|
Bu gün axşam saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın əyləc sistemində nasazlıq yaranıb.
Məlumatı “Qafqazinfo”ya açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib. Qurum rəsmisinin sözlərinə görə, əyləc sistemində yaranan nasazlıq səbəbi ilə platformaya spesifik qoxu yayılıb. Bu da sərnişinlər tərəfindən tüstülənmə kimi başa düşülüb.
Qeyd edək ki, yaranan problemə görə, sərnişinlər qatardan təxliyyə edilib. Qatar isə depoya göndərilib.
ABŞ-ın Nyu-York şəhərinin mərkəzində vertolyot 54 mərtəbəli binaya çırpılıb.
“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində vertolyotun pilotu həyatını itirib.
“CNN”in məlumatına görə, xüsusi xidmət orqanları binada olan insanları evakuasiya edib. Qəzadan sonra baş alan yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.
**
ABŞ prezidenti Donald Tramp sözügedən hadisədən təəssüfləndiyini bildirib.
O, bu haqda Tvitter hesabında yazıb.
Ağ Ev rəhbəri xilasetmə xidmətlərə təşəkkürünü bildirib və Prezident Administrasiyasının istənilən köməyə hazır olduğunu bəyan edib.
**
Qəza nəticəsində baş verən yanğın söndürülüb. Bu haqda şəhər polisi Tvitterdə məlumat verib.
Ötən gün batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şıxov, Nardaran sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Azərbaycan Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, fərmanda deyilir:
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “40,0 (qırx)” sözləri “60,0 (altmış)” sözləri ilə əvəz edilsin;
2. 1-3-cü hissədə “22,0 (iyirmi iki)” sözləri “33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin.
Kürdəmirdə avtomobil velosipedçini vurduqdan sonra dərəyə yuvarlanıb.
"Qafqazinfo" xəbər verir ki, avtomobil yolunda hərəkətdə olan velosiped sürücüsü Ramil Nadirov qəfildən "VAZ 21015" in qarşısına çıxıb. İdarəetməni itirən minik avtomobilinin sürücüsü velosipedçini vurub. Qəza nəticəsində minik avtomobili yoldan çıxıb və bir neçə dəfə aşaraq yol kənarına yuvarlanıb.
Hadisə zamanı velosiped sürücüsü R. Nadirov hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
“Qafqazinfo” xəbər verir ki, artıq ABŞ-a səfər etmək istəyənlər sosial şəbəkələrdəki bütün hesablarını, mobil telefon nömrələrini və son beş ildəki elektron poçt ünvanlarını təqdim etməli olacaqlar.
Əlbəttə, ərizə ilə müraciət edən əcnəbi sosial şəbəkələrdən istifadə etmədiyini deyə bilər, lakin yalan olduğu üzə çıxarsa, ciddi mühacirət problemi yarana bilər.
Rəsmilər bildirirlər ki, bu dəyişiklik təxminən 15 milyona əcnəbiyə təsir edəcək. İstisna ancaq diplomatik və rəsmi viza iddiaçılarına şamil olunacaq.
Bundan başqa, viza üçün ərizə ilə müraciət edənlərdən ailə üzvlərindən kiminsə terror fəaliyyəti ilə məşğul olub-olmadığına dair suala cavab vermələri xahiş olunacaq.
Prezident İlham Əliyev “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Fərmanda deyilir:
“Azərbaycan Respublikasında dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunmuşdur. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılmış və fəaliyyəti təmin edilmişdir.
Görülmüş işlərin davamı kimi, ölkədə “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud” texnologiyasının tətbiqi məqsədəuyğundur. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı”nın 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar qərara alıram:
1. “Hökumət buludu” (G-cloud) Konsepsiyası” təsdiq edilsin (əlavə olunur).
2. “Hökumət buludu” (G-cloud) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin (bundan sonra – Data Mərkəzi) infrastrukturunda yaradılsın.
3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Hökumət buludu”nun operatoru (bundan sonra – operator) təyin edilsin.
4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
4.1. Azərbaycan Respublikasında dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etsin;
4.2. Data Mərkəzində və “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və aparılması, elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etsin;
4.3. dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində yerləşdirilməsi, habelə “Hökumət buludu”nun idarə edilməsi, saxlanılması və təkmilləşdirilməsi ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər versin;
4.4. “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələbləri müəyyən etsin.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
5.1. informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı dövlət qurumlarının təqdim etdikləri layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi zamanı operatorun “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblərini nəzərə alsın;
5.2. dövlət qurumları tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görsün;
5.3. dövlət qurumlarının bu Fərmanın 8.1-ci bəndində qeyd edilən Keçid Planına uyğun olaraq Data Mərkəzində yerləşdirilmiş dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda formalaşdırılmasına operatorla birgə nəzarət etsin.
6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti:
6.1. dövlət qurumlarının “Hökumət buludu”na qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;
6.2. “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün operatorla birgə müvafiq tədbirlər görsün.
7. Dövlət qurumları:
7.1. dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini, o cümlədən elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etsinlər;
7.2. “Hökumət buludu”nda dövlət informasiya sistemlərinin və ehtiyatlarının aparılması xərcləri ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər versinlər.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə “Hökumət buludu”na Keçid Planını Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. bu Fərmanın 4.3-cü və 7.2-ci bəndlərində qeyd edilən təkliflər əsasında tələb olunan vəsaitin cari ilin və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün;
8.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
Sabah Ramazan ayının 29-cu günüdür.
“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 3-də imsak saat 03:23-də, iftar isə saat 20:22-dədir.
Ramazan ayının 29-cu gününün duası:
"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin".
Tərcüməsi:
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"
Allah orucunuzu qəbul etsin!
Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun ölümündən sonra layiq görüldüyü “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.
“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə Nazirliyin rəsmiləri, Qax və Xocavənd rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, şəhidin ailə üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun “Şücaətə görə” (ölümündən sonra) medalı ilə təltif olunması haqqında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.
Mərasim “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının ifası, şəhidin məzarının ziyarət olunması, ehsan süfrəsinin açılması və dualar oxunması ilə başa çatıb.