Prezident təsdiqlədi: bu qida məhsullarını satanlar 10 ilədək həbs olunacaq

Təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanların 10 ilədək müddətə azadlıqdan məhrum edilməsi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dəyişikliyə əsasən, eyni əməllər:

- təkrar törədildikdə;
- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
- külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Təhsil eksperti: “Məktəbin içində repetitorluq fəaliyyətini sonlandırmaq lazımdır” 
2025-ci il fevralın 6-da Elm və Təhsil Nazirliyi media nümayəndələri üçün geniş brifinq keçirib. Tədbirdə təhsil sahəsində aparılan islahatlar, yeni layihələr və qarşıdakı prioritetlər müzakirə olunub. Nazirlik rəsmiləri aktual suallara cavab verib və gələcək planlar barədə ətraflı məlumat təqdim ediblər.

Nazir Emin Əmrullayev bildirib ki, 2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir. Universitetdə bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil nəzərdə tutulur. Təhsil ocağında 10-12 fakültənin fəaliyyət göstərməsi və ümumilikdə 10 minə yaxın tələbə və tədqiqatçının təhsil alması planlaşdırılır. Həmçinin, universitetin bazasında Tibb fakültəsi və tibb mərkəzinin yaradılması da nəzərdə tutulur.

Brifinqdə ümumi təhsil müəssisələrinin optimallaşdırılması məsələsinə də toxunulub. Nazirlik bildirib ki, bu il 130-dan çox məktəbdə optimallaşdırma aparılacaq və bu proses çərçivəsində məktəblərin idarəetmə sistemi daha da təkmilləşdiriləcək. Məqsəd təhsil müəssisələrinin daha effektiv fəaliyyət göstərməsi və şagirdlər üçün keyfiyyətli təhsil mühitinin yaradılmasıdır.

Nazir müəllimlərin sertifikatlaşdırılması prosesinin davam etdirildiyini vurğulayıb. 2025-ci ildə müəyyən fənn müəllimləri üçün yeni sertifikatlaşdırma mərhələsinin keçiriləcəyi və bu prosesin müəllimlərin peşəkar inkişafına təkan verəcəyi bildirilib. Eyni zamanda, məktəblərdə metodik xidmətlərin gücləndirilməsi və müəllimlərin müasir tədris metodları ilə bağlı biliklərinin artırılması üçün yeni proqramların tətbiqi nəzərdə tutulur.

Brifinqdə yeni “Şagird davranış qaydaları” haqqında da məlumat verilib. Bildirilib ki, bu qaydalar 2025-2026-cı tədris ilindən etibarən bütün məktəblərdə tətbiq olunacaq və şagirdlərin məktəb daxilində etik normalara uyğun davranış sərgiləməsini təmin edəcək. Həmçinin, valideynlərin məktəblə birbaşa və daha rahat ünsiyyət qura bilmələri üçün yeni onlayn platformanın istifadəyə verilməsi planlaşdırılır.

Brifinqin sonunda media nümayəndələri nazirə təhsil sistemindəki yeniliklərlə bağlı suallar ünvanlayıblar. Nazir Emin Əmrullayev suallara ətraflı cavab verərək, ictimaiyyətin məlumatlandırılması prosesinə xüsusi önəm verdiklərini bildirib.

Bu brifinqi təhsil sistemində baş verən dəyişikliklər barədə cəmiyyətin maarifləndirilməsi baxımından vacib bir platforma kimi qiymətləndirən təhsil eksperti, “Təhsil-press.az” İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadə məlum brifinqdə toxunulan məsələlər sırasından Elm və Təhsil naziri cənab Emin Əmrullayevin jurnalistlərin verdiyi sualları cavablandırarkən, eyni müəllimin məktəbdə dərs dediyi eyni şagirdlərə dərsdən sonra, bəzən də elə həmin məktəbin özündə repetisiya keçməsinə mənfi münasibət bildirməsini təqdir edib:

“Cənab nazir bəzi müəllimlərin məktəbdə dərs dediyi şagirdlərə dərsdən sonra pul müqabilində repetisiya keçməsinə vicdan məsələsi, peşə etikası məsələsi kimi yanaşdığını, cəmiyyətin buna qınağının gərəkliyini bildirdi: “Mənə görə bu ayıbdır, bu ayıbı tək mən tutmamalıyam” deməklə, məsuliyyətin bölüşdürülməsinin vacibliyini vurğuladı. O ki qaldı məktəbin içində repetitorluq məsələsinə, bu məsələnin gündəmdə olduğunu qeyd etdi. İş burasındadır ki, həmin o vicdanı ilə başa-baş qalan, repetitorluğu müəllimliyindən tərəzidə ağır gələn təhsil işçilərinin əlində şagirdlərə təzyiq göstərmək üçün rıçaqlar qalır. Məsələn, tutaq ki, cəmiyyət üzvü kimi valideyn öz övladını ona məktəbdə lazımi səviyyədə dərs keçməyən müəllimin yanına repetisiyaya göndərmir, qınaqlı münasibətini pulu başqa repetitora verməklə ifadə edir. Belə olan təqdirdə müəllim şagirdin dərsdə haqq etdiyi qiyməti belə kəsə bilər. Ona görə də, şəxsən mənə elə gəlir ki, gündəmdə olan bu məsələnin həllini tezləşdirmək, başlanğıc olaraq məktəbin içində repetitorluq fəaliyyətini sonlandırmaq lazımdır”.

Hikmət Əliyev
BDYPİ sürücülərə xəbərdarlıq edib

"Məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi daha ağır nəticələrə səbəb ola bilər".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir:

"İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər".

İctimai nəqliyyatda YENİLİK OLACAQ

İctimai nəqliyyatda onlayn ödənişlərdə yaranan problemlər özü ilə bəzi məsələləri gündəmə gətirir.

Xəzər TV məlumat verir ki, vətəndaşların sözlərinə görə, ictimai nəqliyyatda təmassız ödənişi dəstəkləyən NFC kartlar üçün də şərait yaradılmalıdır ki, belə problemlər olmasın.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda qurum tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin, o cümlədən NFC vasitəsilə ödənişlərin həyata keçirilməsi imkanının yaradılması da nəzərdə tutulur.

Ətraflı süjetdə:

Cəbrayıla daha 42 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə 42 ailə - 205 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb.

Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq.

Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.

Azərbaycanda Ramazan bayramı martın 30-31-də qeyd olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.

Bu məntəqələrin nəticələri ləğv oldundu

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin siyahısı açıqlanıb.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Siyahını təqdim edirik:

 

Ramazan ayı nə vaxtdan başlayır? - Təqvim

Bu il Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi gözlənilir. Fevralın 28-də Azərbaycan səmasında yeni Ayın görünəcəyi proqnozlaşdırılır.

Ramazan ayı martın 1-də başlayacaq.

Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək.

Təqvimə görə, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. (baku.ws)

 

 

 
Bu uşaqlara birdəfəlik pul vəsaiti veriləcək

Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi I oxunuşda təsdiqlənib.

Bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara birdəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi konkret məbləğdə ödəniləcək.

Layihəyə əsasən, ödənişi təhsil müəssisəsi həyata keçirəcək.

Hazırda qüvvədə olan qanuna görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əməkhaqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Yəni qanunda birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı isə aylar və illər üzrə dəyişir.

Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Məqsəd daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi, bununla da vətəndaş məmnunluğunun artırılmasıdır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

Xəbər lenti