Çernobıl əlillərinin mənzil təminatı üçün yeni layihə hazırlanır

Azərbaycanda Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Çernobıl Əliləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov məlumat verib. M. Həsənov bildirib ki, uzun illər idi ki, Çernobil əlillərinin mənzillə təmin olunmasında fasilə yaranmışdı. Yeni sərəncam layihəsindən sonra Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə yanaşı, Çernobıl əlilləri də mənzillə təmin olunacaqlar:

"Azərbaycanda "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" qanun qəbul olunub. Bu qanunun 6-cı maddəsinin müvafiq bəndində göstərilib ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olarsa, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq hüququ var. Bu, Çernobıl əlillərinin qanunvericiliklə təsbit olunmuş hüququdur. Qanunda həmin şəxslərin mənzil növbəsinə dayandığı gündən bir il müddətinədək evlə təmin olunması əks olunsa da, həmin vətəndaşlar 26 ildir ki, mənzil növbəsində dayanıblar. Halbuki, illər öncə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri mənzillə təmin olunduqca Çernobıl əlillərinə də mənzil verilirdi. Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı.

Nazirliyə yeni təyinatdan sonra bu məsələyə yenidən baxıldı. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. Bundan sonra Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə mənzillər alınaraq dövlət vəsaiti hesabına verildikcə, Çernobil əlillərinin də mənzillə təminatı nəzərə alınacaq. Məndə olan məlumata görə, Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi yaxın vaxtlarda Prezident Adminstrasiyasına təqdim olunacaq. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıya görə, cənab prezidentimiz İlham Əliyevə və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə minnətdarlığımızı bildiririk".

M. Həsənov deyib ki, illər öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 200-dən artıq "Çernobılçı" mənzillə təmin olunub.

 

Erməni nazirin son hərəkətlərinə

Son zamanlar Ermənistan rəsmiləri bu ölkənin işğalçı siyasətini açıq bəyan edən çıxışları və hərəkətləri ilə gündəmə gəlirlər. Ermənistanın Müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırır.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi “Belə bir şəraitdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn Vaşınqton görüşündən nə gözləmək olar?” sualına aydınlıq gətirib.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: “Ermənistanın elə özü münaqişənin guya “Azərbaycanla Dağlıq Qarabağ arasında olması” rəvayətini yox edir. Bu ölkənin Müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir. Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır.

Münaqişənin həlli üzrə danışıqların mövzusuna gəldikdə, hər zaman qeyd etmişik və bir daha təkrar etmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir. ATƏT-in Minsk qrupunun 9 mart 2019-cu il tarixli bəyanatında müzakirələrin əsas prinsip və elementlərinə aydınlıq gətirilir. Əlbəttə, danışıqlar eyni çərçivədə və mövcud zəmin əsasında davam etdirilməlidir. Bundan öncəki görüşlərdə əldə edilmiş razılıqların, xüsusilə də Minsk qrupu həmsədrlərinin təklif etdiyi kimi, iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylər davam etdirilməlidir, çünki bu, prosesin irəli aparılması baxımından vacibdir.

Vaşınqton görüşündən gözləntiyə gəldikdə isə, hər bir görüşdən gözlənti əlbəttə, substantiv danışıqlarla prosesin irəli aparılmasıdır. Xarici işlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər. Həmçinin fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi “eksklüziv olaraq sülh yolu ilə həllinə” töhfə verə bilər”.

 

Birinci xanım 11 saylı körpələr evində olub

 

İyunun 13-də Bakının Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən yeni binanın açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verilib ki, 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçası müasir tələblərə cavab vermədiyindən mövcud 150 yerlik binası sökülüb, onun yerində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçası tikilib. Körpələr evi-uşaq bağçasının inşasına 2018-ci ilin mayında başlanılıb. 

 






 

 

Bu gün “Son zəng”dir

Bu gün Azərbaycanda 2018/2019-cu dərs ili başa çatır.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Qeyd edək ki, cari tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.

Xatırladaq ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur.


“İnterpol” azərbaycanlını axtarışa verdi

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

“Qafqazinfo”nun “Trend”ə istinadən məlumatına görə, 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib.

"İnterpol" həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.


Prezident onları təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd edilir ki, ölkədə qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı işçiləri təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Dadaşova Xəyalə Xalıqverdi qızı

Əbdüləliyev Qalib Hümmət oğlu

Əbdüləzimov Asif Hilal oğlu

Kərimov Zaur Rəvvaq oğlu

Piriyev Mansur Şahmar oğlu

Şərifov Əziz Əşrəf oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Mərdiyev Fuad Məharət oğlu

Salamov Emin Müzəffər oğlu.


Bu müəllimlər yeni dərs ilindən müddətsiz müqavilə ilə işləyəcək

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub.

BŞTİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, 790 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bundan başqa, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.

269 nəfər müəllimin iş yeri daimiləşib. Onların 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib.

995 müəllimlə isə müddətli müqavilə bağlanıb. Onlardan 492 nəfəri əvvəlki illərdə, 503 nəfəri isə cari tədris ili ərzində çalışmanın yaş həddinə çatmış şəxslər olub.


Şamaxıda taxıl zəmiləri yanır

Şamaxıda taxıl zəmilərində güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisində qeydə alınıb. Gecə saat 12 radələrində başlayan yanğın Ağsunun qonşu kəndlərində də müşahidə edilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Əlavə olaraq, yanğının qarşısını almaq üçün şum işləri də görülür. Buna baxmayaraq, hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

Yerli sakinlərin sözlərinə görə, yanan otlaq və taxıl sahəsi 100 hektardan çox ərazini əhatə edir. Ərazidə havanın küləkli olması yanğınsöndürənlərin işinə mane olur. Buna görə də, yanğının qarşısını almaq mümkün deyil.

Rəşad Türkoğlu

 


 

Yasamalda yanan binadan 83 nəfər təxliyyə olunub

Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 17:49 dəqiqədə söndürülüb. Əlavə məlumat veriləcək.

***

Çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 p.m yanıb. Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Yasamalda yanan binadan 83 nəfər təxliyyə olunub

Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 17:49 dəqiqədə söndürülüb. Əlavə məlumat veriləcək.

***

Çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 p.m yanıb. Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti