![]() |
|
Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı polkovnik Tehran Mənsimovun ikinci Qarabağ döyüşlərində minaya düşdüyü müəyyənləşib.
Bu barədə Mənsimovun özü "Azərbaycan” qəzetinə müsahibəsində danışıb.
Mənsimovun sözlərinə görə, hadisə oktyabrın 21-də Füzuli istiqamətində baş verib:
"Horadizə gedib Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşıladım. Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər. Yüksəklikdən geri qayıdanda isə ermənilər hərəkətdə olan avtomobilimi atəşə tutdular və bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim. Döyüşlər şiddətlə davam edirdi. Savaşın qızğın vaxtında düşmənin atdığı raketin mövqeyimizdə partlaması nəticəsində yenidən yaralandım. Zərbə qüvvəsi məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı. Onurğam üstə düşməyim nəticəsində indiyədək özünü göstərən bel yırtığı əmələ gəldi. İlk dəqiqələrdə özümdən getmişdim, sonra şoka girdim. Ancaq təxliyə olunmağı düşünmədim, savaşı davam etdirdim. Bu isə döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırırdı. Ümumiyyətlə isə, tək mən yox, bütün şəxsi heyət yaralanarkən ya bunu gizlədir, ya da təxliyəyə razı olmurdu”.
Tehran Mənsimov bildirib ki, döyüşlər zamanı 24 kilo çəki itirib:
"Döyüşlərdə ciddi zədələrə məruz qalmışdım. Qəlpə yarası almışdım, bel nayihəmdə yırtıq əmələ gəlmişdi, sağ qulağımın pərdəsi cırılmışdı. Döyüşlər zamanı 24 kq çəki itirmişdim. Şuşanın ətrafında etibarlı müdafiə mövqelərinin yaradılmasını başa çatdırdıqdan sonra yaralarım kəskinləşib səhhətim pisləşdiyindən həkimlərin tələbi ilə noyabrın 26-da Şuşadan Bakıdakı Hərbi hospitala müalicəyə yollandım.
Hospitalda olduğum müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısını, diqqətini gördüm. Bu xoş münasibət heç də mənim komandir, yaxud yüksəkrütbəli zabit olmağımdan irəli gəlmirdi. Hörmətli Mehriban xanımın himayədarlığı əsgərdən zabitədək bütün hərbçiləri əhatə edirdi. Mənə deyildi ki, döyüşlər başlandığı gündən hospital, bütün xəstəxanalar birbaşa Mehriban xanımın nəzarətindədir və bütün müalicə prosesləri onun qayğısı ilə əhatələnib. Vətən müharibəsində yaralanan minlərlə döyüşçü bu gün sağlam həyata qayıtdığına, yüksək qayğı ilə əhatə olunduğuna görə Mehriban xanım Əliyevaya borcludur”.
Şimali Osetiyanın Vəkillər Palatası yenidən azərbaycanlı Elman Paşayevin vəkillik statusunu ləğv edib.
“Bu barədə məlumatı “Kavkazskiy uzel” nəşri yayıb.
Bildirilir ki, Şimali Osetiyanın Vəkillər Palatası 2020-ci ilin sentyabrın 10-da aktyor Mixail Yefremovu müdafiə edən Elman Paşayevin peşə etikası qaydalarını pozduğunu bildirib. Paşayev bu zaman pozuntuya yol verdiyini etiraf edib. Sentyabrın 18-i palata Paşayevin vəkillik statusunu ləğv edib. O, cari ilin sentyabr ayında Şimali Osetiyada vəkil statusunu bərpa edib.
Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev 2020-ci ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən Mixail Yefremovun vəkili olub. Məhkəmə hökmü ilə Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.
14 sentyabrda sənətçinin vəkil Elman Paşayevlə iş birliyinin sonlandırıldığı bildirilib. Sənətçi 8 il həbs cəzası aldıqdan sonra müdafiəçi ilə işinə davam etmək istəmədiyini deyib.
Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi E. Paşayevin vəkillik statusuna xitam verilməsinə dair təklif irəli sürmüşdü. Rusiya Federal Vəkillər Palatasının stats-katibi Konstantin Dobrınin bildirmişdi ki, Paşayevin işində Peşə Etikası Məcəlləsinin bir neçə maddəsinin pozulması aşkar edilib.
Bundan əlavə, o, Moskvada başqasının mənzilini qanunsuz özəlləşdirməkdə ittiham olunur. İddiaya görə, E.Paşayev 1997-ci ildə ruhi xəstəlikdən əziyyət çəkən Yelizaveta Kirsanovanın mənzilində saxta yolla qeydiyyatdan keçib, sonra isə onun mənzilini özəlləşdirərək qadını evsiz qoyub. Qadının ailəsi mənzili geri almaq üçün 20 ildən çoxdur Paşayevlə mübarizə aparır.
Son dövrlər paytaxt yollarındakı tıxaclar Bakı sakinləri üçün ən ciddi problemlərdən birinə çevrilməkdir. Bu ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda minik avtomobillərin sayı 1 milyon 349 minə çatıb. Ümumi avtomobillərin sayı isə 1.7 milyondur. Ötən il ölkəyə 84 min 765 minik avtomobili idxal olunub. Bu ilin ilk 9 ayında isə sahibkarlar Azərbaycana 45 min 519 avtomobil gətiriblər.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər min nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çox olduğu ölkələr sırasında yer almır:
"Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 mink avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İnkişaf etmiş ölkələrdən adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər Yeni Zenlandiya və ABŞ-dır. Hər min nəfərə həmin ölkələrdə uyğun olaraq 897 və 868 avtomobil düşür. Region ölkələrdən Rusiya 397 avtomobil ilə dünyada 55-ci, Gürcüstan 378 avtomobil ilə 61-ci, Moldova 363 avtomobil ilə 63-cü, Belarus 343 avtomobil ilə 70-ci, Qazaxıstan 207 avtomobil ilə 94-cü, Qırğızstan 201 avtomobil ilə 97-ci, Özbəkistan 87 avtomobil ilə 130-cu yerdədir. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil".
Millət vəkili bildirir ki, xüsusən son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb: "Aydındır ki, infrastruktur genişlənməsəydi o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bu baxımdan, infrastrukturun inkişafı vacib idi və Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir. Tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərin 70.0 faizindən çoxunun Bakıda istifadə olunmasıdır. Hər min nəfərə düşən avtomobillərin şəhərlər üzrə rəqəmlər göstərir ki, Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindədir- baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən Bakıda müşahidə olunur. Hətta digər iri şəhərlərimizdə belə bu hələlik ciddi çətinlik hesab olunmur.
Tıxaclar iqtisadi fəaliyyətə də neqativ təsir göstərir. Belə ki, tıxaclarda itirlən zaman həmçinin əksər hallarda iqtisadi dəyər yaratmayan vaxt intervalıdır. CNN kanalının hesablamarına görə, ABŞ-ın iri şəhərlərində hər sürücü il ərzində 97 saat tıxacda qalır. Ən çox zaman Los-Angelisdədir: 129 saat. Dünyada ən pis göstərici isə Moskva şəhərinə aiddir: hər sürücü ildə 250 saat tıxacda keçirir".
Tıxacın azaldılması üçün nələrin edilməsinə ehtiyac var?
V. Bayramov paytaxt yollarında tıxacların azalması üçün bir sıra təkliflər səsləndirib. O bildirib ki, infrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirə layiqdir. Bununla yanaşı, heç bir ölkə sadəcə inkişaf etmiş infrastruktur ilə tıxac problemini həll edə bilməyib: "Digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşalar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir. Bu baxımdan, dövlət sektorunun özəl sahəyə nisbətətn daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər. Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyyə oluna bilər.
Digər metod bir sıra təhsil müəssisələrin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir. ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı kiçik yaşayış məntəqələrin də inkişafını stimullaşdırır.
İctimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhvə verib. Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir".
"Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər", - deyə millət vəkili əlavə edib.
Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 18-dən 19-na keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabr ayının 21-də Tərtər rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Tərtər rayonu Gənclər Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Tərtər rayonu “42 №-li Yol İstismarı” və Bərdə rayonu “43 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Daxili İşlər Nazirliyi (DİN) sosial media istifadəçilərinə müraciət edib.
DİN-in Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir:
"Profilimə kim baxdı”, “gizli hesabları görmə” kimi vədlər verən proqramlardan istifadə etməyin, naməlum linklərə daxil olmayın, istifadəçi adı və şifrə tələb olunan bu tip tətbiqlərə məlumatlarınızı əlavə etməyin. Qeyd edək ki, bu tətbiqlərdən istifadə etməyiniz profillərinizin oğurlanması ilə nəticələnə bilər!"
Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır. Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova "Xəzər Xəbər"ə deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.
Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.
Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək.
Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 42 274 nəfər və ya 0,4 faiz artaraq sentyabrın 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq “2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji gücləndirilməsi məqsədilə” Əmr imzalayıb.
Bu barədə səhiyyə Nazirliyindən məlumat verilib.
Sənəddə 2022-2023-cü ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar, eləcə də digər dövlət tibb müəssisələrinə tövsiyələr verilib.
Respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri 2022-ci ilin oktyabrın 10-dən başlayaraq bir ay ərzində həyata keçirilməsi eləcə də əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.
Əmrdə, eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatları ehtiyatının yaradılması, respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.