![]() |
|
Masallı şəhərinin mərkəzində "Bazar" və "Xan sarayı" adlanan ərazidə yol bərbad vəziyyətdədir. Yol-xeber.az xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkədə video paylaşıblar. Yağan yağış isə onsuz da b\rbad olan vəziyyəti bir az da pisləşdirib. Belə ki, yolda yaranan çuxurlara su dolub. Bu isə avtomobil və sakinlərin hərəkətini çətinləşdirir. Videonu təqdim edirik:
Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda gedişhaqlarının artırılacaqğı ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, ötən gün “Xəzər TV”də yayımlanan “Hər şey daxil” proqramında kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini deyib: “Yəni, bu, sadəcə fikir olaraq söylənilib, ortada heç nə yoxdur. Bir gün bəzi KİV-lər bu açıqlamaya istinad edərək guya marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı olacağı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub. Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA tərəfindən yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir”.
Efirdə səslənən fikirlərin izahına gəlincə, M. Ağayev bildirib ki, məsələn, Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır: “Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm, qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verən zaman Prezident İlham Əliyev Bakı-Sumqayıt yolundakı tıxac məsələsinə toxunub və bunun aradan qaldırılması barədə göstəriş verib.
Prezident İlham Əliyev: Çox yaxşı işlər görmüsünüz. Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur.
Saleh Məmmədov: Bəli, böyük tıxaclar olur.
Prezident İlham Əliyev: Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın.
Saleh Məmmədov: Cənab Prezident, layihə hazırlayıb Sizə təqdim edərik.
Prezident İlham Əliyev: Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq. Bir də mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır.
"Azərbaycanda köhnə avtomobillər yığışdırılmalıdır. Ancaq bu yalnız o halda baş verməlidir ki, dövlət həmin avtomobillərə görə kompensasiya ödəsin”. Bu sözləri Sfera.az-a açıqlamasında ölkədə mövcud olan 1 milyon 402 min avtomobilin 19,1 faizinin istismar müddətinin 30 ildən çox olması barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin dediyi rəqəmlərə əsasən onların dövriyyədən çıxarılması vacibliyinə toxunarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib: "Köhnə avtomobillərin yığışdırılması, utilizasiyası baş verərsə, birmənalı şəkildə həmin addımın dövlət tərəfindən kompensasiya ödənilərək reallaşmasına ehtiyac var. Yəni köhnə avtomobillər yığışdırılmalıdır, ancaq kompensasiyanın ödənilməsi şərtilə. Yalnız avtomobil sahibinə kompensasiya ödənilməklə onun nəqliyyat vasitəsinin utilizasiyası həyata keçirilə bilər. Elə avtomobillər var ki, köhnə və ekoloji mənada zərərli olmaqla yanaşı, həm də qəza hadisələrinə səbəb ola biləcəyi baxımından kifayət qədər risklidir. O baxımdan həmin avtomobillərin utilizasiyası baş verməlidir”.
Ekspert bildirdi ki, utilizasiya prosesi avtomobil sahibinə hər hansı bir zərər yetirməməlidir:"Utilizasiya prosesi avtomobil sahibləri üçün hər hansı bir əlavə xərc yaratmamalıdır. Dövlət tərəfindən həmin nəqliyyat vasitələrinin alınması həyata keçirilə və bundan sonra utilizasiya edilə bilər. Hətta ehtiyac olduqda belə avtomobillərin yararlı ehtiyat hissələrindən istifadə etmək də olar. Ya da tamamilə dövriyyədən çıxarılıb ləğv edilə bilər”.
Baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir.
İdarədən Yol-xeber.az-a verilən məlumatda deyilir ki, unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.
Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirin, hərəkət zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə nail olun. Yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkaqollu içki qəbul etməyin.
Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin, nümunəvi sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olun.
Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.
Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib.
“Yol-xeber.az”a daxil olan məlumatda qeyd edilir ki, Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklər, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nümayişkəranə və kobud şəkildə pozularaq Bakı metropoliteninin “28 May” stansiyasının önündə nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına, ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iş rejiminin və bütövlükdə ictimai asayişin pozulmasına səbəb olan qanunsuz aksiya keçirilməsinin və təxribat xarakterli digər əməllərin qarşısı alınaraq 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
AXCP rəhbərliyi və aksiyanın təşkilatçıları tərəfindən qanunla qadağan edilmiş yerdə planlı şəkildə təşkil olunmuş həmin mitinqlər zamanı polisin qanuni tələblərinə məhəl qoyulmamaqla hüquqazidd əməllərin davam etdirilməsi ətrafdakı insanların haqlı narazılığına gətirib çıxarıb.
Respublikada sabitliyin pozulması məqsədi güdən bu cür qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər Əli Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan digər şəxslər, habelə ölkə ərazisində əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış axtarışda olan və ermənipərəst xarici dairələrin idarə etdiyi və maliyyələşdirdiyi bir qrup satqınlar tərəfindən sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında müxtəlif profillər, o cümlədən “AzerbaycanSaatı”, “Turan Tv”, “AzerFreedom TV”, “Meydan Tv”, “OsmanqızıTv” və digər kanallar vasitəsilə noyabrın 2-də Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə yenidən çağırışlar edilir. Həmçinin, oktyabr ayının 19-da öz peşə borcunu yerinə yetirib ictimai asayişin pozulmasının qarşısını almış polis əməkdaşları haqqında fərdi məlumatlar paylaşılaraq onların işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, asayiş keşikçilərinə qarşı sosial ədavət və düşmənçilik hisslərinin oyadılmasına yönəlmiş təbliğat aparılır.
Qeyd olunmalıdır ki, Milli Şura adlandırılan qurumun noyabrın 2-də mitinq keçirmək barədə müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsinin qadağan edilməsi nəzərə alınmaqla mitinq üçün “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilmiş, lakin təşkilatçılar həmin tarixdə yenə də metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar.
Bütün bunlar bir daha göstərir ki, xalq arasında nüfuzu, sosial dayağı olmayan və siyasi mübarizənin sivil metodlarını qəsdən inkar edən radikal müxalif qüvvələr məhz qanunla qadağan olunan yerlərdə küçə yürüşləri, mitinqlər, piketlər keçirməyə çağırışlar etməklə insanları dövlət orqanlarının qanuni tələblərinə tabe olmamağa, qarşıdurma yaratmağa, faktiki olaraq zorakılıqlar törətməyə, asayişi və sabitliyi pozmağa təhrik edirlər.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində duran cılız bir müxalif qrupun istənilən qanunazidd əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqətə çatdıraraq bəyan edir ki, Milli Şura adlanan quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli və həmin partiyada təmsil olunan digər şəxslər qanunsuz kütləvi aksiyaya çağırışları, zorakılığı və qəddarlığı təbliğ edən təxribat xarakterli hərəkətləri ilə əslində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi kimi ekstremist bir yolu seçdiklərini təsdiq edirlər. Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcək.
Eyni zamanda, qanunvericiliyin pozulmasına görə “Siyasi partiyalar haqqında” Qanunun 4-cü, 12-ci və 16-cı maddələrinə uyğun tədbirlərin görülməsi, hüquqazidd əməllər törətmiş şəxslərin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məsuliyyətə cəlb olunması təmin ediləcək.
Aksiyada iştirak edəcək KİV nümayəndələri Mətbuat Şurasının təqdim etdiyi jurnalist gödəkçələrindən istifadə etməlidir.
Bunu Azvision.az -a açıqlamasında Bakı Şəhər Baş Polis idarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, üzərində “press” yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: “Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir. Tövsiyyə olunur ki, mətbuat nümayəndələri aksiya zamanı həmin gödəkçələrdən istifadə etsinlər”.
Qeyd edək ki, özünü Milli Şura adlandıran müxalif təşkilatın noyabrın 2-də Bakıda qanunsuz aksiya keçirəcəyi bildirilir.
Bakıda manevr qaydalarını pozan sürücüyə cərimə yazılıb. Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib. Belə ki, manevr qaydalarını pozaraq şikayətçiyə təhlükə yaraddan 99 HH 296 dövlət nömrə nişanlı avtomobilin sürücüsü barəsində aidiyyəti olaraq DYP rəhbərliyinə şikayət ünvanlanıb və görüüntülər təqdim olunub. Nəticədə yol polisi həmin sürücünü aşkar edərək cəzalandırıb.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bəzən sürücülər yol polisi və kamera olmayan ərazidə məsuliyyətdən yayına biləcəklərini zənn edirlər. "Bu gün qaydaları bilən, eyni zamanda avtomobilində videoqeydiyyatçı olan yüzlərlə insan var. Odur ki, qayda pozmağa meyilli olan sürücülər təkcə yol polisi və təhlükəsiz şəhər kameralarından deyil, o cümlədən həmin videoqeydiyyatçıların obyektivlərindən də yayınmır. Həmçinin bu şikayətlər əsasında DYP cərimələr tətbiq edir."
Elməddin Muradlı bildirib ki, bu vətəndaşlıq mövqeyi təqdir edilməlidir. "Bəziləri buna "satqınlıq", "işverənlik" kimi adlar qoyurlar. Amma bu deyən addamların özləri sabah həmin qayda pozan sürücülərin əməli nəticəsində zərər çəkəndə necə olacaq? Odur ki, ictimai qınaq hər zaman olmalıdır."
Videonu və fotoları təqdim edirik:
Bakı Dəmir Yolu Vağzalında “SLEEP BOX”, yəni “Yuxu Qutusu” xidməti sərnişinlərin ixtiyarına verilib.
“Yol-xeber.az” xəbər verir ki, vağzalda qatar gözləməli olan sərnişinlər üçün istirahət otağı təşkil edilib.
İlk dəfə sərnişinlərin istifadəsinə verilən “SLEEP BOX”da qonaqlar 1 saatdan 3 saatadək dincələ bilərlər. “Yuxu qutusu”nda eyni vaxtda yalnız bir nəfər istirahət edə bilər. Yığcam və səliqəli otaqda sərnişinlər üçün tək çarpayı və televizor quraşdırılıb.
24 saat ərzində hostelin xidmətindən yararlana bilərsiniz. Bunun üçün əvvəlcə “Məlumat bürosuna” yaxınlaşıb şərtlərlə tanışa olur, sonra kassada ödəniş edirsiniz. Qiymətlər isə 1 saat üçün 13 manat, 2 və ya 3 saat dincəlmək üçün isə 30 manat müəyyən olunub.