![]() |
|
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.
Mərkəzdən bildirilib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2022‑ci il avqustun 28-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyentlər müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.
Abituriyent ixtisas seçimi edərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Seçiləcək ixtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün 2022‑ci il avqustun 28-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.
İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib.. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuşdur.
Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Seçiləcək ixtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:
Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar;
“ADA” Universitetinin ixtisasları;
Bakı Ali Neft Məktəbinin ixtisasları.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
***
08:56
Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
“Abituriyent” jurnalının 4-cü nömrəsində isə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər.
Növbəti 10 gündə Abşeron yarımadasında hava çox isti və rütubətli olacaq. Temperatur 40 dərəcəyə kimi qalxa bilər.
Bizim.media xəbər verir ki, Mühəndis ekspert Adil Əsgərov havanın temperaturunun tək istilik amili olmadığını qeyd edib:
"Havanın temperaturu tək istilik amili deyil. Havanın rütubətliliyi də vacib faktordur.
Əmək məcəlləsinin 233-cü maddəsinin 2-ci bəndinə, əsasən, 41 dərəcə selsidən yuxarı temperatur qeydə alındıqda iş dayandırılır. 2009-cu ilə qədər bu ədəd 45 idi. Bəzi şirkətlər istilik indeksindən istifadə edir və rütubəti də nəzərə alır".
Növbəti 10 gün ərzində havanın rütubətliliyi günorta saatlarında 40%-i keçəcək.
"Bu isə o deməkdir ki, hava isti və çox rütubətli olacaq, eynən bu yay Avropada mütəmadi baş verən istilik dalğaları kimi. Buna görə də maksimum diqqətli olmağınızı tövsiyə edirəm".
Ekspert bir sıra diqqət olunmalı, mühim məqamları göstərib:
Çoxlu su için, çalışın bu aralar ürək ritmini pozan energetik içki və kofeləri içməyin, çölə çıxarkən su tədarükünüzü görün.
Qətiyyən yaxalanıb çölə çıxmayın, maksimum dərəcədə duşdan sonra qurulanın, suyun dəriyə hopması bədənin temperaturla mübarizəsini daha çətin edir.
Havanın axşam və səhər tezdən bulanıq olacağını nəzərə alın, Abşeron yarımadasında havanın ekologiyasında ciddi problemlər var və parnik effekti yaratma ehtimalı var. Yüngül, nazik və açıq rəngli paltarlar geyinin, niqab geyinən şəxslər əgər dini cəhətdən mümkündürsə qara rəngi əvəz edin.
Uşaqları, yaşlı nəsil və ev heyvanlarına diqqətinizi gücləndirin. Şəlakət hiss olunan yerlərdən uzaq durun, hava sirkulyasiyası vacibdir".
Ekspert Bakının hal-hazırkı vəziyyətinə də təəssüf edir:
"Doğrudur ki, Bakı asfalt cəngəlliyi və tıxaclar diyarına çevrilib, bunun həll yolu, əlbəttə, mümkündür. Dünyada bu məsələnin Bakı üçün adaptasiya olunmuş praktiki həllini bir gün gələcək və təmin edəcəyik, ümidliyəm".
Buzovna çimərliyinin ərazisində Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında ərazidəki qanunsuz tikililərin sökülməsi prosesi sürətlə davam edir.
Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, texnikanın dağıtdığı tikintilərin qalıqlarını şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.
Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Samir Xudiyev və Tahir Əliyevə şəhid statusu verilib.
Bu barədə “Report”un sorğularına cavab olaraq Ağstafa və Sabunçu rayon icra hakimiyyətlərindən bildirilib.
Qeyd edilib ki, qanunvericiliyə əsasən, hər iki əsgərimiz şəhid statusu alıb.
Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Tahir Əliyev Ağstafa rayonunun Şəhidlər xiyabanında və Samir Xudiyev isə paytaxtın Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qəbələnin Laza kəndində ötən gün yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıb.
Baku.ws xəbər verir ki, sakinlər bu addımı kənd yollarında yaranan nəqliyyat sıxlığına görə atdıqlarını bildiriblər.
Ötən gün qeydə alınan həmin görüntüləri təqdim edirik:
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 30 il keçir.
Report məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.
Bununla belə, o vaxtı çətin iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün deyildi. Manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əskinasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manatlıq əskinaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əskinasın yeni dizaynda hazırlanmasını həyata keçirib.
Ümumilikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trln. manatlıq 692,5 mln. ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən çıxarılıb.
2005-ci il fevralın 7-də Prezident İlham Əliyev "Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanları isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.
Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra ilk kəskin məzənnə dəyişikliyinə məruz qalıb. Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34% ucuzlaşdırılmasına qərar verib. Buna səbəb isə 1990-cı illərin sonundan manata dəyər qazandıran neftin dünya bazarında kəskin ucuzlaşması olub. Son nəticədə dolların rəsmi məzənnəsi 0,78 AZN/USD-dən 1,05 AZN/USD-yə qədər artırılıb.
Bununla belə, neftin getdikcə ucuzlaşması və ölkəyə daxil olan dollar kültəsinin azalması fonunda yeni məzənnənin uzun müddət saxlamaq mümkün olmayıb. 2015-ci il dekabrın 21-də Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi manatı "üzən məzənnə" rejiminə keçirib. Bundan sonra ölkədə rəsmi məzənnə 1,55 AZN/USD-yə bərabər olub. Amma yeni vəziyyətdə manatın məzənnəsini ona tələbatın hansı səviyyədə olması müəyyən etdiyindən dolların və digər xarici valyutaların milli valyutaya nəzərən qiyməti mütəmadi olaraq dəyişib.
Məsələn, 2017-ci il fevralın 1-2-də 1 dollar 1,92 manata bərabər olub ki, bu da "üzən məzənnə" rejiminə keçilməsindən bəri ən yüksək həddir. 2016-cı il mayın 25-26-da isə dolların qiyməti minimum həddə - 1,49 AZN/USD-yə düşüb. Bu günə olan rəsmi məzənnə isə 1,700AZN/USD-yə bərabərdir və bu göstərici 2018-ci il martın 7-dən bəri dəyişməyib.
“Koronavirusun budəfəki dalğası əvvəlkilərdən fərqli olacaq. Təbii şəkildə yoluxub-sağalmaqla və ya peyvənd olunmaqla artıq cəmiyyətimizin böyük hissəsi bu və ya digər formada virusla təmasda olub. Virusla təmasda olan şəxs növbəti dəfə virusa yoluxarsa, xəstəliyi yüngül formada keçirir. Burada təbii ki, istisnalar var, ölüm halları olur. Bu istisnalara immun sistemi çox zəif olan şəxslər, yaşlı adamlar, xroniki xəstəliyi olanlar aiddir”.
Bunu publika.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.
O bildirib ki, bəzən xroniki xəstəliyi olan şəxslər həqiqətən də çox xəstə olurlar və buna görə də COVID-19 onlara ciddi təsir edir: “Koronavirus həmin şəxslərdə bəzi xəstəlikləri oyadır, kəskinləşdirir və nəticədə ölümlə nəticələnə bilir. Növbəti yoluxma əvvəlki dövrlərdə olduğu kimi o qədər də qorxulu olmamalıdır. İnsanlar bu dəfə virusa yoluxan zaman xəstəliyi daha yüngül keçirə bilərlər”.
Həkim qeyd edib ki, yoluxmanın artması fonunda insanlar qabaqlayıcı tədbirlər görməli və qoruyucu vasitələrdən istifadə etməlidir.
“İnsanlar bu müddətdə maskadan istifadə etməlidir. Maska gigiyenik vasitədir və tənəffüs yollarını infeksiyadan qoruyur. COVID-19 tənəffüs yolları vasitəsilə yoluxur. Ona görə də maskadan istifadə etmək lazımdır. Xüsusilə də buna ehtiyac olan yerlərdə, qapalı məkanlarda insanlar maska taxsalar sağlamlıqları üçün doğru olar”, - infeksionist qeyd edib.
Yeni dərs ilinin başlanmasına təxminən bir aylıq müddət qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşır. Əvvəlki illərdən fərqli olaraq isə bu il üçün yeni formaların satışı həyata keçiriləcək. Çünki hələ bir müddət Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Bu sənədin isə geyim formalarının şagirdlərin sağlamlığına xidmət edən qərar olduğu bildirilib.
Mövzu ilə bağlı Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov "Report"un sorğusuna cavab olaraq deyib ki, hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.
Onun sözlərinə görə, məktəbli formaları avqustun 16-dan satışa çıxarılacaq. E.Əzimov bildirib ki, Bakı Tikiş Evində məktəbli formaları iki rəngdə (ağ polo, göy şalvar və ətək) və (mavi polo, boz şalvar, ətək) tikilir. O qeyd edib ki, formalar hazırlandıqdan sonra anbarlara yığılır: "Tikilən geyimlərin sayı hələ ki, məlum deyil. Məktəbli formaları pambıq materialındandır. Bir neçə il istifadə etmək mümkündür. Qiymətlərə gəlincə isə, ötən illərlə müqayisədə qiymətlərdə fərq hiss olunacaq. Artıq valideynlər müraciət edir. Geyimləri Bakı Tikiş Evi ilə yanaşı paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq".
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq edib. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Belə ki, təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:
Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;
Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;
Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;
Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.