"Mən rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı müzakirənin iştirakçısı olmamışam. Amma məncə, onların oradan getməsi düzgün olardı. Ermənistan öz ölkəsinin sərhədlərini qoruyacaq".

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə çıxışı zamanı deyib.

"Rus sərhədçilərin ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm. Əminsinizmi? Bir neçə dəfə sübut olunub ki, onları qorumayıblar", - o qeyd edib.

“İsrail Ramazan ayı ərzində Qəzzadakı hərəkətlərini dayandıracaq”.

Xarici KİV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.

“Ramazan yaxınlaşır və israillilər girovları xilas etməyimiz üçün bizə vaxt verəcək. Buna görə də Ramazan ayında əməliyyat etməyəcəklər”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Misir, Qətər və ABŞ rəsmilərinin vasitəçiliyi ilə Qətərin paytaxtı Dohada atəşkəs danışıqları aparılır.

Bayden əvvəlki açıqlamalarında atəşkəs danışıqlarının martın 4-nə qədər yekunlaşacağına ümid etdiklərini bildirmişdi.

2023-cü ilin oktyabr ayının sonundan etibarən İran 60 faiz zənginləşdirilmiş uran ehtiyatını 6,8 kq azaldaraq 121,5 kq-a endirib.

Bu barədə “The Wall Street Journal” MAQATE-nin məxfi hesabatına istinadən məlumat yayıb.

Qəzet yazır ki, “sürpriz addım, çox güman ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş nüvə yanacağı yaratmasından təşvişə düşmüş Qərb ölkələri tərəfindən müsbət qarşılanacaq”.

Tehranın 2021-ci ildə uranı 60%-ə qədər zənginləşdirməyə başladıqdan sonra ilk dəfə olaraq ehtiyatını azaltdığı bildirilir.

İranın hələ də “təxminən üç nüvə silahı hazırlamaq üçün” kifayət qədər materiala malik olduğu bildirilir.

Qafqazda sülh müqaviləsi post-Putin dövrünün məsələsidir - NƏ ETMƏLİ?Birləşmiş Ştatlar bəyan edib ki, Azərbaycan və Ermənistanı sülh sazişi bağlamağa həvəsləndirməkdə davam edəcək. Dövlət katibi Antoni Blinkenin iki ölkənin lideri ilə Münhendə keçirdiyi son görüşlər də bu mövzuya həs olunub.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Turan agentliyinin suallarını cavablandırarkən deyib: “İki ölkənin lideri Münhendə ikitərəfli görüş keçirib və Birləşmiş Ştatlar sülhə nail olmaq üçün yardım və dəstəyini davam etdirəcək“.

Sülhün “əlçatan olduğunu” deyə bilərikmi?

Miller buna cavab olaraq deyib: “Sülh əlçatan məsafədədir və dövlət katibi bunu hər iki ölkənin lideri ilə müzakirə edərək, onları qalan bir neçə problemin həll edilməsi üçün birlikdə işləməyə çağırıb“.

Proses həqiqətən də davam edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdə bildirib ki, bu yaxınlarda Ermənistan tərəfinə sülh müqaviləsi layihəsi ilə bağlı ölkəmizin növbəti təklifləri təqdim olunub.

Ancaq başqa bir şey maraqlıdır. Miller, həll edilməli olan bir neçə məsələnin qaldığını söyləyib. Maraqlıdır, Dövlət Departamentinin nümayəndəsi nə demək istəyib? Bu, hansı məsələlərdir? Onun sözlərinə görə, yalnız bir neçə məsələ qalıb. Lakin müharibədən sonrakı üç ildən artıq bir müddətdə sülh bağlamaq mümkün olmayıb. Niyə?

Və bütün bunlar Ermənistan Baş nazir Paşinyanın son bəyanatı zamanı hazırda ölkələrimiz arasında sülh müqaviləsinin imzalanmasının qeyri-mümkün olduğunu bildirməsi fonunda baş verir.

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah vəziyyətlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun fikrincə, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi Qərb siyasi mərkəzlərinin prioritet istiqamətidir. “Həm Brüssel, həm də Vaşinqton sülhə nail olmaq üçün eyni vaxtda tərəfləri təşviq edir və onlara təzyiq göstərir. Lakin 30 ildən artıq müharibə şəraitində olan, düşmənçiliklərinin tarixi isə bir əsrdən artıq davam edən iki xalq/ölkə arasında sülhə nail olunması obyektiv çətinliklərlə üzləşir: məsələn, erməni-türk düşmənçiliyi bəzən hər iki xalq üçün ideoloji xarakter alır. Azərbaycan torpaqlarının 30 ildən artıq işğal altında olması və bu ərazilərin tamamilə dağıdılması da bizim üçün eyni şeydir”, – Fəttah deyir.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, Ermənistan Konstitusiyasında sülhə doğru irəliləyişə ciddi mane olan məqamlar var: “Mənim fikrimcə, cənab Millerin dediyi “sülhə nail olmaq üçün qalan bir neçə məsələ” bu obyektiv səbəblərdir. Lakin hesab edirəm ki, bu maneələr aradan qaldırılsa belə, iki ölkə arasında sülhün bağlanmasına mane olan subyektiv səbəb prosesin uğurla başa çatmasına imkan verməyəcək. Bu, həm Ermənistanın (hərbi və iqtisadi baxımdan), həm də Azərbaycanın (siyasi baxımdan) Kremlə loyallığıdır. Kreml açıq şəkildə bəyan edir ki, Moskvadan kənarda danışıqların sülh yolu ilə başa çatmasına imkan verməyəcək.

Sözlərimi yekunlaşdıraraq deyim ki, iki ölkə arasında sülhün imzalanması üçün hər iki liderin Kremldən asılı olmayan iradəsi olmalıdır. Bu iradə isə hazırda mövcud deyil. Paşinyan hərbi və iqtisadi baxımdan Moskva tərəfindən təhdid edilir. İlham Əliyev Putinin həm rəsmi, həm də şəxsi dostu və müttəfiqidir. İki il əvvəl imzalanmış müttəfiqlik müqaviləsinə əsasən, rəsmi Bakı ilə rəsmi Moskva bütün geosiyasi məsələlərdə öz mövqelərini uzlaşdırmaq barədə razılığa gəliblər. Sülhlə bağlı nə qədər ümidverici bəyanatlar eşitsək də, bu hadisənin əsl vaxtı Putindən sonrakı dövrdür. Yəni, yaxın gələcəkdə sülhə imza atmaq mümkün deyil”, – ekspert əmindir.

"Azərbaycan KTMT-yə üzv ölkələr üçün yad ölkə deyil. KTMT-də çoxlu müsəlman ölkələri var. Siz də bunu başa düşürsünüz".

Bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.

"Ermənistan bizim Ermənistanla Azərbaycan arasında müharibəyə qarışmağımızımı istəyirdi? Yəni bu müharibə hələ də davam etməli idi və minlərlə insan həlak olmalı idi.

Yaxşı, biz müharibəni bitirdik. Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim əzizlərimizdir, əziz xalqımızdır. Bəs Azərbaycan yaddır? Ona görə də belə vəziyyətə düşdük. Və KTMT-nin heç bir əsası yox idi. Bu münaqişəyə girmək üçün qətiyyən heç bir səbəb yox idi", - Lukaşenko qeyd edib.

Lukaşenko hesab edir ki, Azərbaycan və Ermənistan müharibə yolu ilə sonda məsələnin düzgün həllinə nail oldular. "Ermənistan tərəfi etiraf etdilər ki, Azərbaycanın beş-altı rayonunu işğal ediblər", - Lukaşenko vurğualyıb.

O eyni zamanda əlavə edib ki, problemin sülh yolu ilə həlli istiqamətində Bakı ilə İrəvan arasında faktiki vasitəçi rolunu oynayıb: "Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il ərzində təkcə sülh yolu ilə nizamlanmaya deyil, həm də Ermənistan tərəfinə də maliyyə dəstəyi təklif edib. Mən özüm də bilmədən vasitəçi olmuşam. Mən Bakıdan İrəvana gedib bu siqnalları çatdırmışam. Söhbət Ermənistan iqtisadiyyatına milyardlarla dollara qədər sərmayə qoyuluşundan gedirdi. Azərbaycan zəngin ölkədir. Bu məsələni sülh yolu ilə həll etmək üçün çoxlu təkliflər oldu”, - o deyib.

Lukaşenko bildirib ki, lakin əvvəlki illərdə Ermənistan rəhbərliyi sülh yolu ilə nizamlanmaya razılıq vermədiyindən problemli məsələlər yığılıb qalmışdı.

Lukaşneko onu da deyib ki, baş verənlərdə Paşinyanın günahı az idi: "Amma bu problem həll edilməli idi. Bir milyondan artıq azərbaycanlı qaçqın Azərbaycanın üzərinə böyük yük və bu da bir çox başqa problemlər yaradırdı”, - deyə Lukaşenko bildirib.

Türkiyə Qarabağda qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır və əmin addımlarla irəliləyir.

"Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxışında deyib.

"Biz beynəlxalq aləmdə dövlətimizin mənafeyini, millətimizin şərəfini qətiyyətlə müdafiə edirik. Türkiyə regional deyil, qlobal güc olmaq yolunda möhkəm addımlar atır. Böhranların həllində ölkəmizin əsas rolu getdikcə daha çox başa düşülür. Biz Liviyadayıq, Qarabağdayıq", - Ərdoğan bildirib.

Gürcüstanda 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri fonunda etirazlar başlaya bilər.

Axar.az xəbər verir ki, bu barəd rusiyalı politoloq Aleksandr Dudçak deyib.

O, ölkədə yeni inqilab riski barədə xəbərdarlıq edib.

“Gürcüstanda Avropa gündəmini əsasən prezident Salome Zurabişvili irəli sürür. Lakin yerli əhali artıq Rusiya ilə normal mehriban qonşuluq münasibətlərinin bərpasının bəhrəsini hiss edir. Ticarət dövriyyəsi ilə yanaşı, turist axını da var", - deyə Dudçak bildirib.

Ekspert bildirib ki, parlament seçkilərindən sonra vəziyyət dəyişə bilər. Politoloqun fikrincə, Gürcüstan müxalifəti etiraz aksiyaları təşkil etməyə çalışacaq.

Cozef Bayden və Vladimir Putin arasında münaqişənin şəxsi sanksiyalar müstəvisinə keçdiyi bir məqamda deyim ki, ABŞ sanksiyalar olmadan da illərdir ki, Rusiyanın ətrafında halqanı daraldır və bunu daha çox enerji dəhlizləri üzərindən edir.

“Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, 2013-cü ildə Rusiyanın milyardlar xərclədiyi “Yamal-Avropa-2” qaz kəmərinin tikintisi Amerikanın səyi ilə Polşa tərəfindən dayandırıldı:

“2014-cü ildə amerikalı konqresmenlərlə görüşdən sonra Bolqarıstanın Baş naziri Rusiyanın “Cənub Axını” kəmərinin tikintisinin Bolqarıstan ərazisində yarımçıq saxlanıldığını elan etdi. Ölkələrdən keçən kəmərlərində problem çıxardıqlarını görən Rusiya dənizlərin dibi ilə kəmərlər inşa etməyə başladı. Onda da dənizin dibində kəmərləri sıradan çıxartdılar.

Bizim TAP kəmərindən 10 dəfə böyük olan, yəni illik 110 milyard kubmetr qaz ixrac edə bilən “Şimal Axını” kəmərlər sistemi isə Şimal dənizinin dibində partladıldı. Diametri az qala 1,5 metrə çatan 4 boru kəmərindən 3-ü duzlu dəniz suyu ilə doldu və korroziya səbəbindən heç indidən sonra da istifadə yaramayacaq”.

Ekspertin fikrincə, Amerika Rusiyanı sadəcə bir dəfəlik deyil, tədricən, yavaş-yavaş çökdürmək siyasətini əvvəldən məharətlə davam etdirir:

“Bir həqiqəti anlamaq lazımdır ki, Amerika Rusiyanın qəfil çökməsini və ya parçalanmasını istəmir. Yoxsa, idarə edilə bilməyən xaos yarana bilər. ABŞ isə idarə edilə bilən xaoslar yaratmağı və idarə etməyi sevir və bacarır. Odur ki, bəzən Ukraynaya pul vermirəm şousu, bəzən də başqa şoular göstərir. Lakin nə baş verirsə, A planın bir komponentidir”, - deyə E. Əmirov əlavə edib.

Rusiya 2022-ci ilin 24 fevralından bəri Ukraynanın 62 min kv.km-dən çox ərazisini işğal edib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” Teleqram kanalının hesabatında qeyd olunub.

Hərbi əməliyyatların ilk həftəsində Rusiya Ukraynanın Kiyev, Çerniqov, Sum, Xarkov, Zaporojye, Xerson, Donetsk və Luqansk (bu iki vilayətin ərazisinin bir hissəsi 2014-cü ildə işğal olunmuşdu – red.) vilayətlərinin bir hissəsini işğal etmişdi.

Lakin 2022-ci ilin martın sonu-aprelin əvvəllərində rus ordusu işğal etdiyi Kiyev, Çerniqov və Sum vilayətlərinin ərazisindən çıxmağa məcbur oldu.

Sentyabrın 6-da isə Ukrayna ordusunun başlatdığı əks-hücum əməliyyatları nəticəsində Xarkov vilayətinin də işğal olunmuş əraziləri ruslardan təmizləndi. 6 sentyabr-10 oktyabr əməliyyatları nəticəsində Ukrayna Xarkov istiqamətindəki dövlət sərhədini bərpa etdi. Bundan başqa, Donetsk və Luqansk vilayətlərinin işğal altında olan bəzi əraziləri də azad edildi.

Ukrayna Silahlı Qüvvələrinin avqustun 29-da Xerson istiqamətində başladığı əks-hücum əməliyyatları noyabrın 11-də rus ordusunun Xerson şəhərindən çıxması ilə başa çatdı. Bu əməliyyat nəticəsində Rusiya ordusu Dnepr çayının sağ sahilindən çıxmağa məcbur oldu.

Ukrayna ordusunun 2023-cü ilin iyununda Zaporojye istiqamətində başlatdığı əks-hücum əməliyyatı isə uğursuzluqla nəticələndi. Ukraynalılar rusların “Surovikin xətti” adlandırdıqları müdafiə xəttini tam yara bilmədilər. Nəticədə Ukrayna ordusu yalnız bir neçə yüz kv.km ərazini azad edə bildi.

Hazırda isə Rusiya ordusu hücumdadır və ən son Avdeyevka şəhərini işğal edib.

Rusiya Prezidenti Vladimir Putin Parkinson xəstəliyindən əziyyət çəkə bilər. Onun simptomlarından biri paranoyadır.

Bunu LBC-nin efirində Britaniya məxfi kəşfiyyat xidmətinin (MI6) keçmiş rəhbəri Riçard Dirlav bildirib.

Onun sözlərinə görə, rusların liderinin vəziyyəti ilə bağlı suala dəqiq cavabı yoxdur, lakin Şərqi Avropada olan dostları hesab edirlər ki, tibb nöqteyi-nəzərdən Putinin problemi var:

"Amma mən klinisist deyiləm".

Dirlav əlavə edib ki, Putində "bəlkə də Parkinson xəstəliyi var:

"Bu xəstəliyin müxtəlif təqdimatları, variasiyaları, ayrı-ayrı şiddət dərəcələri var".

Mİ6-nın keçmiş rəhbəri hesab edir ki, Putin paranoid ola bilər.

“Amma əgər insanda paranoya varsa,mən hesab edirəm ki, Navalnının qətli müəyyən paranoyadan xəbər verə bilər. Deməli, bu, əlamətlərdən biridir”, - o deyib.

Xəbər lenti