb ola bilər:
"Fransanın hazırda dünya siyasətindəki mövqeyi zəifləyir. Bunun qarşısını almaq istəyən rəsmi Paris isə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Hesab edirəm ki, Fransanın Cənubi Qafqazdakı planları iflasa uğrayacaq".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verib.
Bildirilib ki, 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir. Binanın birinci mərtəbəsi laboratoriya sektorlarından ibarətdir. Burada bitki ehtiyatları və etnobotanika, həmçinin toxum bankı, bitki introduksiyası şöbələri yerləşir. Binanın ikinci mərtəbəsində 80 nəfərlik akt zalı, üç laboratoriya, müdafiə şurası, Botanika İnstitutunun elmi şurasının katibliyi, mühasibatlıq yerləşir. Üçüncü mərtəbədə isə geobotanika, ictimaiyyətlə əlaqələr, eksperimental botanika və beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərəcək. Ali bitkilər sistematikası və herbari fondu dördüncü mərtəbədə yerləşir. Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə institut yarandığı vaxtdan fəaliyyət göstərir. Burada Azərbaycanla yanaşı, digər ölkələrin altı yüz minə yaxın flora növü qorunur.
Eyni zamanda, Mərkəzi Nəbatat Bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik aypara şəkilli inzibati binası da əsaslı təmir edilib.
Mərkəzi Nəbatat Bağı ərazisində tikintisi davam etdirilən müasir tipli oranjereyaya da baxış keçirildi. Bildirildi ki, oranjereyanın eni 19, uzunluğu 47, hündürlüyü isə 15 metrdir. Daxilində yerdən 3 metr hündür körpü və hər iki qapını birləşdirən piyada yolu var. Oranjereya müasir tipli isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunacaq. Üzərindəki şüşə sisteminin 40 ədədi avtomatik açılaraq mövsümə uyğun havalandırmanı təmin edəcək.
Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmağa başlayıb. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bitki biomüxtəlifliyinin qorunması və səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəzi Nəbatat Bağında yenidənqurma işləri məhz Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilib.
Hazırda Mərkəzi Nəbatat Bağında “Bitki ekologiyası”, “Dekorativ bitkilərin introduksiyası və seleksiyası”, “Qida və dərman bitkilərinin biokimyası”, “Oduncaqlı bitkilər”, “Tropik və subtropik bitkilər” laboratoriyaları ilə yanaşı, “Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması”, “Bioloji kolleksiyalar”, “Bağçılıq və landşaft quruculuğu”, “Təchizat və xidmət” və digər şöbələr fəaliyyət göstərir.
Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir.
Botanika İnstitutu bu il COP15-də təsis olunmuş “Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı”na (BCAA-Biodiversity Conservation Alliance for Arid Land) üzv seçilib.
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətnini deputat Tahir Rzayev oxuyub.
Tahir Rzayevinin sözlərinə görə, növbəti parlament seçkiləri Azərbaycanda COP 29 kimi dünyasəviyyəli bir tədbirin keçirilməsi ilə üst-üstə düşdüyündən Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının deputatları növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
“Konstitusiyanın 98 maddəsinə əsasən Milli Məcliisn buraxılıb növbədənkənar seçkilər keçirilməsi barədə qərar verilsin”, - Tahir Rzayev deyib.
Deputatlar parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçiirlməsi ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanan müarciətə səs verdi.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqını regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinməyə çağırıb.
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Avropa Parlamenti üzvlərinin suallarına cavabında “erməni məhbusların” azad olunması və Qarabağ bölgəsini tərk etmiş ermənilərin hüquqları, o cümlədən öz evlərinə qayıtmaq hüququnun təmin olunması istiqamətində Azərbaycana çağırış etməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu cavab Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir:
"Biz bu yalan və təhrikedici iddiaları rədd edirik. Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir".
Ayxan Hacızadə qeyd edib ki, Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir:
"Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər. Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir".
"Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir", - deyə məlumatda qeyd olunub.
İyunun 20-də ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.
Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkərimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.
Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib.
Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib.
Prezident İlham Əliyev enerji sahəsində ölkələrimiz arasında çoxillik uğurlu əməkdaşlığa toxunub, iqlim dəyişliyi və COP29-a hazırlıq prosesi çərçivəsində ölkələrimizin nümayəndə heyətləri arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın dəstək niyyətinə görə təşəkkür edib. Dövlətimizin başçısı Azərbaycanın da ABŞ ilə əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib.
Telefon danışığı əsnasında ölkələrmiz arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb.
Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib.
Radiasiya və kimyəvi kəşfiyyat bölmələrinin qüvvələri ilə mövcud şəraitin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib, şərti düşmənin kütləvi qırğın silahı tətbiq etməsinə hazırlığı vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülüb, həmçinin radiasiya, kimyəvi və bioloji çirklənmə şəraitində fəaliyyət göstərən bölmələrin təhlükəsizliyi təmin edilib.
Təlimin keçirilməsində əsas məqsəd komandirlərin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin döyüşün hərtərəfli təminatı və qarşılıqlı fəaliyyətin təşkilində təcrübə qazanmalarına imkan yaratmaqdır.