|
Bu gün İranın “Mahan Air” aviaşirkətinin Tehran-Bakı-Tehran aviareysində heç bir problem yoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında sözügedən aviaşirkətin nümayəndəsi deyib. O bildirib ki, uçuşun ləğv olunmasına səbəb texniki problem olmayıb:
“Reysin ləğv olunması ilə bağlı sərnişinlərə qabaqcadan xəbərdarlıq mesajı göndərilib. Şirkətimiz tərəfindən sərnişinlərinə digər reyslərlə uçuş və ya pullarının geri ödənilməsi də təklif edilib”.
Rəsmi nümayəndə reysin ləğv olunma səbəbini açıqlamasa da, bu qərarın sərnişin azlığından verildiyi istisna edilmir.
Qeyd edək ki, Azərtac “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 09:15-də “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv etdiyi barədə məlumat yaymışdı.
Türkiyənin ünsiyyət və texnologiya şirkəti “Türksell” ötən gün Azərbaycanda baş verən zəlzələ ilə bağlı maraqlı paylaşım edib.
Axar.az xəbər verir ki, şirkətin rəsmi Tvitter səhifəsi azərbaycanlı abonentlərə pulsuz dəqiqə yüklənməsi barədə məlumat paylaşıb:
“Azərbaycanda baş verən zəlzələyə görə dərin kədər hissi keçiririk. Zəlzələ bölgəsindəki müştərilərimizə təcili ehtiyaclarını qarşılaya bilmələri üçün pulsuz danışıq və internet yüklənib. Keçmiş olsun”.
Şamaxı Astrofizika Rəsədxanasının bəzi yerlərində üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub.
Bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.
O bildirib ki, rəsədxanada ciddi dəyşiklik olmayıb: "Güclü zəlzələ idi, bir neçə dəfə təkrarlandı, üçüncü zəlzələ isə digərlərindən güclü oldu. Biz əraziyə daha yaxınıq, zəlzələ ocağından 10 kilometr məsafədəyik, təbii ki rəsədxanada hiss olundu. Ancaq binalarımız yenidən qurulduğu üçün çox möhkəmdir, bu səbəbdən də elə bir ciddi ziyan dəyməyib. Sadəcə bəzi yerlərdə üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub. Amma içəridə heç nə yoxdur".
X.Mikayılov qeyd edib ki, teleskoplar yoxlanılıb və narahatlıq üçün səbəb yoxdur.
Ötən gecə baş vermiş zəlzələ ilə bağlı Şamaxı şəhərində təbii qazın verilişi dayandırılıb.
Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib. O bildirib ki, hazırda qazın verilişinin bərpası istiqamətində işlər aparılır:
"Şamaxıda baş vermiş zəlzələ ilə bağlı divarların uçması halları qeydə alınıb. Bu səbəbdən təhlükəsizlik baxımından şəhərdə təbii qazın verilişi gecə saat 00:35 radələrindən dayandırılıb. Səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır".
İ.Kərbəlayev qeyd edib ki, zəlzələ baş vermiş digər rayon və şəhərlərdə qazın verilişində heç bir problem olmayıb.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova isə bildirib ki, Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib.
İcra başçısının müavini bildirib ki, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir. Zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib, dağıntılar var. Amma xoşbəxtlikdən insan tələfatı olmayıb. Yaradılmış komissiya dağıntı olan və ziyan çəkən evlərin sayını müəyyənləşdirir.
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.
Gürcüstanda son zamanlar baş verən hadisələr ilk növbədə gürcü xalqını narahat etməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Gürcüstan da Azərbaycan kimi bu gün ərazisi işğal altında olan, separatçılıqdan əziyyət çəkən dövlətdir:
“Cənubi Qafqazda həm Gürcüstan, həm Azərbaycan ərazi bütövlüyü problemini həll etmək istəyir. Digər tərəfdən, Gürcüstanın ərazisi olan Axalkalakidə Ermənistanın faktiki olaraq, Dağlıq Qarabağda əli azərbaycanlıların qanına batmış bir şəxsə abidə ucaldılması Tiflisə nə verdi? Bundan Tiflis nə qazandı? İlk növbədə onlar bu suallara cavab versinlər. Yaxud Gürcüstandakı Ermənistan səfirliyi tərəfindən bu yaxınlarda Ermənistan ordusunun yaradılmasının ildönümü ilə bağlı tədbirdə Gürcüstan Müdafiə nazirinin iştirakı hansı məntiqə sığır? Bütün bu məsələlər onu göstərir ki, Gürcüstanın özündə daxili problemlər var. Bu problemlər Gürcüstanin milli təhlükəsizliyi və milli maraqları ilə bağlıdır”.
Politoloq qeyd edib ki, ermənilər bu gün Gürcüstana çox böyük təhdid göstərir:
“Onlar Tiflisdən tutmuş Axalkalakiyə kimi bütün əraziləri Ermənistanın tarixi torpaqları sayır. Eyni zamanda Abxaziyaya da ermənilərin marağı böyükdür. Abxaziya müharibəsində gürcüləri qıran ermənilər bu gün açıq-aşkar Gürcüstanda at oynatmaqla məşğuldur. Gürcüstanda bu proseslərdən narahat olunmalı və nəticə çıxarılmalıdır. Ən azından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi onların gözlərinin şahidi olduğu misal, dərs olmalıdır”.
Politoloq vurğulayıb ki, birlik qələbəyə gedən yolda başlıca amildir:
“Bir misal deyim. 5 aprel 2010-cu il tarixində Tiflisdə Əhməd Cəlal Paşaya kiçik bir memorial lövhə qoymuşdular. Düz ondan 12 gün sonra ermənilər o lövhəni oradan götürmüş, yerində ingilis dilində qırmızı boya ilə təhqir dolu sözlər yazmışdı. Bizim də dəliqanlı bir gəncimiz çıxa və Qarabağda əli qana batmış erməninin abidəsini vurub dağıda bilər”.
Politoloq qeyd edib ki, hər şeyi rəsmi etmək olmur. Toplum özü birlikdə, vətənpərvər olmalıdır, siyasiləşməlidir:
“Vətənpərvərlik, milli birlik - bu ruhdur. Bu ruh isə ata və anadan, ailədən gəlir. Yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı özünə bu sualı verməlidir: “Mən bir azərbaycanlı olaraq bu xalq üçün nə etmişəm, nə etməliyəm”. XX əsr boyu başımıza gələn müsibətlərdən nəticə çıxarmaq lazımdır”.
Politoloq bildirib ki, “yumşaq güc" institutlarına ehtiyacımız var.
“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Şəhla Abbasovanın 9 il, Yelena Abdullayevanın 2 il, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə iclas zalından həbsə alınmasını istəyib.
Növbəti proses fevralın 12-də davam edəcək.
“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.
Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.
“Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.
Bakı şəhərində yaranan tullantı sularının 30%-dən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib.
Axar.az xəbər verir ki, bu barədə Azərsu ASC məlumat yayıb.
"Xatırladaq ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarsını almaq məqsədilə “Azərsu” təxirəsalınmaz tədbirlər görüb, bu sahədə ixtisaslaşmış "Penetron-Azərbaycan" şirkəti şaxtanı daxildən xüsusi materiallarla izolyasiyası edərək buraya daxil olan qrunt sularının qarşısını tam alıb.
Bununla paralel olaraq çökmənin səbəbinin araşdırılması, kollektorun və texnoloji şaxtanın texniki vəziyyətinin kompleks qiymətləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Sukanal Elmi Tədqiqat Layihə İnstitutunun, eləcə də bu sahədə ixtisaslaşmış Evrascon Korporasiyasının və Geotek şirkətinin mütəxəssisləri cəlb edilib.
Hidrotexniki qurğuların texniki vəziyyətinin öyrənilməsilə yanaşı, ərazidə kompleks geofiziki və geoloji tədqiqat işləri də aparılıb. Mürrəkkəb geoloji şəraitə malik ərazidə su ilə doymuş və axıcılıq xüsusiyyətinə malik qruntların hidrotexniki qurğulara və yol infrastrukturuna real təhlükə yaratdığı məlum olub.
Sahil kollektorunun 1980-ci illərdən istismar edildiyini və qeyd edilən riskləri nəzərə alaraq ərazidə axıcılıq xüsusiyyətlərə malik qruntların hərəkətinin məhdudlaşdırılması və qrunt-bərkitmə işlərinin aparılmasına qərar verilib. Bu işlərin görülməsi məqsədi ilə ixtisaslaşmış təşkilatlar tərəfindən layihə sənədləri hazırlanır və mobilizasiya işlərinə hazırlıq görülür.
Qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 m olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcəkdir. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaq.
İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının razılığı əsasında tikinti işlərinə yaxın günlərdə başlanılması nəzərdə tutulur.
Prospektdə hərəkət məhdudlaşdırılması zamanı paralel olaraq Sahil kollektorunun yaxınlıqda yerləşən texnolji şaxtalarında da kompleks tədqiqat işləri aparılacaq.
Əhalinin və infrastrukturun təhlükəsizliyi məqsədilə görülən işlər zamanı yaranacaq narahatlığa görə əvvəlcədən üzr istəyirik", - deyə məlumatda qeyd olunub.
14:34
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahov bundan əvvəl Xəzər rayon sabiq icra başçısı Gülağa İslamovun birinci müavini vəzifəsində çalışıb.
Axar.az xəbər verir ki, E.Salahov 5 sentyabr 2018-ci ildə birinci müavin təyin edilib. Buna qədər isə Xəzər Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri olub.
Elşən Salahovun atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur. Elşən Salahov əvvəllər Standart KB-də işləyib.
G.İslamov vəzifədən azad ediləndən sonra E.Salahov başçı vəzifəsini icra edirdi.
Qeyd edək ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezidentin sərəncamı ilə dekabrın 21-də vəzifəsindən azad edilib.
Beləliklə, 5 sentyabrda birinci müavin olan E.Salahov düz 5 aydan sonra 5 fevralda icra başçısı təyin edildi.
Fevralın 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 12 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və istirahətinin təşkil edilməsi məqsədilə qurumun “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb.
Report xəbər verir ki, bunu AMEA-nın İşlər idarəsinin müdir müavini Sərdar Əliyev deyib.
S.Əliyev bildirib ki, Xüsusi Komissiya yaradılıb, mütəxəssislər cəlb olunaraq ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb: “Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə hər biri 10 sot olmaqla 343 sahə ayrılıb”.
İdarə rəsmisi torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə, müqavilənin uzadılacağını diqqətə çatdırıb: “Əməkdaşlara torpaq sahəsində müvəqqəti istifadə üçün daldalanacaq yerləri, vaqonlar quraşdırmağa, ərazini çəpərləməyə və ya metal torla bağlamağa icazə veriləcək”.
Ərazidə yaxın günlərdə yolların çəkilməsi prosesinə başlanılacağını deyən S.Əliyev sahələrdə bütün ekoloji tələblərə və sakitliyə təmiz riayət olunacağını söyləyib.