![]() |
|
FED.az xəbər verir ki, bunu BNA-nın rəhbəri Vüsal Kərimli deyib.
O bildirib ki, pandemiyadan sonra ekspress xətlərin qalması məsələsi analiz olunacaq: “Çünki ictimai nəqliyyat, məsələn, metro və marşrut avtobusları müəyyən yerlərdə bir-birini təkrarlamamalıdır. Bu, həm iqtisadi cəhətdən, həm də yol infrastrukturu tərəfdən səmərəsiz sayılır. Amma 1 manatlıq taksilərin fəaliyyəti ilə əlaqədar analiz etmişik. Pandemiya dövründən sonra da xüsusi ekspress marşrut taksi sisteminin tətbiq olunması planlaşdırılır.
Məsələn, Həzi Aslanov - Koroğlu, Koroğlu – 20 Yanvar istiqamətlərindəki qeyri-qanuni taksi fəaliyyəti nəzərdə tutulub. Bu istiqamətdə ekspress xətlər buraxılacaq. Bundan başqa, günün müəyyən saatlarında da ekspress xətlər istifadəyə verilə bilər. Dünya praktikasında da bu var. Pik saatlarda, məsələn, Lökbatandan Bakı mərkəzi istiqamətinə çox böyük istək var. Səhər pik saatlarda oraya ekspress xətlər buraxıla bilər. Amma normal vaxtlarda ekspress xətlər dayanacaq. Ekspress xətlərə metro açıldıqdan sonra sərnişin axınının analizinə əsasən baxılacaq”.
Bundan sonra kredit borcu olanlar da ünvanlı sosial yardım ala biləcəklər.
Bu barədə ƏƏSMN-nin şöbə müdiri Babək Hüseynov məlumat verib.
”Kreditlərin ünvanlı sosial yardım təyin edilməsində heç bir əhəmiyyəti qalmayacaq. Bundan başqa yardım təyin edilən zaman vətəndaşlardan, əmək haqları, pensiya təyinatı, əlillik statusu, işsizlik statusu, nəqliyyat vasitəsinin olub olmaması, ödənişli əsaslar ilə təhsil alma, fərdi ev və s kimi məlumatlar soruşulmayacaq.”
Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.
Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq. Qeyd edək ki, son iki ayda ünvanlı sosial yardım alan ailələrin sayı 12 min artaraq 82 mini ötüb. (metbuat.az)
İyunun 18-də, “Nəsimi Bazarı” ASC-in səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq bazarın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Nəsimi Bazarı”nın 2019-cu il üçün maliyyə hesabatının müzakirə edilməsi, səhmdar cəmiyyətinin İdarə heyəti üzvlərinin seçilməsi, təmir-tikinti işləri ilə əlaqədar bazarın fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və digər məsələlər daxildir. /report/
Yeni qaydaya görə bərbər və repetitor xidməti göstərənlər, mobil telefon, qızıl, bəzək və geyim əşyaları satanlar sabahdan etibarən müəyyən qaydalara əməl etməlidirlər. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır.
Xezerxeber.az xəbər verir ki, xüsusi karantin rejimində xidmət sahələrində koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib. Qaydalara görə, sabahdan etibarən bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.
Bununla yanaşı, bərbərlər işə başlamazdan əvvəl və sonra əllərini yumalıdırlar. Onlarla birgə çalışan şəxslər iş prosesində önlük geyinməlidirlər. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi isə məcburidir.
Bərbərlər infeksiyanın qarşısını almaq üçün müştərilərin saçını yuyan zaman hər bir müştəri üçün ayrı dəsmaldan istifadə etməlidirlər. Həmin şəxslər qayçı, ülgüc və təraş maşınlarından istifadə etməzdən əvvəl həmin alətləri mütləq dezinfeksiya etməlidirlər.
Sabahdan etibarən fərdi tədris və repetitor xidmətləri göstərən şəxslər də bəzi qaydalara əməl etmək məcburiyyətindədirlər. Bu şəxslər onlayn tədris prosesinə üstünlük verməlidirlər. Bundan başqa, abituriyentlərə tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Bununla yanaşı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalı və fasilə zamanı otaq havalandırılmalıdır.
Sabahdan etibarən geyim əşyalarının satıldığı yerlərdə dəyişmə otaqlarından istifadə də qadağan olunub.
Bununla yanaşı, bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personal müvafiq təlim keçməlidir. Kitab, qəzet və dəftərxana mallarının satışında onlayn satışlara üstünlük verilməlidir.
Kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır. Mobil cihazların və aksesuarlarının, eləcə də qızıl və bəzək əşyalarının satışı zamanı müştəri tərəfindən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya olunmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Müdafiə Nazirliyi xəbər verir ki, qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən sonra general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.
Ön xətdə olan Müdafiə naziri cəbhənin Talış kəndi istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.
Sonra tank bölmələrində olan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov tank ekipajları ilə görüşərək onların döyüş hazırlığını yoxlayıb və xidmətləri ilə maraqlanıblar.
Sonda hərbi qulluqçularla birgə nahar süfrəsi təşkil edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər saatlarında duman olacaq.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
Ölkəmizdə karantin rejiminin yumşaldılması ilə əlaqədar rayonlararası gediş-gəliş bərpa edilib. Buna baxmayaraq Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə şəhər və rayonları ilə bağlı məhdudiyyətlər qalmaqdadır.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev rayonlararası gediş-gəlişlə bağlı ən çox verilən sualları "MediaPost"a cavablandırıb:
- Qeydiyyatı Bakıda olan və karantinə görə Bakıda qalan şəxs başqa rayonlara gedə bilərmi?
- Xeyr, başqa rayona gedə bilməz. Abşeron, Bakı, Gəncə, Sumqayıt və Lənkəran sakinləri yalnız SMS və yaxud da icazə portalında icazəsi olan şəxslər, yəni hərəkətinə icazə verilmiş şəxslər hərəkət edə bilərlər. Bu da rayonlara getmək üçün deyil. Bu rayon və şəhərlərin sakinləri başqa bölgələrə gedə bilməzlər. Eləcə də digər rayon və şəhərlərdə yaşayanlar da adıçəkilən 5 inzibati əraziyə gələ bilməzlər. Amma başqa rayonlar arasında gediş-gəliş mümkündür.
- İş yeri barədə rəsmi sənədi olmayan və Bakıda işləyən şəxslər Bakıya qayıda bilərmi?
- Əgər hər hansı bir vətəndaşın işlədiyi sahənin fəaliyyətinə icazə verilibsə və həmin şəxslərin adları işəgötürən tərəfindən icazə portalına daxil olunubsa, gəlib işləyə bilərlər. Adı icazə portalında olmayan şəxslərin Bakıya gəlməsinə icazə verilmir.
- Bakı qeydiyyatı olub karantindən əvvəl rayona gedən şəxslər Bakıya qayıda bilərmi?
- Bakı qeydiyyatı olub rayonda qalan şəxslərin bura qayıtmasına icazə verilir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda vətəndaşların işlədiyi yer varsa, rəsmi olaraq iş yerinin fəaliyyətinə icazə verilibsə, onu işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə icazə portalına onun haqqında məlumat daxil edildikdən sonra gələ bilər.
- Məsələn, Bakı qeydiyyatı olan şəxslər karantindən əvvəl tutaq ki, Ağstafaya gedibsə, indi oradan başqa bir rayona - Şəmkirə getmək istəyir. Həmin şəxslərin hərəkətinə icazə verilirmi?
- Əgər daimi qeydiyyatı Bakıdırsa, o, Bakıya gələ biləcək. Həmin şəxsin Şəmkirə gedib-gəlməsində heç bir problem yoxdur. Çünki artıq digər rayonlararası postlar yığışdırılıb. Hazırda əsasən Bakı, Lənkəran, Sumqayıt, Gəncə və Abşeron hüdudlarından kənara və daxilə gediş-gəlişə icazə verilmir.
- Rayon qeydiyyatı olanlar və karantindən əvvəl Bakıda qalan şəxslərin geri qayıtmasına icazə varmı?
- Rayon qeydiyyatı olan şəxslərə əvvəlcədən imkan yaradılmışdı. Karantin rejimi yeni başlayanda icazə verildi ki, kiminsə qeydiyyatı rayondadırsa, getsin. Nə üçün həmin müddətdə getməyiblər? Onlar bayıra çıxanda polislər niyə bayıra çıxdıqlarını soruşmayacaqlar?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur.
Bu məqsədlə Nazirlik tərəfindən yeni layihə hazırlanıb. Layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq.
Müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.
I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq.
Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.
Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.
Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək. Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.
Qeyd edək ki, son vaxtlar ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi nəticəsində proqramın əhatə etdiyi ailələrin sayı artıb.
Təkcə son bir ayda ünvanlı yardımı alan ailələrin sayı 12 min (50 min ailə üzvü) artaraq 1 may tarixinə 82 mini (342 min ailə üzvü) ötüb. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 224 manatdır.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu cür halların yolverilməzliyi baxımından, mayın 3-də, həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri-iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib.
Bu növ pozuntulara yol verən yalnız Bakı şəhəri üzrə 275 nəfər saxlanılaraq, hər biri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsdən ciddi səbəb olmadan evdən çıxmamaları tövsiyə edilir.
Əksər sürücülərin pandemiya dövründə marşurt avtobuslarının və taksilərin fəaliyyətinə dair sabahdan tətbiq ediləcək qaydalardan məlumatı yoxdur.Yeni qaydalarda qeyd edilib ki, sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır.
Bakıda marşurt avtobuslarında çəkiliş apardığımız zaman məlum oldu ki,əksər avtobuslarda bu arakəsmələrin quraşdırılmasına ehtiyyac var.Ancaq bəzi sürücülərin onlara sahibkarlar tərəfindən bu barədə məlumat verilmədiyinin bildirsələrdə,yeni qaydadan məlumatlı olanlarda var.
Bu gecədən tətbiq ediləcək digər bir qayda isə taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlıdır. Qaydalara görə, Şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Bundan əlavə, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.
Qaydalara görə,bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır. Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılmasına əməl etməlidirlər.Bundan başqa sürücülər arasında təmaslar minimuma endirilməlidirlər.Ümumilikdə isə bu qaydalara əməl etməyənələr 100 manat miqdarında cərimə oluna bilərlər.