CHP-nin sabiq millət vəkili Məhməd Tüm cəzalandırıla bilər.

Axar.az xəbər verir ki, prokurorluq onun edam edilmiş inqilabçı Dəniz Gəzmiş barədə söylədiyi xoş sözlərə görə istintaq aparır. Daxili İşlər naziri Süleyman Soyluya "Adı Soylu olan o soysuz adam" deyən M.Tüm MHP lideri Dövlət Bağçalıya da "Dəniz sənin kimi əqidəsindən dönük deyil" ifadələri işlədib.

O, D.Gəzmişi ölkənin müstəqilliyi uğrunda edam kürsüsünə məğrur gedən qəhrəman adlandırıb. Prokuror isə Tümün cəzalandırılmasını və ictimai vəzifələrdən məhrum edilməsini istəyib.

Qeyd edək ki, D.Gəzmiş və dostları Yusif Aslan, Hüseyn İnan ABŞ imperializminə qarşı mübarizə aparan sosialistlər olublar, hərəkata liderlik ediblər və 1972-ci ildə Türkiyədə edam olunublar.

Mübariz İbrahimovu cinayətkar adlandırmaq şərəfsizlik və vətənə xəyanətdir. O, Azərbaycanın Milli Qəhramanı və xalqın igid oğludur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa jurnalist Xədicə İsmayılın Ramil Səfərovla bağlı geniş əks-reaksiya doğuran statusundan sonra Milli Qəhrəman Mübariz İbrahimovun da adının hallandırılmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycanın milli qəhrəmanlarına dil uzadanlar erməni mövqeli xain, şərəfsiz insanlardır:

“Mübariz İbrahimovun etdiyi sırf cəbhə xəttində baş vermiş hadisədir. Hadisə Ermənistan torpağında baş verməyib, öz torpaqlarımızda olub. Azərbaycan ərazisinə soxulmuş düşməni məhv eləmək hər bir hərbçinin vəzifə borcudur. Mübariz İbrahimov da bu vəzifəni şərəflə yerinə yetirib. Ümumiyyətlə, Ramil Səfərov və Mübariz İbrahimovu cinayətkar adlandırmaq şərəfsizlikdir, bunun başqa adı yoxdur. Bu cür çıxış edənlər erməni mövqeyindən məsələyə baxanlardır. Onlar bu söhbətləri qabardaraq özlərini göstərməyə çalışır ki, guya bunlar insansevər və demokratdırlar”.

Mərkəzi Aran regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 24-i axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

Bu barədə Axar.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

“Texniki Departamente tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır", - deyə qurum rəsmisi qeyd edib.

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən layiq görüldüyü Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafatı zamanı aldığı 2000 manat pulu böldüyü gənclərdən biri də gənc şairə Əfsanə Rəvan olub.

Bu barədə Kult.az-a gənc şairənin özü məlumat verib.

“Həyat yoldaşıma zəng gəldi və bildirdilər ki, pulu ADU-dan götürə bilərik. Sevincimin həddi-hüdudu yoxdur. Kamal Abdullaya təşəkkür edirəm. O, hər zaman gəncləri düşünür. Kamal Abdulla bizim üçün gözəl örnəkdir”, - Əfsanə Rəvan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən layiq görüldüyü Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafatına görə ona verilən pulu 4 gənc yazıçı arasında böləcəyini bildirmişdi.


Son vaxtlar Azərbaycanın qəhrəman oğlu Ramil Səfərovla bağlı birisinin apardığı qarayaxma kampaniyası ictimaiyyətdə böyük hiddət doğurub.

Onunla bağlı neqativ sözlərə ən ideal cavab elə Ramil Səfərovun Macarıstanda məhkəmə zalında səsləndirdiyi fikirlərdir.

Axar TV Ramil Səfərovun möhtəşəm çıxışını təqdim edir:

ONA-nın redaktoru Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı çətin sual qarşısında qoyub.

Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Avrasiya Media Forumunda iştirak edən redaktor Cavid İsmayıl forum çərçivəsində təşkil olunmuş "Etimad böhranı. Qüvvələrin qlobal paylaşılması" adlı panelin spikerlərindən olan Anna Akopyana sual verib.

Cavid İsmayıl paneldə Azərbaycan və Ermənistan qadınları arasında etimad mühiti yaratmağın vacibliyindən danışan A. Akopyana bu sualı ünvanlayıb:

"Çıxışınızda Azərbaycan və Ermənistan qadınları arasında etimad mühitinin yaradılması barədə danışdınız. Siz və həyat yoldaşınız, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda 20 ildən artıq hakimiyyətdə olan Köçəryan və Sərkisyana qarşı mübarizə aparan şəxs kimi tanınmısınız. Lakin maraqlıdır ki, oğlunuzu hərbi xidmət üçün Dağlıq Qarabağa göndərmisiniz. O Dağlıq Qarabağa ki, Ermənistanın rəsmən və beynəlxalq hüquq tərəfindən tanınmış ərazisi deyil. Bundan başqa, həyat yoldaşınız, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də - Azərbaycanın Şuşa şəhərinin işğalı günündə Şuşaya getdi və kameralar qarşısında rəqs etdi. Belə olan halda yürütdüyünüz Qarabağ siyasəti Köçəryan-Sərkisyan rejiminin yürütdüyü siyasətdən nə ilə fərqlənir? Necə düşünürsünüz, Ermənistan tərəfindən və şəxsən ailəniz tərəfindən bu kimi hərəkətlərə yol verildiyi halda, Azərbaycanla Ermənistan arasında etimad mühiti yarana bilərmi? Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların ruhuna nə dərəcədə uyğundur? İkinci sual. Ermənistanla Türkiyə arasında etimad mühitinin yaranması üçün hansı addımları atmağı düşünürsünüz?"

Panelin moderatoru, britaniyalı aparıcı və prodüser Stiven Koul C. İsmayıl sual verərkən onu siyasi bəyanatlar səsləndirməməyə çağırıb və çıxışını kəsmək istəyib. Lakin jurnalist siyasi bəyanat səsləndirmədiyini, sualının nə ilə əlaqəli olduğunu izah etdiyini bildirərək, çıxışını tamamlayıb.

A. Akopyan isə sualdan yayınaraq, ümumi və dağınıq cavab səsləndirib. O, detallara və ya siyasətə girmək istəmədiyini, tədbirdə qadın kimi təmsil olunduğunu, bir qadın və ana kimi mesaj verdiyini bildirib:

"Lakin onu demək istəyirəm ki, biz hələ də münaqişədəyik. Müharibə başa çatmayıb. Ona görə bizim oğlumuz Dağlıq Qarabağda orduda xidmət edir. Mənim mesajım, bir-birinə etimad etməyə başlamaq və münaqişənin həllini müharibə deyil, danışıqlar vasitəsi ilə həll etməyə çalışmaqdır".

2016-cı ilin aprel hadisələrini xatırladan A. Akopyan qeyd edib ki, onun mesajı eyni hadisənin bir də heç vaxt təkrarlamaması, münaqişənin danışıqlar yolu ilə həllini düşünməyə başlamaqdır.

A. Akopyan ikinci suala isə ümumiyyətlə cavab verməyib.

Qeyd edək ki, iki gün davam edən XVI Avrasiya Media Forumunda Azərbaycanı JTI şirkətinin dəstəyi ilə ONA Informasiya Agentliyinin redaktoru Cavid İsmayıl və musavat.com saytının rəhbəri Xalid Kazımlı təmsil edib.

2018-ci ildən fəaliyyətə başlayan Hədəf STEM Liseyi tədris ilinin sonunda istedadlı şagirdlərə dəstək məqsədilə yeni bir layihəyə start verib.

Axar.az xəbər verir ki, layihə ümumilikdə 20 şagirdi əhatə edəcək.

Bu layihə əsasında 5 məktəbli liseydə ödənişsiz təhsil alacaq. Bundan başqa isə 5 nəfərə – 70%, 5 nəfərə – 50%, 5 nəfərə – 30% güzəştlə təhsil almaq imkanı yaradılır.

Hədəf Liseyinin qurucu direktoru, dosent Şəmil Sadiq növbəti ildə güzəşt qazanacaq şagirdlərin sayının artırılacağını deyib.

Bu müsabiqədə iştirak etmək üçün şagirdlər:

- Dövlət İmtahan Mərkəzinin 2 iyun tarixində keçirəcəyi Buraxılış imtahanında 80%-dən yuxarı nəticə göstərməlidir.

- 2019-2020 tədris ili üzrə Təhsil Nazirliyinin Fizika, Kimya, Riyaziyyat, İnformatika üzrə (hər hansı bir fəndən) olimpiada və ya beynəlxalq müsabiqələrdə, o cümlədən Hədəf Kurslarının qəbul imtahanında 600-dən yuxarı bal toplayan, ilk üç yerdən birini qazanan şagirdlər müraciət edə bilər.

Sənədlər:

- Şəxsiyyət vəsiqəsinin surəti;

- DİM-in Buraxılış İmtahanının nəticə vərəqi;

- 2019-2020 tədris ili üzrə Təhsil Nazirliyinin Fizika, Kimya, Riyaziyyat, İnformatika üzrə (hər hansı bir fəndən) olimpiada və ya beynəlxalq müsabiqələrdə, o cümlədən Hədəf Kurslarının qəbul imtahanın nəticəsini təsdiq edən sənəd.

Hədəf STEM Liseyinə qəbul olan şagirdlər X-XI siniflərdə – seçdikləri ixtisas üzrə (DİM-in ixtisas qrupları üzrə abituriyent proqramı, İELTS, YÖS, SAT proqramları) hazırlıq, dərslik, geyim, gündə iki dəfə yeməklə təmin ediləcək.

Sənədlərin son təqdimetmə tarixi 10 iyuldur. Namizədlər arasından seçim komissiya tərəfindən müsabiqə yolu ilə aparılacaq.

Əlavə məlumat üçün hedefliseyi.edu.az saytına baxa və ya *2018 nömrəsinə zəng edə bilərsiniz.

Mayın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 23-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında mayın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşotun xidməti yeri dəyişdirilib.

Axar.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdəki erməni səhifələrində yayılıb. Məlumata görə, Aşot Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib.

Məsələyə Ermənistan Müdafiə Nazirliyi də münasibət bildirib. Nazirliyin Mətbuat katibi Artsrun Ovannisyan Feysbuk səhifəsində yaydığı açıqlamada yenə Azərbaycanı ittiham edərək, dolayısı yolla həm Bakını yayılan xəbərlərin arxasında dayanmaqda ittiham edib, həm də özü də bilmədən yayılan şayiələri təsdiqləyib:

“Mən Azərbaycan stilindəki məqalə başlıqlarını şərh etməyəcəyəm. Ermənistan Silahlı Qüvvələrinin istənilən hərbçisi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif toplanış, imtahan və hərbi təlimlərdə iştirak edə bilər”.

Qeyd edək ki, Nubaraşendə 2017-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin V korpusu yerləşib. Sonradan bu korpus Rusiya-Ermənistan Birləşmiş Qoşunlarının tərkibinə verilib. İrəvanla Moskva arasındakı razılaşmaya əsasən, vahid ordu birləşməsinin tərkibinə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası da daxil edilib. Qruplaşmaya Rusiya prezidentinin razılığı ilə Ermənistan dövlət başçısı komandan təyin edir. Hazırda komandan vəzifəsini Tiqran Pərvanyan icra edir.

Sülh vaxtı qruplaşma Ermənistan ordusunun Baş Qərargahına, müharibə zamanı isə Rusiya ordusunun Baş Qərargahı və Cənub Hərbi Dairəsinə tabe olur. Qruplaşmanın rəhbərinin müharibə vaxtı kimə tabe olacağı haqqında qərarı isə Rusiya və Ermənistan prezidentləri müəyyənləşdirir.

Paşinyanla Qarabağ klanı arasında münasibətlər Robert Köçəryanın azadlığa çıxmasından sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə ittiham edib və torpaqları Azərbaycana satmaqda ittiham edib. Bunun ardınca Ermənistan Baş naziri Paşinyanın oğlunu Qarabağdan Ermənistana apartdırması diqqət çəkir.

Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur.

Axar.az hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov ONA-ya müsahibəsini təqdim edir:

- Fuad, neçə gündür ki, həbs olunmağın haqqında məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir?

- Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi. Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən burda yaşayan heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki, çıxıb deyirlər, bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. Bu, heç də yaxşı hal deyil.

- Saxlanmağın barədə danış. Necə baş verdi? Səni kimlər saxladı?

- Mənim burada 10 günlük saxlanma müddətim var. Bu gün artıq bir həftə tamam olur. Məni ötən həftənin dördüncü günü saxladılar. Eşidirəm ki, mətbuatda yazırlar ki, guya sənədlərimi yoxlayan zaman məlum olub ki, sənədsizəm və buna görə saxlayıblar. Belə şey olmayıb. Mayın 16-da, səhər 11:00 radələrində evdən çörək almaq üçün çıxmışdım. Evdən çıxanda binamızın giriş qapısında üç nəfər mülkü geyimdə olan şəxs məni saxladı, heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim, məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindın çıxıb, özümü bayıra atdım və “polis çağırın” deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi. Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar. Mənə imzalamaq üçün sənəd təqdim edildi. Orda yazılmışdı ki, mənim Rusiyada yaşamaq üçün icazəm ləğv olunub. Lakin bir daha bildirirəm ki, mənə bu barədə heç vaxt xəbərdarlıq olmayıb. Onlardan Rusiyada yaşayış üçün icazə sənədimin ləğv olunması haqqında sənədi tələb etdim. Dedim ki, göstərin mənə həmin sənədi, görüm, oturma iznim nə vaxt ləğv olunub. Həmin sənədi məhkəmədə hakimdən istəməli olduğumu bildirdilər. Daha sonra məni polis maşınına oturtdular. Sosial şəbəkələrdə yayılan fotolardakı avtomobildə çəkilən şəkli özləri yayıb, çünki prosesi videoya çəkirdilər. Məni Ximki Şəhər Məhkəməsinə apardılar. Orda saxlanılarkən sənədsiz olduğum, Rusiyada oturma icazəmin ləğv olunduğu haqda yazılmışdı. Mən bunlarla razılaşmadığımı söylədim. Hakimdən də oturma iznimin ləğvi haqqında rəsmi kağızın göstərilməsini, nəyin əsasında ləğv olunduğunu öyrənmək istədim. Dedim ki, elə bir sənəd yoxdur. Hakim dediklərimə məhəl qoymadı, müşavirəyə getdi, daha sonra qayıdıb qərarını oxudu. Sonra gətirdilər məni buraya - Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə. Beş gün yanıma heç kəsi buraxmadılar, zəng etməyimə də icazə vermirdilər. Mayın 21-dən isə telefonla danışmağıma icazə verdilər.

- Sənin Rusiyaya girişinin yasaq olduğunu bilə-bilə, Belarus vasitəsi ilə Rusiyaya qanunsuz daxil olduğun haqqında məlumatlar var. Həqiqətənmi Belarus vasitəsi ilə Rusiya ərazisinə daxil olmusan?

- Xeyir, hamısı yanlış məlumatlardır. Mən Moskvaya Bakıdan uçmuşam. Şeremetyevo hava limanından gəlmişəm. Bunu da çəkib göstərmişəm. Belarusdan icazəsiz Rusiyaya keçməyim haqqında məlumatı uydurublar.

- Bəs, Rusiyaya girişin qadağa oluna-oluna Moskvaya necə gəldin? Axı deyilənlərə görə, sənə həmin vaxt artıq "stop" qoymuşdular...

- Bəli, həmin vaxt mətbuatda, sosial şəbəkələrdə mənə Rusiyada “stop” qoyduğu haqqında məlumatlar yayılmışdı. Məhz bu məlumatları yoxlamaq üçün Moskvaya gəldim. Sərhəddə heç bir maneəyə rast gəlmədim. Yayılan məlumatlar əsasında mənim Rusiyaya girişimə "stop" qoyan qurumu məhkəməyə verdim. Öyrənim ki, həmin məlumatlar doğrudur, ya yox. Əgər doğrudursa, o zaman qərarın qəbulu üçün əsas göstərilsin. Yalandısa, qoy desinlər ki, belə bir hal mövcud deyil və bunun haqqında məhkəmə qərarı verilsin. Həmin qərar əsasında mən Rusiyaya sərbəst giriş-çıxış edə bilim. Aprelin 18-də məhkəməyə müraciət etdik. Mayın 7-nə ilk məhkəmə iclası təyin olundu. Yayılan məlumatların doğru olduğunu söylədilər. Məhkəmədə Rusiyaya girişimə qadağa qoyulması haqqında rəsmi sənədin göstərilməsini tələb etdim. Dedilər ki, indi həmin rəsmi sənəd üstlərində yoxdur. Gələn məhkəmə iclasında olacaq. Mayın 17-də, saat 11:00-da növbəti məhkəmə iclası idi. Mayın 16-da isə məni tutdular.

- Fuad, sənin əlində Bakıdan Moskvaya uçmağın, Şeremeytevo hava limanından çıxmağın barədə sübutun varmı? Bunu sübut edə bilərsənmi?

- Əlbəttə, var. Hava limanında sərhəddə bütün giriş-çıxış qeydləri pasportda qeyd olunub. Bunu göstərə bilərəm. Mayın 17-də vəkilim Elman Paşayev mənim adımdan getdi məhkəməyə. O da "stop" qoyulması haqqında yazılı qərarın göstərilməsini tələb edib. Vəkilimə də göstərməyiblər, deyiblər ki, bu barədə daxili qərar var.

- Bu gün miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olmağının səbəbi kimi sənə rəsmən nə deyilib?

- Bu gün burada olmağımın əsas səbəbi, yəni, saxlanılmağımın rəsmi səbəbi Rusiyada daimi yaşayış haqqında icazəmin ləğv olunmasına baxmayaraq, ölkəni vaxtında tərk etməməyim, qeyri-qanuni olaraq Rusiyada qalmağımdı. Məni burda məcburi ölkəni tərk etmək üçün saxlayırlar. Belarusdan Rusiyaya gəlməyim haqqında söhbətlər isə fantaziyanın məhsuldur. İttihamda Belarus barədə bir kəlmə də söz yoxdur.

- Sənin yaşayış icazəni nə vaxt ləğv ediblər?

- Dediklərinə görə, bu il martın 17-də yaşayış icazəm ləğv olunub. Qanuna görə, 15 gün ərzində ölkəni tərk etməliydim. Lakin mənə bu barədə heç bir xəbərdarlıq olmayıb. Bildirilməyib ki, Rusiyada yaşayış icazəm ləğv olunub və filan müddət ərzində ölkəni tərk etməliyəm.

- Sonuncu dəfə Şeremetyevo hava limanında sərhəddən keçəndə "vid na jitelstvo"nu (Rusiyada yaşayış icazəsi haqqında sənəd-red.) təqdim etdinmi?

- Bəli, həmişəki kimi bu sənədi təqdim etdim. Rusiyada yaşayış haqqında sənədimin müddəti 2023-cü ilə qədər idi. İndiyə kimi heç bir inzibati qayda pozuntum da olmayıb. İndi mənə deyirlər ki, həmin sənəd ləğv olunub və mən ölkəni tərk etməmişəm. Amma mənə bu barədə heç bir xəbərdarlıq olunmayıb. Onların dediyinə görə, mən 2 aprel tarixində Rusiyanı tərk etməliydim. Mən isə, aprelin 9-da Rusiyadan çıxmışam.

- Rusiya telekanalı sənin haqqında "milli zəmində ədavəti qızışdırmaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb" deyə süjet yayıb. Ümumiyyətlə, sənə belə bir ittiham irəli sürülübmü?

- Xeyr, bu müddətdə mənə bir kəlmə də olsun bu haqda heç nə deyilməyib. Bu “milli ədavəti qızışdırma” məsələsi "Azərros" rəhbəri Mehriban Sadıqovanın "mavi" arzularıdır. Onu özü mənə şəxsən deyib ki, guya, mən Rusiyada yaşayan ermənilər və azərbaycanlıların arasını vururam, məndən Rusiyanın rəsmi orqanlarına şikayət edəcəklər. Mən də bildirmişəm ki, əgər mən belə bir şey edirəmsə, onda məndən qabaq bunu Babayan, Baqdasaryan edib. Bəs, onlardan niyə şikayət etmirsən? Onlar uzun müddətdir ki, bu işlə məşğuldurlar.

- İndi nə etməyi fikirləşirsən?

- Mənim indi əsas etirazım Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə İdarəsinin əməkdaşlarınadır. Əgər mənim Rusiyada daimi yaşamaq haqqında icazə sənədim ləğv olunmuşdusa, o zaman polis mənə xəbərdarlıq etməli idi. Nə poçt, nə də telefonla heç bir xəbərdarlıq olunmayıb. Birdən-birə gəlib məni evimin qapısından götürüb polisə aparıblar. Bu şikayətimə baxılmasını istəyirəm. Bir də ki, yuxarı instansiya məhkəməsinə "vid na jitelstvo"nun, mənim yenidən Rusiyada yaşamaq hüququmun bərpa olunması üçün müraciət etmişik.

- Azərbaycana deportasiyanın tarixi dəqiqləşibmi?

- Bəli, mayın 28-də Azərbaycana deportasiya olunacam. Lakin hələlik, Azərbaycana getməyim üçün bilet alınmayıb.

Xəbər lenti