Azərbaycanda ağır COVID-19 xəstələrinə qan köçürülməsinə başlanıldı
Artıq Azərbaycanda ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb.

 TƏBİB bu məqsədlə COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırıb.

Donor olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Mərkəzi Qan Bankı

Mirəli Qaşqay küçəsi 87
☎ 907
☎ +99412 440 65 86
☎ +99412 440 78 50
☎ +99412 441 66 52

Azərbaycanda daha bir vəzifəli şəxs
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev vəzifəsindən azad olunub.

Report xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsi MTRŞ sədrinin köməkçisi Fazil Novruzova tapşırılıb.

Qeyd edək ki, A.Hacıyev 2019-cu ilin yanvar ayından MTRŞ-nin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 4-də imzaladığısərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə MTRŞ-nin üzvü təyin edilib. Aprelin 6-da MTRŞ-nin keçirilən iclasında Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, bu barədə ilk xəbəri unikal.org yayıb.

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər
Xəbər verdiyimiz kimi dünən Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər isə sağalıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı artarsa mayın 11-dən karantin rejim sərtləşdirilə bilərmi?

Bununla sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, etiraf etməliyəm ki, son günlərin statistikası məyus edicidir:

"Vətəndaşlarımız hər gün koronavirusa yoluxanların sayının azalması və karantin rejiminin yüngülləşdirilməsi ilə bağlı xoş xəbərləri gözlədiyi halda, əks məlumatlar alması üzücüdür. Bunun əsas səbəbi aprel ayının 27-də karantin rejimi qismən yumşaldıldıqdan sonra, bir çox insanlarda arxayınlıq yaranması və kütləvi şəkildə küçələrə axışmasıdır. İctimai nəqliyatda, ticarət obyektlərində, bankların qarşısında, dayanacaqlarda, sosial məsafə saxlamadan müəyyən olunmuş qaydalara riayət etmirlər. Nəticə göz qabağındadır. Bir gündə 76 nəfərin virusa yoluxması pis haldır. Əgər, belə davam edərsə, mayın 11- də karantin rejimi nəinki yumşaldılar, əksinə daha da sərtləşdirilməsini proqnozlaşdıra bilərik. Aydındır ki, insanlar normal həyat rejiminə qayıtmaq istəyir. Bunu ilk növbədə hökumət də arzulayır. Ancaq bu ilk növbədə vətəndaşlarımızdan karantin rejiminin qaydalarına ciddi riyaət etmək, məsuliyyətli olmaq tələb olunur. Səbrli olaraq, milli birlik nümayiş etdirməklə koronovirusa qalib gəlməli, lüzumsuz risk edərək özümüzü və yaxınlarımızın həyatını təhlükəyə qoymamalıyıq".

Birdəfəlik ödəmə alanların sayını işsizlik səviyyəsi ilə əlaqələndirmək olarmı?
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə (190 manat) alanların sayının işsizlik səviyyəsi ilə əlaqələndirməsinə münasibət bildirib.

Nazir “Azərbaycan” qəzetinə müsahibəsində bu əlaqələndirmənin səthi yanaşmadan irəli gələn yanlış fikir olduğunu deyib.

Sahil Babayev qeyd edib ki, birdəfəlik ödəmə proqramı təkcə işsizləri deyil, qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxsləri, vaxtamuzd çalışanları, habelə iqtisadi qeyri-fəal əhalini də əhatə etdi, bu kimi aztəminatlı şəxslərin də minimum ehtiyaclarını ödədi:

"İkincisi, şəxsin məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyatı üçün əvvəlcə o, işaxtaran kimi qeydə alınır, bəlli bir müddət ərzində ona münasib iş təklif olunmadıqda, işsiz kimi qeydiyyata alınır. Birdəfəlik ödəmə proqramına başlanarkən həmin insanların pandemiya dövründə daha çevik şəkildə, qısa müddətdə maddi dəstəklə təmin edilmələri prinsipi üstün tutuldu. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara əsasən bu kateqoriyadan olan şəxslərin “E-sosial” portalı üzərindən onlayn müraciətləri əsasında dərhal işsiz kimi qeydiyyata alınmasına şərait yaradıldı".

Onun sözlərinə görə, birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər (yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və s.) də oldu: "Bu şəxslərin hamısının işsizlərə aid edilməsi əlbəttə düzgün deyil və sadə dillə desək faktların təhrif edilməsidir. İşsizliyin səviyyəsinə gəldikdə, bu səviyyənin ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi, Beynəlxlalq Əmək Təşkilatının (BƏT) metodologiyası götürülür. Bu metodologiyaya əsasən, yalnız əmək qabiliyyətli yaşda olan o şəxslər işsiz sayılır ki, həmin şəxslərin müayinə keçirilən dövrdə qazanc (gəlir) gətirən məşğuliyyəti olmasın, son bir ayda aktiv iş axtarsın və iş təklif olunduğu andan ən geci iki həftə ərzində işə başlamağa hazır olsun. Bu zaman muzdla işləyən şəxslər, fərdi sahibkarlar (o cümlədən, işəgötürən və ya sabit vergi ödəyiciləri kimi fəaliyyət göstərənlər), ev təsərrüfatlarında məşğul olanlar, mülkiyyətdən qazanc əldə edənlər, iqtisadi qeyri-fəal əhali nəzərə alınmır. İşsizlik bütün dünyada iqtisadi qeyri-fəal əhalinin deyil, iqtisadi fəal əhalinin məşğul olmayanlarını özündə ehtiva edir".

Azərbaycanda koronavirusla bağlı yeni qayda
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkədə həyata keçirilən tədbirlərə dəstək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsi tərəfindən ölkə üzrə 120 nümunə qəbulu məntəqəsi və 19 laboratoriya avtomatlaşdırılıb.

Agentlikdən verilən məlumata görə, sözügedən müəssisələr kompüter avadanlıqları, printerlər, bar kod oxuyucuları, operativ şəkildə nümunələrin qəbulu və nəticələrin əldə edilməsi üçün proqram təminatı ilə təchiz olunublar.

Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün analiz nümunələrinin qəbulunu həyata keçirən nümunə qəbulu məntəqələrinə pandemiya ilə mübarizəyə ayrılmış xüsusi rejimli tibb müəssisələri və təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir.

Məqsəd koronavirusla bağlı aparılan testlərin nəticələrinin avtomatik olaraq vahid məlumat bazasına işlənilməsini təmin etmək, nəticələr barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı, eləcə də digər aidiyyətli dövlət qurumlarını elektron şəkildə məlumatlandırmaqdır.

Həmçinin Agentlik test nəticəsi neqativ olan şəxslərə SMS ismarıcın göndərilməsini təmin edib. Belə ki, testin nəticəsi neqativ olan şəxslər bu barədə məlumatı Agentlik tərəfindən göndərilən SMS ismarıc vasitəsilə əldə edəcəklər.

İcra başçısı oğluna 450 minlik lüks maşın aldı
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 manat) dəyərində olan avtomobil alıb.

Unikal.org məlumatına görə, R.Babaşovun oğlu Elşən Babaşov hazırda işə öz adında olan “Mercedes Benz G-63 AMG” markalı avtomobillə gedir.

 

190 manat ödənişlə bağlı
İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 100 min nəfər üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  məlumat verilib.

Bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesi yekunlaşıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 minə çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib.

Onlar göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank filiallarından vəsaitlərini alıblar.

May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyin sifarişi ilə hazırlanan kartlar banklar tərəfindən hazırda onlara tədim edilir.

Digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, Nazirlik bu sahədə də şəffaflıq və ictimai açıqlıq prinsipini rəhbər tutur. Bu məqsədlə, birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısını da Nazirlik rəsmi saytında yerləşdirib. (http://sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/Siyahi600.pdf)

Xatırladaq ki, ötən dövrdə həmçinin,

- ünvanlı dövlət sosial yardımı alanların siyahısı (http://sosial.gov.az/udssiyahi),

- imtiyazlı şəxslərin mənzil və fərdi ev növbəliliyi siyahısı (http://sosial.gov.az/novbeyedayananvetendashlarinsiyahisi),

- imtiyazlı şəxslərin avtomobil növbəliliyi siyahısı (http://sosial.gov.az/avtomobilleteminat),

- mənzillə təmin edilənlərin siyahısı (http://sosial.gov.az/menzilleteminat),

- avtomobillə təmin edilənlərin siyahısı (http://sosial.gov.az/avtomobilleteminat),  

- ödənişli ictimai işlərə cəlb edilənlərin siyahısı (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work) da Nazirliyin saytında yerləşdirilib.

Eyni zamanda, özünüməşğulluq proqramına cəlb edilənlər və onlara təqdim edilmiş aktivlər, aktivlərin təhvil verilməsini əks etdirən rəsmi sənədlər (skan edilmiş formada), foto və videomateriallar  da saytda (https://mas.mlspp.gov.az/selfemployment/) yer alıb.

Metro nə vaxt açılacaq?
Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 11-də Bakı Metropoliteni QSC-nin fəaliyyətini bərpa edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində bunları deyib.

“Metronun fəaliyyətini bərpa etməsi vəziyyətdən asılıdır. Hər şey xəstəlikdən asılıdır. Ayın 11-nə doğru tendensiyanın necə olacağı müvafiq qərar qəbul etməyə imkan verəcək”.

Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılacaq
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) qurumun sədri Cavid Qurbanovun rəhbərliyi ilə videokonfrans şəklində kollegiya iclası olub.

"Yol-xeber.az" “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, iclasda pandemiya dövründə ADY-nin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib. 

İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.

Hava kəskin dəyişir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, mayın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə, 3-5 dərəcə aşağı enəcək.

Mayın 6-da Azərbaycanın qərb rayonlarından başlayaraq 8-dək əksər rayonlarda havanın dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında isə güclü olacağı gözlənilir. 

Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi mayın 7-də bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu mayın 7-də ötən günlərlə müqayisədə, 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Xəbər lenti