|
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.
“Bu gün Azərbaycan bir qalib dövlət olaraq işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri ilə məşğuldur. Müharibə başa çatıb və regional sülhün möhkəm və davamlı olmasında ən çox səy göstərən ölkə də məhz Azərbaycandır. Lakin cərəyan edən hadisələr belə deməyə əsas verir ki, bu gün Ermənistanda hələ də revanşizm xülyalarını bəsləyən, erməni faşizmini dirçəltməyə çalışan qüvvələr mövcuddur. Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibənin gedişində bu məsələyə toxunaraq xalqımızın heç vaxt erməni vəhşiliyini, erməni faşizminin cinayətlərini unutmayacağını bildirdi. Dövlət başçımız bir daha erməni faşizmini qidalandıran, onları dəstəkləyən qüvvələrə səslənərək qəti şəkildə bildirdi ki, biz qalib dövlətik və Azərbaycan erməni faşizminin bundan sonra heç vaxt baş qaldırmasına yol verməyəcək”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, yanvarın 30-da Gəncədə Prezident İıham Əliyev tərəfindən təməli qoyulmuş Memorial Kompleksin inşası da məhz erməni faşizminin törətdiyi vəhşiliklərin tarix boyu bəşəriyyətin yaddaşından pozulmaması məqsədinə xidmət edəcək.
“Vətən müharibəsinin gedişində Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistanın cinayətkar ordusu hər zaman olduğu kimi dinc şəhər və qəsəbələrə hücumlar edir, mülki insanlar arasında tələfat törətməklə Azərbaycanı geri addım atmağa məcbur etməyə çalışırdı. Bu məqsədlə erməni faşistləri Mingəçeviri, Bərdəni, Tərtəri, Goranboyu, Ağdam və Füzuli rayonlarını, Naftalan şəhərini bombalayır, raket atəşinə tuturdular. Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq insanların həyatına son qoyub. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi. Ermənilərin Gəncəyə xəyanətkar raket hücunları nəticəsində 6 uşaq həlak oldu. Ümumilikdə isə bu şəhərdə 26 mülki vətəndaş namərd atəşi nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu məsələ ilə bağlı öz etirazlarını bildirəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Lakin ermənilər öz yalanlarının qurbanlarına çevrildilər. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından çox uzaqda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Amma Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi puça çıxdı. Azərbaycan xalqı, hətta dağıntılar altından çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi və bilmədi də. Azərbaycan Ordusu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Ermənistanı diz çökdürdü, məğlub etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz erməni faşizmini məğlub etdi və ədaləti bərpa etdi. Ermənistanın törətdiyi əməllər hərbi cinayətdir və bunu bütün dünya qəbul etməlidir.
Yanvarın 30-da dövlət başçımızın Gəncədə təməini qoyduğu Memorial Kompleks də erməni faşizminin cinayətlərini hər zaman bütün dünyaya xatırladacaq. Bu yaddaş silinməməlidir və heç kim erməni vəhşiliyini unutmamalıdır. Azərbaycan erməni faşizminin ən kiçik təhdidinə dərhal ağır zərbə ilə cavab verməyə hazırdır və hər an bu hüququndan istifadə edə bilər” - deyə K.Qafarov bildirib.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması bütün MDB məkanı üçün mühüm siyasi əhəmiyyət kəsb edən bir hadisədir. Kamaləddin Qafarov ildirib ki, bu hadisə əslində Prezident İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi kimi qiymətləndirilməlidir: “İlk növbədə birmənalı olaraq demək lazımdır ki, Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması bütün MDB məkanı üçün xüsusi əhəmiyyət kəsb edən siyasi hadisədir. Bu məsələ Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Nəzərə almaq lazımdır ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən məhz Azərbaycan Prezidenti olub. Prezident İlham Əliyev əvvəlki illərdə də dəfələrlə erməni faşistləri haqqında öz çıxışlarında məsələ qaldırıb və beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında qəti mövqeyini ortaya qoyaraq bildirib ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Dövlətimizin başçısı MDB Zirvə görüşlərinin birində öz çıxışında cəllad Njde ilə bağlı məsələni qaldırmış və birmənalı olaraq bəyan etmişdi ki, bu faşist qatilinə Ermənistanda qoyulan abidə faktiki olaraq faşizmin təbliğatıdır. Tarixi faktdır ki, Njde ilk öncə günahsız azərbaycanlıları və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgər və zabitlərini qətlə yetirib. Ermənistanda isə onun qəhrəmanlaşdırılması gedir. Aydındır ki, Rusiyanın özünün də eynən Azərbaycan kimi faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralarda olmasına rəğmən Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Prezident İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Rusiya faşizmin baş qaldırmasının və İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinin yolverilməz olması xüsusunda bütün səviyyələrdə tamamilə həmrəydilər. İrəvanda faşist Njdenin adını daşıyan küçələrin, meydanların, metro stansiyasının olması, ona böyük abidənin qoyulması onu göstərir ki, erməni faşizmi hələ də yaşayır və yenidən dirçəlməyə can atır. Buna yol verməmək üçün isə bütün ölkələr, beynəlxalq ictimaiyyət bu məsələdə həmrəy olmalıdırlar. Öz müsahibəsində bu məsələ ilə bağlı konkret mövqeyini növbəti dəfə ortaya qoyaraq Prezident İlham Əliyev bir daha vurğuladı ki, əgər Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilərsə, bu zaman o, yerindəcə məhv ediləcək və bunu hər kəs bilməlidir.”
"Yol-xeber.az" xəbər verir ki, qış tətili günləri Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 29-31 yanvar tarixləridir.
Qeyd edək ki, 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.
Bununla da, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir.
Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərlərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.
Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, müayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq əsir düşmüş, sonra isə geri qaytarılmış Vətən müharibəsi qazisi Amin Musayevə ağır itki üz verib.
"Bu barədə Oxu.Az-a Amin Musayev özü məlumat verib. Belə ki, Vətən müharibəsi qazisinin babası Sadıqov Məmməd Məhəmmədhüseyn oğlu ötən gün 78 yaşında vəfat edib.
Qazimiz babasının vəfatından kədərləndiyini qeyd edib:
"Həyatimda ən dəyər verdiyim insan, mənə atalıq edən insanı itirdim. Mənim atam uşaq yaşlarımda vəfat edib. Anamın atası məni öz övladı kimi böyüdüb, tərbiyə verib. Onun mənim üzərimdə haqqı böyük olub. Bir müddət əvvəl insult keçirmişdi, ondan sonra bütün müalicələrə rəğmən özünü toplaya bilmədi. Təəssüf ki, onu ötən gün itirdim. Vəsiyyətinə uyğun olaraq Ağstafada torpağa tapşırdıq".
“Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafın əsas hərəkətverici qüvvəsi Azərbaycan gəncliyidir. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən baza amillərindən biri məhz gənclərin potensialından səmərəli istifadədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, ölkəmizdə gənc nəslə diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verib.
“Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Təsadüfi deyil ki, H.Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndərimizin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə
gəlişindən sonra isə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bundan bir il sonra, 1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb”, - deyə K.Qafarov bildirib.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaradılmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına böyük stimul verilmişdir.
“Ümummilli Liderin imzaladığı həmin Fərmanla, o cümlədən Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi Araşdırmalar Mərkəzi yaradılmışdır. 2002-ci il 9 aprel tarixində isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən Gənclər siyasətinin
təməlində də Ulu Öndər siyasi irsi durur. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi”, – deyə K.Qafarov qeyd edib.
Millət vəkili bildirib ki, Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün Azərbaycanda artıq yeni, daha yüksək mərhələyə qədəm qoymuşdur. Gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sənəglər imzalanmışdır.
“İlk növbədə, belə bir önəmli faktı qeyd etmək lazımdır ki, dövlətimizin başçısı tərəfindən 2005-ci ildə növbəti 4 ili əhatə edən Dövlət Proqramı təsdiq edilmişdi. Bu proqram sözsüz ki, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının bariz təzahürü idi. 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının daha bir göstəricisi oldu. Əlbəttə ki, Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və bir sıra digər mühüm sənədlər imzalanmışdır.
Millət vəkili sonda deyib: ”Nəhayət, ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Azərbaycan gəncləri Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün bütün Azərbaycan gəncliyi ölkəmizin gələcəyini birmənalı olaraq yalnız Prezident İlham Əliyevlə bağlayır və öz yüksək potensialını xalqına, Vətəninə və dövlətinə şərəf və ləyaqətlə xidmətə yönəldir.”
“Dini qurumlara ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Yəni, bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri şərh edərkən bildirib.
O qeyd edib ki, bununla bağlı müəyyən qaydalar hazırlanacaq: “Həmin qaydalar vasitəsilə də ianələrin forması müəyyənləşdiriləcək”.
Deputat vurğulayıb ki, qanuna təklif edilən dəyişikliklə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək: “Bildiyiniz kimi hazırda ölkədə dini durumla bağlı siyasəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni, Dövlət Komitəsinin müəyyən etdiyi orqan da bu funksiyanı yerinə yetirəcək.
Qanuna təklif olunan dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedir. Hazırda ölkəmizdə “YAŞAT” Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik”.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcək.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyada işıqforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
BDYPİ-dən "Yol-xeber.az"a daxil olan xəbərdarlıqda deyilir:
"Son illərdə paytaxt ərazisindəki küçə və prospektlərdə nəqliyyat axınının tənzimlənməsi, eləcə də piyadaların, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin yolu qarşı tərəfə təhlükəsiz keçmələri üçün bəzi nizamlanan piyada keçidlərində sensor və ya düymə ilə idarə olunan piyada işıqforları quraşdırılıb.
Sürücülər üçün yaşıl işıq siqnalına üstünlük verilən belə işıqforın iş prinsipinə görə qurğuya toxunduqdan bir neçə saniyə sonra avtomobillər üçün qırmızı işıq siqnalı yanır və piyadaların yolun hərəkət hissəsini rahat şəkildə keçməsinə şərait yaranır ki, bu da nəqliyyatın intensiv hərəkət etdiyi yollarda ləngimələrin qarşısının alınmasına hesablanıb.
Lakin müşahidələr göstərir ki, yolu tək keçməyə çalışan bir çox piyadaların sensor və ya düymədən qısa zaman kəsiyində tez-tez istifadə etməsi bu tip işıqforların quraşdırıldığı ərazilərdə süni sıxlığın yaranmasına gətirib çıxarır. Yaxşı olar ki, piyadalar yolu keçərkən ətrafa baxsınlar, əgər başqaları da varsa, onları gözləyib yolu birlikdə keçsinlər. Dünya təcrübəsində də piyadalar nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün bir neçə nəfər toplaşdıqdan sonra sözügedən svetoforların imkanlarından istifadə edirlər.
Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək sensorlu və ya düyməli piyada işıqforlarının quraşdırıldığı ərazilərdə səbrli davranaraq yolu tək-tək deyil, toplu halda keçməyi, özləri ilə yanaşı digər yol hərəkəti iştirakçılarını da nəzərə almağı xahiş edir".
Azərbaycanda rəsmi iş yeri olmayan şəxslər də sığorta olunub.
"Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kordinatoru Pərvin Baxşəliyeva bildirib.
P.Baxşəliyeva qeyd edib ki, rəsmi iş yeri olmayan vətəndaşların tibbi xərcləri dövlət tərəfindən ödənilir.
Daha ətraflı videodan izləyin:
Yanvarın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 14-18° şaxta, gündüz 0-5° şaxta olacaq.