|
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib.
"Yol-xeber.az" xəbər verir ki, paylaşımda deyilir:
“Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş. Doğma torpaqlara qayıdışınızın həyəcanını və sevincini səmimi-qəlbdən sizinlə bölüşürəm!”.
Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır.
“Bununla əlaqədar Azərbaycan Prezidentinin 14 may 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır”,- nazirlikdən bildirilib.
Qeyd edək ki, bəzi şəxslər Azərbaycanda fəxri adlarla təltif olunacaq mədəniyyət və incəsənət xadimlərinin siyahının obyektiv hazırlanmadığını iddia edirlər.
Daxili İşlər Nazirliyi (DİN) 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb.
DİN-in açıqladığı məlumatda bildirilib ki, oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb.
Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Dünən koronavirus səbəbilə 47 yaşında vəfat edən məşhur jurnalist, idman şərhçisi Elnur Əşrəfoğlu Saray qəsəbəsində dəfn olunacaq.
Bizim.Media verdiyi məlumata görə, jurnalistin nəşi bu gün saat 10-11 radələrində vida mərasimi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasından (Semaşko) Sulutəpə qəsəbəsində yaşadığı evə aparılacaq.
O, daha sonra Saray qəsəbəsində ailə məzarlığında dəfn olunacaq.
Qeyd edək ki, jurnalist Elnur Əşrəfoğlu bir aydan çox idi ki, COVİD-19 yoluxması diaqnozu ilə “Yeni klinika”da müalicə olunurdu. Şərhçi oktyabrın 19-da axşam saatlarında vəfat edib.
Allah rəhmət eləsin!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə etməklə 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımını təmin edib.
Bu barədə nazirlik xəbər verir.
Məlumata görə, bu, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanının icrası ilə əlaqədar infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində görülən işlər çərçivəsində baş tutub.
Buna qədər isə Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq ötən il dekabrın 31-dən radio-televiziya yayımı Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Həmçinin bu il oktyabrın 4-də Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilməklə Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı təmin olunub.
Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. O cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin cari ilin sonunadək bərpası nəzərdə tutulur.
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 25 948 nəfər və ya 0,3 faiz artaraq bu ilin sentyabr ayının 1-də 10 145 081 nəfərə çatıb.
Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.
Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.
Xəbər verdiyimiz kimi, Füzulidə Zəfər Parkı və İşğal muzeyi salınacaq. Parkda, həmçinin Zəfər abidəsi də qurulacaq.
Abidə üç hissədən – podium, lövhə və sütunlardan ibarətdir.
Lövhədə Füzulidə ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərimizin adları əks olunacaq. Abidənin davamında 44 sütun olacaq ki, ümumi 44 simvolunu əks etdirəcək.
Bu, yuxarıdan da, bütün hər tərəfdən görsənəcək.
Qeyd edək ki, layihənin müəllifi Rəşad Mehdiyevdir.
Onu da əlavə edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi ilə bağlı Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.
Astara rayonunun Miki kəndində övladını məktəbə aparıb-gətirmək üçün hər gün ayaqyalın çaya girən kənd sakini Fuad Salayevin bu problemi həll olunub.
Qafqazinfo xəbər verir ki, artıq həmin çayın üzərində körpü çəkilib.
Bu, Azərbaycan Ordusunun mühəndis istehkamçılarının dəstəyi ilə baş verib. Belə ki, çayın üzərində körpü funksiyasını yerinə yetirən həm şəxsi heyət, həm də texnikanın hərəkəti üçün nəzərdə tutulmuş keçid quraşdırılıb.
Qeyd edək ki, buna qədər qızını çiynində məktəbə aparıb-gətirməli olan Fuad Salayevin özü də Miki kənd orta məktəbində texnologiya müəllimi işləyir. O, bu problemlə 2006-cı ildən çayın kənarındakı evə köçdüyü gündən üzləşib.
Kənd müəllimi bir neçə gün öncə bildirmişdi ki, dəfələrlə Astara Rayon İcra Hakimiyyətinə qəbula getsəm də, karantin dövrü olduğunu əsas gətirərək icra başçısı ilə görüşə şərait yaradılmayıb. İcra Hakimiyyəti problemi bələdiyyənin üstünə atıb. Bələdiyyədən də büdcədə pul olmadığını bildiriblər.
“Mənim özümün burada körpü tikməyə imkanım yoxdur. Çayın aşağı keçidində ancaq mənim evim var, yuxarı keçiddə isə eyni vəziyyətdə olan 7 ailə var”, – deyə F.Salayev bildirmişdi.
Problemlə bağlı Miki kəndinin də daxil olduğu Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev isə həmin çay üzərində körpünün inşası üçün təxminən 1000 manata yaxın vəsait lazım olduğunu bildirmişdi.
“Bələdiyyənin isə büdcəsində bu tikinti ilə bağlı vəsait yoxdur”, – R.Dədəyev bildirmişdi.