![]() |
|
Son dövrlər mediada tez-tez yer alan məsələlərdən biri də 2025-ci ildə pensiyaların nə qədər artacağıdır. Xüsusilə də qiymətlərlə bağlı baş verənlər bu mövzunu daha da aktuallaşdırır. Artıq bununla əlaqədar müxtəlif rəqəmlər də səsləndirilir.
Gələn il pensiyalar nə qədər arta bilər?
“Qafqazinfo”nun məlumatına görə, pensiyaların artırılması dedikdə, əsasən pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərdə tutulur. Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Pensiyaların indeksləşdirilərək artırılması hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq reallaşdırılır. Sadə dildə desək, əvvəlki ildə ölkədə orta aylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da o qədər artırılır. Proses ölkə başçısının bu barədə müvafiq sərəncamı ilə həyata keçirilir.
2024-cü il isə hələ yekunlaşmadığından ortaaylıq əməkhaqqının illik artım göstəricisi məlum deyil. Lakin əvvəlki illərin təcrübəsi onu göstərir ki, işçilərin əməkhaqlarındakı artımlar əsasən ilin əvvəlində olduğundan statistik göstəricilər də bu dövrdə formalaşır. Sonrakı müddət illik nəticəyə ciddi təsir etmir.
Məsələn, 2023-cü ilin yanvar-may aylarında ölkə üzrə orta aylıq əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz, yanvar-dekabr aylarında isə ötən ilin eyni göstəricisinə nisbətən 11,2 faiz artıb. Beləliklə, 2023-cü ilin 5 ayının göstərici ilə 12 ayının göstəricisi arasında cəmi 0,1 faiz bəndi fərq olub.
2024-cü yanvar-may aylarında isə orta aylıq əməkhaqqı artımı 9,4 faiz təşkil edib. Bu baxımdan yanvar-dekabr ayları üzrə artımın da bu göstəriciyə yaxın olacağını demək mümkündür. Nəticə etibarilə gələn il əmək pensiyalarının 9-10 faiz aralığında indeksləşdiriləcəyini təxmin etmək olar.
Beləliklə, cari ildə orta aylıq əməkhaqqı 10 faiz artarsa, hazırda 300 manat pensiya alan şəxsin pensiya məbləği 2025-ci ildə 30 manat artaraq 330 manata yüksələcək. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğləri də eyni qaydada artmış olacaq.
2024-cü ildə inflyasiyanın 2,7 faiz olacağı proqnozlaşdırılır. Bu da gələn il üzrə əmək pensiyalarının artımının inflyasiyanı bir neçə dəfə üstələyəcəyi deməkdir.
Pensiyaların məbləğlərinə, həmçinin minimum pensiya məbləğinin artırılması təsir edir. Belə ki, minimum pensiya məbləği əmək pensiyalarının bu göstəricidən az olmamasını nəzərdə tutur.
Pensiyaların minimum məbləği sonuncu dəfə 2023-cü ilin fevralın 1-də artıb və 280 manata çatdırılıb. Minimum məbləğ “Əmək pensiyaları haqqında” Qanuna dəyişiliklik edilməklə artırılır. Lakin yaxın müddətdə minimum pensiya məbləğinin artırılcağı barədə hər hansı məlumat yoxdur.
"Baş nazir sosial ödənişlərin müəyyənləşməsi, verilməsi, eyni zamanda, dayandırılması ilə bağlı qərar imzalayıb. Belə ki, həmin qərarla sosial ödənişlərlə bağlı yeni qaydalar müəyyənləşib".
Bunu baku.ws-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni qaydalar proaktivdir, əksər sosial ödənişlər praktik olaraq müəyyənləşəcək və sosial ödənişlərin bir qismi müəyyən olunduqdan sonra 10 iş günü ərzində müəyyənləşəcək:
"Bir sıra sosial ödənişlər, 5 iş günü ərzində müəyyənləşərək vətəndaşa ödəniş həyata keçiriləcək və nəticədə yeni qaydalar imkan verəcək ki, sosial ödənişlərin əlçatanlığını təmin etmək mümkün olsun.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə çalışan vətəndaşlarımız üçün nəzərdə tutulan ödənişlər yalnız proaktiv, yəni elektron formada həyata keçiriləcək. Sosial ödənişlər yalnız plastik kartlara ödəniləcək. Burada məqsəd şəffaflığın gözlənilməsi və prosedurların azaldılmasıdır.
Sosial ödənişlərin verilməsi qaydaları da müəyyənləşib. Qaydalarla yanaşı, eyni zamanda dayandırılması qaydaları da müəyyənləşib. Belə ki, bir sıralarda sosial ödənişlərin dayandırılması həyata keçirilir. Məsələn, ömürlük dövlət qulluqçusu təqaüd alırsa və yeni dövlət qulluğuna işə qəbul olunmuş halda təqaüd dayandırılır. Eyni zamanda, əgər tələbə təqaüd alırsa, universitetdən xaric olunursa, o an praktiki olaraq təqaüdün dayandırılması həyata keçirilir.
Bütövlükdə bu təqaüdlər, eləcə də digər ödənişlər qanunla müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təqdim olunur və dayandırılır. Qaydalar sosial ödənişlərin məbləğlərini müəyyənləşdirmir. Belə ki, sosial ödənişlərin məbləğləri cənab Prezident tərəfindən imzalanmış sərəncamla və ya qanunla müəyyənləşib. Biz artıq son illər bu istiqamətdə qərarların verilməsini müşahidə etmişik ki, praktiki olaraq son illər həyata keçirilən və dörd sosial paketə əlavə olaraq 7 milyard manata yaxın vəsait xərclənir. Bu isə ondan xəbər verir ki, növbəti dövrlər üçün də sosial paketin dərinləşməsi prioritet olaraq qalmaqdadır".
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə avqustun 8-də start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.
Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.
Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov 4 xarici ölkədə yerləşən 7 universitetdən qəbul alıb.
Davud Həşimov uşaqlıqdan kompüter sahəsinə marağı olduğu bildirib.
Onun sözlərinə görə, 8-9-cu siniflərdən bu peşəyə yiyələnmək üçün çalışıb:
“Artıq 3 ildir ki, xarici universitetlərə hazırlaşırdım. Qəbul xəbəri alanda sevinc hissi keçirdim. Atamın ruhu qarşısında onun bir borcunu ödəmiş oldum. Bu uğuru qazandığıma görə, ən çox anama və atama borcluyam. Atam mənə bu yolu göstərib. Onun ruhunun qarşısında baş əyirəm”.
Qeyd edək ki, Davudun kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək.
"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq.
Avqustun 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
Sabah saat 06:00-dan Bakının Xətai rayonunun Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Yol-xeber.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Avqustun 2-də Bakıda və bölgələrdə 35 dərəcə isti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini təyin edilib.
Baş prokurorluğun Mətbuat xidmətindən "Yol-xeber.az"a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.
Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.
Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:
- ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;
- peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil.
Elm və təhsil Nazirliyi yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təhsil proqramlarının təhsil alanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir.