![]() |
|
Ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 200 manat məbləğində müavinət nəzərdə tutulub. Aparılan sorğu göstərib ki, bu müavinətdən hələ də xəbərsiz olan valideynlər var.
2019-cu ilin aprelin 1-dən Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. Lakin bu müavinəti alanlar da var, bundan xəbərsiz olanlar da.
DSMF-nin mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, uşağın anadan olmasına görə birdəfəlik müavinəti həm işləyən, həm də işləməyən valideynlər ala bilər.
O bildirib ki, işləyən valideynə məcburi dövlət sosial siğortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir.
Rəşad Mehdili əlavə edib ki, hər iki valideyn işləmədiyi halda birdəfəlik müavinət Azərpoçt MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti Azərpoçtun istənilən filial və ya şöbəsindən əldə edə bilərlər.
Qurum rəsmisi deyib ki, müavinətlə bağlı əlavə məlumat almaq üçün DSMF-nin sosial siğorta və fərdi uçot üzrə mərkəzi filialının çağrı mərkəzinin (012)562 20 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət üçün müraciət müddəti məhdudlaşdırılmır.
Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 0-3° şaxta olacaq.
Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etmişdi.
Bu xəbərdarlıqdan sonra Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov baku.ws-ə açıqlamasında bildirib ki, edilən xəbərdarlığa əsasən ölkə ərazisində havanın kəskin dəyişməsi, küləyin sürətinin artması yollarda müxtəlif problemlərə səbəb ola bilər.
Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı qurum rəsmisi sürücülərə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini və əgər yola çıxmaq məcburiyyətində qaldıqda xüsusilə sürət hədlərinin yüksək olduğu yerlərdə hava şəraitinə uyğun sürəti müəyyənləşdirməyi məsləhət görüb.
“Bir müddət əvvəl küləyin sürətindən yollarda iri yük avtomobilləri aşmışdı. Bundan başqa, güclü külək səbəbindən yollarda müxtəlif qəzalar baş vermişdi. Bu səbəbdən sürücülər yollarda diqqəti artırsınlar. Moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Yüngül minik maşını sürücüləri də yollarda hərəkət edərkən maksimum diqqətli olmalıdırlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsizdir və təhlükəlidir. Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, hündürmərtəbəli binaların, ağacların yanından hərəkət edərkən diqqətli olsunlar. Ehtiyac olmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırsınlar. Aşma ehtimalı olan ağacların altında avtomobil saxlamaq olmaz”, - deyə Vaqif Əsədov bildirib.
Qurum rəsmisi onu da əlavə edib ki, əgər ehtiyac yaranarsa, müəyyən magistrallarda sürət həddi endirilə bilər.
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin əməkdaşları şəhidlərimiz - leytenant Niftəliyev Ümüd Oruc oğlu, gizir Cabbarov Orxan Hətəm oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu, əsgər Ağayev Elçin Mərifət oğlu, əsgər Əlizadə Elmin Samir oğlu, əsgər Əliyev Elçin Ramil oğlu, əsgər Xəlilov Murad Qalib oğlunun ailələri ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər.
Ailə üzvlərinə sosial təminat hüquqları, qanunvericilikdə onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlar barədə məlumat verilib. 7 şəhidimizin 14 ailə üzvünə müraciətlərinə ehtiyac qalmadan, zəruri sənədlər toplanaraq Prezidentin aylıq təqaüdü və müavinət, ümumilikdə 15 ödəniş təyinatı həyata keçirilib.
Vətən müharibəsindən xüsusi kadrlar yayımlanıb.
Kadrlar ilk dəfə olaraq “Belə Belə İşlər” kanalında təqdim edilib.
Müharibəni addım-addım lentə alan, igid hərbçilərimizi tarixə həkk edən operator və jurnalistlər real kadrlar əsasında hazırlanan sənədli filimdə yer alıb. Onlar müharibənin ilk günündən, gecə-gündüz demədən ermənilərin atdığı kasetli bombaların altında əsgərlərimizlə çiyin-çiyinə öz vəzifə borclarını yerinə yetiriblər. Bu qəhrəmanlarımız sayəsində düşmənin məhv edilməsini görmüşük.
Azərbaycan Ordusunun Sənədli və Tədris filmləri mərkəzinin əməkdaşlarıyla bağlı çəkilən filmi təqdim edirik:
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
"Dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad ediləcək.
Xatırladaq ki, dəyişiklik layihəsinin birinci oxunuşuna əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulurdu.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” və “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri II oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi isə 200 manat məbləğində müəyyən edilib.
Hər iki layihə II oxunuşda təsdiqlənib.
Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında noyabrın 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
“Xalqımız soruşur ki nəyə görə xaricdə enerji daşıyıcılarının qiyməti və digər məhsulların qiyməti bizdəkindən ucuzdur? Hökumət rəsmilərinin bunlara bəlkə hansısa əsaslandırması var. Belədirsə, bahalaşma hansı faktorlarla əsaslandırılırsa onu xalqa izah edin. Axı bu bahalaşma belimizi qırır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışında deyib. O qeyd edib ki, İqtisadiyyat Universitetində 30 nəfər xüsusi istedadlar qrupunuu bitirib: “Ancaq onların biri də ölkədə qalmayıb. Bu işsizlik məsələsinin üstündə durmaq lazımdır”.
Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır: “Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması , müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır”.
“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib”.
Bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Milli Məclisin sürücülərinə kurslar təşkil edilib: “Hətta burada ekspert vəzifəsində işləyənlər müşavir kimi irəli çəkilib. Bu da sədrin Milli Məclisin işçilərinə diqqətindən irəli gəlir”.
T.Kərimli qanunverici orqanın ötən dəfəki iclasında çıxışına görə spiker Sahibə Qafarovadan üzr istəyib.
S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatları cəmiyyətə verməsin.