![]() |
|
"2008-2024-cü illər arası Rusiyanın, Putinin aqressiv davranışlarının, güclənməsinin, sağa-sola saldırmasının günahkarı Tramp deyil. Bunu bir kənara yazmadan, məsələnin kökünü başa düşmədən, bu gün baş verənlərin məğzini anlamaq mümkün deyil".
Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
"Son 16 ilin 12 ili dünyada Demokratik Partiyanın dövrü idi, sol-qlobalist-psevdo-liberal “ideologiyanın” dominant olduğu illər yaşadıq. Onlar tək ABŞ-də deyil, Avropada, dünyanın bir çox ölkələrində də hakimi-mütləq idilər, hər yerdə öz Avroatlantik “elitasını” yaradıb hakimiyyətə düzmüşdülər. Hətta Rusiyada belə məhz onlar hakimiyyətdədirlər.
Tramp ilk dövründə tamamən “axsaq ördək” idi. Komandası, ideologiyası, planı, proqramı yox idi, çünki bəlkə özü belə seçkiləri udacağına inanmırdı.
2020-2024-cü illərdə Tramp komanda yığdı, komandasının ideologi tezisləri, təməli yarandı, indi onların inandığı missiya var. Hətta, maraqlı rol bölgüsü də açıq görünür. Bu rol bölgüsü gələcəyə, yaxın 10-12 ilə hesablanıb, möhkəm təmələ otuzdurulub.
Tramp pul, gəlir, dollar, borc, taariflər haqqında danışır. Bu dili və üslubu sadə, orta statistik amerikalı çox sevir və tez anlayır. O deyir ki, sizin vergilərinizi oğurlayırlar, səhv xərcləyirlər, ABŞ-ı hamı “qazlayır”, mən indi bunun qarşısını kəsəcəm. Bu, rol bölgüsüdür, Trampın dili dünya üçün qırıcı, incidici, hətta ikrah doğurandır, amma orta statistik amerikalı üçün çim yağdır. Vitse-prezident Ceyms Vens isə dəyərlər, prinsiplər, ideoloji təməllər haqqında danışır, çünki ideologi təməl, hekayə quruculuğu olmadan missiyanı həyata keçirmək olmur. Vens Avropa və Dünya ilə inandığı dəyərləri təbliğ edir, çox açıq danışır, bu isə o deməkdir ki, Respublikaçılar artıq 2028-ci ildə namizədlərinin kim olacağını müəyyən ediblər".
Ekspertin fikrincə, Tramp və komandası anlayır ki, tək Vaşinqton “dərin dövləti”ni məhv etməklə iş bitmir, paralel olaraq Kanada və Avropada da “pvesdo-liberal solçuluğ”u ciddi zəiflətmək lazımdır:
"Qlobalist sistemin bütün ayaqlarına hücum məhz bundan qaynaqlanır. Əgər bacarsalar, son 15-20 ildə qurulan “psevdo-libaral” sistemi çökdürə bilsələr, dünya yaxın 10-12 ildə “sağa” dönəcək, “sağalacaq”. Amma, 10-12 ildə “sağ” da çaşaçaq, təhlükəli hala gələcək, sonra yenidən “siyasi kəfkir” işə düşüb “sola”, amma əsl ideoloji sola doğru hərəkət başlayacaq.
Məsələlər “Marian” çökəkliyindən də dərindir, bunu, “Tramp pulgirdir, ABŞ Ukraynanı satdı və s.”, kimi primitiv yanaşmalarla anlamaq mümkün deyil. Rusiyanı, Putini qudurdanlar Trampın komandası deyil, amma onları tərifləyə-tərifləyə masaya çəkib qalib gələ biləcək komanda isə, məhz Trampın komandasıdır.
3 ildir Ukrayna müharibə aparır, özü də, hərbi yolla qalib gəlməsi mümkün olmayan müharibə aparır, qəhramanlıq göstərir, amma bu 3 ildə Bayden və komandasının Ukraynanın başına açdığı oyunları görmədən, anlamadan, cəmi 30 gündür prezident olan Trampı bütün problemlərdə günahlandırmaq, məntiqli gəlmir. Əgər Rusiyanı hərbi yolla məğlub etmək mümkün deyilsə, deməli başqa yollar axtarmaq lazımdır. İndi həmin yollar axtarılır, bunun üçün Putinin “eqosunu sığallayan” açıqlamalar verilirsə, deməli damarını tutublar, oyuna çəkirlər".
İran prezidenti Məsud Pezeçkian ABŞ ilə nüvə danışıqlarının qapısını bağlamadıqlarını, lakin təzyiq altında danışıqlara getməyəcəklərini bir daha bəyan edib.
Bu fikri Tehranda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Pezeşkian danışıqların qarşılıqlı hörmət çərçivəsində aparılmalı olduğunu bildirib və deyib:
"Bizim türkcə bir şeirimiz var. Deyir ki, xain körpüsündən keçmə, sel aparsın səni. Tülkü kölgəsində yatma, aslan yesin səni. Əgər insan tülkü kölgəsində yatsa və onu sel aparsa da, namərdlərin kölgəsində qala bilməz.
Bizi hədə-qorxu ilə hər şeyə məcbur edə biləcəklərini düşünürlər. Biz insanıq və hörmət ediləcək şəkildə danışacağıq, amma təzyiqlərə boyun əyməyəcəyik”.
ABŞ-ın Kiyevlə bağlı dəyişmiş siyasəti fonunda 20 Avropa ölkəsi və Kanada 3 ilə yaxındır Rusiyanın hərbi təcavüzünü dəf edən Ukraynaya yardımı davam etdirəcəklərini bəyan ediblər.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Parisdə qeyri-rəsmi sammitin nəticələri haqda danışarkən deyib.
“Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik”, - Makron bildirib.
O vurğulayıb ki, Ukrayna sülhə nail olmaq səylərində iştirak etməli və onun hüquqlarına hörmət edilməlidir. Bundan əlavə, onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizlik narahatlıqlarını nəzərə almaq lazımdır.
Qeyd edək ki, ötən gün baş tutan sammitdə videobağlantı vasitəsilə Litva, Finlandiya, Kipr, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Estoniya, Yunanıstan, İrlandiya, İslandiya, Latviya, Norveç, Portuqaliya, İsveç, Sloveniya və Çexiyanın dövlət və hökumət başçıları iştirak ediblər.
Bundan əlavə, görüşdə şəxsən Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolojan və Lüksemburqun Baş naziri Luk Friden də iştirak edib.(axar.az)
Amerika Birləşmiş Ştatlarının bəzi şirkətləri Ukraynaya silah satışını dayandırıb.
Bunu ölkənin milli müdafiə və kəşfiyyat komitəsinin sədri Roman Kostenko məlumat verib.
“Məndə olan məlumata görə, ABŞ-dan Ukraynaya satılan silahların tədarükü dayandırılıb. Bu silahları bura ötürməli olan şirkətlər indi gözləyirlər, çünki hələ qərar yoxdur”, - Kostenko qeyd edib.
Silah tədarükün dayandırılmasının səbəbləri hələlik məlum deyil.(APA)
“İranla Qətərə arasında hələ də aydın olmayan və həll olunmamış məsələlər var. İranın Cənubi Koreyadan Qətərə ötürülən debitor borclarının qaytarılması kimi hələ də qeyri-müəyyən və həll olunmamış məsələlər olsa da, biz Qətəri dost və qardaş ölkə kimi görürük. Biz bilirik ki, bu məsələ ilə bağlı razılaşmanın həyata keçirilməsinə ən böyük maneə ABŞ-dir”.
Bunu İranın ali lideri Ayətullah Əli Xamenei Tehranda səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə deyib.
Bu fikri Xamenei Qətər əmiri ilə görüşündə ABŞ-nin İrana tətbiq etdiyi birtərəfli sanksiyalara görə Cənubi Koreyada dondurulan, 2023-cü ildə Tehran və Vaşinqton arasında məhbus mübadiləsi nəticəsində Qətərdəki banklara köçürülən, lakin sonradan İrana girişinə qadağa qoyulan xarici valyuta məsləsisinə toxunarkən deyib.
Fikrini davam etdirən Xamenei daha sonra qeyd edib: “Qətərin yerində olsaydıq, ABŞ-nin təzyiqlərini görməzliyə vurar və qarşı tərəfin tələblərini yerinə yetirərdik. Qətərdən belə addımlar gözləyirik”.
Qeyd edək ki, bu xəbər xarici mətbuatda "Xamenei Qətər əmirini "iynələdi" kimi təqdim olunub.
Bolqarıstan parlamentində hakim çoxluğun nümayəndələri Bolqarıstan hərbçilərinin Ukraynaya göndərilməsini qadağan edən bəyannamə hazırlayıblar.
Bu barədə brifinqdə “Belə bir xalq var” partiyasının deputat qrupunun sədr müavini Stanislav Balabanov məlumat verib.
“Hakim çoxluq bir araya gələrək Bolqarıstan hərbçilərinin Ukraynada cəbhəyə göndərilməsinin qarşısının alınması ilə bağlı parlament bəyannaməsinin layihəsini hazırlayıb”, - deputat bildirib.
Balabanov əlavə edib ki, bəyannamə parlamentin indi qəbul edə biləcəyi yeganə mümkün sənəddir, çünki ölkə hökuməti belə icazə tələb etməyib.(qafqazinfo)
Ukraynadakı münaqişə bir il ərzində həll olunmasa, Üçüncü Dünya müharibəsi başlaya bilər.
Belə bir xəbərdarlıq bəyanatı ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.
Tramp Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqları irəliyə doğru böyük addım hesab edərək Putinlə danışğını da yüksək qiymətləndirib.
Donald Trampın fikrincə, keçmiş prezident Co Baydenin kursu davam etsəydi, III Dünya Müharibəsi bu il başlayacaqdı, lakin bu, heç kimin maraqlarına uyğun deyil.
“Biz bunu bitirəcəyik. Üçüncü Dünya müharibəsindən heç kəs faydalanmayacaq və biz bundan o qədər də uzaq deyilik. O idarəçiliyimiz daha bir il olsaydı, III Dünya Müharibəsi olardı. Amma indi bu baş verməyəcək”, - Tramp Mayamidə investisiya sammitində çıxışı zamanı deyib.
Rusiya prezidenti Vladimir Putin Ər-Riyaddakı Moskva-Vaşiqnton danışıqlarının nəticələrini yüksək qiymətləndirib.
Putin ilk dəfə Rusiya-Amerika danışıqlarının nəticələrini şərh edərək Ukrayna ilə bağlı da mövqeyini açıqlayıb.
Putin bildirib ki, Rusiya və ABŞ diplomatlarının ölkədən çıxarılması yaxşı heç nəyə gətirib çıxarmır və indi diplomatik nümayəndəliklərin işi bərpa olunacaq.
O əlavə edib ki, Rusiya və ABŞ Yaxın Şərqdə, o cümlədən Suriya və Fələstində əməkdaşlıq istiqamətində ilk addımları atıb.
Putin qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır.
“Rusiya Federasiyası heç vaxt Avropa və ya Ukrayna ilə dialoqdan imtina etməyib. Avropalılar özləri Moskva ilə əlaqəni dayandırıblar, Kiyev isə hətta Rusiya ilə danışıqlara qadağa qoyub”, - Putin vurğulayıb.
Putin əlavə edib ki, onlar üçün sadəcə olaraq Trampla görüşmək yetərli deyil, ən vacib məsələləri, o cümlədən Ukraynanı həll etmək lazımdır.
Trampla görüşünün nə vaxt baş tutacağına gəldikdə isə Putin deyib ki, hələlik dəqiq bir söz deyə bilməyəcək.
Trampın Ukrayna məsələsinin həlli ilə bağlı vədinə gəldikdə Putin deyib ki, Ukrayna böhranını tez bir zamanda həll edəcəyinə söz versə də, prezident postunda əyləşdikdən sonra əldə etdiyi məlumatdan sonra mövqeyini dəyişib və bu da təbiidir.
ABŞ Prezidenti Donald Tramp hal-hazırda dezinformasiya qovuğu içindədir və Kiyev istərdi ki, Amerika liderinin komandası Ukrayna haqqında daha çox həqiqəti bilsin.
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski alman jurnalist Sandre Mayşberqerə müsahibəsində deyib.
Ukrayna lideri bununla da Ağ Ev rəhbərinin V.Zelenskinin populyarlıq reytinqinin dörd faiz təşkil etməsinə dair sözlərinə cavab verib. Siyasətçi vurğulayıb ki, bu gün səhər yayılan sorğunun nəticələri əhalinin Zelenskiyə etimad səviyyəsinin xeyli böyük olduğunu göstərir:
"Dörd faizlik dezinformasiyanın Rusiyadan gəldiyini başa düşürük. Bu rəqəmlərin ABŞ və Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Təəssüf ki, Tramp bu dezinformasiya qovuğu içində yaşayır".
Ər-Riyadda Rusiya-ABŞ danışıqları Səudiyyə Ərəbistanına Qəzzanın gələcəyi ilə bağlı danışıqlarda əlavə təsir rıçaqları verə bilər
Səudiyyə Ərəbistanı (KSA) müharibədən sonrakı Qəzza zolağının taleyi ilə bağlı gələcək müzakirələrdə əlavə təsir imkanları əldə etmək məqsədilə ABŞ və Rusiya arasında danışıqlar üçün platforma təklif edib.
Bu barədə CNN-nin əməkdaşı Mostafa Salem öz analitik məqaləsində yazır.
Qeyd edilir ki, bu danışıqların Ər-Riyadda keçirilməsi Səudiyyə Ərəbistanının de-fakto lideri Məhəmməd bin Salmanın qələbəsi kimi dəyərləndirilir: "Səudiyyə Ərəbistanı ölkənin iqtisadiyyatını diversifikasiya etmək və neft asılılığından çıxmaq planını həyata keçirməyə kömək edə biləcək milyardlarla investisiya cəlb etmək ümidi ilə qlobal münaqişələrdə neytrallıq siyasətini yenidən nəzərdən keçirib. O, regional rəqib İranla əlaqələr qurur və Çinlə münasibətləri qoruyur. Bütün bunlar Səudiyyə Ərəbistanının Qərblə sıx münasibətlərini qoruyub saxlayır".
Qeyd edilir ki, vəliəhdin danışıqlarda artan nüfuzu onun Trampla yaxın münasibəti, eləcə də Putinlə yaxşı əlaqələri ilə bağlıdır. "Bin Salman Ukraynanın işğalından sonra Moskvanı uzaqlaşdırmaq üçün Qərbin təzyiqlərinə müqavimət göstərdi və dünyanın neft tədarüklərinə nəzarət etmək üçün Putinlə koordinasiyasını davam etdirdi", - deyə məqalədə bildirilib.