Mart ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı müəyyənləşib.

Martın 8-i Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir.

Beləliklə, martda həftəsonları da daxil olmaqla 14 gün iş olmayacaq.

Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür.

Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb.

Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.

Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlayır.

Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.

Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir.

2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Dövlət başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Xatırladaq ki, hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü.

Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi.

Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir.

Əziz gənclər, bayramınız mübarək!

Fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Fevral ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərində 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 21-24 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 11-29 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə şaxta, bəzi günlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma 25-36 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi günlərdə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 24-55 mm).

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma 21-35 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 mm).

Kamaləddin Qafarov: “Gənclər ölkəmizin gələcəyidir”

“ Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə daim ehtiyac olduğunu düzgün qiymətləndirən Ümummilli Lider Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ulu Öndərin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələri müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.”

Bu sözləri Gənclər günü münasibətilə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. 2002-ci il aprelin 9-da isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin təməlində də Ulu Öndər Heydər Əliyevin siyasi irsi durur. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edir.”

K.Qafarov bildirib ki, bu gün respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişafın əsas hərəkətverici qüvvəsi də məhz Azərbaycan gəncliyidir: “Hazırda ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Azərbaycanda həyata keçirilən ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır. Dövlətimizin başçısı tərəfindən 2005-ci ildə gənclərlə iş sahəsində növbəti 4 ili əhatə edən Dövlət Proqramı təsdiq edilmişdi. Bundan başqa, 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və bir sıra digər mühüm sənədlər Azərbaycan gəncliyinin cəmiyyətimizdə aparıcı mövqelərə sahib ola bilməsi üçün əsaslı zəmin yaratmışdır.”

K.Qafarov Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında gəncliyin müstəsna rolunu vurğulayaraq deyib: “Ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımına qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda hünərlə vuruşurlar.”

Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilmişdir.

Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minmişdir.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilmişdir. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülmüşdür.

Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).

Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcəkdir.

İclasda həmçinin, sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanmışdır.

Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Qərar Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir.

Azərbaycanda ümumi təhsil müəssisələrində 5 günlük qış (27-31 yanvar) tətili başa çatmaq üzrədir.

BAKU.WS xəbər verir ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Məktəblərin qış tətili başa çatdığı bir vaxtda ölkədə geniş yayılan və kütləvi yoluxma ilə nəticələnən influenza narahatlıq doğrur. Nəzərə almaq lazımdır ki, adı çəkilən virusa uşaqların yoluxması daha tez qeydə alınır. Qış tətilinin başa çatmasından azyaşlılar arasında virusun daha yayılma riski mövcuddur.

Bu vəziyyətdə həm validyenlər, həm də məktəb rəhbərliyinin qarşısında öhdəliklər dayanır. Ölkə.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun ev şəraitində müalicəsi aparılmalıdır:

"Kəskin resperator xəstəliklərin çoxaldığı vaxtda bu başa düşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yolxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müəlicəsini davam etdirməsi vacibdir. Bu şagirdlərin məktəblərə getməsinə ehtiyac yoxdur.

Biz bu məsələdə valideynlərə tövsiyyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər xəstə halda şagirdlərə məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununa bağlı məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcudur".

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov vəzifəsindən azad edilib.

Report məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Onun yerinə hələ yeni təyinat yoxdur.

Qeyd edək ki, Nazim Məmməd oğlu Əhmədov 2018-ci ildən bu vəzifədə çalışırdı.

Şuşa şəhərinə növbəti dəfə qar yağır.

Report xəbər verir ki, qar dünən axşam saatlarından başlayaraq davam edir.

Nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.

Qeyd edək ki, bu mövsüm Şuşa şəhərinə ilk qar noyabrın sonlarında yağmışdı.

Bu sahə AZAL-ın əlindən alındı

Azərbaycan Hava Yolları Dövlət Konserni Qapalı Səhmdar Cəmiyyətinin başı üzərindən qara buludlar əskik olmur. Son günlər AZAL haqqında mətbuatda yazılan məlumatlar onu deməyə əsas verir ki, tezliklə AZAL-da ciddi islahatlara start veriləcək.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, daha bir sahə AZAL-ın idarəçiliyindən alınıb. Belə ki, bundan sonra  Azərbaycan Hava Yolları Dövlət Konserni Qapalı Səhmdar Cəmiyyətinin balansında olan bütün avtomobil dayanacaqları  BNA-nin balansına verilib. Məlumata görə, bundan sonra hava limanı ərazisində mövcud olan parklanmalardan gələn gəlirlər BNA-nin büdcəsinə keçəcək.

Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir

İrandakı Azərbaycan səfirliyinə terror nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.

“Qafqazinfo”nun əməkdaşı xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində, mərhumun evinin həyətində təşkil olunub.

Mərasimdə şəhidin yaxınları, həmkarları, rəsmilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Hələ ki, mərhumun cənazəsi ailəsinə evinə gətirilməyib. 

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gecə Orxan Əsgərovun nəşi, yaralılar və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

Fotolar: Müzəffər İsmayılov

 

 

 

Xəbər lenti