|
Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında zəngin tarixə malik əlaqələr bu gün siyasi, iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımızla yeni mərhələyə qədəm qoyub.
İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk səfəri olaraq keçən il ölkəmizə səfərinizi, apardığımız danışıqları və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, dost və strateji tərəfdaş olan ölkələrimizin ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı fəaliyyəti bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Azərbaycan Hava Yolları Şirkəti (AZAL) ABŞ-a uçuşları dayandırır. AZAL-dan “Qafqazinfo”ya verilən açıqlamaya görə, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq, Milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib:
"Bu səbəbdən, AZAL aviaşirkətinin marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb. Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və ölkəmizə böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.
Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu il oktyabr ayından etibarən Nyu-Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik.
Eyni zamanda qeyd edək ki, 2016-cı ildən başlayaraq Azərbaycan və ABŞ arasında "Open Skies" (Açıq Səma) aviasiya sazişi qüvvədədir. Bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir. Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar".
Təhsil naziri Ceyhun Bayramov müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, əmrə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı vasitəsilə cari ilin iyun ayının 1-21 tarixlərində təşkil ediləcək.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə cari ilin 24 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.
Şamaxıda vulkan püskürüb.
"Qafqazinfo" xəbər verir ki,təbiət hadisəsi gecə saatlarında rayonun Dağ Göylər kəndində baş verib. Kənd sakinlərinin sözlərinə görə, bu ərazidə sonuncu dəfə vulkan püskürməsi 1986-cı ildə baş verib.
Yerin altından çıxan torpaq qatı təqribən iki hektar əraziyə yayılıb.
Hadisə yerinə geoloqlar gəlib.
***
Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov “Qafqazinfo”ya açıqlamasında digər palçıq vulkanlarının aktivləşməsi halının müşahidə olunmadığını bildirib:
“Püskürən vulkan Şamaxı rayonu ərazisində Məlikçobanlı palçıq vulkanıdır. Bu, dördüncü püskürmədir. Sonuncu püskürməsi 1977-ci ildə baş verib. Təqribən yarım hektardan artıq ərazini əhatə edir. Püskürmə nəticəsində vulkanın cənub hissəsində uzun çatlar əmələ gəlib. Çatların uzunluğu təqribən 100-150 metrdir. Çatlar cənuba doğru uzanmağa meyillidir. Digər palçıq vulkanlarının aktivləşməsi qeydə alınmayıb”.
Rəşad Türkoğlu
Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.
"Qafqazinfo" xəbər verir ki, bu haqda körpələrin dünyaya gəldiyi hospitalın İnstaqram hesabında məlumat verilib. Respublika Günü ərəfəsində doğulan 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar.
Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Sabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “Q.Qarayev” stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər. Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Dənizkənarı Milli Parkında gəzintiyə çıxıblar.
"Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Dənizkənarı Milli Parkda istirahət edən sakinlərlə və şəhərimizin qonaqları ilə görüşüblər.
Bu gün Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun anım günüdür.
Kult.az xatırladır ki, Səməd Vurğun 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. 1918-ci ildə Qori müəllimlər seminariyasına, 1929-cu ildə İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olub. 1930-cu ildə “Şairin andı”, 1934-cü ildə “Könül dəftəri”, 1935-ci ildə “Şeirlər” adlı kitabları işıq üzü görüb.
Bu dövrdə şair Azərbaycan poeziyasının dilini əcnəbi sözlərdən təmizləyərək, yeni əsərlər yazıb. Təkcə 1935-ci ildə 7 poema və 100-ə yaxın şeir qələmə alıb. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir.
Onun dram əsərləri Azərbaycan kinosunun, teatrının zənginləşməsində müstəsna rol oynayıb.
1937-ci ildə Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3-4 həftə ərzində tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla əks etdirib. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülüb.
Səməd Vurğun dünyanın görkəmli şairləri, yazıçıları ilə dostluq etmiş, onların evində qonaq olmuşdu. Belə şairlərdən biri də Dağıstanın xalq şairi Rəsul Həmzətov idi. Onların münasibəti ilə bağlı bu fakt dostluqlarının necə dərin köklərə dayandığını göstərir:
“Bir gün Səməd Vurğun Dağıstana dostu Rəsul ilə görüşməyə gedir. Məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır. Uzun müddət dostundan xəbər ala bilməyən R.Həmzətov onun incidiyini anlayır. Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır. Lakin təəssüf ki, onunla görüşə bilmir. Çünki Səməd Vurğun artıq ölüm yatağında idi. 1956-cı il mayın 27-də Səməd Vurğun vəfat edir. Bu küsülülük, əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində dərin iz qoyur və həmin iz bu gün hamımızın sevərək dinlədiyi “Əziz dost” mahnısının sözlərinə çevrilir”.
Qeyd edək ki, “Əziz dost” şeirinin tərcüməsi Tofiq Bayrama, mahnının musiqisi Qulu Əsgərova məxsusdur.
11 ayın sultanı sayılan mübarək Ramazan ayının bitməsinə az qalıb. Ramazan ayında oruc tutmaqla yanaşı, vacib olan başqa ibadətlər də var. Bunlardan biri də islam dinində vacib sayılan fitrə sədəqəsidir. Ramazan ayı bitmədən müsəlman olan hər kəs fitrə sədəqəsi verməlidir. Ancaq bu zaman diqqətediləcək hallar da var.
Acların doyurulduğu, ehtiyac sahiblərinin üzünün güldüyü Ramazan ayı fitrə sədəqəsi kimi vacib əməllə bitir. İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, fitrə sədəqəsi islam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.
Ağa Hacıbəylinin “Xəzər Xəbər”ə açıqlamasına görə, özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsini saxlamaq üçün borc edən bir şəxs fəqirdir. O şəxsin fitrə sədəqəsi verməsi vacib deyil. Fitrə sədəqəsinin həcmi isə daha çox hər kəsin süfrəyə qoyduğu yeməklərin dəyəri ilə ölçülür.
Fitrə sədəqəsi yalnız ehtiyacı olanlara verilməlidir.
Onu da qeyd edək ki, fitrə sədəqəsinin həcmini hər il Qafqaz müsəlmanları idarəsi müəyyən edir. Bu il üçün fitrə sədəqəsinin məbləği 5-10 manat arasında məsləhət görülür.
“Avroviziya” təmsilçimiz Çingiz Mustafayev "Zaurla Günaydın" verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, müğənni birinci olacağına çox inandığını bildirib:
"O qədər arxayın idim ki, birinci olacam. Hər gecə dua, meditasiyalar edirdim, xəyal qururdum ki, birinci qayıdıram. Məni xaricilər, hətta digər iştirakçılar və komanda buna inandırmışdı. Hamı deyirdi, sizin mahnı gözəldir, birincisiniz. Final gecəsi elə rahat idim ki, səsvermə zamanı çıxıb çöldə hava da aldım. Ölkələr arasından yüz səs gəldi, bu inandırıcı hal deyildi. Dünyada 25-ci yerdədir mahnım, mənə cəmi yüz səs verdilər? Hər zaman deyirdilər ki, burada siyasət rol oynayır, inanmırdım. Qayıdanda hava limanında 500 əcnəbi mənlə şəkil çəkdirdi".
Sənətçi bundan sonra fəaliyyətini Avropada davam etdirəcəyini açıqlayıb:
"Sabah Avropaya yola düşürəm. Avstriyaya, sonra Almaniyaya gedəcəm. Təkliflər var, şirkətlərlə görüşəcəm. Hər şey hazırdı, məni gözləyirlər.
“Avroviziya”dan əvvəl 3 ay Amerikada qaldım. Bakıya qayıtmışdım ki, hər şeyimi satım, gedim orada yaşayım. Həmin ərəfədə “Avroviziya” təklifi gəldi".