|
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı, general İsmayıl Kaani İsrailin Livana hücumunda yaralanmayıb, ancaq təhlükəsizlik pozuntuları ilə bağlı istintaq altındadır və sorğu-sual edilir.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Middle East Eye" SEPAH-a yaxın mənbələrə istinadən xəbər verir.
Bildirilir ki, "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra SEPAH İsrailin Livan hərəkatının ən yüksək rütbəli rəhbərliyinə necə nüfuz edə bildiyi və Həsən Nəsrullahın yerini necə öyrəndiyi ilə bağlı araşdırmalar başladıb. Eyni zamanda Kaani də sorğu-suala cəlb olunub.
Qeyd olunub ki, Livan və İraq mənbələri İsmayıl Kaaninin ev dustağı olduğunu və dindirildiyini xəbər veriblər.
Britaniya kral ailəsinin üzvləri mərhum kraliça II Elizabetin səhhəti ilə bağlı məxfi məlumatların sızmasından qəzəbləniblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly” nəşri məlumat yayıb.
Bu yaxınlarda Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "Unleashed” adlı xatirələrində II Elizabetin sümük xərçəngindən əziyyət çəkdiyini bildirib. Siyasətçinin sözlərinə görə, kraliçada xəstəlik onun ölümündən bir il əvvəl aşkarlanıb. Kral ailəsi Consonun II Elizabetin səhhəti ilə bağlı belə açıq və həssas məlumat paylaşmasından narazıdır.
"Bu, hər kəs üçün inanılmaz dərəcədə məyusedicidir. Ola bilsin ki, onu ictimaiyyət qarşısında tənqid etməsinlər, amma bağlı qapılar arxasında qəzəbləniblər", deyə mənbə nəşrə bildirib.
Bütün sələfləri arasında ölkəni ən uzun - 70 ildən çox idarə edən Böyük Britaniya kraliçası II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında Şotlandiyada vəfat edib. Onun oğlu III Çarlz 2023-cü il mayın 6-da tac qoyub.
Fevral ayında Bukingem Sarayı III Çarlza xərçəng diaqnozu qoyulduğunu elan edib. Böyük Britaniya kralı müalicəyə başlayıb, bu müddət ərzində həkimlər ona ictimai tədbirlərdə iştirakdan imtina etməyi tövsiyə ediblər.
Florida ştatını vuran Milton qasırğası ciddi fəlakətə yol açıb.
NBC xəbər verir ki, nəticədə ən azı iki nəfər həyatını itirib, 125-dən artıq ev dağılıb.
Elektrik enerjisinin kəsilməsi nəticəsində isə 2,2 milyondan çox abonent işıqsız qalıb.
Təbii fəlakət ştatda ciddi dağıntılara da yol açıb.
Milton qasırğası oktyabrın 10-na keçən gecə Florida ştatını vurub. Bir gün əvvəl o, beşinci kateqoriyaya qədər gücləndi, yəni küləyin sürəti 252 km/saatı keçib. Hazırda ikinci kateqoriyaya qədər zəifləyib.
Qasırğaya görə uçuşlar dayandırılıb.
İsrailin maliyyə naziri Bezalel Smotriç “Vəd edilmiş torpaq”larda yəhudi dövlətini qurmaq niyyətində olduqlarını açıq şəkildə bəyan edib.
Smotriç paylaşdığı videoda yəhudi dövləti istədiyini və bu dövlətin yəhudi xalqının dəyərlərinə uyğun hərəkət edəcək bir dövlət olacağını bildirib. İsrailin sərhədlərinin dənizdən başlayıb çayda bitdiyini qeyd edən nazir gələcəkdə Qüdsün Şama qədər genişlənəcəyini iddia edib.
Nazir İsrailin Yaxın Şərqə hücumlarının səbəbini bu cür ifadə edib: "Mən çox açıq şəkildə deyirəm ki, biz İordaniya, Səudiyyə Ərəbistanı, Misir, İraq, Suriya və Livanın daxil olduğu bir yəhudi dövləti istəyirik".
Əgər Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı sənədi geri götürsə, bu, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquqa çevriləcək və bunu edəcək.
Bunu “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovanisyan deyib.
“Ermənistan öz imzasından imtina edərsə, heç bir addım atmazsa, bu, yenə də Azərbaycanın ruslara və regional oyunçulara “bu şəxs öz imzasına hörmət etmədiyindən mənim məsələni hərbi yolla həll etməyə qanuni haqqım var” deməsininə hüquqi əsas yaradır", - Ovanisyan deyib.
O əlavə edib ki, 10 noyabr sənədində yerinə yetirilməyən məqamlar var.
Amerika prezidentliyinə namizəd Donald Tramp dünyanı "məcburi dollar" sisteminə qaytarmaq niyyəti barədə bəyanat verib
"Tramp çıxışının davamında aşağıdakıları söyləyib:
"Biz öz ölkəmizi sevirik və bəli, onun şanlı dövrləri olub, amma hazırda o, zəifləyir. Millətimiz tənəzzülə uğrayır və biz bunun qarşısını ala bilmərik. Məsələn, çox tezliklə pul bazamızı itirəcəyik, çünki bildiyiniz kimi, digər ölkələr dollardan imtina edirlər. Mən bunu dəyişməyi planlaşdırıram. Mən deyəcəyəm: dolları yenidən istifadə etməlisiniz, yoxsa heç bir biznes olmayacaq. Bunu etmək lazımdır. Bizim böyük potensialımız var və mən deyirəm: Amerikanı yenidən möhtəşəm edək!".(musavat.com)
İsrail İranın raket hücumuna cavab olaraq ona zərbə endirmək planlarından əl çəkmir, bu, o qədər “ölümcül və gözlənilməz” olacaq ki, iranlıların nəsə başa düşməyə vaxtı olmayacaq.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin hərbi kəşfiyyat bölmələrindən biri ilə görüşündə bildirib
“İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. İranlıların nə başa verdiyini anlamağa vaxtı olmayacaq. Onlar sadəcə nəticələri görəcəklər”, - nazir vurğulayıb.
Hazırkı müharibə İsrailin mövcudluğundan bəri ən bahalı müharibədir.
Bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.
Onun sözlərinə görə, müharibə ölkəyə təxminən 66 milyard dollara başa gəlib ki, bu da İsrailin müharibədən əvvəlki ÜDM-nin təxminən 11-12%-ni təşkil edir.
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqin qərb hissəsində yaşayış binasına növbəti dəfə hava zərbəsi endirib.
Bu barədə Suriya mediası yazıb.
Məlumata görə, hücum zamanı aralarında qadın və uşaqların da olmaqla 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Hücumun hədəfinin İran və dəstək verdiyi Hizbullaha silahların çatdırılmasına məsul olan Hizbullahın 4400-cü bölməsinin yüksək rütbəli məmuru olduğu bildirilir.
Suriya mətbuatında çıxan xəbərlərdə hücumun hədəfinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvləri olduğu iddia edilib.
Hücumun hədəfi olan bina İran Suriyadakı səfirliyinin bir neçə yüz metrliyində baş verib.
MDB dövlət başçılarının Moskvada keçirilən sammitində maraqlı anlar yaşanıb. Sammitin gündəliyi geniş idi, hətta Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, “kvadrober” hərəkatından da söhbət açılıb.
Publika.az xəbər verir ki, “Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikov sammitdən, daha doğrusu, sammitin rəsmi tərəfləri ilə yanaşı, qeyri-rəsmi tərəflərindən ənənəvi reportaj hazırlayıb.
Reportajın maraqlı məqamlarını təqdim edirik:
- Nümayəndə heyətlərinin üzvləri iclas zalında ikitərəfli danışıqların başlanmasını gözləyərkən, prezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə tuş gəldi. O istəməsə də, prezident Putinin 72 yaşının tamam olması münasibəti ilə MDB ölkələrinin liderlərinə verilən qapalı şam yeməyindən danışmağa məcbur oldu. Çünki şübhəli məqamlar vardı, misal üçün, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin şam yeməyində iştirak etməməsi, eləcə də Tacikistan prezidenti Emomali Rəhmonun “Krokus” terrorundan sonra taciklərə dəyişən münasibətdən inciyərək, şam yeməyinə qatılmaması kimi.
Uşakov isə hər iki liderin şam yeməyində olduğunu dedi. Hətta Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Putinə xüsusi hədiyyə göndərdiyini də açıqladı, lakin nə olduğunu demədi. Əlavə etdi ki, hədiyyə türk üslubundadır. Sanki biz Avstraliya üslubunda olduğunu düşünürdük. Putin Ərdoğanın hədiyyəsini təhvil verib, çünki qaydalara görə 3000 rubldan baha hədiyyələr saxlanılmır, amma kimə, yaxud hara təhvil verildiyini Uşakov da bilmir.
Bir müddət sonra baş nazirin müavini Aleksey Overçuk jurnalistlərin “caynağına” keçdi. Deyir ki, Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün Ermənistan “Konstitusiyanı, daha doğrusu, Müstəqillik Bəyannaməsini dəyişdirməlidir, amma bu o qədər də sadə məsələ deyil”. Rusiya qoşunlarının isə İranla sərhəddən çıxdığını, lakin Ermənistanı tərk etmədiklərini açıqladı.
Danışıqların başlanması üçün təxminən 40 dəqiqə gözləməli olduq. Nümayəndə heyətinin üzvləri ayaq üstə müzakirələr aparırdı. Xarici işlər naziri Sergey Lavrov içəri keçən kimi dərhal masanın üstündəki sənədlərlə işləməyə başladı. Bu vaxt Azərbaycan Prezidenti İlham Əliyev qapıda göründü. İclasın açıq hissəsində bir məqam istisna olmaqla, diqqətçəkən hadisə baş vermədi.
Azərbaycan və Rusiya prezidentləri ikitərəfli münasibətlərdən bəhs edərkən, Putin gözlənilmədən Əliyevə müraciət edərək, “Sizi Bakıda gözləyirik” dedi.
İlham Əliyev Putinə təəccüblə baxdı: Rusiya prezidentinin ondan əvvəl Bakıda olacağını ilk dəfə eşidirdi.
- Bağışlayın, Kazanda – Putin dedi – BRİKS sammitində - o gülərək, səhvini düzəltdi.
Ermənistanın baş naziri Nikol Paşinyanla görüş isə Sergey Lavrov və onun erməni həmkarları arasında “kvadrober”lərlə (heyvanların hərəkət və vərdişlərini təqlid edənlər) bağlı dialoqla yadda qaldı. Əvvəlcə Lavrov telefonunda Paşinyanın səhər saatlarında Moskva küçələrində velosiped sürməsinin videosuna baxdı (Belarus prezidenti Aleksandr Lukaşenko həmin vaxt Moskva vilayətində odun doğrayırdı), sonra isə deyəsən, təsadüfən başqa videoya keçdi və masa arxasında əyləşən erməni həmkarı Ararat Mirzoyana göstərdi.
- Uşaqlar kvadroberdirlər – Lavrov həvəslə izah etdi – İt kimi geyinirlər. Özüm görməmişəm, amma bu fenomen mövcuddur.
- Bu nədir, bir növ dəb? – Mirzoyan gördüklərinə inanmadı.
Yaxınlıqda əyləşən Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan qeyri-müəyyən şəkildə dilləndi: “Daha bir gənclik oyunu... Avropada isə artıq özlərini “cins” kimi müəyyənləşdirirlər”.
Putinlə Paşinyanın görüşünün protokol hissəsində başqa maraqlı hadisə yaşanmadı. Daha sonra Overçukdan müəyyən detallar öyrənildi. Liderlər razılaşıblar ki, rus sərhədçilər 2025-ci ilin 1 yanvarına qədər, yəni üç aydan az müddət ərzində İran-Ermənistan sərhədini tərk edəcəklər. Güman ki, görüşdən əvvəl bunun baş verməyəcəyinə tam əminlik vardı.
Azərbaycan prezidenti və Ermənistanın baş naziri dövlət başçılarının geniş tərkibdəki görüşündə birgə iştirak ediblər. Masaya gələnə qədər ayaqüstü müzakirələr aparırdılar. Elə görünürdü ki, sanki dəyirmi masaya çatana qədər sülh sazişini imzalayacaqlar.
Və sonda MDB dövlət başçılarının birgə sənədlərinin imzalanması mərasimi başlandı. Sənədləri qızğın şəkildə müzakirə etmirdilər. Nikol Paşinyan isə vaxtaşırı özünə gəlir, eynəyini taxır və ona təqdim edilən kağızların mətnini elə təbəssümlə oxumağa başlayırdı ki, elə bil ilk dəfədir görürdü və çox qorxurdu ki, ipoteka müqaviləsindəki kimi, nəsə əldən verər. Onun üçün əhəmiyyət kəsb edən bəlkə də yalnız bir qərardır. Bu, Laçın şəhərinin 2025-ci ildə, Mehri şəhərinin isə 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi idi. Aydındır ki, işğaldan azad edilmiş Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Mehri ilə bağlı analoji qərardan daha fundamental qərardır.
Sammitdə ümumi dostluq səviyyəsi hiss olunurdu, sanki liderlər dünənki ad günü mərasimini qeyd etməyə davam edirdilər. Deyəsən, onların bölüşəcək heç bir şeyi yox idi.