![]() |
|
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
"Report məlumatına görə, köç karvanı Ağdam rayon ərazisindəki nəzarət-buraxılış məntəqəsindən 22 ailədən ibarət 95 nəfər olmaqla yola salınıb.
Doğma yurdlarına köçən Ballıca sakinləri Azərbaycanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələ də daxil olmaqla, Ballıcaya ümumilikdə köçürülən ailələrin sayı 112-ə (562 nəfərə) çatıb.
Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin olması səbəbindən Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.
Bu barədə Yol-xeber.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, məhz avtobus sürücülərinin peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb: “Yol hərəkəti iştirakçılarının avtobusların maneəsiz şəkildə sərnişin daşımlarını həyata keçirməsinə şərait yaratmasını xahiş edirik”.
Həmçinin bildirilib ki, ötən gün qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşları mənzil başına təhlükəsiz çatdırmaq üçün səylə çalışıblar.
Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın qeyd olunan yollarında (Heydər Əliyev prospekti istisna olmaqla) dünən axşam bir daha endirilən 10 km/saat sürət həddi yenidən artırılıb.
Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mərkəzinin əməkdaşları tərəfindən hazırda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.
Bununla yanaşı, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub.
Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MSSR Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
1976–1978-ci illərdə Naxçıvan MSSR əhaliyə məişət xidməti naziri işləmişdir. 1978-ci ildən Ordubad, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri işləmişdir.
1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin I (1995–2000), II (2000–2005), III (2005–2010), IV (2010–2015), V (2015–2020), VI (2020) çağırış deputatı olmuşdur. Milli Məclisin Hesablama Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsində işləmişdir.
4 avqust 2020-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.
ALLAH RƏHMƏT ELƏSİN.
Yol-xeber.az-ın Təsisçisi və baş redaktoru Rasim Məmmədov
Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.
Bakı və Abşeronda hava proqnozu
Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Yollar buz bağlayacaq?
Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
Gecə və səhər yollar buz bağlayacaq.
Rayonlarda gözlənilən hava şəraiti
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Ən çox şaxta harda olacaq?
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.
Daxili İşlərə Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edibh.
İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:
"Sinoptiklərin məlumatına əsasən əlverişsiz havanın fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görünüşün məhdudlaşacağı gözlənilir.
Hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötən gündən yağan qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir".
Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi, ölkə ərazisinin bəzi bölgələrində, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb, digər rayonlarda isə Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada davam edir.
Yağan qarın hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 80 sm, Qaxda (Sarıbaş) 55, Lerikdə 37 sm, Şəkidə 34, Oğuzda 22, Balakəndə 20, Qırızda 19, Kəlbəcər və Qəbələdə 18, Şamaxı, Daşkəsən, Şahbuzda 15, Şahdağda 16, Xaltan və Astarada 14, Naxçıvan, Laçın, Qubadlı, Altıağac, Göygöl, Gədəbəydə 12, İsmayıllıda 11 sm, Xınalıq, Kəlvəz, Şuşada 10, Qusar, Göyçayda 9, Yardımlıda 7, Xankəndi, Xocalı, Quba, Lənkəran və Zərdabda 6, Ağsu, Qobustan, Biləsuvarda 5, Tərtər, İmişlidə 4, Culfada 3, Füzulidə 2, Şərur, Kürdəmirdə 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.
Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.
Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Yol-xeber.az" xəbər verir ki, Artıq 18 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
YOLUNUZ AÇIQ OLSUN...
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qrafik üzrə hərəkətini davam etdirir.
Yol-xeber.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.
Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
"Sərnişinlərə anlayışları üçün təşəkkür edir, rahat və təhlükəsiz səfərlər diləyirik", - deyə ADY bəyan edib.
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Fevralın 21-də Bakı və Abşeron yarımadasında gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı ehtimal olunur.
Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. 22-si günün birinci yarısında yağıntıda fasilə olacaq.
Havanın minimal temperaturunun Bakı və Abşeron yarımadasında 0-3, Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.