2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb.

Fevralın 6-dan hazırkı zamana kimi Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

1-ci təyyarə fevralın 6-da saat 13:25 yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıb.

2-ci təyyarə fevralın 6-da saat 17:25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını aparıb.

3-cü təyyarə fevralın 6-da saat 20:50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırıb.

4-cü təyyarə fevralın 7-də saat 09:40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb.

5-ci təyyarə fevralın 7-də saat 14:00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb.

6-cı təyyarə fevralın 8-də saat 01:00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb.

7-ci təyyarə fevralın 8-də saat 09:46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb.

Fevralın 8-də saat 01:00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdıracaq.

Ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s., habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Türkiyədə güclü zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.

Bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.

"Yardımla bağlı Babək prospektində yerləşən Doğtaş mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib", - Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Vətəndaşlar yardımlarını bu ünvana gətirə bilərlər.

Türkiyədə zəlzələ ilə bağlı əhaliyə yardım kampaniyası çərçivəsində göndəriləcəklər içərisində ehtiyac duyulmayan əşyaların olduğu müşahidə edildiyindən Türkiyə səfirliyi kampaniyaya dəstək olanlara müraciət ünvanlayıb.

Mövzu ilə bağlı daha ətraflı oxu.az-a açıqlamasında yardım kampaniyasının qrup rəhbərlərindən biri Ferhad Çeğil məlumat verib.

O bildirib ki, insanlar, demək olar ki, evlərində olan bütün əşyaları göndərməyə çalışırlar, buna görə təşəkkür edirlər, amma bir məqam var:

“Ötən gün toplanan yardımlar çeşidlənərkən mövcud vəziyyətdə Türkiyədə əhalinin ehtiyac duymadığı bir çox əşyaların olduğunu gördük. Bugünkü vəziyyətdə bizə daha çox elan etdiyimiz siyahı üzrə əşyalar, geyimlər, çadırlar və s. lazımdır.

Əziz yoldaşlar, sizdən xahiş edirik, gətirdiyiniz əşyalar, geyimlər istifadə edilməmiş, yeni əşyalar olsun. Şərt deyil ki, üzərində etiket olsun, amma bir corab olsun, istifadə edilməmiş olsun. Həddən artıq çox yardımın gətirildiyini nəzərə alaraq, səfirliyimiz kampaniya çərçivəsində yalnız və yalnız yeni geyimlərin, əşyaların qəbul edilməsi barədə qəti tapşırıq verib”.

Məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdən bildirilib ki, yardım kampaniyası çərçivəsində daha çox istifadə olunmamış geyimlərə üstünlük verilir.

Qeyd edək ki, səfirliyin yardım üçün siyahısında aşağıdakı əşyalar var:

Geyimlər:

Palto, gödəkcə;

Sukeçirməz gödəkcə;

Uzunboğaz çəkmə;

Sviter,

Şalvar,

Əlcək,

Şərf, papaq;

Corab;

Alt geyimləri;

Digər ləvazimatlar:

Çadır;

Yataq;

Döşək (çadır üçün);

Adyal;

Yuxu kisəsi;

Qaz balonları, soba tipli;

Termos;

Əl fənəri;

Poverbank;

Generatorlar;

Qida konservləri;

Uşaq yeməkləri;

Uşaq bezləri;

Təmizlik və gigiyena vasitələri.

365361

365360

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin axtarışları davam etdirilir.

Bunu modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.

Onun sözlərinə görə, tələbələrdən hələ də xəbər yoxdur.

"Tələbələrin ailə üzvləri bizimlə əlaqə saxlayırlar. Təəssüf ki, hələ heç bir məlumat yoxdur. Axtarışlar davam etdirilir. Türkiyənin dövlət orqanları tərəfindən bizə hər hansı məlumat verilməyib. Biz axtarışları davam etdiririk", - deyə səfirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir. 

 

 

 

 

Azərbaycan xalqı Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardımını davam etdirir.

BAKU.WS-in məlumatına görə, ötən gündən etibarən yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş” mebel mağazasında toplanır. İnsanların gətirdikləri yardımların arasında ikinci əl əşyalar da var. Bu səbəbdən onlar arasında çaşqınlıq yaranıb. Görəsən ikinci əl əşyalar da yardım üçün yararlıdırmı?

Məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib ki, ikinci əl əşyalar təmiz və istifadəyə yararlı olduğu halda qəbul edilir:

"Bu prosesi Türkiyədəki, Azərbaycandakı bəzi toplu qurumlar həyata keçirir. Əgər istifadəyə yararlı və təmiz olarsa ikinci əl əşyaların qəbulu həyata keçirilə bilər. Lakin bəzən geyinilməyəcək və istifadəyə yararlı vəziyyətdə olan geyimlər də gətirilir".

Mövzu ilə bağlı Türkiyəyə göndərilən yardım kompaniyasında iştirak edən Nəfəs İctimia Birliyinin rəhbəri Nəsimi Paşayev bildirib ki, gətitilən bütün yardımlar qəbul edilir. Yeni və köhnə geyimlər olmaqla ayrı-ayrı paketlərə yığılır:

"Biz qeyri-qida məhsulları qəbul edirik. Bizə gələn heç bir əşyanı geri qaytarmırıq. Biz Nəfəs İctimia Birliyi olaraq yeni geyimlər almışıq. Onları göndərəcəyik. Ötən gündən etibarən insanlar xeyli əşyalar gətiriblər. Onların içərisində yeni alınmış məhsullar da, ikinci əl əşyalar da var. Bunların hamsını biz seçib səliqəli şəkildə ayrı-ayrı paketlərə yığırıq. Yararsız vəziyyətdə olanları çıxarırıq".

Fevralın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə və səhər 4°-dək isti, axşam 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yollar buz bağlayacaq.

Azərbaycan səfirliyi fövqəladə hal elan olunmuş vilayətlərdə zəlzələdən zərər çəkmiş və Azərbaycana təxliyə olunmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.

"Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, təxliyə üçün nəzərdə tutulan avtobuslar 7 fevral saat 15:00-da siyahıda qeyd edilən təyinat nöqtələrində olacaq.

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fondlara maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Bildirilir ki, vergi qanunvericiliyinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

“Hazırda vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18% dərəcə ilə ƏDV tutulmur.

Bu baxımdan vətəndaşların aparılan belə köçürmələr zamanı onların hesablarından artıq tutulmuş vergi məbləğlərinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduqları banklara müraciət etmələri tövsiyə olunur”, - deyə DVX-nin cavabında deyilib.

FHN bu gün günün ikinci yarısından başlayaraq gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib,

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, yağıntılı keçəcəyi, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

"Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Bununla yanaşı, səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, bu zaman yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!", - nazirlikdən bildirilib.

Kamaləddin Qafarov: “Rumıniya - Azərbaycan əlaqələri  intensiv inkişaf edir”
“Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi səfəri Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda və daha da genişləndirməkdə maraqlı olduqlarını sübut edir. Məlum olduğu kimi, Rumıniya-Azərbaycan əlaqələri uzun illərdir ki, strateji tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi sahələrdə də müsbət nəticələr var. Dövlətimizin başçısı bu məqamı da vurğulayıb ki, ticarət dövriyyəsi iki dəfədən çox artsa da, bu dövriyyənin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etməsi ölkəmizi qane etmir. Buna görə də ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Bu məqsədlə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi önəm kəsb edə bilər.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Rumıniya-Azərbaycan əlaqələrində energetika sahəsinin aparıcı rol oynadığını xüsusi vurğulayıb: “ Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün energetika bütün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələdir. O cümlədən, energetika sahəsi Rumıniya-Azərbaycan əlaqələrində də əsas yeri tutur. Bunu təsdiq edən məqamlardan biri kimi, SOCAR-ın Rumıniyada uzun illərdən bəri davam edən səmərəli fəaliyyətini göstərmək olar. Bu gün artıq ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə çıxır. Dövlətimizin başçısı ötən ay Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və buna paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti uğurla başa çatdırıldı və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti bir qədər də artdı. Qeyd etmək lazımdır ki, ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bir daha ölkəmizə olan etimadı təsdiqləyir. Azərbaycan öz növbəsində Memorandumun uğurlu icrasını təmin etmək üçün Avropaya qaz ixracatını sürətlə artırır. Eyni zamanda, Azərbaycan və Rumıniya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq istiqamətində önəmli addımlar atılır. Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı bu sahə ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu strateji layihə böyük sərmayə tələb edir və bir neçə ölkəni, iki dənizi birləşdirir. Bundan başqa, Azərbaycan və Rumıniya arasında nəqliyyat sahəsi də böyük önəm kəsb edə bilər. Dövlətimizin başçısının dediyi kimi, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və bu imkanların reallaşdırılması bütün Avrasiya məkanı üçün son dərəcə maraqlı layihələrin icrasına yol aça bilər.”

Xəbər lenti