|
Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi təqdim edəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər: "Bundan başqa, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirməsinə kömək edəcək. Hələ ki ödənişsiz “Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq".
Bununla yanaşı, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək.
2024-cü ilin avqust ayında yaşa görə pensiya alanların sayı 710 775 nəfər olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edilib ki, onların 43,88%-ni kişilər, 56,12%-ni isə qadınlar təşkil edib.
Xatırladaq ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Təmirlə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.
“Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib.
O qeyd edib ki, hazırda prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər (“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub:
“Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib”.
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.
2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.
Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin “SABAH” qruplarında ikinci tədris ilində təhsil alacaq.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.
Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.
Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.
Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.
Günəbaxan, qarğıdalı, soya, raps, üzüm tumu və araxis yağlarının reputasiyası o qədər də məşhur deyil. Bir çoxları hesab edir ki, onlar sağlamlıqla bağlı bir çox problemlərə, xüsusən iltihablara səbəb olur, digərləri onun zərərlərini marketinqdə rəqabətlə əlaqələndirirlər. Lakin əsl həqiqət necədir?
Oxu.az-ın verdiyi məlumata görə, "Food & Nutrition Research" jurnalında qastroenteroloqlar bu suala cavab veriblər.
Müəlliflərin sözlərinə görə, bitki yağları LDL xolesterolun (el arasında "pis xolesterol"-red.) səviyyəsini azaltmaq, çəkini saxlamaq və iltihabı nəzarətdə saxlamaq üçün kərə və hindistan cevizi yağından daha üstündür.
"Əlbəttə bitki yağları da iltihaba səbəb ola bilir, ancaq bu müəyyən şəraitdə baş verir. Əgər siz bitki yağlarını böyük miqdarda qəbul edirsinizsə və kifayət qədər lif almırsınızsa, iltihab riski həqiqətən artır", - deyə ekspert izah edib.
Həkimlər birinci sıxım zeytun yağına üstünlük verməyi tövsiyə edirlər.
"Zeytun yağı faydalı mono-doymamış yağlar və antioksidantlar tərkiblidir ki, bu da iltihabı azaltmağa və ürəyi qorumağa kömək edir", - deyə nəşrdə vurğulanıb.
“2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin açılışında iştirak edən Prezident İlham Əliyev universitetin müəllim və tələbə heyətilə keçirdiyi görüş zamanı etdiyi çıxışında Qarabağ Universitetinin yerləşdiyi Xankəndi şəhərinin tarixindən də bəhs edərək bildirdi ki, bura qədim Azərbaycan yaşayış yeri olubdur. Lakin yenə də respublikamıza və xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində Azərbaycanın nəzarəti burada ya zəif olub, ya da ümumiyyətlə olmayıb.”
Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
K.Qafarov bildirib ki, XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələri faktiki olaraq ərazilərimizin sonrakı işğalını da şərtləndirdi. “Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürüldülər. Azərbaycanın iki əsr davam edən bütün bəlaları da ondan sonra başladı. Lakin Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirdiyi antiterror əməliyyatında əldə etdiyi tarixi Zəfər və parlaq qələbələr bu haqsızlığa birdəfəlik son qoydu. Artıq bundan sonra Azərbaycan xalqı 20 sentyabr tarixini hər il Suverenlik günü kimi qeyd edəcək. Qeyd etmək lazımdır ki, Xankəndidə Qarabağ Universitetinin açılışını da məhz bu tarixdə keçirmək böyük rəmzi məna daşıyır və həm mənəvi, həm də siyasi əhəmiyyət kəsb edir.”
Deputat daha sonra bildirib ki, Qarabağ Universitetinin ilk tələbələri üçün elan edilmiş qəbul planının tam dolması insanlarımızın öz dədə-baba yurdlarına, Vətən torpaqlarına bağlılıqlarının daha bir göstəricisidir: “Bu gün Qarabağ Universitetində təhsil almağa başlayan tələbələr o torpaqlar işğal altında olduğu illərdə anadan olan gənclərdir. Təqdim olunan məlumatlarda bildirilir ki, universitetin qəbul planı bütünlüklə dolmuşdur. Bu, əlbəttə ki, qətiyyən quru statistik məlumat kimi qiymətləndirilə bilməz. Bu göstərici Azərbaycan xalqında Vətən torpaqlarına bağlılığın genlər səviyyəsində, qan yaddaşında olduğunu bir daha təsdiq edir. Bu tədris ilində Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Burada ölkəmizin hər bir bölgəsindən tələbələr var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr də bu universitetə böyük həvəslə gəlmişlər. Hazırda Qarabağ Universitetində altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ Universiteti ən qısa zamanda ölkənin aparıcı ali məktəblərindən birinə çevriləcək” .
Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunun Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evində azyaşlının döyülməsi iddiası gündəmi zəbt edib.
Baku TV məsələ ilə bağlı adıçəkilən ünvanda olub. Lakin çəkiliş qrupuna müəssisəyə daxil olmağa icazə verilməyib. Buna səbəb olaraq isə ərazidə rəhbərlikdən heç kimin olmadığı bildirilib.
Bir müddət sonra isə Baku TV-nin əməkdaşları sözügedən uşaq evinin sakini olan Məhəmməd Abıyevin hücumuna məruz qalıblar.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edək ki, son illər haqqında ancaq neqativ xəbərlər yayılan 3 saylı uşaq evi Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, 3 saylı uşaq evinin sakini Ramal Rəsulov özünün istəyinə əsasən mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib.
Hazırda agentlik və aidiyyəti qurumlar tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.
Ətraflı videomaterialda:
Səbail rayonunda yerləşən 219 nömrəli məktəbin heç bir səbəb göstərilmədən bağlanacağı ilə bağlı qərar qəbul edilib, nəticədə daimi müqavilə ilə fiziki məhdudiyyətli şagirdlərə dərs deyən müəllimlərin iş saatı azaldılıb.
“Qafqazinfo”nun məlumatına görə, müəllimlər iddia edirlər ki, 2020-ci ildə məktəbin bağlanması ilə bağlı qərar qəbul edildikdən sonra bura fiziki məhdudiyyəti olan şagirdlərin qəbulu dayandırılıb. Onlar bildirirlər ki, bundan sonra iş saatları əvvəlki illərlə müqayisədə azalıb.
Müəllimlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nə məktəbin hansı səbəbdən bağlanması, nə də onlara digər yerlərdə işlə təmin olunma ilə bağlı məlumat verilmədiyini deyiblər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 219 nömrəli evdə təhsil tam orta məktəbinin fəaliyyətinin dayandırılması ilə bağlı məsələ müzakirə olunmaqdadır.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq.
Bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub.
Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.