Bakı küçələrinə quraşdırılmış tam avtomatlaşdırılmış kameralar parklanma qaydalarını pozanları qeydə almağa başlayıb.

Nəqliyyat eksperti Zamir Musayev Axar.az-a verdiyi açıqlamasında bildirib ki, bu texnologiya dünyanın inkişaf etmiş müxtəlif şəhərlərində geniş istifadə olunur.

“Bu, parklanma qaydalarının pozulmasının foto-videoqeydiyyatı adlanır. Kompüter-görmə sisteminə əsaslanan robotlaşdırılmış texnika nəqliyyat axınına sutka ərzində nəzarəti təmin etmək, qayda pozuntularını qeydə alarkən yol polisi müfəttişi ilə ünsiyyəti aradan qaldırmaq vəzifələrini icra edir”, - Musayev bildirib.

Musayev eyni zamanda qeyd edib ki, sözügedən sistemlər avtomobili əyri saxlayanları da qeydə alacaq:

“Sadə sözlə ifadə etsək, robot “dayanmaq qadağandır” işarəsinin yanında dayanan avtomobilin fotosunu çəkib yol hərəkəti qaydasının pozulması ilə protokol hazırlamaq üçün bazaya göndərir. Bir neçə dəqiqədən sonra avtomobil sahibinin mobil telefonuna cərimə olunması ilə bağlı bildiriş gəlir”, - ekspert deyib.

Korrupsiya ittihamları ilə beynəlxalq axtarışa verilmiş Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin (DGX) sabiq rəhbəri Adamkul Junusov Azərbaycandan Bişkekə ekstradisiya olunub.

Bu barədə Report Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir.

"Bu il dekabrın 14-də Azərbaycan Respublikası Baş Prokurorluğu Qırğız Respublikası Baş Prokurorluğunun vətəndaş A.Junusovu Qırğız Respublikası Hökuməti yanında İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin icraatında olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ekstradisiya olunması xahişini qəbul edib", - Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, dekabrın 28-də İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin əməkdaşları Qırğızıstanın Baş Prokurorluğunun tapşırığı əsasında A.Junusovu Bişkekə aparıblar.

Məlumatda vurğulanır ki, ekstradisiya Qırğız və Azərbaycan Baş Prokurorluqlarının qarşılıqı əməkdaşılığı sayəsində mümkün olub.

Xatırladaq ki, A.Junusov bu il dekabrın 5-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Azərbaycan Qırğız Respublikası DGK-nın sabiq rəhbərinin ekstradisiyasına icazə verib.


Hər il daha da inkişaf edən, yenilənən Şahdağ Turizm Mərkəzi qış aylarında yerli və xarici turistlərin ən çox müraciət etdiyi məkanlardan biridir. Bu mərkəzdə yaşından asılı olmayaraq hər kəs üçün maraqlı əyləncələr təşkil edilir.

Axar.az Şahdağ Turizm Mərkəzində yerli və xarici turistlər üçün təklif edilən əyləncələrin qiymətini araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, “Şahdağ”da əraziyə giriş ödənişlidir. Buraya giriş kartı yarım gün üçün 25 manat, bütöv gün üçün isə 35 manatdır. Birinci yarım gün səhər saat 09.00-dan 13.00-a kimi, ikinci yarım gün 13.00-dan 15.00-a kimi davam edir. Bütöv gün üçün giriş kartı alanlar isə saat 20.00-a kimi əraziyə sərbəst daxil ola bilərlər.

“Şahdağ”a gələn turistlərin ən çox sevdiyi əyləncələrdən olan xizək üçün ödəniş 35 manatdır. Bu ödənişə yalnız xizək və ayaqqabılar əldə edə bilərsiniz. Xizək sürənlər üçün nəzərdə tutulan geyim dəsti əldə etmək istəyənlər isə hər biri üçün 10-15 manat civarında ödəniş etməlidirlər.

Uşaqlar üçün bu qiymət bir qədər fərqlənir. Böyüklərdən fərqli olaraq uşaqlara xizək üçün təklif edilən avadanlıqlar və geyimlər arasında təxminən 10 manata yaxın fərq var.

Turizm mərkəzində münasib qiymətə təklif olunan əyləncələrdən biri də kanatdır. 3 nəfərlik kanatlardan istifadə etmək istəyən turistlər 15 manat ödəniş etməlidirlər.

Digər əyləncələr kimi, kanatda da uşaqlar üçün endirim nəzərdə tutulub. Belə ki, 7-11 yaş arası uşaqlar üçün 10 manat nəzərdə tutulsa da, 6 yaşlı uşaqlar üçün bu əyləncə pulsuzdur. 6 yaşdan aşağı uşaqlar üçün isə giriş qadağandır.

Turistlər üçün təklif olunan digər əyləncə isə qar izi maşınında gəzintidir. Bu əyləncədə axşam saat 06.00-da ərazidə gəzinti nəzərdə tutulub. Qar izi maşını ilə gəzintinin yarım saatı 25 manat, 1 saatı isə 35 manatdır.

Onu da qeyd edək ki, hazırda “Şahdağ”da olan əyləncələrin hamısı açıq deyil. Buraya istirahətə gələn turistlər mərkəzdə yalnız 4-5 əyləncədən istifadə edə bilərlər.

Sabahdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq.

Ardını oxu...

Din xadimləri yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuya bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə qarşı müvafiq cəza tədbirləri görüləcək.

Qafqaz Müsəlmanları İdarəsindən Axar.az-a verilən məlumata görə, bu barədə Qazılar Şurasının üzvləri və İdarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısında qeyd edilib.

Toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.

Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair QMİ Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər.

Göstərilən Fətvada, həmçinin, ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oğlanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı İdarənin Aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib.

Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verilib ki, bu məsələlərdə daha ayıq-sayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi ictimai əhəmiyyətli mahiyyətini və QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB-nin sədr müavini Aqil Aslan deyib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca 13-cü sorğusudur:

“Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb.

Sorğu nəticəsində Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.

“İlin ən fəal deputatı" nominasiyasının qalibləri Siyavuş Novruzov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və Əli Hüseynli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov, Ağalar Vəliyev, Əli Məsimli və Ülvi Quliyev olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2018-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Bahar Muradova, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili və Sevinc Fətəliyevadır.

“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əhliman Əmiraslanov və Əflatun Amaşov olub.

Aqil Aslan qeyd edib ki, Bahar Muradova, Azay Quliyev, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fazil Mustafa, Əli Məsimli və Qənirə Paşayeva digər nominasiyalarda da parlament jurnalistlərinin səsini qazanıblar.

Paytaxtın Nizami rayonunda yeni ət satışı məntəqəsi fəaliyyətə başlayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Axar.az-a verilən məlumata görə, 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir:

“Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir”.

Agentlik həmçinin ölkə üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edib.

 

Dekabrın 27-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Axar.az-a bildiriblər ki, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyaya Cəmiyyətin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “REGİON TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilmiş 2014-cü il 14 mart tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilmiş 2017-ci il 27 dekabr tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul olunub.

Vidadi İsgəndərli kimi insanlar hansısa xarici qrantlar qarşılığında öz cinayətkar fəaliyyətlərini həyata keçirirlər. Bu yolverilməzdir, şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış birinin Azərbaycanı ən eybəcər formada təhqirinə qarşı həmişə qəti etiraz etmişik və bundan sonra da etiraz edəcəyik.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elmira Axundova deyib. Deputat bildirib ki, Vidadi İsgəndərli kimi insanların giriş-çıxışlarında, açıqlamalarında heç bir sağlam tənqid yoxdur:

“Bu şəxsin ancaq təhqir, böhtan, aşağılama və millətə qarşı açıq-aşkar təxribatlarının şahidi oluruq. Onun kimilərin “intellektual səviyyəsi” ancaq təəssüf doğurur. İnsanları zorakılığa və terrora çağırmaq nəinki demokratiya normalarına, eləcə də beynəlxalq qanunvericiliyə ziddir. Buna görə də hesab edirəm ki, ilk növbədə hüquq-mühafizə orqanlarımız həmin şəxs barəsində hüquqi tədbirlər görməli, onun cinayət fəaliyyəti haqqında lazımi məlumat və sənədləri toplayaraq Fransanın hüquq-mühafizə orqanlarına göndərməlidirlər”.

Millət vəkili hesab edir ki, Vidadi İsgəndərli haqqında Azərbaycanda cinayət işi açılmalı, interpol vasitəsi ilə onun haqqında axtarış elan edilməlidir:

“Çünki Fransa heç bir hüquqi əsas və hər hansı bir dövlətin sorğusu olmadan hüquqi tədbirlər görməyəcək. Ona görə bunu mütləq nəzərə almaq lazımdır. Əgər Fransa hökuməti bundan sonra Vidadi İsgəndərlinin zorakılıq çağırışlarına və təxribatına göz yumarsa, onda rəsmi Parisin mövqeyi sadəcə qəzəb doğuracaq”.

Deputat Fransada yaşayan bir neçə siyasi mühacirin Azərbaycanı sevməyən qüvvələrin təsiri altında fəaliyyət göstərdiyini deyib:

“Fransa-Azərbaycan münasibətləri normal məcrada inkişaf edir, bir çox iqtisadi və siyasi əlaqələrimiz mövcuddur. Fransa hökuməti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və biz bunu şübhə altına almırıq. Görünür, ölkəmizə qarşı fəaliyyət göstərən bir sıra qüvvələr də məhz bu səbəblə az qala Fransada ikinci siyasi qüvvə sayılan erməni lobbisinin təsiri altındadırlar. Ona görə də Vidadi İsgəndərli və başqaları haqqında çox ciddi hüquqi tədbirlər görülməlidir”.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın az sulu qarla yağması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Xəbər lenti